Məhkəmə qərarları › İş №2(103)-8273/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8273/2021

18.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8273/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən Həsənov Rəşad Məhəmməd oğlunun məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçı1 nümayəndəsi - vəkili X7, Cavabdeh və onun nümayəndəsi - vəkili X8 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddiası üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2571/2021 saylı 02 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsi, döngə 1 ünvanda yerləşən 1 zal, dəhliz, 3 otaq, 1 mətbəx və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsi, döngə 1 ünvanda yerləşən fərdi yaşayış evini X4 47.000 manat qarşılığında satın almışlar. Elə həmin ildən 2020-ci il tarixə kimi sözügedən ünvanda övladları 1998-ci il təvəllüdlü X9 və 2000-ci il təvəllüdlü X12 ilə birlikdə yaşamışlar. Bütün bunlar qonşular tərəfindən imzalanmış aktda da öz əksini tapmışdır. "xxxx" MMC tərəfindən 26 dekabr 2013-cü il tarixdə verilmiş hesab cədvəlindən də göründüyü kimi mübahisəli fərdi yaşayış evinin istifadəçisi qismində İddiaçı2 göstərilmişdir. Ötən ilin mart ayında onlar evi təmir etdirmək məqsədi ilə evin əşyaları ilə birlikdə evdən çıxmışlar. Bir müddət sonra evə gəldikdə evdə Cavabdeh Fərqan oğlunun olduğunu görmüşlər. Ona həmin evin onlara məxsus olduğunu bildirsələr də, cavabdeh sözügedən mübahisəli fərdi yaşayış evini 55.000 manat qarşılığında satın aldığını bildirmişdir. Sözügedən məsələ ilə bağlı dərhal polisə müraciət etsələr də, bir nəticəsi olmamışdır. Belə ki, iş mülki xarakterli olduğundan şifahi şəkildə məhkəməyə müraciət etməli olduqları bildirilmişdir. Göründüyü kimi, onlar öz iradələrindən aslı olmayan səbəblərdən 7 ildir ki, yaşadıqları, öz vəsaitləri hesabına əldə etdikləri evdən istifadə etmək hüququndan məhrum olmuşlar. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2571/2021 saylı 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddiaları təmin edilməmişdir. Həmin qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 qızı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli evin özbaşına tikili olmasını qeyd etsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmiş, əksinə, mübahisənin tənzimlənməsinə heç bir aidiyyəti olmayan Mülki Məcəllənin 152.1-ci və 646-cı maddələrinin tələblərinə istinad etməklə həmin maddəni tətbiq edərək iddianı əsaslı hesab etməyərək rədd etmiş, bununla da iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrində təsbit olunmuş hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları, təqdim edilmiş dəlillər birtərəfli qaydada birbaşa cavabdehin xeyrinə təhrif olunmaqla qiymətləndirilmiş, bu da qətnamənin təsviri, əsaslandırıcı və nəticə hissələri arasında uyğunsuzluğa gətirib çıxarmış, eyni zamanda qətnamə maddi və prossesual hüquq pozuntularına yol verməklə qəbul edilmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Məhkəmənin qətnaməsindən və iş materiallarından göründüyü kimi, iddiaçılar mübahisəli evi 2013-cü ildə X4 47.000 manata almışlar, 2020-ci ilin mart ayınadək həmin mənzildə yaşamışlar, evi tərk etmələrinə səbəb isə həmin evi təmir etdirib, gələcəkdə yaxşı qiymətə satmaq niyyəti ilə bağlı olmuşdur. Bununla bağlı makler X14 onlara evi təmir etdirib satacağı ilə bağı söz verərək üzərinə öhdəlik götürmüş və inandırıcı olsun deyə, iddiaçılara 7.000 manat beh vermişdir. Aralarında razılaşma belə olmuşdur ki, yerdə qalan 36.000 manat pulu iki ay ərzində versin, lakin o, iddiaçılar qarşısında öz öhdəliyinə əməl etməmişdir. Göründüyü kimi, burada alqı-satqı nə rəsmi, nə də formal şəkildə baş tutmamış, yalnız öhdəliyin icrasını təmin etmə üsullarından biri (Mülki Məcəllə maddə 460) olan beh verilmişdir, beh müqaviləsinin qaydası və şərtləri isə Mülki Məcəllənin 491-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin tələblərinə görə tərəflər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməzlərsə, onda verilən beh kimin təqsiri üzündən bu baş tutmamışsa, onun zərərinə digər tərəfə ödənilir. İşin hallarından görünür ki. iddiaçıların burada hər hansı təqsiri olmamış və behin də. evin də onlarda qalması qanunidir. Bundan əlavə, maddənin hüquqi tövsifındən aydın olur ki, beh müqaviləsinin bağlanması hələ həmin əmlakın satılması deyil, gələcəkdə satılmasını təmin olunması üsullarından biridir. Məhkəmə isə özünün müəyyən etdiyi və qətnaməsinin təsviri hissəsində qeyd etdiyi bu xüsusatlara əsaslandırıcı hissədə qiymət vermədən baş vermiş münasibətləri alqı-satqının baş tutması kimi qiymətləndirməklə birbaşa cavabdehin maraqlarına xidmət edən qətnamə qəbul etmişdir. Məhkəmə isə işin bu hallarını araşdırmadan birtərəfli qaydada belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Cavabdeh məhkəməyə verdiyi izahata görə o, evi X2 55.000 manata almasını, həmin evin sonuncuya məxsus olmasını, başqa heç kimdən evin iddiaçılara məxsus olması barədə maraqlanmadığını və bu barədə iddiaçıların həmin evin onlara məxsus olmasını bildirdikdə, məlumatının olması kimi qeyrisəmimi izahat vermiş, qeyd etdiklərinə dair başqa heç bir sübut və dəlil məhkəməyə təqdim etməmiş, məhkəmə isə yalnız cavabdehin izahatını əsas götürüb birbaşa onun maraqlarına xidmət edən qətnamə qəbul etmiş, onu vicdanlı alıcı kimi təqdim etmişdir. İddiaçıların məruz qaldıqları qanunazidd davranışdan xəbər tutan kimi 6-cı Polis Bölməsinə müraciət etmələri, orada aparılan araşdırma nəticəsində Elman Adıgözəlovun əməlində cinayət tərkibi müəyyən edilmədiyi bildirilsə də, hazırkı iş üzrə iddiaçıların hüquqlarının pozulması halı müəyyən edilməsi və onlara mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmələri tövsiyyə edilməsi də məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən cinayət işi üzrə müəyyən olunmuş hallar mülki icraat qaydasında işə baxılarkən sübut növü kimi qəbul edilir. Lakin məhkəmə buna da əhəmiyyət verməmiş, iş materiallarında cavabdehin həmin evi almasına, bu zaman vicdanlı olub-olmamasına dair hər hansı dəlil olmamasına baxmayaraq, birbaşa cavabdehin maraqlarına xidmət edən qətnamə qəbul etmişdir. Bundan əlavə məhkəmə nəticə hissəsində qeyd etmişdir ki, iddiaçılar evi təmir etdirmək məqsədilə evdən əşyalarını çıxarmış, qayıtdıqda isə evlərinin cavabdeh tərəfindən qanunsuz zəbt olunduğunu və öz iradələrindən asılı olmayan səbəbə evlərindən istifadə etmək hüququndan məhrum olunduqlarını bildirsələr də, qeyd olunan hallar iş materialları ilə təkzib olunur. Lakin məhkəmə izah vermir ki, hansı iş materialları ilə təkzib olunur, çünki belə bir iş materialları yoxdur və qətnamədə nəticə hissəsi təsviri əsaslandırıcı hissə ilə ziddiyət təşkil edir. Qətnamənin əvvəlində qeyd olunan və iş materiallarına əlavə edilən dəlillər məhkəmənin gəldiyi nəticə ilə ziddiyyət təşkil edir. Bunun əksinə cavabdeh öz etirazını sübut etmək vəzifəsi daşımasına baxmayaraq, məhkəməyə heç bir sübut və dəlil təqdim etmir və onun izahatı nədənsə məhkəmə tərəfindən araşdırılmır. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2571/2021 saylı 02 iyun 2021-ci il tarixli qətnaməsini apellyasiya qaydasında ləğv edib, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi (vəkili) X18 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsində təqdim olunmuş dəlillər təhrif olunmaqla birbaşa cavabdehin xeyrinə qiymət verilmişdir. İş materiallarında, o cümlədən qətnamənin özündə də bu öz əksini tapmışdır ki, hüquqmüəyyənedici sənəd olmadığından evin alqı-satqısı gerçəkləşməmişdir. Alqısatqını adi bir sadə müqavilə ilə öz aralarında keçiriblər. İş materiallarına podrat müqavilsəi əlavə edilib ki, X31 küçəsi ünvandakı evi 55.000 manata satın alır. Məhkəmə də bunu əsas götürərək hesab edib ki, hüquqmüəyyənedici sənəd olmadığından alqısatqı müqaviləsi olmasa da, tərəflər razılığa gəlib və həmin əmlak satılıb. Söhbət podrat müqaviləsində X31 küçəsində yerləşən evdən gedir, lakin mübahisəli mənzil Füzuli küçəsində yerləşir. Məhkəmə qətnaməsində bildirir ki, iddiaçıların iddiası əsassızdır cavabdeh vicdanlı alıcıdr. Lakin göründüyü kimi, bu fərqli ünvanlarda yerləşən fərqli mənzillərdir. Həmin ev özbaşına tikili olduğu üçün hüquqmüəyyənedici sənədi yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Səxavət adlı şəxsi həmin evi 2013-cü ildə iddiaçıya satdığını bildirmişdir. Qonşuların da aktı var ki, iddiaçılar 2013-cü ildən 2020-ci ilə kimi orada yaşamış, kommunal xərcləri ödəmişlər. İş materiallarında beh müqaviləsi var. Razılaşma olub ki, ilkin 7.000 manat pul verilib, qalan pul isə 2 ay müddətində ödəniləcək. Lakin alqı-satqı gerçəkləşməyib. Məhkəmə baxışı zamanı cavabdeh özü də evin Əliyullaya məxsus olduğunu sonradan öyrəndiyini, lakin 55.000 manatı verəndə evin kimin adına olduğunu bilmədiyini qeyd etmişdir. İddiaçı2 xəstə olub və müalicə almaq üçün İsrailə getməli imiş, ona görə də evi satmaq qərarına gəlmişlər, lakin beh qoyulsa da, sonradan alqı-satqı gerçəkləşməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 oğlu və İddiaçı2 qızı apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi (vəkili) X19 apellyasiya şikayətinə etiraz etdi və izahat verərək göstərdi ki, iddiaçı tərəfin özü polisə müraciət edəndə evi 43.000 manata satdığını, qalan 12.000 manatı ala bilmədiyini demişdir. Bu hal iş materiallarında olan cinayət işinin rədd edilməsi haqqında qərarda da öz əksini tapır. Sadəcə olaraq, evi almış Elman adlı şəxs onları aldadıb pullarını vermədiyi üçün məhkəməyə müraciət etmişlər. Cavabdehin də əlində səs yazıları var ki, Əliyulla özü orda etiraf edir ki, Elmandan pulu ala bilmədiyi üçün bunları edir. Əslində isə cavabdehlə işi yoxdur. İddiaçılar özləri də bilirdilər ki, bu ev Elman tərəfindən hazırkı iş üzrə Cavabdeh satılıb və orada təmir işləri görülüb. Bundan 3-4 ay sonra cavabdeh öz ailəsi ilə orda yaşadığı halda gəlib onlardan evin boşaldılmasını tələb edirlər. İddiaçılar özləri də etiraf edirlər ki, onlar evi notarial qaydada almayıblar. Notarial qaydada alınmayan ev notarial qaydada satıla bilməzdi. Evi iddiaçılardan alan Elman adlı şəxs makler olub, evi alıb təmir edib və sonradan Cavabdeh satıb. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2571/2021 saylı 02 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Fiziki və hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılması”na dair 26 dekabr 2013-cü il tarixli hesabat cədvəlinin surətindən görünür ki, İddiaçı2 istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsi, döngə 1 ünvanında yerləşən fərdi yaşayış evinin inventar dəyəri 51.945 manat olaraq müəyyən edilmişdir. Tikintinin təsviri: tikildiyi tarix – 2000-ci il, bünövrə - beton, divar – m/daşı, dam örtüyü – şifer, elektrik, su, kanalizasiya və qaz xətləri var, ümumi sahə - 138.15 kv.m, həcmi – 552,60 kubmetr, ilkin qiyməti – 55.260 manat, fiziki aşınma – 6%, hazırki inventar dəyəri 51.945 manat; - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Binəqədi rayon Sukanal İdarəsinin ödəniş siyahısından görünür ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında istifadə edilən kommunal xidmətə görə ödənişlər 2017-2019-cu illərdə abonent İddiaçı2 tərəfindən ödənilmişdir; - X15, X10, X16, X1 və X13 tərtib etdikləri və öz imzaları ilə təsdiq etdikləri 16 noyabr 2020-ci il tarixli aktdan görünür ki, həqiqətən də İddiaçı1 və İddiaçı2 övladları 1998-ci il təvəllüdlü X3 və 2000-ci il təvəllüdlü X5 ilə birgə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanda 2013-cü ildən 2020-ci il tarixə kimi daimi olaraq yaşamışlar; - Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş 18 aprel 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, vətəndaş İddiaçı1 ərizəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı1 tələbi ilə bağlı mülki qaydada məhkəmə instansiyasına müraciət etmək hüququ izah edilmişdir. Qərarın təsviri hissəsində göstərilmişdir ki, 02 noyabr 2020-ci il tarixdə vətəndaş Məmmədov X6 Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək, 20 iyul 2020-ci il tarixdə özünə məxsus Biləcəri qəsəbəsi, Füzuli küçəsi, döngə 1 ünvanda yerləşən fərdi tikilini X11 43.000 manata satdığını, ilkin olaraq 17.000 manat pulun ödənildiyini, qalan pulunu bu günə kimi ala bilmədiyini, hazırda Elman Adıgözəlov evi başqa şəxsə sataraq pulunu mənimsədiyini bildirmişdir. - Bakı şəhəri 43 saylı Notariat ofisində, X14 ilə X21 arasında bağlanmış 19 iyun 2020-ci il tarixli podrat müqaviləsinin surətindən görünür ki, birinci tərəf öz materiallarından istifadə etməklə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi ünvanında yerləşən 270 kv.m torpaq sahəsində inşa edilən 2.80 metr daxili hündürlüyü, daxili və xarici divarlar, mişar daşı, özülü beton, dam örtüyü şifer, döşəmə taxta, daxili qapılar taxta qapı, giriş qapı dəmir seyf qapı, pəncərələr, sanitar qovşağı kafel, metlax ümumi sahəsi 132 kv.m olan 4 otaqlı, kürsülü, 1 mətbəxli, dəhlizli, 1 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən hazırki müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 55.000 manat təşkil edir. 11.000 manat pul vəsaiti beh şəklində ödənilmişdir. Sifarişçi qalan məbləğin 43.900 manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsi ilə ödəyir. İş üzrə tədqiq olunmuş və yuxarıda qeyd olunan sübutlarla müəyyən olunur ki, mübahisəli evə və onun yerləşdiyi torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənəd mövcud deyildir. Hüquqi baxımdan həmin ev zəbt edilmiş torpaq sahəsində inşa edilən özbaşına tikintidir. İddiaçılar 270 kv.m olan torpaq sahəsini və onun üzərində yerləşən mübahisəli evi 2013-cü ildən başlayaraq həmin evdə uşaqları ilə birlikdə 2020-ci ilin mart ayına qədər yaşamışlar. Daha sonra iddiaçılar həmin evi qeyri-rəsmi olaraq satmaq niyyəti ilə X14 ilə razılaşmış və bu məqsədlə ondan ilkin olaraq 7000 manat pul almış və bunun müqabilində yaşadıqları mübahisəli tikilini tərk etmiş, Elman Adıgözəlov isə həmin ünvanda təmir işləri aparmış, sonradan Elman Adıgözəlov həmin tikiliyə görə razılaşdırdıqları bütün məbləği iddiaçılara ödəməmiş və onların razılığı olmadan həmin evi və torpaq sahəsini cavabdehə vermişdir. Cavabdeh həmin evi Elman Adıgözəlovdan 55.000 manat ödəməklə qeyri-rəsmi olaraq əldə etdiyini bilidrmişdir. Hal-hazırda həmin tikili cavabdehin və onun ailə üzvlərinin istifadəsindədir. İşə baxan birinci instansiya məhkəməsi iddianı rədd edərkən işin o hallarına əsaslanmışdır ki, mübahisəli ev rəsmi reyestrdə qeydə alınmadığına görə onun alqısatqısının qanunvericiliyi uyğun olaraq notarial qaydada rəsmiləşdirilməsi qeyri-mümkün olmuşdur. Bu səbəbdən mübahisəli evin alqı-satqısına dair İddiaçı1 ilə X14 arasında razılıq əldə edilmiş və razılıq sadə yazılı formada rəsmiləşdirilmiş, həmin razılığa əsasən onların arasında öhdəlik münasibətləri yaranmış və iddiaçılar üzərlərinə düşən öhdəliyi icra edərək, başqa sözlə öz iradə ifadələrini əks etdirməklə əşyaları ilə birlikdə evdən çıxmışlar. İddiaçılar evi satdığına görə çıxmışlar. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçılar evin satılması barədə razılaşma olsa da, alqı-satqının olmadığı barədə dəlilini sübuta yetirə bilməmişdir. Məhz göstərilən hallara istinad etməklə, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Kollegiya ilk növbədə qeyd edir ki, mübahisəli ev özbaşına tikinti olmaqla, qanunsuz olaraq bu məqsədlə ayrılmamış torpaq sahəsində inşa edilmişdir. Həmin evdən və onun yerləşdiyi torpaq sahəsindən iddiaçılar 2013-2020-ci illər ərzində fasiləsiz yaşamaqla istifadə etmiş, kommunal xidmətlərin haqqını ödəmişlər. İddiaçılar həmin evi satmaq barədə razılığa gəldiklərini, lakin alqı-satqının baş tutmadığını bildirmişlər. Cavabdeh isə həmin evi alqı-satqı müqaviləsi əsasında üçüncü şəxsdən aldığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qeyd edilən normaların təhlili onu göstərir ki, mülki qanunvericilik daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair münasibətləri dəqiq tənzimləyir və bunun həyata keçirilməsinin imperativ qaydalarını müəyən edir. Bu qaydaları pozmaqla daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair əqdin isə etibarsız olduğunu müəyyən edir. Belə olduğu halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin tərəflər arasında yaranmış münasibətləri tənzimləyən hüquq normalarının mövcud olmaması və bu səbəbdən qanunun analogiyası əsasında oxşar hüquq münasibətlərini tənzimləyən normaları tətbiq etməklə hazırkı mübahisənin həll edilməli olması barədə mövqeyini əsassız hesab edir. İş materialları ilə müəyyən edildiyi kimi, iddiaçılar və cavabdeh mübahisəli özbaşına tikili üzərində mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmaqla sərəncam vermiş, yəni iddiaçılar həmin tikilini satmış, cavabdeh isə onu üçüncü şəxsdən almışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, həmin alqı-satqı müqavilələri özlüyündə etibarsız olmuşdur və tərəflər üçün hər hansı öhdəliklər, o cümlədən iddiaçılar üçün yaşadıqları həmin tikilini tərk edərək onu cavabdehə təhvil vermək öhdəliyi yaratmamışdır. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçılar uzun illər yaşadıqları zəbt edilmiş torpaq sahəsində inşa edilən qanunsuz tikiliyə sahiblikdən buna heç bir hüquqi əsas olmadan məhrum edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçıların mübahisəli fərdi yaşayış evinə köçürülmələri haqqında tələbi əsaslı olmuşdur və birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarını, habelə qeyd edilən qanunvericilik normalarını nəzərə almadan iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2571/2021 saylı 02 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsi, döngə 1 ünvanında yerləşən 1 zal, dəhliz, 3 otaq, 1 mətbəx və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar