Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-830/2024 15.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı mülki iş (Açar sözlər: «əmrin ləğvi, işə bərpa, sübuta yetirilməyən tələb») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1 və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2755/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində səhhəti ilə bağlı rəhbər vəzifəni icra edə bilmədiyindən xx.xx.2022-ci il tarixdən işdən azad edilməsini və ixtisası üzrə məktəbdə riyaziyyat müəllimi işləməyinə köməklik göstərilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində Elm və Təhsil nazirinə müraciət edərək pensiya yaşının nəzərə alınaraq ərizəsinin əsassız sayılmasını, pensiya yaşına qədər işdə qalmasına icazə verilməsini xahiş etmişdir.
3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, K-1432 №-li əmək müqaviləsinə xitam verilməsi barədə əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Kürdəmir rayonu Carlı kənd tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin müəssisədə ixtisası üzrə müəllim saxlanılmaqla 08 dekabr 2022-ci il tarixdən xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, K-1432 nömrəli əmrin ləğv edilməsi və işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiada göstərilir ki, o, 2001-2005-ci illərdə Kürdəmir rayonunun Carlı kənd tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2005-2013-cü illərdə Kürdəmir rayonunun Quşlar kənd ümumi orta məktəbində direktor, 2014-cü ildən 2022-ci ilin dekabr ayının 5-ə kimi isə Kürdəmir rayonunun Carlı kənd tam orta məktəbinin direktor vəzifəsində işləmişdir. Hazırda həmin məktəbdə riyaziyyat fənni tədrisi üzrə müəllimlik edir. Əmək fəaliyyəti dövründə heç bir cəzası olmamış, töhmət almamış, əksinə müəllimlik və direktor vəzifələrində işləyərkən məktəbin əldə etdiyi yüksək nəticələrə görə bir neçə dəfə rəhbərlik tərəfindən mükafatlandırılmışdır. Ailəlidir, 4 övladı və 7 nəvəsi vardır. 2022-2023-cü tədris ilində məktəbin tarix müəllimi X3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi üzrsüz səbəbdən işə çıxmadığına görə, məktəb həmkarlar təşkilatının və müəllim kollektivinin iştirakı ilə həmin müəllimin işə gəlmədiyi haqqında akt tərtib olunmuş və üzrsüz səbəbdən iş buraxdığı 18 günə görə ona əmək haqqı hesablanmamışdır. Bundan sonra, həmin müəllimin şikayəti əsasında X7 Təhsil İdarəsinin əməkdaşları xx.xx.2022-ci il tarixdə Carlı kənd tam orta məktəbinə gəlmişlər və şagirdlərin, texniki işçilərin, müəllimlərin işə davamiyyətini və tədrislə əlaqədar digər məsələləri yoxlamış, şagirdlərin davamiyyəti 92 faiz olduğu bildirilmiş və yoxlamaların digər nəticələri barədə məlumat vermədən məktəbi tərk etdilər. xx.xx.2022-ci il tarixdə Kürdəmir rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov iddiaçını yanına çağırmış və 2015-ci ildə orta ixtisas təhsilli Asim Məmmədovun məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə götürülməsinin səbəbini soruşdu. Bu barədə iddiaçı Asim Məmmədovun işə götürülməsi səlahiyyətinin direktor kimi ona aid olmadığını və onun Kürdəmir rayon Təhsil Şöbəsinin sabiq müdir əvəzi X.Qurbanovun xx.xx.2015-ci il tarixli, 128 nömrəli əmri ilə həmin vəzifəyə təyin olunduğunu bildirmişdir. Bundan sonra iddiaçı X7 Təhsil İdarəsinin rəisi Elçin Kərimovun qəbulunda olmuş, sonuncu hər iki əmr kitabı ilə tanış olmuş, direktor olduğu məktəbin fəaliyyəti ilə əlaqədar ona suallar vermiş, o da həmin sualları cavablandırmışdır. Həmin gün rayona qayıtdıqda artıq iş vaxtı başa çatmışdır. Sonrakı gün iddiaçı Rəfail müəllimin yanına gedib ki, Yevlaxda olan işləri ona məruzə etsin, sonuncu iş yerində olmamışdır. Bundan 2 gün sonra Rəfail müəllim iddiaçını yanına çağırmış və ona bildirmişdi ki, saymamazlıq edir və əsəbi halda bəyan edib ki, “get işlə görüm necə işləyəcəksən”. Bundan 3 gün sonra Rəfail müəllim iddiaçını yanına çağırdı və ona bildirdi ki, Regionun rəhbəri Elçin Kərimov deyir ki, Nazirin göstərişi var ki, “ərizəsini alıb işdən çıxarın“. Bundan sonra, iddiaçı Yevlaxa getdi və Elçin Kərimovla görüşdü. O, da iddiaçıya işdən çıxma barədə ərizənin verilməsini təkid etdi. İddiaçı isə bildirdi ki, təqaüd vaxtına 7-8 ay qalıb, ondan sonra ərizə verər. E.Kərimov isə bununla razılaşmadı və ona bəyan etdi ki, həyat yoldaşın məktəbdə işlədiyinə görə, şikayət edəcəm və işdən çıxaracam. Bundan sonra, iddiaçı Regionun əməkdaşı Afət Abdullayevin dəvəti ilə onun otağına getdi və burada da ona başa salmağa çalışdı ki, əgər ərizə verməsən onu ləkələyib işdən çıxaracaqlar. Afət xanım iddiaçıya bildirdi ki, xəstə olmağı ilə əlaqədar ərizə yazıb işdən çıxmağını Nazirdən xahiş edim. Gərginlik və biraz da qorxu altında iddiaçı həmin məzmunda xx.xx.2022-ci il tarixli ərizə yazdı. Ərizədə xx.xx.2022-ci il tarix qeyd olundu. İşdən çıxmağı barədə Nazirin adına yazdığı ərizənin səhvən, həyacan və qorxu altında həyata keçirildiyini başa düşərək xx.xx.2022-ci il, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə X5 ərizə və teleqram ünvanladı və onların məzmununda bildirdi ki, verdiyi ərizəni nəzərə almasınlar və onun heç bir xəstəliyi yoxdur, tam sağlamdır və işdən çıxmaq istəmir. Bu müraciətlərinin heç birinə vaxtında cavab verilmədi. Nəhayət, Elm və Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli, K1432 nömrəli əmrinə əsasən Kürdəmir rayon Carlı kənd tam orta məktəbinin direktor vəzifəsindən azad olundu və həmin məktəbdə riyaziyyat fənni üzrə müəllimlik etməyə başladı. Şərhdən aydın olur ki, işdən azad olunmağı barədə Elm və Təhsil Nazirinin 05. 11.2022-ci il tarixli, K-1432 nömrəli əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinin pozulması ilə icra edildiyindən, onun əmri ləğv olunmalıdır.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2755/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2014-cü il tarixli 144 nömrəli əmrlə xx.xx.2014-cü il tarixdən məktəbin Kürdəmir rayonu Carlı kənd tam orta məktəbin direktorluğu vəzifəsini icra edir. Azərbayan Respublikası Elm və Təhsil Nazirinin 05 dekabr 2022-ci il tarixli, K- 1432 №-li əmri ilə əmək müqaviləsinə xitam verilmiş və o, öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilmiş, həmin məktəbə riyaziyyat müəllimi kimi fəaliyyətini davam etdirmişdir. Hazırda məhkəməyə müraciət edən iddiaçı ərizəni hədə-qorxu və təhdid təsiri altında yazdığını, daha sonra ərizəsinin nəzərə alınmaması üçün dəfələrlə işəgötürənə müraciət etdiyini, lakin onun əmək müqaviləsinə 05 dekabr 2022-ci il tarixli əmrlə xitam verildiyini bildirir. Məhkəmədən əmrin ləğv edilməsi və işə bərpa olunma barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi iddianın iddia müddətinin tətbiq edilməsi ilə rədd edilməsini xahiş edir. Hazırkı mübahisə ilə bağlı məhkəmə qeyd etmişdir ki, mübahisə üzrə müəyyən edilməli hallar - 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olubolmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Məhkəmə mülki işin hallarını araşdırarkən işəgötürən tərəfindən iddia ərizəsində göstərilən pozuntuların həqiqiliyinə dair hər hansı bir hal aşkar etməmişdir. Bununla yanaşı, İddiaçı tərəfindən də bu halların həqiqiliyini təsdiqləyəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı işdən çıxma barədə ərizəni hədə və təzyiq altında yazdığını, məcbur edildiyini bildirsə də, bu halı təsdiq edə biləcək dəlillər müəyyən edilməmişdir. Mülki işin araşdırılmış hallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdən işdən azad edilməsini və ixtisası üzrə məktəbdə riyaziyyat müəllimi işləməyinə köməklik göstərilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək, onun pensiya yaşının nəzərə alınaraq, onun ərizəsinin əsassız sayılmasını, pensiya yaşına qədər işdə qalmasına icazə verilməsini xahiş etsə də, həmin ərizənin hansı tarixdə işəgötürənə daxil olması barədə məhkəmədə əsaslı sübutlar mövcud deyildir. Belə ki, Əmək Məcəlləsinin tələblərinə əsasən işçi ərizəsində işdən çıxarılma müddətini qeyd etdikdə həmin müddətə qədər ərizəsini geri götürmək hüququna malikdir. İş materiallarından iddiaçının ilkin ərizəsinin etibarsız sayılması barədə teleqramının 05 dekabr 2022-ci il tarixdə Elm və Təhsil Nazirliyinə daxil olduğu müəyyən edilir. Eyni tarixli əmrlə iddiaçının əmək müqaviləsinə xitam verilməsi də işin mübahisəsiz halıdır. Məhkəmə iclasında təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından aydın olur ki, ididaçı məhkəməyə müraciət edərkən, qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. İddia ərizəsindən və İddiaçı izahatından görünür ki, iddiaçı 08 dekabr 2022-ci il tarixdən etibarən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin mövcudluğundan xəbərdar olmuş, məktəbdə təhvil-təslim işləri aparılmış, iddiaçının son haqq-hesabı ödənilmiş, iddiaçı məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərməyə davam etmişdir. Yol verilmiş hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək imkanı qanunvericilikdə konkret olaraq bir ay müddətlə məhdudlaşdırılmışdır. İddiaçı isə K-1432 №-li əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qəbul edilməsindən təxminən 05 ay keçdikdən sonra mediasiyaya müraciət etmişdir. Məhkəmə iddia müddətinin tətbiqinə etirazla bağlı iddiaçının ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçının ərizəsi əsasladırılmamışdır. İddiaçı iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə etiraz ərizəsində ərizənin təmin edilməməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, məhkəməyə müraciət etmək müddətinin buraxılması birbaşa cavabdehin buraxılmış müddət ərzində müraciətlərinə cavab verməməsi ilə əlaqədar olmuşdur. Bu səbəbdən də prosessual müddətin buraxılması üzrlü hesab edilməli və ərizə əsasında buraxılmış müddət bərpa edilməlidir. İddiaçı iddia müdddətinin ötürülülməsini hər hansı üzrlü halla əlaqələndirə bilməmişdir. Belə ki, iddia müddətinin ötürülməsini cavabdeh təşkilat tərəfindən müraciətlərə münasibət bildirilməməsi ilə əlaqələndirsə də, mülki işin materiallarında olan Elm və Təhsil Nazirliyinin 30 yanvar 2023cü il tarixli, 20 fevral 2023-cü il tarixli, Elm və Təhsil Nazirliyinin X7 Təhsil İdarəsinin 11 yanvar 2023-cü il tarixli məktubları ilə iddiaçının müraciətlərinin cavablandırıldığı müəyyən edilir. Digər tərəfdən, işəgötürən tərəfindən müraciətlərə cavab verilməmiş olsaydı belə, bu, qanunvericilikdə nəzərdə tutulan iddia müddətlərinin ötürülməsi üçün üzrlü hal hesab edilə bilməz. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Bununla da, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh isə iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin axımının başlanğıcı həm obyektiv, həm də subyektiv anla bağlıdır. Obyektiv an şəxsin öz subyektiv mülki hüququnun pozulduğu andır. Subyektiv an isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andır. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla yox, subyektiv anla şərtləndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Prosessual mənada iddia hüququ, yəni iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətində göstərmişdir ki, o, xx.xx.1959-cu ildə Kürdəmir rayonunun Carlı kəndində anadan olub, 1976-cı ildə orta məktəbi bitirib, Bakı Kooperativ Texnikomuna qəbul olunub və 1978-ci ildə bu texnikomu bitirərək iqtisadçı ixtisasını əldə edib. 1978-1980-cı illərdə Sovet Ordusunda xidmətini başa vurmuş, işləyə-işləyə 1982-ci ildə N.Tusi adına Azərbaycan Pedoqoji Universitetində qiyabi təhsil almış və 1987-ci ildə həmin Universitetin riyaziyyat fakültəsini əla qiymətlərlə bitirmişdir. Əmək Məcəlləsinin 69-cu maddəsi bir daha sübut edir ki, onun işdən çıxmaq barədə Nazirin sözügedən əmrinin heç bir hüquqi əsası yoxdur və həmin əmr ləğv edilməlidir. Həmçinin, qanunsuz əmrin ləğv edilməsi barədə cavabdehə ünvanladığı ərizələri nəticəsiz qalmışdır. Həmin müraciətlərinə cavab məktublarında cavabdeh yazılı surətdə bildirir ki, guya məktəbdə xidməti yoxlama aparılmış, bu zaman əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə Nazirliyin məlum əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bununla əlaqədar bildirir ki, məktəbdə bir gün ərzində məktəbin müəlliminin verdiyi ərizə əsasında Regionun apardığı yoxlama nəticələri ona və məktəbin pedoqoji kollektivinə bildirilməmiş, yoxlamanın nəticəsi müzakirə edilməmiş və bu barədə hansı bir sənədin mövcud olması bəlli deyil. Bundan sonra, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, 2023-cü ilin iyul-sentyabr aylarında təyin olunan 3 hazırlıq iclasında cavabdehin nümayəndəsi rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq iştirak etməmiş, iddiaya qarşı münasibət bildirməmiş və tələb olunan sənədləri təqdim etməmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında “müddətin tətbiqinə dair” ərizə ilə müraciət edərək tələbin rədd edilməsini xahiş etmişdir. O, isə cavabdehin bu ərizəsinə münasibət bildirərək buraxılmış müddətin üzrlü hesab edilməsi barədə ərizə verərək bildirmişdir ki, iş üzrə iyul-sentyabr 2023-cü il tarixlərdə təyin edilmiş üç hazırlıq iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir. İddia müddətinin tətbiq olunmasına dair ərizədə qeyd olunanları sübuta yetirmək üçün adı çəkilən hüquqi aktların hamısı işin hallarına düzgün tətbiq edilməmiş, təhrif olunmuş və izahı səhv şərh edilmişdir. Cavabdeh sözügedən ərizədə qeyd edir ki, onun əmək müqaviləsinə xitam verilməsi aşkar edildiyi gün xx.xx.2022-ci il tarixdə baş verməsinə baxmayaraq, o, Mediasiya təşkilatına 2023-cü ilin may ayında müraciət etmişdir və bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinin pozulması deməkdir, yəni müddət buraxılmışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X2 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər.
10. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 12 “c” bəndi. Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2 “a” bəndi. Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Maddə 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Maddə 69.2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Maddə 69.3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Maddə 69.5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Maddə 69.7. İşəgötürən tərəfindən zor işlədilərək , hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddə 287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Maddə 292.1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
18. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
19. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmırdı.
20. İşdən görünür ki, iddiaçı Elm və Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli, K1432 nömrəli əmri ilə işdən azad edilmişdir. İddiaçı 2023-cü ilin may ayında ilkin mediasya şurasına, xx.xx.2023-cü il tarixdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni, iddiaçı qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürmüşdür. Belə ki, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 21.Göründüyü kimi, iddiaçı hazırki iddia tələbi üzrə məhkəməyə müraciət etmək üçün 1 aylıq idda müddətini heç bir üzrlü səbəb olmadan ötürmüşdür. İddiaçı müddətin üzrlü səbəblərdən buraxıldığını qeyd etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə, işdəki sənədlərdən görünür ki, məhkəməyə müraciət edənədək cavabdeh quruma və digər dövlət orqanlarına dəfələrlə müraciət etmiş və müraciətlərinə cavab verilərkən ona məhkəməyə müraciət etmək hüququ da izah edilmişdir.
22. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarı). 23.İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəf də iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. İddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
24. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, hazırki apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2755/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2755/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.