Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8280/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçının cavabdeh X2 qarşı əsas borcun qaytarılması tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03.02.2021-ci il il tarixli, 2(004)- 257/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 5105,90 manat, faiz borcu üzrə 2019.04 ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdehnın mülkiyyətində olan **-UV-*** dövlət qeydiyyat nişanlı “TOYOTA CAMRY” minik markalı avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "Aqrarkredit” QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X7 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-2006 saylı, 24 yanvar 2018ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Sabunçu filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borcalan”) arasında 25.07.2014cü il tarixdə, № 5582 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə fiaz dərəcəsi illik 14% olmaqla, 36 ay müddətinə 17.580 manat məbləğində kredit verilmişdir. 25.07.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdeh ona ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdehnın mülkiyyətində olan **-UV-*** dövlət qeydiyyat nömrəli “TOYOTA CAMRY” minik markalı (buraxılış ili 2013, ban JTNBF4FK003028785, rəngi - qara) avtomobil 25.07.2014-cü il tarixdə, № 5582 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X5 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 25.07.2014-cü il tarixli, AA seriyalı, 123374 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 17580 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.2. bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. (5.3. bəndi) “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 36 aydır. Qeyd olunan kredit müqaviləsinin 6.1 -ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 14% faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borcu 5105,90 manat təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli, 2(004)-257/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 5088,40 (beş min səksən səkkiz manat qırx qəpik) manat əsas borc və 30 (otuz) manat dövlət rüsumunun tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, tələbin Cavabdeh mülkiyyətində olan 2014-cü il buraxılışlı, **-UV-*** dövlət qeydiyyat nişanlı, ban- JTNBF4FK003028785, “Toyota Camry” markalı avtomobilə yönəldilərək, açıq hərracda satılması, onun satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi, iddiaçının tələbi ödənildikdən sonra 2014-cü il buraxılışlı, **-UV-*** dövlət qeydiyyat nişanlı, ban-JTNBF4FK003028785, “Toyota Camry” markalı avtomobilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin Cavabdeh verilməsi, 2014-cü il buraxılışlı, **-UV-*** dövlət qeydiyyat nişanlı, ban-JTNBF4FK003028785, “Toyota Camry” markalı avtomobilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, qalan hissədə iddia ərizəsi təmin edilməmişdir. Qətnamədən narazı qalan cavabdeh X4 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin həmin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçının iddia ərizəsi ona göndərilməmiş, məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada ona bildiriş göndərilməmiş və həmçinin, məhkəmənin yekun qərarı ona göndərilməmişdir. Qətnamənin mövcud olması barədə Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmurundan məlumat almış və ərizə ilə müraciət edərək 24 may 2021-ci il tarixdə Bakı şəhər Yasamal rayon məhkəməsinin 03.02.2021-ci il tarixli 2(004)-257/2021 saylı qətnaməsinin surətini almışdır. Qeyd edilməsi zəruridir ki, hazırda mübahisəli olan həmin “Toyota Camry” markalı avtomaşınla bağlı keçmiş həyat yoldaşı X3 ilə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair arasında məhkəmə mübahisəsi olmuşdur və həmin məhkəmə mübahisəsi üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(004)-6162/2019 saylı qətnaməsi çıxarılmışdır. Həmin məhkəmə prosesində Yol Polisi İdarəsindən alınaraq məhkəməyə təqdim edilmiş 28.10.2019-cu il tarixli məktuba əlavə edilmiş kompüter çıxarışı əsasında müəyyən edilmişdir ki, həmin avtomobil onun adında qeydiyyatda olmuş olsa da, birgə nikahları dövründə Azərbaycan Beynəlxalq Bankının Sabunçu filialında ipotekaya qoyulmuşdur və bankın razılığı ilə etibarnamə əsasında X6 adlı şəxsə satılmışdır və avtomobil onun faktiki sahibliyindən və istifadəsindən çıxmışdır. Ancaq bank əməkdaşlarının məlumatına görə kredit ödənilib qurtarana qədər avtomaşın onun adında qalır, sonradan faktiki ödəniş edən şəxsin adına keçirilir. Göstərilənlərə baxmayaraq, məhkəmənin qətnaməsi ilə “Toyota Camry” markalı minik **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə onun, ½ hissəsinə isə iddiaçı X1 mülkiyyət hüququ müəyyən edilməklə bölünmüşdür. Digər şəxsin məhkəmə mübahisəsi ilə əlaqədar həmin qətnamə bugünə qədər qüvvəyə minərək icraya yönəldilməmişdir və avtomobili bank vasitəsi ilə hazır kredit kimi almış şəxsin həmin məsələdən məlumatlı olub-olmaması barədə məlumatı yoxdur. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı tərəfindən ona qarşı iddia, iddia müddəti ötürülməklə qaldırılmışdır. 2014-cü ildə bağlanılmış kredit müqaviləsi üzrə ipotekaya qoyulmuş avtomobil 30 oktyabr 2015-ci il tarixdən bankın razılığı ilə hazır kredit kimi X6 adlı şəxsə satılmış və bundan sonra ödəniş onun tərəfindən edilməli olmuşdur. Ödənilməmiş kreditə görə bank tərəfindən vaxtında borcluya qarşı iddia qaldırılmamış, ödənilməmiş vəsaitin alınması üçün tədbirlər görülməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03.02.2021-ci il il tarixli, 2(004)-257/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi vacib bilir ki, iddia müddəti 25 iyul 2020-ci ildə bitir, hesabdan çıxarış üzrə son ödəniş isə 16 oktyabr 2020–ci ildə bitir. Onların ümümiyyətlə iddia müddətini ötürmədiyini bildirmişdir. Müqavilə bağlanarkən bütün nüasları nəzərə alaraq cavabdehin bu öhdəlikləri götürmüş və sonradan ailədə baş vermiş hansısa hadisənin bura aidiyyatı olamdıöını qeyd etmişdr. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasının məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən onub iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh (borc alan) arasında bağlanmış 25.07.2014-cü il tarixli, № 5582 saylı kredit müqaviləsinə əsasən Bank cavabdehə 36 ay müddətinə illik 14% olmaqla 17.580 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüş, borc alan isə krediti qəbul etməyi və bərabər hissələrlə, müəyyən olunmuş qrafik əsasında krediti və faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh (borc alan) arasında bağlanmış 25.07.2014-cü il tarixli, № 5393 saylı ipoteka müqaviləsindən görünür ki, 25.07.2014-cü il tarixli, № 5582 saylı kredit müqaviləsinə əsasən verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu İpoteka Müqaviləsi ilə müəyyən edilmiş **-UV-*** dövlət qeydiyyat nömrəli “TOYOTA CAMRY” minik markalı (buraxılış ili 2013, ban-JTNBF4FK003028785, rəngi - ağ) nəqliyyat vasitəsinin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişdirlər. İş materiallarında olan 27.10.2020-ci il tarixli, 9/4384 saylı ekspert rəyinə əsasən cavabdeh – Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 25 iyul 2014-cü il tarixli 5582 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh banka olan borcu 25.07.2017-ci il tarixə (müqavilə müddəti bitən tarixə) 7.108,39 manat müəyyən edilmişdir. (Əsas borc üzrə 6938,40, faiz borcu üzrə 169.99). Həmçinin qeyd olunur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən 25.07.2017-ci il tarixdən sonra 1850 manat məbləğində ödəniş olmuşdur. Lakin sualda 25.07.2017-ci il tarixə soruşulduğundan tədqiqatla 1850 manat nəzərə alınmamışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 10.12.2019-ju il tarixli qətnaməsindən müəyyən olunur ki, digər nəqliyyat vasitələri ilə yanaşı, “TOYOTA CAMRY” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ½ hissəsinə Cavabdeh, ½ hissəsinə isə X1 mülkiyyət hüququ müəyyən edilməklə bölünmüşdür. Mülki Məcəllənin (bundan sonra – MM) 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları ilə müəyyən edilir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh - borc alana krediti versə də cavabdeh – borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş 5088,40 manat borc məbləğini tərəflər mübahisələndirmirlər. İş materialları ilə həmçinin müəyyən edilir ki, cavabdehin 25.07.2014-cü il tarixli, № 5582 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri 25.07.2014-cü il tarixli, № 5393 saylı İpoteka Müqaviləsi ilə təmin olunmuşdur. İpoteka müqaviləsinə əsasən kreditin qaytarılmasının təminatı kimi bu İpoteka Müqaviləsi ilə müəyyən edilmiş **-UV-*** dövlət qeydiyyat nömrəli “TOYOTA CAMRY” minik markalı (buraxılış ili 2013, ban JTNBF4FK003028785, rəngi - ağ) avtomobilin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlinmişdir. Azərbaycan Respublikası MM-nin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətinin göstərilməli olduğunun müəyyən olunmuşdur. Qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsaslanaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, mübahisəni həll edən birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tərtib etmiş və iddia üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək onları əsassız hesab edir. Belə ki, apellyator ilk növbədə hazırkı iş üzrə iddia müddətinin keçməsini bildirir və bu dəlilini onunla əsaslandırır ki, avtomobil hələ 2015-ci ildə ipoteka saxlayanın razılığı ilə başqa şəxsə satılmışdır. Lakin iddiaçı bununla bağlı dəlilini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd edir ki, avtomobil rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlak hesab edildiyindən, mülki qanunvericiliyin tələbinə əsasən onun özgəninkiləşdirilməsi daşınmaz əmlakın alqı-satqısına dair qanunla müəyyən edilmiş qaydalar əsasında həyata keçirilməlidir (MM, 650-ji maddə). Lakin iş materiallarından belə alqı-satqı müqaviləsinin mövcud olması müəyyən edilmir. Habelə iddiaçının bank qarşısındakı öhdəliyinin iddiaçının özünün razılığı ilə üçüncü şəxsə ötürülməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa, apellyator həmin əmlakın onunla keçmiş arvadının ümumi birgə əmlakı olduğu, məhkəmə qətnaməsi əsasında həmin avtomobilə onun və keçmiş arvadının hər birinin ½ pay hüququnun tanındığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ərlə-arvadın birgə əmlakının onlar arasında bölünərək paylarının müəyyən edilməsi cavabdehin Bankla bağladığı müqavilə əsasında yaranmış öhdəliklərinin icrasını istisna etmir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03.02.2021-ci il il tarixli, 2(004)-257/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8280/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8280/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver