Məhkəmə qərarları › İş №2(103)-8261/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8261/2020

26.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8261/2020 26.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı vəkili X4, Cavabdeh və üçüncü şəxs X1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(007)- 1162/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı üçüncü şəxs qismində X5 cəlb edilməklə “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,onun ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 1991-ci ildə qeydiyyata alınaraq rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan bir uşaqları anadan olmuşdur. İlk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan xasiyyətimizdə uyğunsuzluq yaranmışdır. xx xxxxxx 2003-cı il tarixdə aralarında bağlanmış nikah pozulmuşdur. Ba barədə Bakı şəhəri, Nizami rayonu VVADQ Şöbəsi tərəfindənn AZ-İ 002486 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmiş, 2003-cü ilin yanvar ayının 17 günündə 14 nömrə ilə qeyd edilmişdir. ünvan 1 ünunında yerləşən mənzilə gəlin köçmüş və orada yaşamışdır. Onların aralarında nikah münasibətləri pozulduqdan sonra cavabdeh evdə demək olar ki, hər gün dava - dalaş salmış, məcburiyyət qrşısında mənzil kirayələyərək orda yaşamışdır. Evə gələrkən evin qapısının açarlarının dəyişdirildiyinin şahidi olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(007)- 1162/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı üçüncü şəxs qismində X5 cəlb edilməklə “onun ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi” tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1162/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən narazıdır. Belə ki, məhkəmə işə baxarkən real faktları araşdırmamış və əsassız sübutlara üstünlük vermiş, ədalətsiz və qanunsuz qətnamə qəbul edildiyini bildirmişdir. Onun daimi yaşayış yerinin olmadığını və hal-hazırda Bakı şəhərində kirayə qaldığını, maddi vəziyyətinin yaxşı olmadığını, kirayədə qalmaq onu maddi cəhətdən çox pis vəziyyətə saldığnı qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X6 iddia tələbinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçı onunla boşandıqdan sonra çıxıb getmişdir. Mübahisəli mənzil onların ata-baba evləridir, bacıları da orada qeydiyyatdadırlar. Mübahisəli mənzil atası rəhmətə getdikdən sonra vəsiyyət yazdığından qardaşları X1 adına keçirildiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X5 apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, mübahisəli mənzil onun adındadır. İddiaçının həmin evdə ailəsi ilə birlikdə yaşamasına razı deyildir. Qardaşı Cavabdeh uşağı olduğundan, iddiaçını qeydiyyatdan çıxarmadığını bildirmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə X1 adına xx xxxxxx 2015-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayon MKTB-nin 50 saylı MKİS-in xx xxx 2020-ci il tarixli, 123 nömrəli arayışından görünür ki, İddiaçı, X2 məxsus olan ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ-İ 002486 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında olan nikah xx xxxxxx 2003-cü il tarixdə ləğv edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə 1991-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüş və orada yaşamışdır. xx xxxxxx 2003-cü il tarixdə aralarında bağlanmış nikah pozulmuşdur. Onların aralarında nikah münasibətləri pozulduqdan sonra həmin mənzildən köçmüşdür. Hazırda mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan iş üzrə iddiaçının mübahisəli mənzilə istifadə hüququnun xx xxxxxxx 2009-cu il tarixədək yarandığı işin mübahisəsiz halıdır. Ona görə də mübahisəyə həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Həmin Məcəlləyə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır (maddə 60). Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir və yaşayış sahəsinə hüququ itirilir (maddə 87). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Habelə, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Qanunvericilin sadalanan normalarının məzmunundan göründüyü kimi, iddiaçının mübahisəli mənzilə istifadə hüququnu itirməsi üçün onun 6 aydan artıq müddətə daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya başqa yaşayış sahəsinə köçməsi müəyyən edilməlidir. İddiaçı 1991-ci ildə rəsmi nikaha daxil olması ilə əlaqədar ünvan 2 ünvanına köçmüş, özünün bildirdiyi məlumata əsasən 2003-cü ilədək orada yaşamışdır. Ailə münasibətləri pozulduqdan sonra həmin mənzili tərk etmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı 2003-ci ildən sonrakı 17 il ərzində də davamlı olaraq mübahisəli mənzildə yaşamayıb. İddiaçının birinci instansiya məhkəməsinin iclasında veridi izahatı ilə müəyyən olunmuşdur ki, mübahisəli mənzildən köçərkən əşyalarını da aparmışdır. Qeyd olunan hallar iddiaçının 2003-cü ildə mübahisəli mənzildən daimi yaşamaq üçün başqa mənzilə köçdüyü və həmin tarixdən 6 ay sonra mənzilə istifadə hüququnu itirdiyi barədə birmənalı qənaətə gəlməyə əsas verir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı mübahisəli mənzildən köçdükdən sonra evin mülkiyyətçisi də dəyişmişdir. xx xxxxxxxx 2000-ci ildən qüvvədə olmuş Mənzil Məcəlləsinin 228.2-ci maddəsinə əsasən iddiaçının mənzilə istifadə hüququnun yaranması üçün bununla bağlı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın olması tələb olunurdu. Həmçinin yuxarıda sadalanan hallar baxımından iddiaçı həmin maddənin 228.5-ci maddəsinin mənasına görə mülkiyyətçinin ailə üzvü (əri, arvadı, valideynləri, uşaqları) hesab edilmirdi. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsini Cavabdeh qarşı versə da, Cavabdeh cavab verməli şəxs deyil. Belə ki, Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi deyil, istifadəçisidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi, mübahisəli mənzilin istifadəçisinə qarşı qaldırıldığı üçün, iddia tələbinin əsassız hesab edilməsi və təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(007)- 1162/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar