Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-829/2023 23.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: mənzilə köçürülmə hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakimin köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X3, iddiaçının nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-116/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçının (ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək), cavabdehlərin istifadəsində olan ünvan 1 ünvanda yerləşən yaşayış evinə onun iki nəfər azyaşlı olan, xx.xx.2010-cü il tarixində anadan olmuş Həcər və xx.xx.2012-ci il tarixində anadan olmuş Mehdi adlı uşaqları ilə birlikdə mənzilə köçürülməyi barədə iddiası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-116/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 129; Mülki Məcəllənin 11.1, 228.5; Mənzil Məcəlləsinin 30, 68.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 185.5, 233.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı qanunsuz evin tikintisi ilə bağlı çəkilmiş 80000 manat məbləğində puldan 60000 manat pulun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməməsi qət edilmişdir.Həmin qətnaməyə əsasən, məhkəmə hesab etmişdir ki, İddiaçı tərəfindən yaşayış evinin tikintisinə çəkilən xərc və həmin xərcin birgə nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması barədə sübut təqdim olunmadığını nəzərə alaraq, İddiaçı Cavabdeh1 qarşı qanunsuz evin tikintisi ilə bağlı çəkilmiş xərcin tutulması tələbinə dair iddia tələbi rədd olunmalıdır. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında ailə münasibətlərinə xitam verilmişdir, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 məxsusdur. Əvvəlki məhkəmə aktlarına əsasən tərəflərin birgə nikah dövründə tikilməməsi müəyyən edilmiş, iddiaçı nikah pozulduqdan sonra cavabdehə aid evdən çıxıb getmiş və nikah pozulduqdan sonra cehiz əşyalarını həmin evdən götürməmişdir. İddiaçı mübahisəli evə köçürülmə tələbi irəli sürmüşdür. Bu tələbin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. Barəsində mübahisə edilən hüquq münasibətlərini bilavasitə tənzimləyən hüquq norması yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, Mülki-Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərini nəzərə almadan iş üzrə düzgün nəticəyə gəlmək mümkün deyildir. Belə ki, həmin maddənin tələbinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddiaçının mübahisəli mənzilə köçürülüb-köçürülməməsi məsələsinə qanunun analogiyası üzrə hal-hazırda qüvvədə Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından qiymət vermək lazımdır. Çünki, tərəflər arasında münasibətlər 21 noyabr 2009-cu ildə yaranıb. İddiaçı başqa yerdə yaşayış yerinin olmamasına dair münasibətdə iddia tələbinin dəlillərinə Mənzil məcəlləsinin 30.4-cü maddəsinin ikinci hissəsi baxımında qiymət verərək bildirir ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin 17 sentyabr 2020-ci il tarixdə nikahları pozulduqdan sonra, iddiaçı anasının evində yaşamışdır. İddianı yalnız 16 may 2021-ci il tarixdə vermişdir.
Birinci instansiya məhkəməsində müəyyən edilən hallar:
2. Asan 4 tərəfindən verilmiş ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən İddiaçı 13 iyul 2013-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır;- Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə İddiaçı arasında 21 noyabr 2009-cu il tarixdə Bakı şəhəri Əzizbəyov rayon qeydiyyat şöbəsində 1131 nömrə ilə qeydə alınmış nikahın pozulması, Cavabdeh1 ilə İddiaçı birgə nikahlarından doğulmuş xx.xx.2010-cu təvəllüdlü Cavabdeh2 Mahir qızının və xx.xx.2012-ci il təvəllüdlü X4 boşanmadan sonra anaları İddiaçı yanında qalması, Cavabdeh1 xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh2 Mahir qızı və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir;- Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 7-də istifadə olan 0,03116 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 8 otaqlı, 94.4 kv.m yaşayış, - kv.m qeyri-yaşayış, 85.1 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Ramazan Məcid oğlunun -3/5 hissə (açıq qalır), X1 1/5 hissə, Cavabdeh2 -1/5 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 4148 nömrəli vərəqində qeydiyyata alınmışdır (səh. 8, 9, 15 ).
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
3. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-116/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli, prosessual pozuntu ilə 11 noyabr 2022-ci il tarixində rəsmən təqdim edilmiş qətnaməsinin ləğv edilərək onun Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386, 387-ci maddələrinə istinadən qeyd edilmişdir ki, təqdim edilən və əldə edilən sənədlərdən də göründüyü kimi o, 2009-cu ildən həmin mübahisəli evdə təsərrüfat üzvü kimi yaşayır. 2013-cü ildən həmin evdə qeydiyyatdadır. Onun cehiz əşyaları həmin evdədir və hazırda da cavabdeh tərəfindən mənimsənilmişdir. Artıq təsərrüfat üzvü kimi qəbul edilib yaşadığı üçün də evlə bağlı bütün xərclərdə iştirak etmiş, təsərrüfatı birgə idarə etmişlər. Bütün bunlar həm sənədlər, həm tələb, həm etiraf üzrə öz təsdiqini tapmışdır.Bu nöqteyi nəzərdən hakim maddi hüquq normasını pozaraq iddianı təmin etməməklə, sübutların düzgün qiymətləndirilməsi yönündə olan qanunvericiliyi deyil, işə qərəzli, qeyri-obyektiv, birtərəfli, yəni cavabdehin mövqeyindən iddianın rədd edilməsi yönündə qanunvericiliyi tətbiq etmişdir. Nəticə etibarı ilə mübahisə tərəfi olan cavabdehlərdən onun razılıq almağının mümkünsüzlüyü nəzərə alınmamış, onun faktiki olaraq qeydiyyatda olmağına qiymət verilməmiş və nəticə etibarı ilə natamam araşdırma aparılmaqla nəticə verilmişdir. Hakim tərəfindən sırf cavabdehin mövqeyini möhkəmlədən və iddianın rədd edilməsi üçün əsas olan hallar araşdırılmışdır. Yəni ki, yaşayış evinin miras olaraq qəbul edilməsi, evin cavabdehin mülkiyyətində olması və s. cavabdehin mövqeyinə cavab verən hallar əsas götürülmüşdür. O, nikaha daxil olmaqla ailə qurmuş, uşaqları olmuş, qeydiyyata alınmış və təsərrüfatı idarə etmişdir. Bütün bunlar tam razılıqla həyata keçirilmişdir. Onun təsərrüfatın inkişafına etdiyi artımlar cavabdehlərin onu istismar etməsi üçün deyil övladlarının gələcəyi üçün olmuşdur.
Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, övladı ilə qalmağa yeri olmadığını, həmin evin nikahdan 3 ay sonra tikilməyə başlandığını, evin tikilməsində onun da zəhmətinin olduğunu bildirmişdir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil hal-hazırda həmin tikiliyə aid heç bir sənəd olmadığını, evin çox geniş olduğunu, yuxarı hissədə heç kimin yaşamadığını, həmin hissədə İddiaçı əşyalarının olduğunu bildirərək İddiaçı həmin evdə yaşaması üçün şərait yaradılmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddiaçının həmin evdən 3 ildir ki, çıxıb getdiyini, iddiaçının həmin evdə yaşamasına icazə vermədiyini bildirmişdir.
7. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh1 nikah dövründə anasının evində yaşadıqlarını, ev onun mülkiyyətində olmadığından iddiaçıya yaşamaq hüququ verə bilməyəcəyini qeyd etmişdir.
Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən: 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-158, 228; mənzil məcəlləsinin 30-34, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80- 82, 106.2, 217.4, 220.5, 372, 385- 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, hazırkı mülkiyyətçiyə münasibətdə iddiaçının mübahisələndirdiyi dəlillərin qanunvericilik nəzərindən aidiyyatı müəyyən edilmir. Diqqətə çatdırılmalıdır ki, hazırkı mülki münasibətlər üzrə mülkiyyətçinin əldə etdiyi hüquqlar müəyyən edilməmiş və fərdi yaşayış evinin paylı mülkiyyətdə olması, iddiaçının mülkiyyətçilərlə yaranan münasibətlərinin yeni Mənzil Məcəlləsinin qanuni qüvvəsini aldığı zamandan olduğu, mülkiyyətçilərə münasibətdə hüquqlarının yaranmadığı, apellyasiya dəlilləri üzrə sənədsiz evə belə hər hansı hüquqi nəticələrin doğurmadığı müəyyən edilir. Apellyator tərəfindən cavabdehlərlə münasibətlər zamanı əmlak hüquqlarının yaranmasının mübahisələndirilməsinin nəticəsiz qalması bir daha apellyasiya şikayətində qeyd edilənləri istisna edir.
12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-116/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.