Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-828/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “işə bərpa və sair” iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “işə bərpa və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3710/2022 nömrəli, 26 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamenti Qatarların idarə edilməsi Xidmətinin rəisi Nəriman Nağıyevin iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsinə dair 10 may 2022-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsı barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3710/2022 nömrəli, 26 sentyabr 2022-ci il tarixli qətnaməsi (hakim Anar İbadzadə) ilə iddia ərizəsi təmin edilməmişdir.
3. Birinci instansiya məhkəməsi öz mövqeyini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, MPM-in 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı apellyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, o işlədiyi müddətdə heç vaxt cəza almamış, işlədiyi müddətdə heç bir qüsuru olmayıb. İşdə onun oğurluq etməyini təsdiq edən mötəbər sübut olmadığı halda, məhkəmə əsassızsız nəticəyə gəlmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Ə.Hüseynbəyli apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi, bildirdi ki, şahid ifadələri və aktla iddiaçının oğurluq etməsi təsdiq edilmişdir, bu da Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin təsiri altına düşür ki, bu səbəbdən rayon məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Sübutların tədqiqi:
7. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamenti Qatarların idarə edilməsi Xidmətinin xx.xx.2022-ci il tarixli 172470 saylı Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrindən görünür ki, İnfrastruktur Departamenti Qatarların idarə edilməsi Xidmətinin İmişli magistral lokomotivlərinin idarə edilməsi sahəsində magistral üzrə teplovoz maşinist köməkçisi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli 76878 saylı əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.
8. X2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, xx.xx.2022-ci tarixdə maşinist köməkçisi İddiaçıla Biləcəri stansiyasında 3TE10M-1370 saylı teplovozla çeşidləmə işləri görərkən təxminən saat 01:30 radələrində teplovozdan 6 ədəd 20 lt-lik konistir yanacaq oğurlayıb satmaq istəyərkən İnfrastruktur Departamentinin hərəkətin təhlükəsizliyi üzrə X5 tərəfindən tutulmuşdur.
9. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, xx.xx.2022ci tarixdə maşinist X4 stansiyasında 3TE10M-1370 saylı teplovozla çeşidləmə işləri görərkən təxminən saat 01:30 radələrində ayaqyoluna getmişdir, qayıtdıqdan sonra görmüşdür ki, hərəkətin təhlükəsizliyi üzrə X5, maşinisti İbadov Vahidi dizel yanacağı satmaq istəyərkən tutmuşdur. Həmin vaxt hadisə yerində olmamışdır.
10. 16.05.2022-ci il tarixli Təhvil-təslim aktından görünür ki, əmək kitabçasını və əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin surətini iddiaçı təhvil almışdır.
11. X5, X7 və maşinist köməkçisi İddiaçı tərəfindən tərtib edilmiş aktdan görünür ki, həqiqətən xx.xx.2022-ci il tarixdə 3TE10M1370 saylı teplovoza baxış keçirərkən teplovozdan 6 ədəd 20 lt-lik konistirlər yanacaqla dolu aşkar etmişlər. X7 və maşinist köməkçisi İddiaçı yanacaqla dolu olan 6 ədəd konistiri satmaq məqsədi ilə teplovozdan götürmüşlər. Akt X5, X7 və maşinist köməkçisi İddiaçı tərəfindən imzaları ilə təsdiq edilmişdir.
12. Birinci instasniya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, iddiaçı köməkçisidir. 1990-cı ildən orada işləyir, sonuncu vəzifəsi maşinist olmuşdur. Hadisə xx.xx.2022-ci il tarixdə gecə 01:00 radələrində olmuşdur. Biləcəri stansiyasından keçdikdən sonra iddiaçı ayaqyoluna düşmüş, o zaman qatarı saxlamışdır. Həmin vaxt təlimatçı ona yaxınlaşmış və onun qatardan düşməsini bildirmişdir. Təlimatçının göstərişinə əsasən təlimatçı ilə birlikdə 4 ədəd konistir yanacaq vasitəsini vaqona yükləmişlər, o və təlimatçı aşağıdan vaqona konistirləri yükləyirmişlər, iddiaçı isə vaqona yerləşdirirmiş. Yüklədikdən sonra təlimatçı onların vaqonuna minmiş və digər stansiyada düşmüşdür. Konistirləri təlimatçının düşdüyü stansiyada boşaltmışlar. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsi:
13. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
14. Maddə 70. ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
15. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
16. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
20. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
21. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
22. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
23. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
27. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri: Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
30. İddiaçının apellyasiya şikayətinin əsas dəlili işdə onun oğurluq etməyini təsdiq edən mötəbər sübut olmadığı halda, məhkəmənin əsassız nəticəyə gəlməsi ilə bağlıdır.
31. Məhkəmə Kollegiyası bununla bağlı bildirir ki, iş materialları, xx.xx.2022-ci il tarixli akt və şahid ifadəsi ilə təsdiq olunur ki, iddiaçı, maşinist X2 ilə birlikdə xx.xx.2022ci il tarixdə Biləcəri stansiyasında 3TE10M-1370 saylı teplovozdan yanacaqla dolu 6 ədəd 20 lt-lik konistirləri satmaq məqsədi ilə götürmüşdür. Bununla da iddiaçı göstərilən təqsirli hərəkəti nəticəsində cavabdehə maddi ziyan vurmaqla əmək vəzifələrini kobud şəkildə pozmuşdur ki, bu hal da cavabdehə iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv etməsi üçün əsas verir.
32. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Kollegiya bildirir ki, iddiaçı apellyasiya şikayətinin dəlilləri, yəni işdə oğurluq etməyini təsdiq edən mötəbər sübut olmaması barədə dəlili öz təsdiqini tapmadığından apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:
34. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3710/2022 saylı, 26 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov