Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8325/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2988/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı beh müqavilələri üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 102.000 (bir yüz iki min) manat məbləğində beh üzrə pulun, iddia qaldırılması ilə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və vəkil xidmət haqqı kimi ödənilmiş 200 (iki yüz) manat məbləğində pulun, ümumilikdə 102.230 (bir yüz iki min iki yüz otuz) manat məbləğində pulun tutularaq ona ödənilməsi, qeyd edilən pulun Cavabdeh məxsus ünvan 1 mənzil 46,47 ünvanda yerləşən mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı oglu iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2017-ci ildə ev almaq qərarına gəlmiş və bu məqsədlə Cavabdeh məxsus ünvan 1 mənzil 46, 47 və 48 ünvanda yerləşən mənzilə baxmışdır. Həmin mənzillər ayrı-ayrı çıxarışlarda əks olunduğundan o həmin mənzillərin bir çıxarış adı altında ona satılmasını bildirdi. Məqsəd isə o idi ki, o həmin mənzilin alınması üçün yetərli pulu olmadığı üçün həmin mənzili ipoteka yolu ilə almaq qərarına gəlmişdir və bunun üçün də həmin mənzillərin reallıqda olduğu kimi sənəd üzərində də bir çıxarışda olması vacib şərtlərdən idi. O, həmin mənzili alarkən, cavabdehin nümayəndəsi kimi çıxış edən və danışıqları və sənədləşməni aparan Əfqan adlı şəxslə əlaqədə olurdu. Əfqan ona bildirdi ki, onun istədiyi şərtlərlə mənzili bir çıxarış adı altında ona satılması üçün həmin mənzillərin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən yenidən sənədləşdirilməsi lazımdı ki, bunun üçün də həm müəyyən məbləğdə pul, həm də bir qədər zaman lazımdır. Bundan sonra sonuncu ondan həmin mənzillərin həm sənədləşməsi, həm də satılması məqsədi ilə behlər aldı. Həmin beh müqavilələri xx xxxxxxxx 2017-ci il tarixdə 10.000 (on min) manat, xx xxxxxxxx 2017-ci il tarixdə 31.000 (otuz bir min) manat və xx xxxxxxx 2017-ci il tarixdə 10.000 (on min) manat məbləğində bağlanmışdır. Qeyd edilən məbləğlərdə alınan behlər satılması bildirilən mənzilin sənədləşdirilməsi və eyni zamanda evin satılmasının təminatı olaraq alınmışdır. Həmin tarixdən bu günə qədər cavabdeh və nümayəndəsi müxtəlif bəhanələrlə hər dəfə evin sənədlərinin hazır olması üçün vaxt istəmiş, o da onlara inanaraq gözləmək məcburiyyətində qalmışdır. Lakin aradan bir ildən artıq vaxt keçdikdə o alınmış behlərin geri qaytarılmasını tələb etmişdir. Bu zaman da müxtəlif bəhanələr gətirərək alınmış behlərin qaytarılması üçün vaxt istəmiş, bu günə qədər də alınmış beh üzrə pulu geri qaytarmamışlar. Hesab edir ki, cavabdeh tərəfindən beh müqavilələri üzrə alınmış pullar qanunun tələbləri qaydasında cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməlidir. Qeyd edilən müddəa beh müqavilələri bağlanılan zaman notarius tərəfindən müqavilənin tərkib hissəsi kimi göstərmiş və tərəfə izah edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən öhdəliklər icra edilmədiyi üçün ondan alınmış ümumilikdə 51.000 (əlli bir min) manat məbləğində pul vəsaitinin iki misli miqdarında yəni 102.000 (bir yüz iki min) manat olaraq geri qaytarılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2988/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 102.000 (bir yüz iki min) manat məbləğində beh üzrə pul vəsaitinin, 200 (iki yüz) manat məbləğində vəkil xidməti xərcinin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 102.230 (bir yüz iki min iki yüz otuz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətanamə çıxaran zaman tələsgənliyə yol vermiş, cavabdehin məhkəmə iclasında iştirakı üçün zəruri tədbirlər görmədən iddiaçının maraqlarına cavab verən bir tərəfli və natamam qətnamə çıxarmışdır. Nəticədə qətnamə çıxarılmasının məramına uyğun gəlməyən məhkəmə aktı çıxarılmış, bu akt mübahisəni həll etməmiş, əksinə mübahisənin həllinə mane olmaqla daha böyük qanun pozuntusunu gizlətmişdir. Belə ki, məhkəmə araşdırması cavabdehin iştirakı olmadan aparıldığından cavabdeh etibarsız əqdi qarşılıqlı iddia ərizəsi əsasında mübahisələndirə bilməmiş, əmlakın özgəninkiləşdirilməsinə dair səlahiyyəti olmayan şəxs tərəfindən özgəninkiləşdirməyə cəhd edilmiş, hazırki, qətnamə isə bu etibarsız əqdin qanuniləşdirilməsinə gətirib çıxarmışdır. İş materiallarında olan beh müqavilələri cavabdehin özü tərəfindən deyil onun etibarnaməsindən istifadə etməklə X6 tərəfindən imzalanmış, ödənən beh məbləğidə sonuncu tərəfindən bank hesabından çıxarılaraq, özünün şəxsi ehtiyaclarına sərf edilmişdir. X3 cavabdeh tərəfindən etibarnamə mülkiyyətdə olan 3 mənzilin bir nömrə altında zəruri işlərin görülməsi üçün verilmiş, Əfqan Qasımova mənzilin özgəninkiləşdirilməsi ilə əlaqədar olaraq heç bir səlahiyyət verilməmiş, sonuncu isə ona verilən etibarnamədən və səlahiyyətlərdən sui-istifadə edərək iddiaçı ilə qeyd olunan beh müqavilələrini rəsmiləşdirmişdir. Qeyd edilənlərdən aydın olur ki, Əfqan Qasımov ona verilən səlahiyyətləri aşaraq cavabdehin maraqlarına zidd olan onun bəyənmədiyi əqdi rəsmiləşdirməklə, cavabdehin mülki hüquqlarını kobudcasına pozmuşdur. Maraqlıdır ki, iddiaçı Əfqan Qasımovla bir deyil bir neçə dəfə görüşmüş, dəfələrlə onunla ünsiyyətdə olmuş, çox gümanki, Əfqan Qasımovun mənzili özgəninkiləşdirməsinə səlahiyyətinin olmadığını bilmiş, sadəcə olaraq dəyəri 500 min manatdan çox olan mənzili 5 dəfə ucuz qiymətə satıldığını görərək mülki hüququn tələblərinə uyğun gəlməyən uydurma əqdi notariat orqanında rəsmiləşdirmiş, bununlada görüntü xatirinə müqavilə rəsmiləşdirmişdir. Əqdin uydurma əqd olduğu özünü həmçinin onda göstərir ki, İddiaçı Fəyyaz oğlu düz 3 dəfə ayrı-ayrı tarixlərdə beh müqaviləsi bağlamasına baxmayaraq bir dəfədə olsun Əfqan Qasımova nə üçün ayrı-ayrı tarixlərdə beh müqaviləsi bağlamasını soruşmadığı inandırıcı görünmür. Görünən odur ki, iddiaçı ayrı-ayrı tarixlərdə beh müqaviləsi bağlayarkən alqı-satqı müqaviləsinin bağlanmayacağını bilmiş, lakin bunu etməklə niyyəti əlavə gəlir əldə etmək olmuşdur. Bundan əlavə, məhkəmə qətnaməsində ən çox narazı qalınan bir digər məqam isə məhkəmənin araşdırma apararkən işin detallarını dərindən araşdırmaması və mübahisəyə iddia müddətinin tətbiq edilməməsi ilə bağlıdır. Cavabdehin məhkəmə iclaslarında iştirakı lazımınca təmin olunmadığından cavabdehin özü də iddia müddətinin ötürülməsi ilə bağlı ərizənin verilməməsi ilə nəticələnmişdir. Belə ki, iddiaçı Bağırov X8 Qasımovla ilk beh müqaviləsini xx xxxxxxxx 2017-ci ildə bağlamış, 10.000 min manat məbləğində öncədən beh vermişdir. Sonradan ikinci beh müqaviləsini xx xxxxxxxx 2017-ci ildə bağlayaraq 31 min manat, üçüncü beh müqaviləsini isə xx xxxxxxx 2017-ci il tarixdə bağlayaraq 10.000 manat beh ödəmişdir. Əgər həmin beh müqavilələrindən ikinci müqavilə olan xx xxxxxxxx 2017-ci il tarixli 3M-925 reyestr nömrəli müqavilənin "tərəflərin öhdəlikləri"ni müəyyən edən bəndlərinə nəzər salınsa görünər ki, orada “Alıcı” əmlakın dəyərindən qalan 134.000 manatı (bir yüz otuz dörd min) manatı xx.xx.2017-ci il tarixədək "Satıcı" ya ödəməyi öhdəsinə götürür. Beh müqaviləsinin şərtindən də göründüyü kimi Əfqan Qasımovun verdiyi uydurma alqı-satqı müqaviləsi xx.xx.2017-ci il tarixdə iddiaçı ilə rəsmiləşdirilməli və mənzil ona satılmalı idi. Lakin, həmin tarixdə heç bir alqı-satqı müqaviləsi rəsmiləşdirilmədiyindən heç şübhəsiz ki, iddiaçı artıq aldadıldığını bilmişdir. Məhz bu tarixdən sonra iddiaçı üçün iddia müddətinin axımı başlanmış, buna baxmayaraq iddiaçı mülki qanunvericiliklə müəyyən edilən müddətdə iddia ilə məhkəməyə müraciət etməmişdir. Yəni iddiaçı artıq mənzilin alqı-satqısı ilə əlaqədar müqavilə bağlanmağında olan maneələri görməli və öz əməlində yanılmamalı idi. Lakin, Əfqan Qasımov iddiaçı ilə görüntü xatirinə müqavilələri rəsmiləşdirərək onu aldatmış, iddiaçı isə buna göz yumaraq yanıldığını qəbul etmişdir. Həmçinin cavabdehin məhkəmə iclasında iştirak etməməsi, səlahiyyət vermədiyi əqdlərin etibarsız hesab edilməsi ilə əlaqədar qarşılıqlı iddia ərizəsinin verilməsini də mümkünsüz etmişdir. İşin hallarından və tərəfin verdiyi izahatlardan açıq-aydın görünür ki, cavabdeh beh müqavilələrinin bağlanması üçün etibarnamə üzrə nümayəndəsinə səlahiyyət verməmişdir. Bu isə müqavilələrin etibarsız hesab edilməsi üçün əsasdır. Təəssüflər olsun ki, məhkəmə qətnamə qəbul edərkən istinad etdiyim bu normalara istinad etməmişdir. Qətnamədə bu barədə qeydin edilməməsi də dediklərimizi tam olaraq sübuta yetirir. Hörmətli məhkəmə kollegiyası! Yuxarıda qeyd edilənlərdən də görünür ki, məhkəmə qətnaməsi qanuni və əsaslı deyil, mülki-prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X7 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X4 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda qətnamə yalnız iddianın təmin olunan hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iddianın təmin olunmayan hissəsində iddiaçı tərəfindən qətnamə apelyasiya şikayətinə qaydasında mübahisələndirilmiş və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13118/2019 saylı, xx xxxxxxx 2019-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə İddiaçı münasibətdə və onun mübahisələndirdiyi hissədə (iddianın təmin edilmədiyi hissədə) dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə kasasiya qaydasında iddiaçı tərəfindən mübahisələndirilsə də, kasasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddianın təmin edilmədiyi hissəsində qanuni qüvvəsini almışdır. Ona görə də qətnamə iddia tələbinin təmin edilməyən hissəsində apelyasiya baxışı çərçivəsində yoxlanılmır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2988/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, mülki işin materiallarında olan xx xxxxxxxx 2017-ci il tarixli beh müqaviləsindən müəyyən olunur ki, Cavabdeh (onun əvəzinə X6) dəyəri 165.000 manat olan Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 23 nömrəli evin 46, 47 və 48 nömrəli mənzilləri İddiaçı satmaq müqabilində İddiaçı 10.000 manat məbləğində beh almışdır. Mülki işin materiallarında olan xx xxxxxxxx 2017-ci il tarixli beh müqaviləsindən müəyyən olunur ki, Cavabdeh (onun əvəzinə X6) dəyəri 165.000 manat olan Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 23 nömrəli evin 46, 47 və 48 nömrəli mənzilləri İddiaçı satmaq müqabilində İddiaçı 31.000 manat məbləğində beh almışdır. Mülki işin materiallarında olan xx xxxxxxx 2017-ci il tarixli beh müqaviləsindən müəyyən olunur ki, Cavabdeh (onun əvəzinə X6) dəyəri 165.000 manat olan Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 23 nömrəli evin 46, 47 və 48 nömrəli mənzilləri İddiaçı satmaq müqabilində İddiaçı 10.000 manat məbləğində beh almışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx xxxxxxxx 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 23 nömrəli evin 48 nömrəli mənzili Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 2708 nömrəli reyestr kitabının 252392 nömrəli səhifəsində müvafiq tarixdə qeydiyyat aparılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx xxxxxxxx 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 23 nömrəli evin 46 və 47 nömrəli mənzilləri Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 2708 nömrəli reyestr kitabının 252361 nömrəli səhifəsində müvafiq tarixdə qeydiyyat aparılmışdır. Mülki işin materiallarında olan xx xxx 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, vəkil xidməti olaraq İddiaçı tərəfindən X5 200 (iki yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir. Mülki işin materiallarında olan xx xxxx 2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir; 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır; 491.3-ci maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır; 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır; 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia tələbinə uyğun olaraq ilk növbədə beh müqavilələrinin icra edilməməsinin məsuliyyətini cavabdehdə olduğunu sübut etməli idi. İddiaçı beh müqavilələrinin icra edilməməsinin məsuliyyətini cavabdehdə olduğunu qeyd edərək, alqı-satqının baş tutmamasının səbəbi cavabdehin müxtəlif bəhanələrlə mənzillərin alqı-satqı üçün tələb olunan müvafiq sənədlərinin hazır olmaması olmuşdur. Bundan sonra, iddiaçı şəxs tərəfindən beh müqavilələri üzrə ödədiyi müvafiq beh məbləğlərinin qaytarılması tələb edildikdə, həmin məbləğlər cavabdeh şəxs tərəfindən qaytarılmamışdır. Göründüyü kimi, tərəflər arasında onların qarşılıqlı iradə ifadəsi əsasında yazılı beh müqavilələri bağlanmışdır. Belə ki, xx xxxxxxxx 2017-ci il tarixli beh müqaviləsi əsasında Cavabdeh (onun əvəzinə X6) dəyəri 165.000 manat olan Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 23 nömrəli evin 46, 47 və 48 nömrəli mənzilləri İddiaçı satmaq müqabilində İddiaçı 10.000 manat, xx xxxxxxxx 2017-ci il tarixli beh müqaviləsi əsasında Cavabdeh (onun əvəzinə X6) dəyəri 165.000 manat olan Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 23 nömrəli evin 46, 47 və 48 nömrəli mənzilləri İddiaçı satmaq müqabilində İddiaçı 31.000 manat və xx xxxxxxx 2017-ci il tarixli beh müqaviləsi əsasında Cavabdeh (onun əvəzinə X6) dəyəri 165.000 manat olan Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 23 nömrəli evin 46, 47 və 48 nömrəli mənzilləri İddiaçı satmaq müqabilində İddiaçı 10.000 manat olmaqla, cəmi 51.000 manat məbləğində beh almışdır. Eyni zamanda, müqavilənin icra edilməsi üçün beh alan məsuliyyət daşıyarsa, o beh verənə behin iki mislini ödəmək barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh müxtəlif bəhanələrlə mənzillərin alqısatqısı üçün tələb olunan müvafiq sənədlərinin hazır olmamasını bəhanə edərək, həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, aldığı behin iki mislini, yəni 102.000 manatı (51.000x2) iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Apelyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisənin predmeti beh müqaviləsi üzrə pulun tələb edilməsidir. Lakin cavabdehin apelyasiya şikayətinin əsas dəlili beh müqavilələrinin bağlandığı andan etibarsız əqd olmasıdır. Kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəliləri başqa iddia tələbini əsasını təşkil etdiyindən, hazırki halda apelyasiya şikayəti üzrə əlavə araşdırmanın aparılmasına lüzum yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2988/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2988/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8325/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8325/2020
02.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver