Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-832/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)-2571/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsassız varlanma nəticəsində əldə edilmiş 9775 manatın, vurulmuş mənəvi ziyana görə 16000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılır ki, xx.xx.2019-cu il tarixində cavabdehlə aralarında bağlanmış daxili lizinq müqaviləsinə əsasən, “SaipaSaina” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil ona lizinqə verilmişdir. İlkin ödəniş olaraq 4000 manat ödənilmişdir. Müqaviləyə əsasən, hər ay 385 manat pul ödənilməlidir. 2019-cu il noyabr ayınadək hər ay 385 manat, cəmi 10.160 manat pul ödənilmişdir. Avtomobil əvvəldən nasaz vəziyyətdə olub vəistismar edərkən onun hesabına düzəldilib. Həmin nasazlığı aradan qaldırmaq üçün 1200 manat xərc çəkmişdir. Sonuncu dəfə 2019-cu ilin dekabr ayında avtomobilin yenidən mühərrikində nasazlıq baş vermiş və ustaya aparılmışdır. Buna baxmayaraq növbəti ayın ödənişi olmadığı üçün yanvarın əvvəli 2020-ci ildə cavabdehin əməkdaşları avtomobili təmir yerindən aparmışdılar. Lizinq müqaviləsi birtərəfli qaydada pozulmuşdur. Bundan sonra cavabdehə pretenziya verərək, indiyə kimi ödənilmiş 10.160 manatdan bir ayın ödənilməmiş pulunu yəni 385 manat çıxaraq, qalan 9775 manatı ona qaytarılmasını xahiş etmiş, lakin cavabdeh imtina etmişdir. Müqavilə pozularkən çox vaxt lizinq şirkətlərinin öz köhnə müştərilərinə nəyə görə pulu qaytarmalı olmalarını anlamaq üçün bir az lizinqin mahiyyətinə nəzər salmaq lazımdır. Bir tərəfdən lizinq icarədir, amma adi deyil, müddətin sonunda satınalmaq hüququ olan icarədir. Yəni növbəti ödənişi edərkən lizinq şirkətinin müştərisi həm icarə,həm də götürülmüş lizinq obyektin satın alınması üçün pul ödəyir. Beləliklə, əgər lizinq şirkəti zaman onun tərəfindən əsassız varlanma mövcuddur. Lizinq alan pul vəsaitinin geri tələb etmək hüququna malikdir. Eyni zamanda belə vəziyyət onun mənəvi-psixoloji ovqatının pozulmasına, əsəb sisteminin gərginləşməsinə, iztirab keçirməsinə, gündəlik fəaliyyətinin ahəngdarlığına mənfi təsir göstərməklə ümumilikdə mənəvi əzab çəkməsinə gətirib çıxarmışdır. Cavabdehin qanuna zidd əməlləri nəticəsində dəymiş mənəvi ziyanın miqdarını 16000 manat dəyərləndirir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qalıq 9775 manatdan avtomobilin təmirinə xərclənmiş 3000 manatın, 826 manat izibati cəriməninin və 449 manatın çıxılaraq qalan 5500 manatın cavabdehdən alınıb, ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) “xxxx” MMC cavabdeh İddiaçı qarşı “lizinq müqaviləsinin ləğvi, borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 107-18 saylı, xx.xx.2018-ci il tarixli Daxili lizinq müqaviləsi üzrə ödənilməmiş 1540 manat əsas borc, 233 manat hesablanmış faiz borcu, yol hərəkəti qaydalarının pozuntusu nəticəsində yaranmış 826 manat cərimə, lizinq obyekti olan avtomobilə dəymiş 1965 manat maddi ziyan olmaqla 4564 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutuaraq iddiaçıya ödənilməsi, avtomobilin qeydiyyat şəhadətnaməsinin və ehtiyat açarlarının cavabdehdən alınaraq iddiaçıya verilməsi və xx xxxx 2018-ci il tarixli, 107-18 saylı müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılır ki, İddiaçılə aralarında xx xxxx 2018-ci il tarixdə lizinq obyektinin müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişləri icra etmək qarşılığında müvəqqəti sahiblik və istifadəyə verilməsinə dair 107-18 saylı Daxili lizinq müqaviləsi bağlanılmışdır. 48 aylıq müddətə bağlanılmış müqavilənin şərtlərində nəzərdə tutulan öhdəliklər iddiaçı tərəfindən tam şəkildə ödənilsə də cavabdeh İddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etməyərək 16 aylıq müddətə ödənişləri ödəsə də, ödənilməsi nəzərdə tutulan 12.305 AZN qalıq pulu ödəməkdən qərəzli olaraq boyun qaçırır. Bundan başqa cavabdeh istifadəsində olan avtomobili müqavilə şərtlərinə zidd olaraq saz və istifadəyə yararlı vəziyyətdə saxlamadan lizinq obyektini yararsız hala salmış, avtomobildən istifadə edərkən yaranmış 826 manat cərimə borcunu müqavilənin 2.7-ci maddəsinin tələblərinə zidd olaraq 5 iş günü ərzində ödəməmiş, həmçinin sonuncu ödəniş 2019-cu ilin noyabr ayı üçün 17 gün gecikmə ilə ödəməklə ödəniş etsə də 5 aydan artıqdır ki, aylıq ödənişləri ödəməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliklərini ödəməkdən qərəzli olaraq boyun qaçırmışdır. Tərəflər arasında bağlanılmış Daxili lizinq müqaviləsinin 9.1-ci maddəsinə əsasən, öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Müqavilənin 10.1-ci maddəsinə görə, lizinq alan lizinq obyektini işlək halda saxlamadıqda, lizinq obyektinin texniki keyfiyyəti pisləşdikdə, lizinq ödənişləri lizinq alan tərəfindən ödənilmədikdə, monitorinq zamanı əmlakın vəziyyəti qənaətbəxş hesab edilmədikdə və s. hallarda lizinq şirkəti pul məbləğlərini vəlizinq obyektini mübahisəsiz geri ala və Müqaviləni Beləliklə, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam olaraq icra etməməklə qarşılıqlı iddia üzrə iddiaçıya maddi zərər vurmuşdur. İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz göndərərək göstərmişdir ki, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iddia ərizəsində qeyd edilir ki, avtomobilin ehtiyat açarlarını özündə saxlamışdır. Halbuki bu həqiqətə uyğun deyil. Cavabdehin əməkdaşları yanvar ayının əvvəlindən avtomobili apararaq, açarları da götürmüşdürlər. Daha sonra cavabdeh qeyd edir ki, artıq 5 aya yaxındır ki, müqavilə üzrə öhdəliklər yerinə yetirilmir. Burada xatırlatmaq istəyir ki,cavabdeh 5 aydan çoxdur ki, avtomobili alıb özündə saxlayır və birtərəfli müqaviləni pozmuşdur. Daha sonra cavabdeh qeyd edir ki, daxili lizinq müqaviləsinə əsasən ödənilməmiş12,305 manat borclu qalmışdır. İş materiallarından görünür ki, ilkin ödəniş 4000 manat ödənilmişdir. 2019-cu il noyabr ayınadək hər ay 385 manat pul ödənilmişdir. Cəmi 10.160 manat pul ödənilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)-2571/2020 saylı ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2018-ci iltarixli, 107-18 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı xx xxxx 2018-ci il tarixli, 107-18 saylı daxili lizinqmüqaviləsi üzrə 1544 manat əsas borc, 233 manat faiz borcu, 1965 manat maddi ziyan olmaqla, cəmi 3738 (üç min yeddi yüz otuz səkkiz) manat borc və ödənilmiş dövlət rüsumunun 24,30 (iyirmi dörd manat otuz qəpik) manat hissəsi tutularaq iddiaçı “xxxx” MMC-nin hesabına ödənilməsi, “SaipaSaina” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi və ehtiyat açarlarının cavabdeh İddiaçı alınıb “xxxx” MMC-yə qaytarılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilərək, iddiasının təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixində cavabdehlə iddiaçı arasında daxili lizinq müqaviləsinə əsasən, ona “SAİPA SAİNA” markalı, 2018-ci il buraxılışı olan, **-PT-*** nişanlı avtomobil verilmişdir, ilkin ödəniş 4000 manat ödənilmişdir. Müqaviləyə əsasən, hər ay 385 manat pul ödənilməlidir. 2019-cu il noyabr ayınadək hər ay 385 manat pul ödənilmişdir. Cəmi 10.160 manat pul ödənilmişdir. İddiaçı qeyd edir ki, avtomobil əvvəldən nasaz vəziyyətdə olub və istismar edərkən onun hesabına düzəldilib. Həmin nasazlığı aradan qaldırmaq üçün 1200 manat xərc çəkib. Sonuncu dəfə 2019-cu ilin dekabr ayında avtomobilin yenidən mühərrikində nasazlıq baş vermişdir. Avtomobil ustaya aparılmışdır. Buna baxmayaraq, növbəti ayın ödənişi olmadığı üçün yanvarın əvvəli 2020-ci ildə cavabdehin əməkdaşları avtomobili və avtomobilin açarlarını təmir yerindən aparmışdılar. Lizinq müqaviləsi birtərəfli qaydada pozulmuşdur.Bundan sonra iddiaçı cavabdehə pretenziya verərək bildirmişdir ki, indiyə kimi ödənilmiş 10.160 manatdan bir ayın ödənilməmiş pulunu, yəni 385 manat çıxaraq, qalan 9775 manatınona qaytarılmasını xahiş etdi. Cavabdehin əməkdaşları iddiaçı ilə telefon əlaqəsi saxlayaraq bildirdilər ki, “belə bir təkliflə heç vaxt rast gəlməyiblər və lizinq müqaviləsinə əsasən, lizinq şirkəti tərəfindən hər hansı bir məbləğin qaytarılması barədə işlərlə rast gəlməyiblər. Əksinə,lizinq şirkəti müştərilərdən pul tələb edib.” Məhkəmə iclasında belə fikir irəli sürülmüşdür ki, lizinq müqaviləsində də qalıq pulun geri qaytarılması nəzərdə tutulmamışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə maddi zərərin məbləği və cəmi məbləğ hissələrində dəyişdirilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, 107-18 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, lizinq alanın sifarişi ilə 2018-ci il buraxılışlı, “SaipaSaina” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil 11281 manat məbləğinə lizinq verənin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli avtomobilə dəyən zərərə dair aktdan görünür ki, “SaipaSaina” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı istifadəsində olduğu dövrdə dəymiş zərərə görə avtomobilin təmirinə “xxxx” MMC tərəfindən 1965 manat sərf olunmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-nin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-nin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-nin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-nin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. MM-nin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması,vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. MM-nin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. MM-nin 748-1.12.4-cü maddəsiə görə isə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh “xxxx” MMC ilə aralarında bağlanmış xx xxxx 2018-ci il tarixli, 107-18 saylı daxili lizinq müqaviləsində nəzərdə tutulan öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun lizinq şirkətinə 1540 manat əsas borc, 233 manat hesablanmış faiz borcu, iddiaçının təqsiri nəticəsində cavabdehə 1965 manat məbləğində maddi ziyanın dəyməsi, nəticədə qarşılıqlı iddia üzrə iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması müəyyən olunmuşdur. Ona görə də məhkəmə qarşılıqlı iddia tələbini borcun və maddi zərərin İddiaçı tutularaq “xxxx” MMC-yə ödənilməsi, avtomobilin qeydiyyat şəhadətnaməsinin və ehtiyat açarlarının İddiaçı alınaraq “xxxx” MMC-yə verilməsi və xx xxxx 2018-ci il tarixli, 107-18 saylı müqavilənin ləğv edilməsi hissələrində təmin edilməsi, qarşılıqlı iddia təmin olunduğuna görə ilkin iddia tələbinin əsassız olduğundan rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsi yol hərəkəti qaydalarının pozuntusu nəticəsində AR DİN DYP-ə yaranmış 826 manat cərimə pulunun İddiaçı tutularaq “xxxx” MMC-yə ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, “xxxx” MMC qeyd olunan cərimə məbləğinin onun tərəfindən ödənilməsi və bunun nəticəsində həmin məbləği tələb etmək hüququnun yaranması barədə iddia ərizəsinə heç bir sübut təqdim etməmişdir. Kollegiya hesab edir ki, məhkəmə İddiaçı “xxxx” MMC-nin hesabına 1540 manat əsas borc, 233 manat hesablanmış faiz borcunun tutulması, avtomobilin qeydiyyat şəhadətnaməsinin və ehtiyat açarlarının İddiaçı alınaraq “xxxx” MMC-yə verilməsi və xx xxxx 2018-ci il tarixli, 107-18 saylı müqavilənin ləğv edilməsi hissələrində düzgün nəticəyə gəlsə də, İddiaçı təqsiri nəticəsində “xxxx” MMC-yə dəymiş maddi zərərin məbləği ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş üzrə keçirilmiş kompleks məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 9/5735 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ekspertiza tədqiqatı zamanı iş materiallarında olan xəzinə mədaxil orderləri məlumatları və xx xxxx 2018-ci il tarixli, 107-18 saylı daxili lizinq müqaviləsində qeyd olunan şərtlərə əsasən İddiaçı “xxxx” MMC-nə xx xxxxxx 2020-ci il tarixə əsas borcu 8914,06 AZN, faiz borcu 284,28 AZN, xx xxxx 2020-ci il tarixə cərimə borcu 136,45 AZN təşkil edir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2018-ci il buraxılışlı, “Saipa” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 1785,0 manat (dəyişilməli hissələrin qiyməti-1225,0 manat, təmir-bərpa işlərinin qiyməti -560,0 dəydəymiş manat) təşkil edir. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin xx xxxxxx 2015-ci il tarixli 422 saylı məktubunda göstərilənlərə əsasən nəqliyyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əssasında əmtəəşünaslıq ekspertizasının servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizalarının aparılması məqsədə müvafiq hesab olunduğundan, 2(103)-8385/2020 saylı mülki iş üzrə ekspertiza tədqiqatı təqdim edilmiş “xxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktı üzrə təqribi və təxmini hesablanır. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, İddiaçı təqsiri nəticəsində “xxxx” MMC-yə dəymiş maddi zərərin məbləği dəyişdirilərək, 1785 manat məbləğində müəyyən olunmalıdır. Maddi zərərin məbləğinin dəyişdirilməsi cəmi məbləğə təsir göstərdiyindən, kollegiya hesab edir ki, cəmi məbləğ dəyişdirilərək, 3562 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya mərhələsində keçirilmiş kompleks məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizalarının tədqiqatının dəyəri olan 100 manatın 78 manatı İddiaçı, 22 manatı “xxxx” MMC-dən tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmək ollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)- 2571/2020 saylı qətnaməsi qarşılıqlı iddianın maddi zərərin məbləği və cəmi məbləğ hissələrində dəyişdirilsin, maddi zərər məbləği 1785 (min yeddi yüz səksən beş) manat, cəmi məbləğ 3562 (üç min beş yüz altmış iki) manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 78 (yetmiş səkkiz) manatı İddiaçı, 22 (iyirmi iki) manatı “xxxx” MMC-dən tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-832/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-832/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver