Məhkəmə qərarları › İş №2(103)-832/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-832/2022

10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-832/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4511/2021 saylı iş üzrə 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul vəsaitinin geri qaytarılması və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən altı ədəd kompressora görə 90.000 manat, əldən çıxmış faydaya görə 50.000 manat olmaqla, cəmi 140.000 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 30.06.2021-ci il tarixdə Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 15.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02.09.2021-ci il tarixli, 2(008)-4511/2021 saylı qərardadı ilə Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.7-ci maddəsinə əsasən, baxılmamış saxlanmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4511/2021 saylı iş üzrə 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 7100 (yeddi min yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat məbləğində pul vəsaitinin alınaraq, İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası 25 noyabr 2021-ci il tarixli 2(103)- 11744/21 saylı qərardadı ilə İddiaçı Mirzəbaba oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması mümükün hesab edilmiş və işə baxılması 07 fevral 2022-ci il tarixə saat 09:50-yə təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin yeni tələblərə uyğun verilməməsinin ondan aslı olmayan səbəblərdən baş verdiyini bildirdi. Kollegiya izahatı dinləyib və apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunduğundan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 25 noyabr 2021-ci il tarixli 2(103)-11744/21 saylı qərardadı ləğv edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4511/2021 saylı iş üzrə 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1 və 363.1.5 -ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə görə apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 25 noyabr 2021-ci il tarixli 2(103)-11744/21 saylı qərardadı ləğv edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4511/2021 saylı iş üzrə 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyrimümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402,-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 25 noyabr 2021-ci il tarixli 2(103)- 11744/21 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4511/2021 saylı iş üzrə 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar