Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-823/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı, onun vəkili Vəkil3, Cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh5 və onun vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə və icraatı birləşdirilmiş iş üzrə iddiaçı X3 cavabdehlər İddiaçı, 32 saylı Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Bakı Ərazi İdarəsinə qarşı “mənzilin alğı-satqı müqaviləsinin, reyestr qeydinin və reyestr çıxarışının etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə bir icraatda birləşdirilmiş mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 25 saylı evin 81 saylı mənzilinə (bundan sonra – mübahisəli mənzil) dair istifadə hüquqlarına xitam verilməsi və onlara məxsus əşyaları ilə birgə mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mübahisəli mənzili 32 saylı notariat kontorunda Cavabdeh5 ilə 2017-ci ilin avqust ayında alqı-satqı müqaviləsi bağlamaqla almışdır. Mənzilin alqı-satqısına dair müqavilə bağlayanda cavabdehlərin hər biri mənzilin satılmasına dair razılıq ərizələrini vermişlər. 08.01.2018-ci il tarixdən mənzil onun mülkiyyətindədir. Müqaviləyə əsasən cavabdehlər mənzili boşaldıb 07.01.2018-ci il tarixədək ona təhvil verməli, 23.01.2018-ci il tarixədək isə mənzildən qeydiyyatdan çıxmalı idilər, lakin cavabdehlər götürdükləri öhdəlikləri yerinə yetirməkdən boyun qaçırırlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh5 apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir; Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, mübahisəli mənzili məcburiyyət, hədə-qorxu təsiri altında satmışdır. Alqı-satqı müqaviləsi Fəridə və Ceyhun adlı şəxslərə olan sələm borcunu pərdələmək məqsədilə bağlanmışdır. İcraatı birləşdirilmiş mülki iş üzrə iddiaçı Cavabdeh5 cavabdehlər İddiaçı, 32 saylı Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Gəncə prospektindəki 25 saylı binanın 81-ci mənzilinin alqı-satqısı barədə müqavilənin, bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və alıcı İddiaçı verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, barəsində iddia qaldırdığı mənzili azad iradə ifadəsi ilə deyil, məcburiyyət, hədə-qorxu təsiri altında satmışdır. Alqı-satqı müqaviləsi Fəridə və Ceyhun adlı şəxslərə olan sələm borcunu pərdələmək məqsədilə bağlanmışdır. Fəridə adlı şəxs tərəfindən evin satılması ilə bağlı hədələnmişdir. Onun 4 otaqlı və təmirli mənzilini dəyərindən aşağı, 60.000 manata satması real deyildir. Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı Cavabdeh5 ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri, Gəncə prospekti, bina 25, mənzil 81 barədə Bakı şəhər 32 saylı notariat kontorunda 4Ə- 429 nömrə ilə qeydə alınmış 23 dekabr 2017-ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, qətnamənin Bakı şəhəri, Gəncə prospekti, bina 25, mənzil 81 barədə cavabdeh İddiaçı adına verilmiş Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın ləğvi üçün əsas olması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı həmin mənzildə qeydiyyatda olan digər şəxslərin mənzilin satılmasına dair razılıq ərizələrini Xətai rayonunda mənzilin yerləşdiyi ərazidə olan notariat kontorunda alaraq, həmin ünvanda qeydiyyatda olan öz anası ilə 9-cu mikrorayon ərazisində yerləşən notariat kontoruna gələn zaman ona məxsus mənzilə dair alqı-satqı müqaviləsi bağlayacağını bilirdi və öz iradəsini sərbəst ifadə edirdi. Həmin mənzilin dəyəri olan 60.000 manat pul tərəfindən "xxxx" ASC-nın Mərkəzi filialında 42 saylı notariat kontorunun depozit hesabına köçürülmüşdür və həmin məbləğ iddiaçı tərəfindən sonrakı gün bankdan götürülmüşdür və həmin müvafiq sənədlər notarius tərəfindən məhkəməyə təqdim olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4434/2019 saylı, 21 iyun 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunaraq Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı Cavabdeh5 şikayət verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7348/2019 saylı 26 noyabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir: “...Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin əsası kimi istinad olunan halların sübut olunmaması qənaətinə gəlsə də, işə mahiyyəti üzrə baxan məhkəmə kimi iş üçün əhəmiyyətli olan bir sıra halları aydınlaşdırmamış, işdə olan bəzi sübutları öyrənməmiş, onları müzakirə etməmiş və qiymət verməmişdir. İşə baxan məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş telefon danışıqları barədə diski mülki işə əlavə etmiş olsa da, həmin diskin sübut kimi qəbul edilib-edilməməsi müzakirə edilməmiş, diskdə olan məlumatlar öyrənilməmiş, həmin məlumatların hazırkı iş üçün əhəmiyyətli olub-olmamasına qiymət verilməmişdir. Eləcə də, iddiaçının izahatlarında ona qarşı cavabdeh və digərləri tərəfindən törədilmiş qanunsuz hərəkətlər, eləcə də mübahisələndirilən alqı-satqı müqaviləsi ilə bağlı polis və prokurorluq orqanlarında müvafiq araşdırmalar aparıldığı göstərilsə də, işə baxan məhkəmə həqiqətən də belə bir araşdırma aparılıb-aparılmadığını, araşdırma aparılmışdırsa onun nəticəsini öyrənməmiş və qiymət verməmişdir. İşə apellyasiya qaydasında yenidən baxılarkən dəyəri işdə olan ekspert rəylərinə əsasən 100.000 manat olan mübahisəli evin cavabdehə cəmi 60.000 manata satılmasının nə dərəcədə ağlabatan və inandırıcı olması da müzakirə edilməli və qiymət verilməlidir. İşə apellyasiya qaydasında yenidən baxılarkən qeyd olunan pozuntular aradan qaldırılmalı, iddia tələbinin əsası kimi istinad olunan halların həqiqətən də mövcud olub-olmadığı, alqısatqı müqaviləsinin başqa bir əqdi pərdələmək məqsədilə, yaxud aldatma, hədə-qorxu, məcbur etmə nəticəsində bağlanıb-bağlanmadığı müəyyən edilməlidir”. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 dekabr 2019-cu il tarixli qərardadı ilə iddiaçı Cavabdeh5 cavabdehlər İddiaçı və qeyrilərinə qarşı mənzilin alğı-satqı müqaviləsinin, reyestr qeydinin və reyestr çıxarışının etibarsız hesab edilməsi tələbinə dair iş İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair işlə bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh5 apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh5 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmış, İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh5 cavabdehlər İddiaçı, 32 saylı Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Bakı Ərazi idarəsinə qarşı mənzilin alqı-satqı müqaviləsinin, reyestr qeydinin və reyestr çıxarışının etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4175/2020 saylı, 05 avqust 2020ci il tarixli qərarı ilə təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh5 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək, Ali Məhkəmənin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cavabdeh5 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli qərarı ilə Cavabdeh5 İddiaçı, Bakı şəhəri 32 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı alğı-satqı müqaviləsinin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1, 418.2 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş və işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 sentyabr 2021-ci il tarixli qərarı ilə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarı və həmin qərarla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cavabdeh5 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki: “işə baxan məhkəmələr Cavabdeh5 iddia tələbinin təmin edilməməsini onunla əsaslandırmışlar ki, mübahisələndirilən alğı-satqı müqaviləsi formal tələblərə əməl edilməklə bağlanmış, ərizəçinin mənzilində qeydiyyatda olan ailə üzvləri mənzilin satılmasına razılıq ifadə edən yazılı ərizələri imzalamış və həmin ərizələr notariat orqanı tərəfindən təsdiq edilmişdir. Halbuki, mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və onun notariat qaydasında təsdiqlənməsi mübahisə predmeti olmamış, mülki iş üzrə iddia tələbinin məhz həmin müqavilənin məcburetmə nəticəsində bağlanması səbəbindən etibarsız sayılması ilə bağlı olması nəzərə alınmamış, əqdin məcburetmə nəticəsində bağlanıb-bağlanmaması məsələsinə hüquqi qiymət verilməmişdir. İlk dəfə kassasiya qaydasında işə baxarkən Ali Məhkəmənin Mülki Kollegiyası 26 noyabr 2019-cu il tarixli qərarı ilə Cavabdeh5 kassasiya şikayətini qismən təmin edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2019-cu il tarixli qətnaməsini ləğv edib, işi yenidən baxılması üçün həmin məhkəməyə göndərərkən qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin əsası kimi istinad olunan halların sübut olunmaması qənaətinə gəlsə də, iş üçün əhəmiyyətli olan bir sıra halları aydınlaşdırmamış, işdə olan bəzi sübutları öyrənməmişdir. Belə ki, Cavabdeh5 telefon danışıqları barədə diski mülki işə əlavə etsə də, həmin diskin sübut kimi qəbul edilib-edilməməsi müzakirə olunmamış, diskdə olan məlumatların hazırkı iş üçün əhəmiyyətli olub-olmaması öyrənilməmişdir. Kassasiya instansiyası məhkəməsi, həmçinin işə apellyasiya qaydasında yenidən baxılarkən işdə olan ekspert rəylərinə əsasən dəyəri 100 000 manat olan mübahisəli mənzilin 60 000 manata satılması faktına qiymət verilməsinə dair göstəriş vermişdir. Lakin işə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 12 fevral 2020-ci il tarixli qətnaməsində Cavabdeh5 tərəfindən təqdim olunmuş fotoşəkil və telefon danışığı yazısı (qeydləri) olan diskə qiymət verərək belə nəticəyə gəlmişdir ki, Mülki Prosessual Məcəllənin 76-cı maddəsinin tələbləri baxımından bu sübutlar qanunu pozmaqla əldə edilmiş və onların istifadəsinə yol verilmir, disk sübut qismində qəbul olunsa belə, diskdə əks olunan məlumatlarda mübahisəli alğısatqı müqaviləsinin etibarsızlığına dair hər hansı bir əsas mövcud deyil. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qətnaməsi Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə, Konstitusiya Məhkəməsi Plenumunun “kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olduğu halda həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir” kimi formalaşdırdığı hüquqi mövqeyinə zidd olaraq qəbul edilmişdir. Buna baxmayaraq Ali Məhkəmənin Mülki Kollegiyası 5 avqust 2020-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin kassasiya instansiyası məhkəməsinin qanuni göstərişlərinə əməl olunmamaqla qəbul edilmiş qətnaməsini dəyişdirmədən saxlamışdır. Lakin hazırkı iş üzrə məhkəmələr tərəfindən telefon danışıqlarını və yazışmaları əks etdirən diskin qanuni əsaslarla əldə edilməmiş sübut sayılmasına, habelə həmin məlumatların əsassız olmasına dair hər hansı hüquqi qiymətləndirmə aparılmamış və bununla bağlı gəlinən qənaət əsaslandırılmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alğı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olub-olmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıbbağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir”. Məhkəmə kollegiyasının iclasında iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı izahatında bildirdi ki, Fəridə adlı qadınla əlaqəsi olmamışdır,Ceyhunu tanımışdır. Ceyhun mənzil alqı-satqısında vasitəçi olmuşdur. Ona mübahisəsi gedən evin şəkillərini və evin çıxarışını göstərmişdir. İlk öncə mənzil 70000 manata təklif olunsa da, onun bu məbləğə mənzil almağa maddi gücü olmadığı üçün sonradan 60000 manata razılaşmışlar. Bundan başqa Cavabdeh5 da tanımamış, onu yalnız notariusda görmüşdür. Alqı-satqı müqaviləsi bağlandıqdan 1 ay sonra mənzilə gedərək, Cavabdeh5 evdən çıxarılmasını tələb etmişdir. Hesab edir ki, Cavabdeh5 ilə aralarında alqı-satqı müqaviləsi bağlanmış və Cavabdeh5 öz iradəsi ilə evi satmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı vəkili Vəkil3 tərəflərindən verilmiş şikayətin məzmununa uyğun verərək Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsi qismən – iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və iddia tələbinin rədd olunmasını; həmçinin Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək Xətai Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh5 izahatında bildirdi ki, mübahisəli mənzili azad iradə ifadəsi ilə deyil, məcburiyyət, hədə-qorxu təsiri altında satmış, alqı-satqı müqaviləsi Fəridə və Ceyhun adlı şəxslərə olan sələm borcunu pərdələmək məqsədilə bağlanmışdır. Fəridə adlı şəxs tərəfindən evin satılması ilə bağlı hədələnmişdir. Onun 4 otaqlı və təmirli mənzilini dəyərindən aşağı, 60.000 manata satması real deyildir. Məhkəmə kollegiyasının iclasında cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh5 vəkili Vəkil2 izahatında bildirdi ki, Fəridə Cavabdeh5 verdiyi borca dair faizləri qəsdən o qədər şişirtmişdi ki, Cavabdeh5 aldığı pulların ümumi miqdarından 10 dəfə artıq Fəridəgilə pul ödəsə də borcu azalmırdı. Məsələ o həddə çatmışdı ki, Fəridə Cavabdeh5 yaşadığı evi girov qoyub pul götürməyi təkidlə tələb edirdi. Həmin ev Cavabdeh5 anasına məxsus idi. Cavabdeh5 çox sayda banka gedərək anasının evini girov qoymaqla pul götürmək istəsə də, banklar anasının yaşlı olduğunu əsas gətirərək ona kredit verməkdən imtina edirdilər. Fəridə Cavabdeh5 bir neçə lombarda apararaq evini girov qoymaqla pul götürmək istəsə də, bu da mümkün olmamışdır. Bir müddət sonra Fəridə Cavabdeh5 bildirdiki, Ceyhun bir nəfər sələmçi adam tapıbdır. Həmin şəxs sələmə pulu bu qaydada verir ki, bununla həmin şəxs arasında borc və evin girova qoyulması barədə müqavilə bağlansın. Bundan əlavə, evin qiymətinin 10 % komission ödənişi olmalı idi. Həmin adam aylıq 4,5 faiz olmaqla sələmə pul verirdi. Fəridə Cavabdeh5 ilə borc müqaviləsi bağlanması üçün ilk öncə yaşadığı evi anasının adından çxararaq öz adına keçirməsini tələb etdi. Cavabdeh5 da Fəridənin tələbi ilə 11.12.2017-ci il tarixdə “ASAN-2” xidmət mərkəzində anası ilə bağlanmış bağışlama müqaviləsi əsasında yaşadığı Bakı şəhəri, Gəncə prospektində yerləşən 25 nömrəli binanın 81 saylı mənzilini öz adına keçirdi. 23 dekabr 2017-ci il tarixdə Ceyhun zəng edərək Fəridəyə bildirdi ki, 9-cu mikrorayonda yerləşən 32 saylı notariusa getsinlər,orada həmin adamdan evi girova qoyub 4,5%-lə sələm alsınlar. Şəlalə adlı sələmçi sərfəli faizlə Cavabdeh5 sələmə pul verəcək. Onlar notariusda olan zaman Fəridə və Ceyhun Cavabdeh5 aldadaraq bildirdilər ki, Şəlalə Cavabdeh5 60000 manat pula 4,5 sələm faizi hesablayacaqdır. Daha sonra isə Cavabdeh5 notariusa Fəridə ilə Ceyhunun tapşırdığı kimi müqavilənin bağlanmasına razı olduğunu bildirdi. 2 ayadək o, sələm pulunu Şəlaləyə Fəridə vasitəsilə ödəmiş, təxminən 2 ay sonra ödənişi dayandırdıqdan sonra Şəlalə mənzilə gəlib və mənzildən çıxmalarını tələb etdikdə ona məlum oldu ki, aldadılıb, onunla girov-borc müqaviləsi bağlamaq əvəzinə alqı-satqı müqaviləsi bağlanılıb. Bundan sonra o, 2 gün evə gəlməmiş, daha sonra intihara cəhd etmişdir. Mənzili satmaq niyyətləri olsaydı anası özü alqı-satqını həyata keçirə bilrədi, bağışlama müqaviləsinin bağlanmasına zərurət yox idi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini - İddiaçı Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunması və iddianın rədd olunmasını xahiş etdiyindən eləcə də Xətai Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli qətnaməsini isə cavabdehlərdən yalnız Cavabdeh5 mübahisələndirsə də mübahisənin predmeti bölünməz olduğundan hər iki qətnamə bütövlükdə yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla hesab edir ki, Cavabdeh5 apellyasiya şikayəti təmin edilməli, Xətai Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli qətnaməsi ləğv edilməklə, həmin iş üzrə iddia tələbi rədd edilməli, İddiaçı apellyasiya şikayəti isə təmin edilmədən, Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh5 iddiasının təmin edilməsi İddiaçı iddiasının təmin edilməsini aradan qaldırdığından, ilk olaraq Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsi - Cavabdeh5 iddiasına dair hissədə yoxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, 11.12.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 və X6 paylı mülkiyyət üzrə onlara məxsus mübahisəli mənzili Cavabdeh5 bağışlamışdır. 23.12.2017-ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh5 mənzili İddiaçı 60.000 manata satmışdır. Cavabdeh5 və İddiaçı 32 saylı notariat kontorunun xüsusi notariusu X7 23.12.2017-ci il tarixli ərizə ünvanlayaraq mənzilin 60.000 manata satılmasına etiraz etməmişlər. Mübahisəli mənzildə qeydiyyatda olan Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, X8 mənzilin satılmasına etiraz etməmiş və razılıq ərizələrini notariat kontoruna təqdim etmişlər. İddiaçı mənzilin alqı-satqı qiyməti olan 60.000 manat pulu 32 saylı notariat kontorunun notariusu Elgün İmanlının depozit hesabına ödəmişdir. İşin əvvəlki apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, Fəridə xanımla faizə pul verməmişdir. O, özü ev alqı-satqısı firmasında işləyir. Mübahisələndirilən alqı-satqı müqaviləsinin bağlanması üçün heç bir təzyiq edilməmişdir. Alqı-satqının heç bir borcla əlaqəsi yoxdur. Nigar xanım oğlunun xəstəliyi ilə bağlı evi satmasını bildirmişdir. Nigar xanım Fəridə xanımla tanış olublar, o, Nigar xanımı ad günündə tanımışdır. Mənzil 70.000 manata Şəlalə xanıma təklif olunmuşdur. Nigar xanım cavabdehlə qiymət barədə danışıb, razılaşılmayıblar, səhəri gün razılaşıblar. Şəlalə xanımın 60.000 manat pulu var idi və həmin gün də notariusda pul banka qoyulmuş, səhəri gün Şəlalə xanım gəlib pulu Nigar xanıma vermiş, Şəlalə xanım isə sənədlərini götürüb getmişdir. Pulu Nigar xanımın özü götürmüşdür. Alqı-satqıdan sonra Şəlalə xanımdan 1000 manat almışdır. X1 ifadəsində bildirmişdir ki, tərəflərlə qohumluq əlaqələri yoxdur, Şəlalə xanımı tanımır. Nigar xanımla qızıl alveri ilə məşğul olmuş və qızıldan hazırda 9.000 manat pul borcludur. Hər gün gəlib oturub oğlunun xəstə olmasına görə ağlamış və onlardan pul alırmış. Mənzilinin satılmasından xəbəri olub, alqı-satqı prosesinı Nigarın çağırışı ilə sələmə pul verməmiş, iddiaçı ona da pul verməmişdir. Hal-hazırda qızıldan 9.000 manat borcu var və 5 dəst ev geyimi aparmış, lakin onların da borcunu ödəməmiş, gəlini üçün ondan qarnitur almış, amma borcunu hələ də qaytarmamışdır. Evin satılmasından əldə olunan pulu Cavabdeh5 özü götürmüşdür. Cavabdeh5 iddiasını onunla əsaslandırmışdır ki, mübahisəli mənzili azad iradə ifadəsi ilə deyil, məcburiyyət, hədə-qorxu təsiri altında satmış, alqı-satqı müqaviləsi Fəridə və Ceyhun adlı şəxslərə olan sələm borcunu pərdələmək məqsədilə bağlanmışdır. Fəridə adlı şəxsə evin satılması ilə bağlı hədələnmişdir. Onun 4 otaqlı və təmirli mənzilini dəyərindən aşağı, 60.000 manata satması real deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh5 iddiasının qismən təmin edilməli olması barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin alğı-satqı müqaviləsi haqqında müddəalarından görünür ki, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra dəyərini ödəməlidir. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər (Mülki Məcəllənin 568.1, 598.1 və 598.3cü maddələri). Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Göründüyü kimi hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Həmin Məcəllənin 339.4-cü maddəsinə görə, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, həmin hərəkətlərin üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas olur. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Mülki Məcəllənin qeyd edilən normasından göründüyü kimi, alğı-satqı müqaviləsi tərəfin və ya üçüncü şəxslərin təhdid və ya hədə-qorxusu altında bağlandıqda etibarlı sayıla bilməz. Belə ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Məcburetmə halında isə mülki hüquq subyektinin iradə sərbəstliyi pozularaq qorxunun təsiri ilə iradə ifadə edilmiş olur. Bu səbəbdən Mülki Məcəllənin 339.4-cü maddəsi iradə ifadəsi zədələnmiş tərəfə həmin əqdi mübahisələndirərək etibarsız hala gətirmək imkanını verir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əqdin etibarsızlığı ilə bağlı iddia tələbinə qiymət verilərkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 25 saylı evin 81 saylı mənzilinə dair Cavabdeh5 ilə İddiaçı arasında 23 dekabr 2017-ci il tarixli alğı-satqı müqaviləsi bağlandıqda formal baxımdan bütün tələblərə əməl olunmuş, Cavabdeh5 ailə üzvləri mənzilin satılmasına notarial qaydada razılıq vermişdir. Lakin tərəflərin əqdin bağlanmasından əvvəlki və sonrakı davranışları ilə müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh5 ilə cavabdeh İddiaçı arasında alğı-satqı müqaviləsi bağlanıldıqda iddiaçının əsl niyyəti mənzilin satılması olmamış, onun əsl niyyəti cavabdeh və başqa şəxslər arasında yaranmış borc öhdəliyinin icrasını təmin etməyə yönəlmişdir. Çünki mübahisəli mənzilə dair tərəflər arasında alğı-satqı müqaviləsi bağlanıldıqda formal baxımından bütün tələblərə əməl olunmuş, iddiaçının ailə üzvləri mənzilin satılmasına notarial qaydada razılıq vermişlər. Lakin bu fakt, yəni mübahisəli mənzilə dair tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin formal tələblərinin gözlənilməsi işin həqiqi hallarına uyğun deyildir. Həmin müqavilənin məcburetmə təsiri ilə bağlanılması təsdiq olunur. Bundan başqa məhkəmə kollegiyası işdə olan ekspert rəylərinə əsasən 100 000 manat civarında olan mübahisəli evin cavabdehə cəmi 60000 manat qiymətləndirilməklə alqı-satqı müqaviləsinin bağlanmasının ağlabatan və inandırıcı olmaması qənaətinə gəlir, belə ki, iş materiallarından görünür ki, mübahisəli mənzil Cavabdeh2 və X4 paylı mülkiyyət hüququ ilə məxsus olmuş, onlar 11 dekabr 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən həmin mənzili Cavabdeh5 bağışlamışlar. Bundan sonra 27 dekabr 2017-ci il tarixdə Bakı şəhəri, Gəncə prospektində yerləşən 71,61 kv. m sahəsi olan 25 nömrəli binanın 81 saylı mənzilinə dair Cavabdeh5 ilə İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin mənzil 60000 manata İddiaçı satılmışdır. Göründüyü kimi mənzil Cavabdeh5 bağışlandıqdan qısa müddət sonra mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır ki, bununla da Cavabdeh5 mənzilin satılmasında iradə ifadəsinin olmaması müəyyən edilir, çünki mənzilin satılması barədə məhz paylı mülkiyyətçilər olan Cavabdeh2 və X6 da alqı-satqı müqaviləsi bağlamaq imkanları olmuşdur. Həmçinin həmin mənzilin dəyəri işdə olan ekspert rəylərinə əsasən 60000 manatdan artıq olması müəyyən edilmişdir. Digər tərəfdən İddiaçı apellyasiya baxışı zamanı izahatında bildirmişdir ki, mənzili faktiki olaraq görməmiş, yalnız mənzilin şəkillərini görmüş, həmçinin mənzili satan şəxsi ilk dəfə notariusda görmüşdür. Qeyd olunan hallar isə mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin əslində formal olaraq bağlanması barədə Cavabdeh5 dəlillərinin inandırıcı olmasına dəlatət edir. Digər tərəfdən qeyd edilməlidir ki, apellyasiya baxışı zamanı Fəridə adlı şəxsin məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamışdır. Bundan başqa hazırkı iş üzrə telefon danışıqları və yazışmaları əks etdirən disk sübut qismində qiymətləndirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. İş üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhz bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilən diskdə olan səs yazıları hazırki iş üzrə mənzilin satılmasına dair Fəridə adlı qadının (Cavabdeh5 sözlərinə görə Cavabdeh5 təkidi əks etdirən səs Fəridə adlı şəxsə məxsusdur) Cavabdeh5 təkidini əks etdirir. Göründüyü kimi birinci instansiya məhkəməsi Cavabdeh5 qızının iddiasının qismən təmin edilərək, onunla İddiaçı arasında Bakı şəhəri Gəncə prospektində yerləşən 25 nömrəli binanın 81 saylı mənzilinə dair Bakı şəhəri 32 saylı notariat kontorunda 23 dekabr 2017-ci il tarixdə bağlanılmış alğı-satqı müqaviləsi etibarsız hesab edilməsi barədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair hissədə isə Kollegiya aşağıdakıları qeyd edir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız olduğundan İddiaçı cavabdehlərə qarşı mənzilə dair istifadə hüquqlarına xitam verilməsi və onlara məxsus əşyaları ilə birgə mənzildən çıxarılmaları barədə tələbi əsassız olmuşdur. Belə ki, Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırki iş üzrə İddiaçı mübahisəli mənzilə dair mülkiyyət hüquqları tanınmamış və mənzilə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiasına münasibətdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Xətai Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli qətnaməsinə münasibətdə birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsi işin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə, İddiaçı iddiası rədd edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməli və həmin qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizələrinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli qətnaməsi ləğv edilərək həmin iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma barədə iddia tələbi təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddia ərizələrinin və apellyasiya şikayətlərinin verməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri iddiaçının özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-823/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-823/2022
02.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver