Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8263/2021 26.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 avqust 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı 01.03.2015-ci il tarixdə Cavabdehla rəsmi nikaha daxil olmuş və 2016-cı ilin aprel ayında cavabdehlə birlikdə onun ailəsinə məxsus Bakı şəhəri, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi ev 58-də üvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Fərdi yaşayş evinə dair ev kitabına əsasən, Bəşir Misirov (cavabdehin atası) 19.05.1971-ci il tarixdən, Cavabdeh isə xx.xx.1991-ci il tarixdən həmin evdə qeydiyyatdadırlar. Tərəflərin birgə nikahından 01.01.2017-ci il tarixdə Səbinə adını verdikləri uşaqları doğulmuşdur. İddiaçı 2018-ci ilin noyabr ayında cavabdeh və onun ailə üzrvləri ilə ailədaxili münaqişə nəticəsində uşağı ilə birlikdə sözügedən evdən çıxaraq bacısıgilə getmiş və orada yaşamağa başlamış, getdiyi zaman cehiz əşyalarınıda özü ilə aparmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22.07.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, 01.01.2017-ci il təvəllüdlü Səbinə Misirzadənin iddiaçının himayəsində saxlanılması və cavabdehdən onun xeyrinə 24.06.2019-cu il tarixdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bundan əlavə cavabdeh yeni ailə qurmuş və həmin evdə atası, bacısı və nənəsi ilə yaşayırlar. İddiaçı 2020-ci ilin yanvar ayında bu iddianı irəli sürərək yaşamağa başqa yeri olmadığı üçün evə köçürülməsini tələb etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı, azyaşlı övladı 01.01.2017-ci il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi ev 58-də yerləşən, gəlin kimi yaşamış olduğu özbaşına tikili olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, 01.03.2015-ci il tarixdə cavabdehlə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 01.01.2017-ci il təvəllüdlü Səbinə Misirzadə adlı qızları doğulmuşdur. Ailə qurarkən 2016-cı ilin aprel ayında sözügedən ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, burada cavabdehlə birgə təsərrüfat aparmış, cehiz əşyaları həmin ünvanda olmuş, cavabdehlə aralarındakı münasibət pozulduğundan 2018-ci ilin noyabr ayında uşağı ilə birlikdə evi tərk etməli olmuşdur. Hazırda yaşamaq üçün başqa yaşayış yeri yoxdur, bacısıgildə yaşayır. Fərdi yaşayış evi özbaşına tikilidir, evə dair ev kitabı vardır, eyni zamanda orada bir deyil, iki fərdi yaşayış evi vardır. Yaşayış evlərindən biri yaşayışa tam yararlı olduğu halda, digərinin əlavə təmir işlərinə ehtiyacı vardır.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12.06.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, məhkəmə öz qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci, Mənzil Məcəlləsinin 30-cu, 68.1-ci və 68.2-ci maddələri ilə əsaslandırmışdır.
5. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir.
b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
6. Bakı Apellyasiya Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qətnaməsi ləğv olunaraq yeni qətnamə çıxarılmış, İddiaçı azyaşlı övladı 01.01.2017-ci il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi ev 58-də yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir
7. Apelyasiya instansiyası məhkəməsi qətnamənin hüquqi əsas kimi Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsi; 60-cı maddəsinin İ hissəsi; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarı; Mülki Məcəlləsinin 27.2, 139.1, 180.1, 180.2; "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə, 2009-cu ilin oktyabrın 1dək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü, 54-cü maddələrinə istinad etmişdir.
8. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.
10. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, qanunun analogiyası ilə bağlı Apelyasiya Məhkəməsinin gəldiyi nəticə qanunsuz olmuş, məhkəmə tərəflər arasında mübahisəli evlə bağlı münasibətlər yarananda artıq qüvvədə olmayan Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddələrinə istinad etmiş, mübahisənin həllinə tətbiq edilməli olmayan Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarını əsas götürmüş, evin hüquqi vəziyyəti ilə bağlı sənədləri ətraflı araşdırmamışdır.
11. Kasassiya instansiyası vurğulamışdır ki, işdə olan (32-47-ci səhifələr) sənədlər həmin evin uzun illər əvvəl inşa edilməsi, Suraxanı rayonu neftqazçıxarma idarəsinin mənzil təsərrüfatına aid olması (səhifə 41-dəki təsdiq), yaşayış evi kimi istifadə olunmasına şübhə yeri qoymur və iddiaçı tərəf də bu halı mübahisələndirməmişdir. Hətta, həmin evin özbaşına inşa edilmiş ev olması qəbul edilsə belə, bu halın mövcudluğu iddianın təmin olunması üçün yenə də müstəqil əsas hesab oluna bilməz.
12. Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə, özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi, yaxud belə tikilinin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi mümkün deyildir. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir.
13. Kassasiya instansiyasının mövqeyinə görə, baxılan iş üzrə mübahisəli evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrıayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəməyə nəinki belə sübutlar təqdim etməmiş, əksinə həmin halların mövcud olması məsələsini qaldırmamış, əksinə özü etiraf etmişdir ki, ev onların nikahından əvvəl inşa edilmişdir. Eyni zamanda məhkəmə baxışı zamanı sübut olunmuşdur ki, iddiaçı 2016-cı ildə mübahisəli evə yaşamaq üçün gəlmiş və 2018-ci ildə həmin evi tərk edərək yaşamaq üçün başqa ünvana getmiş, cehiz əşyalarını da evdən çıxarmışdır. Kassasiya instansiyasının mövqeyinə görə, yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi istisna deyil (1.0.11. hüququn analogiyası).
Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası
14. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası barədə lazəmi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərindən, işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir.
Tətbiq edilən hüquq
“X3 haqqında” Azərbaycan Respublikasının Qanunu
15. Maddə 1.0.11. hüququn analogiyası - yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi deməkdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
17. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 81. Qanuna və ya digər X3a əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
25. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
26. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan və işin hallarını (faktiki və hüquqi) təkrarən sadalamağa zərurət görməyən məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə mübahisənin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.
27. Kassasiya instansiyasının da vurğuladığı kimi, keçmiş gəlinlərin mənzilə köçürülmə tələbi ilə bağlı hazırda istifadə olunan hüququn ümumi prinsipləri və ya hüququn konkret sahələrinə aid prinsipləri ilə bağlı birinci instansiya məhkəməsinin dəyərləndirməsi daha doğru görünür. Analoji mübahisələrin həlli ilə bağlı vahid məhkəmə təcrübəsinin yaranmasına zərurət var. Bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır.
28. Bundan başqa qeyd olunmalıdır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X4rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
29. Məhkəmə qərarının ədalətli olması şərtlərindən birincisi tərəflər arasında ədalətli tarazlığın qorunmasıdır. Hazırkı işdə müəyyən olunan hallar odur ki, mübahisəli evi cavabdehin valideynləri inşa etmiş və uzun illərdir orada yaşayırlar. İddiaçı 2016-cı ildə evə köçmüş, 2018-ci ildə oranı tərk etmiş, evi tərk etməsinin səbəbi cavabdehin ailəsi ilə birlikdə yaşamasının qeyri-mümkünlüyü olmuşdur. İddiaçı evi tərk etdikdən iki il sonra hazırkı apellyasiya baxışının predmeti olan iddianı irəli sürmüş, bu vaxta kimi cavabdeh yeni ailə qurmuş və ailəsini də həmin evə köçürmüş, yenə də valideynləri və digər ailə üzvləri ilə birgə orada yaşamağa davam etmişdir. Tərəflər arasında barışmaz münasibətlər fonunda iki ildən sonra iddiaçının evə köçürülməsinin hansı birgəyaşayış fəsadları ilə nəticələnəcəyi bəlli bir haldır.
30. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas təşkil etmir.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1375/2020 saylı iş üzrə 12 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev