Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-830/2023 23.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-830/2023 (Açar sözlər: “əmlak və pul tələbi”) Bakı şəhəri 23 yanvar 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Cahangir Afər oğlu Yusifov və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2982/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" MMC ilə girov qoyan İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AFƏ 241282 saylı əşyanın lombardda girovu haqqında müqavilədən görünür ki, İddiaçı ona məxsus qızıl-zinət əşyalarını "xxxx" MMC-yə saxlanca verir, bunun müqabilində kredit alır. Kredit müştəri tərəfindən girov qoyulan qızıl-zinət əşyalarının dəyərləndirilməsi əsasında verilir.
2. İş materiallarına əlavə edilən 16 yanvar 2016-cı il tarixli, AFƏ № 241282 saylı girov biletinin surətindən görünür ki, İddiaçı həmin tarixdə 5 ədəd üzük (583 əyar) (əzik, lom, biri qaş, qalanları sadə qaş), ç-20,4 qr., t/ç – 18,4 qr., 1 tay sırğa (583) ç-2,6 qr, t/ç-1,8 qr. olan qızıl-zinət əşyalarını cavabdeh "xxxx" MMC-yə girov kimi qoymuş və bunun müqabilində ona qeyd olunan lombard tərəfindən 400 (dörd yüz) manat məbləğində pul vəsaiti verilmişdir.
3. 16 may və 16 aprel 2016-cı il tarixli kassa mədaxil orderlərindən görünür ki, həmin tarixlərdə 32 manat faiz ödənilmişdir.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə q̇ arşı "əmlak və pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MMC arasında 16 yanvar 2016-cı ildə "Əşyanın lombardda girovu haqqında" AFƏ 241282 saylı müqavilə bağlanmışdır. Müqaviləyə görə 400 (dörd yüz) manat pulun müqabilində cavabdeh iddiaçıdan 20,4 qram qızıl qəbul etmişdir. Bunu cavabdehin vermiş olduğu AEƏ seriyalı, 241282 saylı "girov bileti" təsdiq edir. İddiaçı müqavilənin şərtlərinə tam əməl etmiş və xx.xx.2016-cı ildə AEP № 356567 saylı və xx.xx.2016-cı ildə AEP № 356567 saylı "Kassa mədaxil" orderinin qəbzi ilə ödənişləri etmişdir. İddiaçının "xxxx" MMC qarşısında heç bir öhdəliyi yoxdur. Lakin "xxxx" MMC girov kimi saxladığı qızılları iddiaçıya qaytarmaqdan imtina edir. Səbəb kimi Lombard rəhbərliyi Lombardla Bank arasında problemin olduğunu bəhanə gətirir. Lombardla bankın arasında olan mübahisənin iddiaçıya heç bir aidiyyəti yoxdur. 20,4 qram qızıl-zinət əşyası, həmin əşyalar mövcud olmadıqda isə onların dəyəri olan 3000 manat pul iddiaçıya qaytarılmalıdır. Həmin qızıl-zinət əşyalarında brilyant qaşlar vardır. Bahalı qızıllardır. Göstərilənlərə əsasən cavabdehdən lombarda girov qoyulmuş 20,4 qram qızılın və qızıllar mövcud olmadıqda onların dəyəri olan 3000 (üç min) manat və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2982/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AFƏ 241282 saylı “əşyanın lombardda girovu haqqında” müqavilənin 3.2-ci bəndinə əsasən qızıl-zinət əşyaları qiymətləndirildiyi halda gecikmənin müddəti ən geci 3 gün ilə məhdudlaşdırılır. 3 günün tamamında müştəri lombarda gəlib ödəniş etməzsə, girov qoyulmuş qızılzinət əşyalarının satışına nəzarət (sərəncam vermə) hüququ qeyd-şərtsiz lombarda keçir.Bu zaman girov qoyulmuş qızıl-zinət əşyaları bazar qiymətinə uyğun qiymətləndirilir.
10. Qızıl-zinət əşyalarının satışından əldə edilən vəsait son hesablaşmalara əsasən müştərinin əsas borc, faiz məbləği və gecikdirilən faiz məbləği nəzərə alınmaqla "xxxx" MMC-yə olan borcunu ödəməzsə, yaranan borcu müştəri ödəməlidir. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən müştəri lombarda gəlib ödəniş etməzsə, qızılzinət əşyalarını bazar qiymətinə uyğun qiymətləndirilməsi və satışına nəzarət hüququnu özündə saxlayır. Məhkəmə aparılmış araşdırmanın nəticələrinə istinadən belə qənaətə gəlir ki, İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, cavabdehə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Göstərilən halı iddiaçı özü də etiraf etmişdir ki, cavabdeh tərəfə müqavilə üzrə borcu hazırda mövcuddur və öhdəliklərini gecikdirmişdir.
11. Məhkəmə mülki işin hallarını təqdim edilmiş sübutlarla birlikdə nəzərdən keçirərək hesab edir ki, hazırkı mübahisənin predmeti olan əşyanın lombardda girovu haqqında müqavilə üzrə əsas öhdəlik vaxtında və tam icra edilmədiyindən qızılların qaytarılması da mümkünsüzdür.
12. Göründüyü kimi iddiaçı tərəfindən müqavilə üzrə əsas kredit borcu vaxtında və tam ödənilmədiyindən hazırda cavabdehdən qızıl-zinət əşyalarının qaytarılmasını tələb etmək əsassızdır.
13. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 302.1-ci maddəsinə, 302.2-ci maddəsinə, 302.4-cü maddəsinə və 302.8-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2982/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırmışdır.
b) Apellyasiya şikayətinə yazılı etiraz
16. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh iştirak etməmişdir.Məhkəmə Kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar lombardlar həyata keçirə bilərlər.
20. Həmin Məcəllənin 302.2-ci maddəsinə əsasən əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir.
21. Eyni Məcəllənin 302.4-cü maddəsinə əsasən lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda eyni növlü və keyfiyyətli əşyanın bazar qiymətinə uyğun müəyyənləşdirilən qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir.
22. Göstərilən Məcəllənin 302.8-ci maddəsinə əsasən lombardlar tərəfindən fiziki şəxslərin onlara mənsub əşyanın girovu müqabilində kreditləşdirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi:
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
29. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya baxışının hədləri
32. Apellyasiya şikayətində qətnamə tam olaraq mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
33. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
35. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
36. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.
37. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
38. Bundan əlavə,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
39. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür (MM-in 269.1-269.3-cü maddələri). Bununla yanaşı, nəzərə alınmalıdır ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən girov aksessor xarakter daşıyır. Girovun aksessor xarakteri ondan ibarətdir ki, girov icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir.
40. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AFƏ 241282 saylı “əşyanın lombardda girovu haqqında” müqavilənin 3.2-ci bəndinə əsasən qızıl-zinət əşyaları qiymətləndirildiyi halda gecikmənin müddəti ən geci 3 gün ilə məhdudlaşdırılır. 3 günün tamamında müştəri lombarda gəlib ödəniş etməzsə, girov qoyulmuş qızılzinət əşyalarının satışına nəzarət (sərəncam vermə) hüququ qeyd-şərtsiz lombarda keçir. Bu zaman girov qoyulmuş qızıl-zinət əşyaları bazar qiymətinə uyğun qiymətləndirilir. Qızıl-zinət əşyalarının satışından əldə edilən vəsait son hesablaşmalara əsasən müştərinin əsas borc, faiz məbləği və gecikdirilən faiz məbləği nəzərə alınmaqla "xxxx" MMC-yə olan borcunu ödəməzsə, yaranan borcu müştəri ödəməlidir.
41. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən müştəri lombarda gəlib ödəniş etməzsə, qızıl-zinət əşyalarını bazar qiymətinə uyğun qiymətləndirilməsi və satışına nəzarət hüququnu özündə saxlayır.
42. Məhkəmə aparılmış araşdırmanın nəticələrinə istinadən belə qənaətə gəlir ki, İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, cavabdehə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.
43. Göstərilən halı iddiaçı özü də etiraf etmişdir ki, cavabdeh tərəfə müqavilə üzrə borcu hazırda mövcuddur və öhdəliklərini gecikdirmişdir. Məhkəmə mülki işin hallarını təqdim edilmiş sübutlarla birlikdə nəzərdən keçirərək hesab edir ki, hazırkı mübahisənin predmeti olan əşyanın lombardda girovu haqqında müqavilə üzrə əsas öhdəlik vaxtında və tam icra edilmədiyindən qızılların qaytarılması da mümkünsüzdür. Göründüyü kimi iddiaçı tərəfindən müqavilə üzrə əsas kredit borcu vaxtında və tam ödənilmədiyindən hazırda cavabdehdən qızıl-zinət əşyalarının qaytarılmasını tələb etmək əsassızdır.
44. İddiaçı apellyasiya şikayətində 16 may və 16 aprel 2016-cı il tarixli kassa mədaxil orderlərinə istinad etmişdir.
45. Məhkəmə Kollegiyası qeyd edir ki, həmin orderlərindən görünür ki, istinad olunan tarixlərdə 32 manat faiz ödənilmişdir. Lakin borcun ödənilməsi təsdiqini tapmamışdır.
46. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "əmlak və pul tələbi"nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.
47. Həmçinin, mübahisələndirilən iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2982/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə dərhal qanuni qüvvəsini alır.