Məhkəmə qərarları › İş №2(103)-8228/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8228/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8228/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı iştirakları ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-274/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul – tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün 7000 (yeddi min) manat, əldən çıxmış fayda olaraq 3000 (üç min) manat və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 10.030 manat pul vəsaitinin tutulub ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Cavabdeh 2018-ci ildə avtomobilinə sərnişin kimi əyləşmiş və onunla o cür tanış olmuşdur. Tanışlıqdan sonra Azər onu Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən qadın paltarları mağazasına dəvət edərək mağazanın ona məxsus olmasını bildirmiş və hazırda maddi sıxıntısının olmasını qeyd etmişdir.26 min manat dəyərində olan avtomobilini girov qoymaq şərtilə pul istəmişdir. Bundan sonra o, notarial qaydada təsdiq edilmiş etibarnamə vermiş və 16 avqust 2018-cİ il tarixdə Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən mağazada pulu qısa müddətə qayataracağını söz verib, 10.000 manat almışdır. Bir neçə dəfə pulu geri istəmişdir, lakin Azər ona qaytarmaq üçün vaxt istəmişdir. Bir müddət sonra həmin mağazaya getdikdə, onun həmin mağazanı boşaldaraq sahibinə təhvil verdiyini öyrənmışdır. Bu vaxtadək Azərdən borclu olduğu məbləğdən hissə-hissə 3.000 manatı geri ala bilmişdir. Qalan pulu isə qaytarmır. Bununla bağlı Nərimanov rayon Polis İdarəsinə müraciət etmişdir, lakin müraciətə cavab olaraq məsələnin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət olunması məsləhət görülmüşdür. Buna görə də, Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün 7000 (yeddi min) manat, əldən çıxmış fayda olaraq 3000 (üç min) manat və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 10.030 manat pul vəsaitinin tutulub ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-274/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, Cavabdeh 7000 (yeddi min) manat məbləğində borc pul, əldən çıxmış fayda olaraq 200 (iki yüz) manat məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, cəmi 7230 manat məbləğində pul alınıb İddiaçı verilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi qət olunmuşdur. Cavabdeh Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-274/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada ona heç bir xəbərdarlıq edilməyib və bununla da məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9 və 14-cü maddələrin tələbləri pozulub. Həmçinin, onun İddiaçı heç bir borcu olmayıb, yoxdur və ona 10.000 manat məbləğində borcu olması barədə heç bir qəbz verməmiş və bu barədə heç bir qəbz imzalamamışdır. Buna görədə də məhkəmə hazırkı mülki iş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə ona lazımi qaydada xəbərdarlıq etməməklə, onun iştirakı olmadan işi düzgün araşdırmamış və qətnamə qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş Cavabdeh apellyasiya şikayətində göstərdiyi ünvana göndərilmiş, poçt zərfi “yoxdur” qeyd olunmaqla məhkəməyə qaytarılmışdır.Həmçinin SMS xəbərdarlıq da apellyasiya şikayətində göstərdiyi telefon nömrəsinə göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir.Belə ki, Məhkəmə АR MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası tərəfi dinləyərək, iş üzrə materialları və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-274/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işdə olan Nərimanov RPİ-nin 17-ci PŞ-nin 10.01,2020-ci il məktubundan görünür ki, İddiaçı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 1, mənzil 7-də qeydiyyatda olan Cavabdeh oğlu barəsində Nərimanov RPİ-nin 17-ci PŞ-nə yazmış olduğu şikayət ərizəsinə baxılaraq və ərizədə qeyd olunan xüsusatlar mülki xarakterli olduğundan məhkəmə orqanlarına müraciət etmək məsləhət görülmüşdür. İşdə olan 16.08.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh Yadigar oğlu İddiaçı mülkiyyətinə aid hüquqlarını etibar etmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, Cavabdeh İddiaçı 16.08.2018-ci il tarixdə 10.000 manat pul almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 4/1473 saylı, "29” oktyabr 2021-ci il tarixli Rəydən müəyyən edilmişdir ki, Ekspertizaya təqdim edilmiş, mülki işin 14-15-ci vərəqlərində dama-dama dəftər vərəqləri üzərində Cavabdeh ilə İddiaçı adlarından olan 10.000 manata dair borc qəbzlərindəki yazılar və “oktyabr Axırı” yazısı qarşısındakı imza (i/v 14), “Cavabdeh”, “09.25.2019”, “10.25.2019” yazıları və rəqəmləri qarşısındakı imzalar (i/v 15, 4 ədəd imza), 16-cı vərəqində olan AR-İ 657773 nömrəli etibarnamədə “imza” qrafasısndakı “Əhmədov A3əR Yadıga or” yazıları və imza, etibarnamənin arxa tərəfində “Mən Cavabdeh...” sözləri ilə başlayıb, "... Və danmıram.özüm yazdim və təsdiq edirəm 30.06.2019” sözləri ilə bitən yazıları və “30.06.2019” rəqəmləri qarşısındakı imza, mülki işin 59-cu vərəqində məhkəmə qəbzində olan “Cavabdeh Yadıgar o 18. мау” yazıları və “İmza” qrafasındakı imza - Eyni bir Şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə orun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icras, üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Müəyyən edilmişdir ki, Cavabdeh 16.08.2018-ci il tarixdə İddiaçı 10.000 manat məbləğində pul almış və bu faktı qəbzi şəxsən imzalamaqla etiraf etmişdir. Cavabdeh üzərinə düşən öhdəlikləri tam yerinə yetirməyərək, aldığı pulun bir hissəsini-hissə-hissə olmaqla ümumilikdə 3.000 manatını ödəmiş, qalan 7000 manat pulu bu günə kimi geri qaytarmamışdır.Belə olan halda İddiaçı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur və 7000 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bundan əlavə məhkəmə iddia tələbinin 3000 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı 3000 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi ilə bağlı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun pul vəsaitini qaytarmamaqla həmin puldan faydalanmışdır.İddiaçı tələbinin bu hissəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehin onun pul vəsaitindən faydalanmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir, odur ki, iddia tələbi bu hissədə əsaslı sayıla bilməz. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə Kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 7000 (yeddi min) manat məbləğində borc pul alınaraq İddiaçı verilməsi hissədə birinci instansiya məhkəməsinin qənaəti əsaslı olmuşdur.Odur ki, qətnamə bu hissədə dəyişdirilmədən saxlanmalı, lakin iddia 200 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi hissədə əsaslı sayılmamalı və qətnamə bu hissədə ləğv olunmaqla tələb həmin hissədə rədd olunmalıdır. Həmçinin, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xərci olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-274/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi qismən-200 (iki yüz) manat əldən çıxmış faydanın tutulması hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək bu hissədə iddia rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Apellyasiya instansiya məhkəməsində keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xərci olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar