Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-826/2024 08.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «miras tərkibinə aid olmayan əmlak») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3958/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. 01 avqust 2002-ci il tarixli 156141 nömrəli müqaviləyə əsasən, satıcı X9 alıcı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 57/24, 94 nömrəli mənzili satmışdır.
2. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin ÖM seriyalı 131842 nömrəli qeydiyyat vəsiqəsindən, eləcə də Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət kadastı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 57/24, 94 nömrəli mənzil xx.xx.2022-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış və hazırda da onun mülkiyyətindədir.
3. X2 (İddiaçı əri) xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh qarşı miras payın alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X3 tərəfindən Cavabdeh adına alınmış Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 57/24, 94 nömrəli mənzilə İddiaçı ½ hissədə miras payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiada göstərilir ki, X3 ilə xx.xx.1992-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında nikaha daxil olmuş, nikahdan 2 övladı doğulmuşdur. Əri xx.xx.2022-ci il tarixdə ölmüşdür. C.Mirqiyasovun nikahdan kənar Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X6 doğulub. Cavabdeh C.Mirqiyasovun maddi imkanlarından istifadə etmək məqsədilə C.Mirqiyasovla yaxınlıq etmiş, ona mənzil və avtomobil aldırmışdır. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 57/24, 94 nömrəli mənzil mərhum əri Cavad Mirqiyasov tərəfindən Cavabdeh adına alınmışdır. Hətta bu bir daha onunla sübut olunur ki, Cavabdeh halhazırda idarə etdiyi “KİA SPORTAGE” minik markaıl, ** ML *** dövlət qeydiyyat nömrəli avtomobil də mərhum Cavad Mirqiyasovun adınadır.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3958/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbinin təmin edilməməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 57/24, 94 nömrəli mənzilin X2 tərəfindən alınması barədə məhkəməyə hər hansı sübut təqdim olunmamış, həmçinin bundan əlavə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 57/24, 94 nömrəli mənzilin X1 miras qalması məhkəmədə sübuta yetirilməmişdir. İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 57/24, 94 nömrəli mənzilin X1 miras qalması barədə məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən iddia tələbi əsassız olmaqla təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə) apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş edib göstərir ki, cavabdeh etiraf edir ki, mərhum X3 ilə 2002-ci ildə münasibətləri yaranıb. Cavabdehin maddi imkanları zəif olduğundan onun adına mənzil almışdır. Mübahisəsi gedən mənzil onların tanış olaraq münasibətləri yaranan zaman alınmışdır. Bu baxımdan iddia tamamilə qanunidir və mənzil ümumi birgə mülkiyyətə aiddir. İddiaçı̇ qızının həmin mənzilə ½ hissədə mülkiyyət hüququ vardır. Birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin maddi hüquq norması ilə iddiaçının təsbit edilən hüquqlarını kobud surətdə pozmaqla tamamilə qanunsuz və əsassız qətnamə qəbul edib. İddiaçı övladları X8 və X5 məhkəmə iclasına şahid qismində dəvət edilib dindirilməsi barədə vəsatət verilmiş, həmin vəsatət təmin olunmuş, lakin onların dindirilməsindən imtina olunmuşdur. Mülki işə obyektiv hüquqi qiymət verilməsi üçün İddiaçı övladları X8 və X5 məhkəmədə şahid qismində dindirilməli idi. Lakin məhkəmə səbəbsiz olaraq həmin şahidləri dindirməkdən imtina etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
20. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmırdı.
21. Əlbətdə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
22. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
23. Hazırki işdə isə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edir, etirazının əsası kimi istinad etdikləri hallara dair sübut təqdim edərək bu halları sübut edə bilir. Belə ki, mübahisəli mənzilin 2002-ci ildə alındığına, üstəlik mülkiyyətində olan başqa mənzilin satışından əldə edilmiş vəsait hesabına alındığına dair cavabdeh məhkəməyə sübutlarını təqdim edib. Cavabdehin iddiaçının əri ilə 2002-ci ildə münasibətlərinin yaranmasını hansısa formada etiraf etməsi təsdiq olunmur. Əksinə, apellyasiya baxışı zamanı cavabdeh bu cür münasibətlərin iddiaçının miras əmlak saydığı mənzil alındıqdan bir neçə il sonra(2004-cü ildə) yarandığını bildirdi. Hətta bu münasibətlər 2002-ci ildə yaranmış olsa belə qeyd olunan mənzil heç bir halda miras kütləsinə daxil ola bilməzdi. Çünki, həmin mənzil mirasqoyanın birgə yaxud paylı mülkiyyətində olması təsdiq olunmur.
24. Apellyasiya baxışı zamanı tərəflərin izahatlarından və işdə olan materiallardan o da bəlli olur ki, cavabdehin qızı da mirasqoyanın qanun üzrə birinci dərəcə vərəsəsi olduğundan onlar arasında miras əmlaklarla bağlı çoxsaylı məhkəmə mübahisələri var və davam edir. Ağlabatan mühakimə də onu təsdiq edir ki, hazırki iddia da məhz tərəflərin birbirinə hüquqi müstəvidə təsir etmək məqsədilə irəli sürülmüşdür.Əks halda bu cür iddia ortaya çıxmazdı. İddiaçının uşaqlarının şahid qismində dindirilib-dindirilməməsinin də işin nəticəsinə onun istəyi və arzusu baxımından heç bir təsiri ola bilməz. Çünki, şahid qismində ifadə vermək istəyən şəxslər iddiaçının övladlarıdır və istər-istəməz iddiaçının, o cümlədən özlərinin marağına və istəyinə uyğun ifadə verəcəklər. Həmin ifadələr isə hazırki xarakteri mübahisələr üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməzdi.
25. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda vərəsəlik münasibətlərinin, hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan edilməsi institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
26. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, hazırki apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3958/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3958/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.