Məhkəmə qərarları › İş №2(103)-8312/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8312/2020

26.11.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8312/2020 26.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İbrahimov Rəşad İbrahimxəlil oğlunun katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İB-nə qarşı “əmrin ləğvi, işə bərpa və pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə cavabdehin səlahiyyətli nümayəndəsi-vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3165/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, “Cavabdeh” İB-nin xx.xx.2020-ci il tarixli, SOCAR**********00070020B00096 saylı əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh” İB-nə əvvəlki işinə bərpa edilməsi və ona məcburi işburaxma günlərinə görə orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, “Cavabdeh” İB-nin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa olunma, məcburi işburaxma dövrü üçün əmək haqqının hesablanaraq cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdən cavabdehin X3 İstismar İdarəsində rəis müavini vəzifəsində işləmiş, xx.xx.2020-ci il tarixdən rəhbərliyin tapşırığına əsasən Göyçay Xidmət sahəsində rəis müavini vəzifəsində işə başlamışdır. xx.xx.2020-ci il tarixdə “Cavabdeh” İB-nin baş direktorunun Satış və İstismar üzrə müavini Cahid Hüseynovun iş otağında Hüquq Departamentinin rəisi Vüqar Eyvazovun diktəsi ilə zor tətbiq edilərək, göstərilən səbəb araşdırılmadan ona məcburən işdən çıxma barədə ərizə yazdırmışlar, baxmayaraq ki, xx.xx.2020ci il tarixdən əmək qabiliyyətinin olmaması barədə işdən azad edilmişdir. Bu barədə 682350 saylı bülleten vərəqəsi də var. Lakin az müddətdən sonra xx.xx.2020-ci il tarixdə ərizəsinin geri götürülməsi barədə “Cavabdeh” İB-nə yeni ərizə ünvanlamışdır. Cavabdeh tərəfindən ikinci ərizəsi nəzərə alınmamış və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75.2a maddəsi ilə azad olunması barədə əmr bu günədək ləğv edilməmişdir. Qeyd olunanları nəzərə alıb iddianın təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Cavabdeh “Cavabdeh” İB-nin səlahiyyətli nümayəndəsi Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin nümayəndəsini, şikayətlə razılaşmayaraq təmin olunmamasını xahiş edən iddiaçını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İşin hallarından görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin xitam olunması barədə cavabdehin xx.xx.2020-ci il tarixli, SOCAR**********00070020B00096 saylı əmrinin ləğv edilməsi üçün iki dəlil irəli sürür. İddiaçı hesab edir ki, birincisi, cavabdeh 1 aylıq xəbərdarlıq müddətini gözləmədən, ikincisi, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək qabiliyyətli olmadığı müddətdə cavabdeh onunla əmək müqaviləsinə xitam vermişdir. Cavabdeh isə etirazının dəlili kimi qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi həmin müqavilənin 9.5.1-ci bəndinin “a” yarımbəndinə uyğun olaraq Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən xitam olunmuş, bu halda isə (tərəflərin qarşılıqlı razılığının olması) əmək müqaviləsinə tərəflərin müəyyən etdiyi istənilən gün xitam verilə bilər. Göründüyü kimi, mübahisələndirilən xx.xx.2020-ci il tarixli əmr iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi (tutduğu vəzifədən azad edilməsi) barədə qanunla müəyyən edilmiş xəbərdarlıq müddəti gözlənilmədən qəbul edilmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları nəzərdə tutulmuşdur. Hazırkı mübahisəyə birbaşa aidiyyəti olduğundan həmin maddədə nəzərdə tutulan 2 əsasdan- “tərəflərdən birinin təşəbbüsü” və “tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar”da əmək müqaviləsinə xitam verilməsindən danışılacaq. Əmək Məcəlləsinin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin maddədə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin iki qaydası nəzərdə tutulmuşdur. Birinci qaydaya görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur (ƏM-nin 69-cu maddəsinin 1 və 2-ci bəndləri). Bu qaydaya əsasən işəgötürən işçinin əmək müqaviləsini xəbərdarlıq müddəti başa çatanadək ləğv edə bilməz. Çünki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir (ƏM-nin 69-cu maddəsinin 5-ci bəndi). İkinci qaydaya görə isə işçi onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini istədiyi günü və səbəblərini ərizəsində göstərməlidir. Əmək müqaviləsinin ləğv edilməsi səbəbləri işçinin yaşa, əlilliyə görə əmək pensiyasına çıxması, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olması, yeni yaşayış yerinə köçməsi, başqa işəgötürənlə əmək müqaviləsi bağlaması, seksual qısnamaya məruz qalması və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar ola bilər. Bu halda işçi ilə bağlanmış əmək müqaviləsi ərizəsində göstərdiyi gün ləğv edilə bilər (ƏM-nin 69-cu maddəsinin 3-cü bəndi). Əmək müqaviləsinin xitam verilməsinin bir əsası da, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallardır. Həmin hallar ƏM-nin 75-ci maddəsində göstərilmişdir. Onlardan biri də tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinə xitam verilməsidir. Lakin ƏM-nin 75-ci maddəsinin 2-ci bəndinin a) yarımbəndində tərəflərin qarşılıqlı razılığının konkret detalları, məsələn belə razılıq olduqda əmək müqaviləsinin hansı müddətə ləğv edilməsi göstərilməmişdir. Məhkəmə əmək müqaviləsi bağlanarkən tərəflərin hüquq bərabərliyi prinsipini nəzərə alaraq, hesab edir ki, tərəflərin qarşılıqlı razılığınının nədən ibarət olması, onun ayrı-ayrı elementləri (məsələn, əmək müqaviləsinin hansı müddətə ləğv edilməsi, yaxud əmək müqaviləsinin ləğvi üçün hansı müddətə xəbərdarlıq edilməsi və s.) qanunvericiliyə zidd olmamaqla, müqavilə şərtlərində göstərilə bilərdi. Cavabdeh də yazılı etirazında yalnız tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinin ləğv edilməsinin ümumi əsaslarını müəyyən edən əmək müqaviləsinin 9.5.1-ci bəndinə istinad etməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ƏM-nin 75-ci maddəsinin 2-ci bəndinin a) yarımbəndində tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinin ərizə verildikdən sonra hansı müddətə ləğv edilməsi nəzərdə tutulmadığından, eyni zamanda həmin qayda tərəflər arasında bağlanmış əmək müqaviləsində də göstərilmədiyindən tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinin ərizə verildikdən hansı müddətə ləğv edilməsi ilə bağlı məsələlər əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin ümumi əsaslarını nəzərdə tutan ƏM-nin 69-cu maddəsi ilə tənzimlənməlidir. Bu halda, qarşılıqlı razılıq əsasında əmək müqaviləsi ya bir aylıq xəbərdarlıq müddəti gözlənilməklə, yaxud da işçinin ərizəsində göstərdiyi gün onunla bağlanmış əmək müqaviləsi ləğv edilməlidir. ƏM-nin 69cu maddəsinin 3-cü bəndində də qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsinin ləğv edilməsi əsası nəzərdə tutulmuşdur. İş materiallarında olan əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2020-ci il tarixdə verilmiş ərizədən də görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsası kimi ƏM-nin 75-ci maddəsinin 2-ci və əmək müqaviləsinin 9.5.1-ci bəndlərinə istinad etsə də, əmək müqaviləsinin ləğv edilməli olduğu günü göstərməmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi üçün qanunla müəyyən edilmiş xəbərdarlıq müddətini gözləmədiyindən işə baxan birinci instansiya məhkəməsi haqlı olaraq əmrin ləğv edilməsini qət etmişdir. Əmək Məcəlləsinin 2-ci madəsinin 3-cü bəndində göstərilir ki, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci bəndinin a və b bəndlərinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. Bundan başqa, ƏM-nin 69-cu maddəsinin 4-cü hissəsində müəyyən edilmişdir ki, işçi bir aylıq xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinin ləğv edilməsi barədə ərizənin geri götürülməsi və ya etibarsız hesab edilməsi barədə yeni ərizə verə bilər. İşəgötürən isə bu halda əmək müqaviləsini ləğv edə bilməz. Bu qaydadan yalnız o hal istisnadır ki, işəgötürən onun tutduğu vəzifəyə yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etmiş olsun. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, iddiaçı xx.xx.2020ci il tarixdə yazdığı ərizənin etibarsız hesab edilməsi barədə cavabdehə ərizə göndərmiş, cavabdeh 06 aprel, 22 iyun və xx xxxxxx 2020-ci il tarixlərdə həmin ərizə ilə bağlı iddiaçıya müvafiq cavablar göndərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının tutduğu vəzifəyə başqa işçinin götürülməsi barədə iddiaçıya heç bir məlumat verməmiş, habelə bu barədə iddiaçını rəsmi qaydada yazılı xəbərdarlıq etməsi ilə bağlı nə birinci instansiya məhkəməsinə, nə də ki, kollegiyanın iclasında heç bir sübut təqdim etməmişdir. Eyni zamanda kollegiya hasab edir ki, iddia tələbi iddia tələbi məcburi işburaxma dövrü üçün əmək haqqının tutulması hissəsində də haqlı olaraq təmin edilmişdir. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə isə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır, ona görə, iddia yuxarıda göstərilən qaydada təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya qətnamənin ləğv edilməsinə heç bir hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh “Cavabdeh” İB-nin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar