Məhkəmə qərarları › İş №2(103)-8234/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8234/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8234/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh1 nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31.05.2021-cu il tarixli, 2(007)-506/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 1465 manat qalıq borc, Cavabdeh1 640 manat qalıq borcun tutularaq ona ödənilməsi və həmçinin ödədiyi 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2, həyat yoldaşı X3, digər Cavabdeh1 və həyat yoldaşı Nümayəndə ilə Bakı şəhəri, Bülbülə qəsəbəsi, İddiaçı küçəsi, ev 218 ünvanında yerləşən 2 mərtəbəli, hər mərtəbəsi 150 kv.m-dən ibarət olan ona məxsus olan həyət evinin 1-ci mərtəbəsində trxminən 3 il müddətində kiyarə yaşayıblar. Birinci Cavabdeh1 və yoldaşı Nümayəndə ilə Bülbülə qəsəbəsi. S.Əlivev küçəsi, ev 218-də kirayə yaşayıblar və bunun hesabına görə sonuncunun kirayə haqqı imzaladığı intizam sənədinə əsasən olan borcu 1290 manat təşkil edirdi. Bundan sonra cavabdeh həmin qalıq borcundan 650 manat ödəniş etmiş, ümumi qalıq borcu 640 manat ləşkil edir. Digər Cavabdeh2 həyat yoldaşı X3 ilə Bülbülə qəsəbəsi. İddiaçı küçəsi, ev 218-də kirayə yaşayıblar və bunun hesabına görə sonuncunun kirayə haqqı imzaladığı intizam sənədinə əsasən olan borcu 2165 manat ləşkil edirdi. Bundan sonra cavabdeh həmin qalıq borcundan bu günə kimi 700 manat ödəniş etmiş, ümumi qalıq borcu 1465 manat ləşkil edir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh2 1415 manat qalıq borc, Cavabdeh1 640 manat, vəkilə ödədiyi 150 manat və dövlət rüsumu kimi ödədiyi 30 manat pulu müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31.05.2021-cu il tarixli, 2(007)-506/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh2 1415 manat, Cavabdeh1 640 manat tutularaq İddiaçı verilməsi, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 150 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, o, məhkəmədə iddia tələbini qismən qəbul edərək, iddiaçıya onun qeyd etdiyi kimi 1290 manat deyil, cəmi 650-660 manat borcunun olduğunu və həmin borcunu da tam olaraq ödədiyini bildirmişdir. İddiaçı özü də iddia ərizəsində qeyd etmişdir ki, kirayə haqqı borcu olan 650 manat pulun sonuncuya ödədiyini qeyd etmişdir. Həmçinin, məhkəmə dəfələrlə məhkəmə iclasının təxirə salıb və bunun səbəbi kimi polis bölməsinə sorğunun verilməsi ilə bağlı olub. Lakin polisdən cavab gələrək məhkəmə öz növbəsində ona qiymət verməmiş və məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Bundan başqa o məhkəmə iclasında dəfələrlə demişdir ki, polisdə iki izahat yazılıb və izahatında bütün dedikləri öz əksini tapmışdır. Burdan açıq-aşkar görünür ki, məhkəmə kobud qanun pozuntularına yol verir və onun hüquqlarını tapdalayaraq iddiaçının xeyrinə qətnamə çıxarır. Hətta qeyd edir ki, məhkəmədə hakimə bütün olanları izahatı ilə təsdiq etmişdir. Məhkəmə öz növbəsində bunları nəzərə almayaraq qanunları düzgün tətbiq etməyərək ədalətsiz qərar qəbul etmişdir. O dəfələrlə qeyd etmişdir ki, pulu iddiaçıya qaytarmamasının səbəbi kimi onun ev əşyalarının geri qaytarmaması səbəbindən irəli gəlmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandımışdır ki, o, məhkəmədə iddia tələbini qismən qəbul edərək, iddiaçıya 2165 manat deyil, cəmi 1200 manat borcunun olduğunu və həmin borcdan 750 manatım ödədiyindən onun iddiaçıya cəmi 450 manat borcunun qaldığını bildirmişdir. İddiaçı özü də sonradan iddia ərizəsinə dəqiqləşdirmə verərək kirayə haqqı borcundan 750 manatın ödədiyini qeyd etmişdir. Pulu iddiaçıya qaytarmamassının səbəbi kimi onun ev əşyalarının geri qaytarmaması səbəbindən irəli gəlmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə və Cavabdeh2 apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətlərinin dəlillərini qəbul etməyərək, rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 tərəfindən 03 aprel 2019-cu il tarixdə yazılaraq imzalanmış iltizamın surətindən görünür ki, Cavabdeh2 İddiaçı məxsus evdə kirayə yaşadığını və 2165 manat kirayə borcunun hissə-hissə ödənilməsini öhdəsinə götürmüşlər. Cavabdeh1 tərəfindən 03 aprel 2019-cu il tarixdə yazılaraq imzalanmış iltizamın surətindən görünür ki, Cavabdeh1 İddiaçı məxsus evdə kirayə yaşadığını və 1290 manat kirayə borcunun hissə-hissə ödənilməsini öhdəsinə götürmüşlər. İddiaçı ilə Vəkil arasında bağlanmış 24 sentyabr 2020-ci il tarixli müqavilənin surətindən görünür ki, hüquqi yardıma görə haqq qarşılıqlı razılıq əsasında 150 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ilə şifahi şəkildə müqavilə bağlayaraq soncuya məxsus mənzildə kirayə yamışlar. Lakin cavabdehlər iddiaçının hesablaması ilə razılaşmasalar da, onun hesabladığı kirayə pulunu hissəhissə ödəməyi öhdələrinə götürsələr də onun ödənilməsindən yayınmış və iddiaçıya borcları qalmışdır. Kollegiya birinci instansiya məhkəməssinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 677.1.4-cü maddəsinə əsasən əgər kirayəçi kirayəyə götürdüyü əşyanı tamamilə və ya qismən müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa və ya əşya ondan götürülürsə və ya əhəmiyyətli dərəcədə pisləşirsə, kirayəyə verən isə gecikdirməyə yol verirsə, kirayəçi xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Həmin Məcəllənin 686-cı maddəsinə əsasən əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında icarə müqaviləsi şifahi formada bağlansa da, tərəflər öz izahatları ilə bu faktl təstiq etmişlər. Beləliklə tərəflər arasında əmlak kirayəsi münasibətlərinin olması işin mübahisəsiz halıdır. Cavabdehlər tərəfindən həmin müqavilənin şərtləri pozulmuş və onlar əmlak kirayəsinin dəyərini ödəməkdən imtina etmişlər. Belə olan halda birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, şikayətlər anoloji tərtib edilmişdir. Cavabdehlər iddiaçıya olan borclarını müvafiq olaraq tam və qismən ödəmələrinə istinad etsələr də, ödənilmiş məbləğlər barədə sübutlarını məhkəməyə təqdim etməmişlər. Belə olan halda kollegiya hesab edir ki, cavabdehlər kirayə müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etmədikləri iddiaçıya olan borclarını tam şəkildə ödəməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli, 2(007)-506/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar