Məhkəmə qərarları › İş №2(103)-8276/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8276/2020

29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8276/2020 29.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(004)-1506/2017 saylı qətnaməsi ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və borcun ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək xx.xx.2014-cü il tarixli M 224/F-14 saylı kredit müqaviləsi üzrə 602.380,27 manat əsas, 8674,31 manat faiz, 300 manat cərimə borcu olmaqla, cəmi 611.354,58 manat məbləğində pulun, ipotekaya tutmanın yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 180 manat rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 Zakir oğlundan iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus ilkin satış qiyməti 69.000 manat qiymətləndirilməklə, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusub Ayvazov küçəsində istifadədə olan 0,16161 ha torpaq sahəsində yerləşən 3 nömrəli binada 135 nömrəli mənzilə, ilkin satış qiyməti 300.000 manat qiymətləndirilməklə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 1,6744 ha torpaq sahəsinə, ilkin satış qiyməti 54.000 manat qiymətləndirilməklə, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M/190 saylı ünvanda yerləşən mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə, Cavabdeh2 məxsus ilkin satış qiyməti 205.000 manat qiymətləndirilməklə, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Adil Gəray küçəsində istifadədə olan 0,02247 ha torpaq sahəsində yerləşən 31 nömrəli fərdi yaşayış evinə, Cavabdeh3 məxsus ilkin satış qiyməti 330.000 manat qiymətləndirilməklə Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsində yerləşən 20 nömrəli evin 32 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması, əldə olunan vəsaitin hesabına banka olan borcun ödənilməsi, vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğin ümumi qaydada Cavabdeh1 tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(004)-1506/2017 saylı qətnaməsinin Cavabdeh1 münasibətdə və onun mübahisələndirdiyi hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-7020/2019 saylı qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Hazırda Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(004)-1506/2017 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə ədalətli və qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 apellyasiya şikayətində kredit müqaviləsi üzrə əsas borcun, faiz pulunun və cərimənin tutulması hissəsində düzgün araşdırma aparılmadığını, ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı məhkəmənin mövqeyinin haqlı olmadığını, ən azından əmlakın dəyərinin yenidən qiymətləndirilməsi üçün təkrar əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından görünür ki, həmin mülki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərində Cavabdeh3 tərəfindən hazırda mübahisələndirilən kredit borcu və ipoteka predmetlərinin dəyəri ilə bağlı məsələlər mübahisələndirilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə qeyd olunan məsələlərə qiymət verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-7020/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cöründüyü kimi, Cavabdeh3 tərəfindən mübahisələndirilən məsələlərə apellyasiya və kassasiya qaydasında baxılmış, qətnamə qanuni qüvvəyə minmiş, icraya yönəldilmişdir. Cavabdeh3 apellyasiya qaydasında baxılmış iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini mübahisələndirmişdir. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2017-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ...məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-nin 366.1 və 366.2-ci maddələrinə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. Kollegiya hesab edir ki, Cavabdeh3 apellyasiya şikayəti prosessual əsaslar olmadığından qeyri-mümkün hesab edilməlidir. Birinci instansiya məhkəməsi isə bu hallara qiymət vermədən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətini baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar