Məhkəmə qərarları › İş №2(103)-8297/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8297/2020

24.11.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8297/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı Məmməd oğlunun, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin etibarnamə əsasında nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1020/2002 saylı, xx xxx 2002-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin etibarnamə əsasında nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Məmməd oğlu cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “vəzifə maaşı və rütbəyə görə əmək haqqının tam ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137-5 saylı, xx xxxx 1998-ci il tarixli qərarının ona aid edilərək vəzifə maaşı və rütbəyə görə əmək haqqının tam ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ilin martında Müdafiə Nazirinin əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasına çağırılmış 1994-cü ilin iyulundan isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının üzvü seçilərək xidməti vəzifəsini icra etmiş, ədliyyə polkovniki rütbəsinə qədər yüksəlmişdir. xx xxxxxxxx 2000-ci il tarixdən Azərbaycan Respublikası Hərbi Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuş və xx xxxxxxx 2000-ci ildən ehtiyata buraxılmışdır. Müdafəi Nazirliyinin 0127rt saylı, xx xxxx 1997-ci il tarixli əmri ilə ona “ədliyyə polkovniki” hərbi rütbəsi verilmişdir. Nazirlər Kabinetinin həmin qərarına əsasən Müdafiə Nazirliyinin polkovnik hərbi rütbəsi olan hərbi qulluqçularının hərbi rütbəyə görə əmək haqqı iki dəfə artırılaraq 105.000 manat məbləğində müəyyən edilmişdir. Rütbəyə görə maaşın məbləğinin artırılması barədə müraciətini cavabdeh rədd etmişdir ki, güya o, hərbi qulluqçular sırasına aid olmamışdır, lakin bunu qanunsuz və əsassız hesab edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin həmin qərarının ona şamil edilməsi və buna müvafiq vəzifə maaşı və hərbi rütbəyə görə əmək haqqının tam ödənilməsini təmin edən qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1020/2002 saylı, xx xxx 2002-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137-5 saylı, xx xxxx 1998-ci il tarixli qərarı, x xxxxxxx 2000-ci il tarixdə hərbi qulluqçular sırasından tərxris olunmuş ehtiyatda olan ədliyyə polkovniki İddiaçı Məmməd oğluna şamil edilməsi, həmin qərara müvafiq 1998-ci ilin iyunundan x xxxxxxx 2000-ci il tarixə kimi vəzifə maaşı və rütbəyə görə əmək haqqının tam ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə tapşırılması, Azərbaycan Respublikası MN-dən 11.000 (on bir min) manat məbləğində dövlət xeyrinə dövlət rüsumunun alınması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin etibarnamə əsasında nümayəndəsi X2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1020/2002 saylı, xx xxx 2002-ci il tarixli qətnaməsi qanunsuzdur, əsassızdır və aşağıdakı səbəblərə görə ləğv olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137-5 saylı, xx.xx.1998-ci il tarixli qərarında konkret kateqoriyalı dövlət qurumları və şəxslər göstərilmiş, şamil olunma dairəsi müəyyən olunmuşdur. Belə ki, “Hərbi tribunallar haqqında” xx.xx.1992-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən: “Hərbi tribunalların aparatının strukturunu və ştatlarını Azərbaycan Respublikasının Ali Məhkəməsi müəyyən edir. Hərbi tribunalların maliyyə və maddi-texniki təminatı dövlət büdcəsi hesabına, mühafizəsi isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.” 1994-2000-ci illər üzrə qəbul olunmuş “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunlarında Ali Məhkəmənin Hərbi Kollegiyası (qurum hərbi tribunallar sisteminin tərkib hissəsini təşkil edirdi) müstəqil xərc istiqaməti kimi göstərilməklə, onun saxlanılmasına tələb olunan xərcin məbləği müəyyən edilmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1020/2002 saylı, xx xxx 2002-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı Məmməd oğlu cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apelyasiya şikayətinə qarşı yazılı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, apelyasiya şikayəti əsassızdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü madələrinə görə, hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olan AR vətəndaşları malikdirlər. “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən hərbi tribunalların və Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının maliyyə və maddi-texniki təminatı, mühafizəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəsaiti hesabına keçirilirdi. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 saylı və 2014-cü il 26 dekabr tarixli 399 saylı Qərarlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “hərbi qulluqçu” müddəası hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvlərinə və onların aparatlarında xidmət etmiş hərbi qulluqçuları da ehtiva edir. Etirazda cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apelyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Şıxəli Baxşiyev verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, “Hərbi tribunallar haqqında” xx.xx.1992-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən: “Hərbi tribunalların aparatının strukturunu və ştatlarını Azərbaycan Respublikasının Ali Məhkəməsi müəyyən edir. Hərbi tribunalların maliyyə və maddi-texniki təminatı dövlət büdcəsi hesabına, mühafizəsi isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.” 1994-2000-ci illər üzrə qəbul olunmuş “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunlarında Ali Məhkəmənin Hərbi Kollegiyası müstəqil xərc istiqaməti kimi göstərilməklə, onun saxlanılmasına tələb olunan xərcin məbləği müəyyən edilmişdir. Odur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1020/2002 saylı, xx xxx 2002-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı Məmməd oğlu cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, iddia ərizəsində və yazılı etirazında göstərdiklərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən hərbi tribunalların və Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının maliyyə və maddi-texniki təminatı, mühafizəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəsaiti hesabına keçirilirdi. Eyni zamanda “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 saylı və 2014-cü il 26 dekabr tarixli 399 saylı Qərarlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “hərbi qulluqçu” müddəası hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvlərinə və onların aparatlarında xidmət etmiş hərbi qulluqçuları da ehtiva edir. Bundan başqa ona 1998-ci ilin iyun ayından xx.xx.2000-ci ilə kimi olan dövr üçün hərbi rütbəyə görə əlavə tam ödənilməli, həmin dövrə görə xidmət illərinə görə vəzifə maaşı tam yox, vəzifə maaşı və rütbəyə görə maaşın 15%-i məbləğində əlavə ödənilməsi barədə qərar qəbul edilməlidir. Odur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1020/2002 saylı, xx xxx 2002-ci il tarixli qətnaməsinin dəyişdirilməsini, ona 1998-ci ilin iyun ayından xx.xx.2000-ci ilə kimi olan dövrə görə hərbi rütbəyə görə əmək haqqının tam ödənilməsi, xidmət illərinə görə faiz əlavəsinin isə vəzifə maaşının tam həcmində yox, vəzifə maaşının və hərbi rütbəyə görə maaşların 15%i miqdarında müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Şıxəli Baxşiyev apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Şıxəli Baxşiyev tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsindən ibarət olduğundan apelyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alınmaqla mülki iş materiallarını tədqiq edərək aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 243 nömrəli arayışdan görünür ki, 1952-ci il təvəllüdlü istefada olan polkovnik İddiaçı Məmməd oğlu, həqiqətəndə xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit qismində həqiqi hərbi xidmət keçmiş, və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “Q” bəndinə (ştatların ixtisarına görə) əsasən ehtiyyata buraxılmışdır. İş materiallarında olan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1020/2002 saylı, xx xxx 2002-ci il tarixli qətnaməsində göstərilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx xxxx 1993-cü il tarixli 068 saylı əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmış Azərbaycan Respublikası Prezildentinin xx.xx.2000-ci il tarixli fərmanı ilə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi ilə əlaqədar xx xxxxxxx 2000-ci il tarixdən ehtiyata buraxılmışdır. Ona ədliyyə leytenantı, baş leytenant, polkovnik-leytenant hərbi rütbələri verilmişdir, 1997-ci ilin 30 iyununda isə cavabdeh təşkilatın 0127/rt saylı əmri ilə iddiaçıya ədliyyə polkovniki hərbi rütbəsi verilmişdir. İş materiallarında olan, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 saylı və 2014-cü il 26 dekabr tarixli 399 saylı Qərarlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 saylı və 2014-cü il 26 dekabr tarixli 399 saylı Qərarları ilə hərbi tribunalların hakimlərinə, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvlərinə və onların aparatlarında xidmət etmiş hərbi qulluqçulara istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi istisna edilmədiyindən, həmin Qərarlar Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsi ilə ziddiyət təşkil etmir. İş materiallarında olan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1020/2002 saylı, xx xxx 2002-ci il tarixli qətnaməsində göstərilmişdir ki, iş materialına əlavə edilmiş 27/2- 529 saylı xx xxxxx 2002-ci il tarixli iddiaçıya, yəni ehtiyatda olan ədliyyə polkovniki İddiaçı cavabında göstərilir ki, sözü gedən qərara müvafiq vəzifə maaşı və hərbi rütbəyə görə maaşın artırılması Müdafiə Nazirliyinin hərbi qulluqçularına aid olduğu üçün Azərbaycan Respublikası hərbi tribunalının hərbi qulluqçularına aid edilmir və onun tabeçiliyində olmamış, buna görə də iddiaçının qulluq etdiyi vaxt ala bilmədiyi ödənişlərin verilməsi imkan xaricindədir. “Hərbi Qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən hərbi qulluqçu statusuna Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları malikdirlər. Həmin qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası silahlı Qüvvələrinə çağırıldığı gündən vətəndaş hərbi qulluqçu statusu əldə edir və xidmətdən ehtiyata buraxıldıqda bu statusu itirir. “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən hərbi tribunalların və Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının maliyyə və maddi-texniki təminatı, mühafizəsi Müdafiə Nazirliyinin vəsaiti hesabına keçirilirdi. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Şıxəli Baxşiyev apelyasiya şikayətində istinad etdiyi hallarla bağlı apelyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, apelyasiya məhkəməsinin iclasında iştirak edərkən şikayətində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, cavabdehin apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Hərbi tribunalların maliyyə və maddi-texniki təminatının dövlət büdcəsi hesabına, mühafizəsinin isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. 1994-2000-ci illər üzrə qəbul olunmuş “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunlarında Ali Məhkəmənin Hərbi Kollegiyası (qurum hərbi tribunallar sisteminin tərkib hissəsini təşkil edirdi) müstəqil xərc istiqaməti kimi göstərilməklə, onun saxlanılmasına tələb olunan xərcin məbləği müəyyən edilmişdir. Lakin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 saylı və 2014-cü il 26 dekabr tarixli 399 saylı Qərarları ilə hərbi tribunalların hakimlərinə, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvlərinə və onların aparatlarında xidmət etmiş hərbi qulluqçulara istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi istisna edilmədiyindən, həmin Qərarlar Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsi ilə ziddiyət təşkil etmir. Odur ki, apelyasiya şikayətinin qeyd edilən dəlilləri əsaslı olmamaqla formal mülahizələrdən ibarətdir. Bu isə mahiyyəti üzrə əsaslı və qanuni olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1020/2002 saylı, xx xxx 2002-ci il tarixli qətnaməsinin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bundan başqa İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apelyasiya şikayətinə qarşı verdiyi yazılı etirazda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1020/2002 saylı, xx xxx 2002-ci il tarixli qətnaməsinin dəyişdirilməsini, ona 1998-ci ilin iyun ayından xx.xx.2000-ci ilə kimi olan dövrə görə hərbi rütbəyə görə əmək haqqının tam ödənilməsini, xidmət illərinə görə faiz əlavəsinin isə-vəzifə maaşının tam həcmində yox, vəzifə maaşının və hərbi rütbəyə görə maaşların 15%-i miqdarında müəyyən edilməsini göstərsədə, etirazda göstərdikləri ilə bağlı hazırki qətnamədən apelyasiya şikayəti verməmişdir. Beləliklə, məhkəmə kоllegiyası, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Şıxəli Baxşiyevin apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Şıxəli Baxşiyevin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1020/2002 saylı, xx xxx 2002-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1020/2002 saylı, xx xxx 2002-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar