Məhkəmə qərarları › İş №2(103)-8231/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8231/2022

23.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8231/2022 23.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı “qeyri yaşayış sahəsi üzərindən yüklülüyün götürülməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdeh Banka qarşı irəli sürdüyü “qeyri yaşayış sahəsi üzərindən yüklülüyün götürülməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. O, eyni zamanda, Rayon Məhkəməsinə ərizə verərək, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasını xahiş etmişdir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə ərizənin təmin edilməsini və baxılması üçün apellyasiya şikayətinin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. İş üzrə cavabdeh olan Bank həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsi və iddiaçının verdiyi “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizənin təmin edilməməsi xahiş edilmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla Bankın verdiyi şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə şikayətin qismən təmin edilməsi, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardadın ləğv olunmasını və iddiaçının verdiyi “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə yenidən baxılması üçün işin həmin Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. Bundan sonra Rayon Məhkəməsi iddiaçının verdiyi “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə yenidən baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2022ci il tarixli qərardadla ərizənin təmin edilməməsini və iddiaçının qətnamədən verdiyi apellyasiya şikayətinin iddiaçıya qaytarılmasını qərara almışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadının ləğv edilməsini, “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsinin təmin edilməsini və qətnamədən verdiyi apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla iddiaçının şikayətini geri qaytarmışdır. Rayon Məhkəməsinin bu qərardadı onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərardaddan verilmiş şikayət prosessual müddətin ötürülməsi ilə verilmişdir. Prosessual müddəti ötürmüş iddiaçı “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə verməmişdir. Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadında göstərilənləri nəzərə almış iddiaçı, xx.xx.2022-ci il tarixli qərardaddan yeni şikayət verilmişdir. O, eyni zamanda, Rayon Məhkəməsinə ərizə verərək, qərardaddan şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi “buraxılmış müddətin bərpası barədə” ərizəyə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla ərizənin təmin edilməsini, xx.xx.2022-ci il tarixli qərardaddan şikayət verilməsi üçün buraxılmış müddətin iddiaçıya münasibətdə bərpa edilməsini qərara almışdır. Rayon Məhkəməsi həmin qərardadla həmçinin iddiaçının xx.xx.2022-ci il tarixli qərardaddan verdiyi şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş xx.xx.2022-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-nin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarında görünür ki, Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Vəkil elektron kabinetinə yerləşdirilmişdir (bax: cild İ; iş v. 202). “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, iddiaçının qətnamədən verdiyi apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə elektron kabinetə yüklənilmişdir. İddiaçı, onun vəkilinin (nümayəndəsinin) adına tərtib edilmiş tibbi sənədə istinadən bildirir ki, vəkili (nümayəndəsi) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək stasionar müalicədə olmuşdur (bax: cild İ; iş v. 268). Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, iddiaçının vəkilinin (nümayəndəsinin) xx.xx.2022-ci il tarixədək stasionar müalicədə olması üzürlü səbəb kimi qəbul edildiyi halda müəyyən edilir ki, müalicəsi başa çatdığı tarixdən etibarən o, növbəti 1 ay müddətində, yəni xx.xx.2022-ci il tarixədək qətnamədən apellyasiya şikayəti verə bilərdi, lakin o, bunu etməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, vəkilin (nümayəndənin) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək stasionar müalicədə olması məhz onun özünə münasibətdə üzürlü hal kimi qiymətləndirilə bilər, bu hal iddiaçıya münasibətdə üzürlü hal kimi qiymətləndirilə bilməz. İddiaçı özü və ya digər vəkilin vasitəsi ilə qətnamədən apellyasiya şikayətini vaxtında verməli idi. Göründüyü kimi iddiaçı tərəfin qətnamənin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin məhz üzürlü səbəbdən ötürülməsi müəyyən edilmir. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi göstərilənləri nəzərə alaraq iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla iddiaçının verdiyi “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəni təmin etməməkdə və iddiaçının qətnamədən verdiyi apellyasiya şikayətinin qaytarmaqda haqlı olmuşdur. Həmin qərardaddan iddiaçının verdiyi şikayət əsassızdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 oktyabr 2022-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar