Məhkəmə qərarları › İş №2(103)-8323/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8323/2021

21.10.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8323/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı X5, Cavabdeh nümayəndəsi X7 iştirakları ilə, İddiaçı X5 Cavabdehnə qarşı «əmək müqaviləsinin müddətinin uzadılması, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı X15 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 Cavabdehnə qarşı “əmək müqaviləsinin müddətinin uzadılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı X11 Cavabdehnə qarşı «əmək müqaviləsinin müddətinin uzadılması, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən 350 nömrəli əmək müqaviləsinin əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunması, Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən ştat cədvəlinə uyğun aylıq 800 manat əmək haqqı əvəzinə ona 720 manat əmək haqqı hesablandığından 19 fevral 2019-cu il tarixdən bu günə aylıq əmək haqqlarına, mükafatlarına, məzuniyyətlərə və son haq-hesaba görə hesablanmış məbləğlərə aylıq əmək haqqının Cavabdeh 800 manat olmasını nəzərə alaraq ziyanına hesablanmış fərq məbləğlərinin yenidən onun xeyrinə ümumilikdə hesablanması, Cavabdehndə işlədiyi dövrdən bu günə aylıq əmək haqqlarına, mükafatlara, məzuniyyətlərə və son haqqhesaba görə hesablamalara vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılması, Cavabdeh 2019-cu ilin aprel və iyul ayının 1-i tarixlərindən hər biri 15 gün olmaqla, cəmi 30 gün işlətdikləri məzuniyyət və işə çağırıb işlətdikləri həftənin 6-cı (şənbə), hərdən bazar günlərinə görə onun xeyrinə əlavə əmək haqqlarının hesablanması, səhhətinə dəymiş ziyanı əvvəlki vəziyyətdə sağlamlaşdırması, şəkərin və onun təsiri nəticəsində artan qan təzyiqinin normal vəziyyətə gətirilməsi üçün Cavabdeh tərəfindən ona dəymiş ziyana görə Cavabdehndən 5000 manat məbləğində pulun təzminat kimi alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla 350 nömrəli X16 Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq 12.03.2020-ci il tarixdən 6 (altı) ay müddətinə bağlanmışdır. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsində “işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər”. Lakin 350 nömrəli X13 Məcəlləsinə müvafiq olaraq bağlanması qeyd olunsa da, Cavabdeh tərəfindən tam əksinə hərəkət edilərək Əmək müqaviləsinə xitam verildiyi həftənin 1-ci günü (ondan əvvəlki günlər həftənin şənbə və bazar günləridir), yəni 14.09.2020-ci il tarixdə o, xəstə olduğundan işdə olmamışdır. 640031-li “X3 vəsiqəsi”sini Cavabdehnə 23.09.2020-ci il tarixli məktubla göndərsə də, hələ də cavablandırılmamışdır. Cavabdeh tərəfindən 14.09.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş əmr hüquqi qüvvəsini itirdiyinə görə, 350 nömrəli əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. X12 İdarəsinin rəisi F.Mehdiyev 19.02.2019-cu il tarixdə onun razılığı ilə əmək müqaviləsində edilən böyük müfəttiş vəzifəsi dəyişdirilməsinin pulla başa gələcəyini bildirəndə, onda pulun olmadığını deyəndən sonra, F.Mehdiyev alınmadığını bildirərək, Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsində “Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir”in əksinə onun razılığı ilə edilməyən böyük müfəttiş vəzifəsindən aşağı aparıcı müfəttiş vəzifəsini elektron bazaya 19.02.2019-cu il tarixdə işləmişdir. Həmçinin, idarədə işlədiyi dövrdən öhdəsində 2 şagird, 1 gündüz təhsil alan 23 yaşını keçməmiş tələbə olan 3 uşaq olduğuna görə, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə görə valideyinlərdən birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılması halı üç-dörd ay çıxmaq şərti ilə ona şamil edildiyi halda ona şamil edilməmişdir. Onu 2019-cu ilin aprel və iyul ayının 1-i tarixlərindən hər biri 15 gün olmaqla, cəm 30 gün məzuniyyətdə olmalı olduğu və həftənin 6-cı (şənbə), hərdən bazar günləri işə çağrılaraq işlətməklərinə baxmayaraq ona əlavə əmək haqqı hesablamalı olduqları halda əlavə əmək haqqı hesablamamışlar, etdiyi müraciətlər də cavabsız qalmışdır. Yeni növ koronovirus (COVİD-19) infeksiyasının qarşısının alınması üzrə Azərbaycan Respublikasının Baş nazirinin 20 mart 2020-ci il tarixli 01/411 nömrəli əmrinə əsasən 2020-ci ilin mart ayının 29-dan bir ay müddətində əmək haqqı saxlanılmaqla ödənişsiz məzuniyyətdə və “icaze.e-qov.az”dan icazə olmayan İdarənin əməkdaşlarını rəisi Faiq Mehdiyevin səyi və rəhbərliyi ilə qanunsuz olaraq SMS götürməklə işə çağrılır və caamatdan pul yığılaraq ölkədə mövcud olan sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə vətəndaşların qanunsuz olaraq sərbəst hərəkəti təşkil edilməsinə və karantin rejiminin pozulması halına gətirib çıxaran qanunsuzluqlara düzgün olaraq əməl etmədiyinə görə, qanunsuz hərəkətlər nəzarətsiz qaldığından, F.Mehdiyevin 2020-ci ilin mart ayının əvvəlindən başladığı ona qarşı davam edən daha da zorlaşdırdığı təzyiqlərə, hədə-qorxularına və qanunsuzluqlarına göz yuman, onun qanunsuz hərəkətlərini müdafiə edən Cavabdeh məsul şəxslərinin günahları ucbatından orqanizmində şəkərin yüksək dərəcədə olmasına gətirib çıxartmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı X15 oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra - Kollegiya) apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və mülki işə baxılmasından ötrü Səbail rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh bağladığı 12.03.2020ci il tarixli 350 N-li əmək müqaviləsində Əmək Məcəlləsinə müvafiq olaraq bağlanması qeyd olunsa da, əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci və 2-ci hissələrində və Əmək Məcəlləsinin 8-ci maddəsinin 4-cü hissəsində qeyd olunanlara əsasən əmək müqaviləsinin bitmə müddəti 12.09.2020-ci il tarixi həftənin şənbə, yəni qeyri-iş gününə düşdüyünə görə onun ardınca gələn ən yaxın iş günü 14.09.2020-ci il tarixdə xəstələndiyimə görə işdə olmadığından məni işə çıxdıqdan sonra işəgötürən müəyyən etdiyi gündə , işə çıxdığım gündən bir təqvim həftəsi keçməmiş xitam verməli olduğu halda, xəstə olduğumdan müvafiq iş vaxtı ərzində işdə olmadığım 14.09.2020-ci il tarixdə əmək müqaviləmə xitam verilmişdir. O, 14.09.2020-ci il tarixdən deyil, 11.09.2020-ci il tarixdən xəstələnmişəm. 11.09.2020-ci il tarixdə saat 09:00-da işə gəlsəmdə xəstə olduğumdan həmin gün işin son saatlarında işdə olmamışam. Bu hal “İşçilərin işə davamiyyət kitabı” və həmin gün xəstə olduğumdan işdə günortadan sonra olmamağıma görə heç bir tədbir görülməməsi də təsdiq edir. 11.09.2020-ci il tarixdən sonra gələn 12.09.2020-ci il və 13.09.2020-ci il tarixləri həftənin şənbə və bazar günləri, yəni qeyri-iş günlərinə düşür. 14.09.2020-ci il tarixdə xəstə olduğumu 640031 N2 -li “X3 Vəsiqəsi”si və 14.09.2020-ci il tarixdə işdə olmadığımı “İşçilərin işə davamiyyət kitabı” təsdiq edir. “İşçilərin işə davamiyyət kitabın”da 11.09.2020 -ci il və 14.09.2020-ci il tarixlərin olduğu vərəqlərin və 640031 N° -li “X3 Vəsiqəsi”nin də sürətlərinin əlavə edirəm. Əmək Məcəlləsin 79-cü maddəsinin 2-ci hissəsində “ Bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir” qeyd olunub. Lakin, məhkəmə tam əksinə olaraq işçinin xəstələnməsi ilə əlaqədar iş yerində olmadığı dövrdə əmək müqaviləsinin müddəti qurtardığı halda əmək müqaviləsinə xitam verilməsinin qadağan edilməsinin müddətli əmək müqaviləsinə şamil olunmaması qənaətinə gələrək idiamı təmin etməyib. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın qismən təmin olunması barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin həqiqi hallarına, iş üzrə toplanmış sübutlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan: - Azərbaycan Respublikasının Dövlət X10 Regional Reklam İdarəsi ilə X11 arasında bağlanmış 09 mart 2018-ci il tarixli 004 nömrəli əmək müqaviləsindən görünür ki, X11 Azərbaycan Respublikasının Dövlət X10 Regional Reklam İdarəsinin Estetik Nəzarət şöbəsinin böyük müfəttişi vəzifəsinə təyin edilmiş, bu X16 Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq tərəflərin hüquq bərabərliyi əsasında onların qarşılıqlı razılığı ilə “09” mart 2018-ci il tarixindən “09” mart 2019-cu il tarixinədək 1 (bir) il müddətinə bağlanmışdır. - Azərbaycan Respublikasının Dövlət X10 Regional Reklam idarəsinin 09.03.2018ci il tarixində bağlanmış 004 nömrəli əmək müqaviləsinə 004/ D-1 nömrəli dəyişiklikdən görünür ki, “Estetik nəzarət şöbəsinin böyük müfəttişi vəzifəsindən azad edilsin, Estetik nəzarət şöbəsinin müfəttişi vəzifəsinə təyin edilsin” sözləri, "Estetik nəzarət şöbəsinin müfəttişi vəzifəsindən vəzifə maaşı ştat cədvəlinə müvafiq olaraq Estetik nəzarət şöbəsinin böyük müfəttişi vəzifəsinə keçirilsin” sözləri ilə əvəz edilmişdir. Dəyişikliklər 19.02.2019-cu il tarixindən qüvvəyə minmiş və 09.03.2018-ci il tarixində bağlanmış 004 nömrəli əmək müqaviləsinin tərkib hissəsini təşkil etmişdir. - Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin 19.02.2019-cu il tarixli 07-k nömrəli digər vəzifəyə keçirilmə haqqında əmrdən görünür ki, X9 - əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 19 fevral 2019-cu il tarixdən Estetik nəzarət şöbəsinin müfəttişi vəzifəsindən vəzifə maaşı ştat cədvəlinə müvafiq olaraq Estetik nəzarət şöbəsinin aparıcı müfəttişi vəzifəsinə keçirilmişdir. - Azərbaycan Respublikasının Dövlət X14 Hüquq X2 arasında bağlanmış 12 mart 2020-ci il tarixli, 350 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, işçi X11 əsas iş yeri üzrə Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin Estetik nəzarət şöbəsinə aparıcı müfəttiş vəzifəsinə qəbul edilmiş, Əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq tərəflərin hüquq bərabərliyi əsasında onların qarşılıqlı razılığına əsasən 12.03.2020-ci il tarixindən 12.09.2020-ci il tarixinədək 6 (altı) ay müddətinə bağlanılmışdır. İşdə olan “X3 vərəqəsi”nin surətindən görünür ki, X11 14.09.2020-ci il tarixdən 18.09.2020-ci il tarixədək hipertoniya və xroniki bronxit xəstəliyi ilə əlaqədar işdən azad olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin 14.09.2020-ci il tarixli k-96 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən görünür ki, X9 - X12 İdarəsinin Estetik nəzarət şöbəsinin aparıcı müfəttişi ilə bağlanmış əmək müqaviləsinə 14 sentyabr 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin maddənin 2-ci bəndinə əsasən işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab etmir və qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə gəldiyi nəticə onun müəyyən etdiyi faktiki hallara uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Beləliklə, apellyasiya baxışı zamanı işdə olan mötəbər sübutlara əsasən müəyyən edildi ki, işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinin tələbləri pozularaq işçi X11 üzrlü səbəblərdən, yəni X3 vərəqəsinə əsasən xəstə olduğuna görə iş yerində olmadığı müddətdə onunla bağlınmış müddətli əmək müqaviləsinə xitam vermişdir. Belə olan halda, həmin müddətli əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunsuz hesab edilərək ləğv edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. Odur ki, Kollegiya belə nəticəyə gəlir ki, X15 oğlu ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilməsinə dair Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin 14.09.2020-ci il tarixli k-96 nömrəli əmri ləğv edilməli, X1 Regional Reklam İdarəsinin Estetik nəzarət şöbəsinin aparıcı müfəttişi iş yerinə (vəzifəsinə) bərpa edilməli və məcburi iş buraxma müddəti üçün ona işə bərpa olunduğu günə qədər müvafiq əmək haqqı ödənilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia tələbləri qalan hissələrdə sübut olunmadığndan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası belə yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən prosessual və maddi pozuntulara yol verərək təqdim olunmuş ilkin sübutları düzgün təmin etməmiş, hüququn tətbiqində səhv buraxmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin əsassız qətnaməsinin ləğv edilməsi üçün birbaşa əsasdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilən prosessual hüquq normalarının tələbindən çıxış edən Kollegiya, yuxarıda qeyd edilənləri nəzərə alaraq və MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı X15 oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(009)-844/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X15 oğlunun iddiası qismən təmin edilsin. X15 oğlu ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə) xitam verilməsinə dair Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin 14.09.2020-ci il tarixli k-96 nömrəli əmri ləğv edilsin. X1 Regional Reklam İdarəsinin Estetik nəzarət şöbəsinin aparıcı müfəttişi iş yerinə (vəzifəsinə) bərpa edilsin və məcburi iş buraxma müddəti üçün ona işə bərpa olunduğu günə qədər əmək haqqı ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar