Məhkəmə qərarları › İş №2(103)-8292/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8292/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8292/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, X1, İddiaçı və onun vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı müqavilənin ləğv edilməsi və əldən çıxmış fayda nəzərə alınmaqla müqavilə üzrə alınan pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(011)-4098/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla "xxxx" MTK arasında bağlanmış 25 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması, "xxxx" MTK-nın üzərinə bu müqavilə üzrə ödənilmiş 130000 manat məbləğində pulun geri qaytarılması və əldən çıxmış faydanın əvəzi kimi 23900 manat məbləğində pulun ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 25 dekabr 2019-cu il tarixində "xxxx" Mənzil Tikint Kooperativindən Bakı şəhəri Xətai rayonunda Ağ şəhər layihəsi çərçivəsində inşa olunmuş 8 mərtəbəli binada sahəsi 81 kv.metr olan 2 otaqlı mənzili almış və həmin gün mənzilin dəyəri olan 130000 manat pulu MTK-ya ödəmişdir. 25 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən bir yaşayış binasının tikintisi 2020-ci ilin 2-ci rübündə başa çatmalı idi. Ancaq müqavilənin bağlanmasından bir il keçməsinə baxmayaraq, tikinti tamamlanmamış, yaşayış binasının inşasının davam etməsi səbəbindən 2021-ci ilin yanvar ayında mənzilini araşdırmış və müəyyən etmişdir ki, ona satılmış mənzilin sahəsi mənzilin ümumi sahəsini göstərən planda 81 kv.metr əvəzinə 75,8 kv.metr təşkil edir. Beləliklə, MTK ondan 5,2 kv.metr əskik gələn sahəyə görə 8346 manat artıq pul almışdır. Sonradan ona məlum olmuşdur ki, "xxxx" MTK-nın 2020-ci ildə internetdə yerləşdirdiyi reklamda mənzilin 1 kv.metrinin qiymətinin 1800 manat olduğu, MTK-nın reklam broşürlərində isə sahəsi 81 kv.metr olan mənzilin qiymətinin 153900 manat olması qeyd olunmuşdur. 25 dekabr 2019-cu ildə "xxxx" MTK-dan 130000 manata aldığı 81 kv.metr ölçüdə mənzil hazırda həmin MTK tərəfindən 153900 manata satıldığından, hesab edir ki, 23900 manat pul onun əldən çıxmış faydasının məbləğini təşkil edir. İddiaçı öz iddiasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 422.1, 645.1, 645.3 və 645.4-cü maddələri ilə əsaslandırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(011)-4098/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək "xxxx" MTK ilə İddiaçı arasında 25 dekabr 2019-cu il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə İddiaçı tərəfindən ödənilmiş 130000 manat pul vəsaitinin cavabdeh "xxxx" MTK-dan tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin 23900 manat əldən çıxmış faydanın cavabdehdən tutulması hissəsində təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin 23900 manat əldən çıxmış faydanın tutulması hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmamışdır. Belə ki, məhkəmə əqdi etibarsız hesab etməsinə baxmayaraq, Mülki Məcəllənin 339.5-ci maddəsinin tələbini pozaraq iddiaçıya dəymiş zərəri, yaxud əmlakın hazırkı real dəyərinin qaytarılmasını təmin etmək üçün heç bir tədbir görməmiş, "xxxx" MTK tərəfindən həmin ərazidə başqa binaların tikilibtikilmədiyini, MTK tərəfindən tikilmiş eyni ölçülü mənzillərin fərqli qiymətə satılmasının səbəblərini araşdırmamışdır. Məhkəmə eyni zamanda, məmulatin qüsuru nəticəsində podrat müqaviləsindən imtina, podratçının əşyanın qüsurunu bilərəkdən gizlətməsinin nəticələrini, eləcə də əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, bu zaman iddiaçının zərərə məruz-qalıb qalmadığını, məruz qaldığı təqdirdə zərərin həcmini və onun ödənilməsi ilə bağlı məsələləri qanunvericilik normalarına uyğun şəkildə araşdırmamışdır. Eyni zamanda məhkəmə həqiqətə nail olmaq üçün işi hərtərəfli, tam və obyektiv araşdırmalı, bu halda isə mənzilin faktiki qiymətinin müəyyən edilməsi üçün öz təşəbbüsü ilə ekspertiza təyin etməli idi. Bundan əlavə, öhdəliyini icra etməyən borclu tərəfindən kreditora zərər dəyməsinə, sifarişin qüsurlu icrası nəticəsində podratçı təşkilat olan MTK-nın əsassız varlanmasına məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili X6 apellyasiya şikayətinin təmin olunub birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunmasını, iddianın tam həcmdə təmin olunmasını xahiş etdilər. Apellyator həmçinin vəsatət verərək mənzilin qiymətinin müəyyən olunması üçün məhkəmə ekspertizası keçirilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək izahatında göstərdi ki, tərəflər arasında bağlanmış müqavilənin 2.7-ci bəndinə əsasən binanın 2020-ci ilin 4-cü rübündə təmirə yararlı olacağı qeyd olunmuşdur. 2020-ci ilin mart ayından etibarən pandemiya ilə bağlı məhdud sayda işçilər işə buraxıldığından tikintidə müəyyən ləngimələr olsa da, MTK tərəfindən tikintinin maksimum dərəcədə qısa müddətdə başa çatdırılması üçün tədbirlər görülmüşdür. Mənzilin tikilməsinə görə İddiaçı və digər sifarişçilərdən qəbul edilmiş pul vəsaitləri həm binanın tikintisinə, həm də pandemiya ilə bağlı məcburi boşdayanmaya görə işçilərə əmək haqqı ödənilməsinə sərf olunmuşdur. İddiaçı təhvil verilməsi nəzərdə tutulmuş mənzilin sahəsinin 81 kv.metr əvəzinə 75,8 kv.metr olması barədə iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil. Bununla belə, İddiaçı həmin müqaviləyə marağının itməsini nəzərə alaraq, cavabdeh MTK müqavilənin etibarsız hesab edilməsinə və ödənilmiş 130000 manat pulun geri qaytarılmasına etiraz etmir. Müqavilənin bağlandığı vaxtdan ötən müddətdə İddiaçı 23900 manat məbləğində faydadan məhrum olması barədə iddia ərizəsində göstərilənlər isə tamamilə absurd fikirlərdir. Belə ki, İddiaçı qəbul edilmiş 130000 manat pul bütünlüklə binanın tikintisinə sərf olunmuş və bu puldan MTK heç bir fayda götürməmişdir. Bundan əlavə, MTK-nın reklamlarında sahəsi 81 kv.metr olan iki otaqlı mənzilin 153900 manata satılması özü-özlüyündə İddiaçı 23900 manat məbləğində faydadan məhrum olması anlamını vermir. Belə ki, əvvəla həmin mənzil MTK-nın tikdiyi başqa binada olan mənzilə aiddir. Qeyd olunanlardan əlavə, reklamda mənzilin 1 kv.metrinin 1800 və ya 1900 manat olması o anlama gəlmir ki, müqavilə və qiymət azadlığı prinsipindən çıxış etməklə tərəflər mənzilin 1 kv.metrinin qiymətini daha aşağı qiymətə razılaşdıra bilməzlər. Bu məntiqlə çıxış etdikdə, İddiaçı mənzilin ona daha aşağı qiymətə satılmasına görə məmnun qalmalı idi. Buna görə də hesab edir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti öz nümayəndəsini məhkəmə kollegiyasının iclasına göndərməmiş və məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(011)-4098/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən edən Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı qətnamənin 23900 manat əldən çıxmış faydanın cavabdehdən tutulması hissəsini mübahisələndirərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan : - 25 dekabr 2019-cu il tarixli müqavilədən görünür ki, həmin tarixdə "xxxx" MTK-nın direktoru X3 və İddiaçı arasında müqavilə bağlanmış və müqaviləyə əsasən “Alıcı” tərəfindən mənzilin dəyəri tam ödənildikdən sonra "xxxx" MTK-nın Bakı şəhəri Xətai rayonu Bakı Ağ Şəhər Lahiyəsində inşa etdiyi (PLOT BW 045) 8 mərtəbəli 10 bloklu binada yerləşən 2 otaqlı, 81 kv.metr sahəsi olan 125 nömrəli mənzilin “Alıcıya” təhvil verilməsi, müqavilədə mənzilin ümumi dəyərinin 1 kv.metr üçün 1605 manat olmaqla, 130000 manat məbləğində olduğu razılaşdırılmışdır. Müqavilənin 2.7-ci bəndinə əsasən binanın 2020-ci ilin 4-cü rübündə təmirə yararlı olacağı qeyd olunmuşdur. - "xxxx" MTK tərəfindən İddiaçı verilmiş 25 dekabr 2019-cu il tarixli arayışdan görünür ki, o, "xxxx"MTK-nın (PLOT BW 045) Ağ Şəhər Layihəsi, Mərkəzi Şərq küçəsində inşa etdiyi 8 mərtəbəli yaşayış binasının 8-ci girişindəki 125 (81m2) saylı mənzilin pay haqqını tam ödəmişdir və şirkətə borcu yoxdur. - EA seriyalı, 0386 nömrəli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən 130000 AZN pul 125 №-li müqaviləyə əsasən "xxxx" MTK-nın xəzinəsinə mədaxil edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında podrat və alqı-satqı müqaviləsinin elementlərini özündə əks etdirən qarışıq müqavilənin bağlanması barədə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. İşin faktiki hallarından görünür ki, cavabdeh "xxxx" MTK İddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, yəni müqavilədə nəzərdə tutulmuş ölçüdə mənzili müqavilədə nəzərdə tutulmuş müddətdə tikib təhvil verməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yenə Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.5-ci maddəsinə görə əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Mübahisələndirilən qətnamədən görünür ki, tərəflər arasında bağlanmış əqd aldatma yolu ilə bağlanmış əqd kimi qiymətləndirilərək etibarsız hesab edilmişdir. Məhkəmə 25 dekabr 2019-cu il tarixli müqaviləni etibarsız hesab etməklə yanaşı, həmin müqavilə üzrə cavabdeh "xxxx" MTK tərəfindən İddiaçı alınmış 130000 manat pulun geri qaytarılmasını qət etmiş, hər iki tərəf məhkəmənin bu hissədə gəldiyi nəticə ilə razılaşmışdır. İddiaçı qətnaməni əldən çıxmış fayda ilə bağlı iddia tələbinin təmin olunmadığı hissədə mübahisələndirir. Əldən çıxmış fayda Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər anlayışına daxil olmaqla əldən çıxmış fayda dedikdə, şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər hesab olunur. İddiaçı 25 dekabr 2019-cu ildə "xxxx" MTK-dan 130000 manata aldığı 81 kv.metr ölçüdə mənzilin 2020-ci idə həmin MTK tərəfindən yerləşdirilmiş reklamlarda 153900 manata satıldığını bildirərək yaranmış 23900 manat məbləğində fərqi əldən çıxmış fayda kimi qiymətləndirərək həmin pulun ona ödənilməsini tələb etmişdir. Bu xüsusatla bağlı məhkəmə kollegiyası qeyd edir ki, 2019-cu ilin son günlərində İddiaçı 130000 manata satılmış mənzilin 2020-ci ildə MTK tərəfindən 153900 manata satılması yaranmış fərqin əldən çıxmış fayda kimi qiymətləndirilməsinə əsas vermir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, reklam dedikdə, reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat nəzərdə tutulur. Kollegiya qeyd edir ki, müqavilə və qiymət azadlığı çərçivəsində həmin mənzilin MTK tərəfindən İddiaçı aşağı qiymətə satılması istisna olunmur. Müqavilə azadlığı prinsipini nəzərdə tutan Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 25 dekabr 2019-cu ildə ödədiyi 130000 manat pulun cavabdeh "xxxx" MTK-da saxlanılması nəticəsində adi mülki dövriyyə şəraitində əldə edəcəyi 23900 manat gəlirdən məhrum olması barədə məhkəməyə tutarlı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı iddia tələbində istinad etdiyi Mülki Məcəllənin 645.1, 645.3 və 645.4-cü maddələri göndərmə müqaviləsi ləğv edilərkən zərərin hesablanması ilə bağlı münasibətləri tənzimləyir. Bundan əlavə, İddiaçı apellyasiya şikayətində istinad etdiyi Mülki Məcəllənin 753.4, 762.1, 765, 775, 649, 569.1, 575.1, 575.2, 648.2, 648.3, 770-1, 1091 və 1092-ci maddələrinin hazırkı mübahisəyə hər hansı aidiyyəti yoxdur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini əldən çıxmış faydanın əvəzinin ödənilməsi hissəsində təmin etməməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Apellyasiya şikayətində qeyd olunan ekspertizanın keçirilməsinə dair dəlilə münasibətdə isə kollegiya qeyd edir ki, ekspertizanın keçirilməsinə hər hansı bir zərurət yoxdur. MPM-in 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(011)-4098/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar