Məhkəmə qərarları › İş №2(103)-8333/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8333/2021

25.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8333/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakları ilə, İddiaçı – Cavabdeh qarşı (X17, X24, Bakı şəhəri İcra Hakimiyyəti və Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin üçüncü şəxs qismində cəlb edildiyi) «mənzildən çıxarılma və onun həmin mənzilə köçürülməsi» tələbinə ilkin iddia üzrə, Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh – cavabdeh İddiaçı Müseyib qızına qarşı «yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı – Cavabdeh qarşı (X17, X24, Bakı şəhəri İcra Hakimiyyəti və Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin üçüncü şəxs qismində cəlb edildiyi) «mənzildən çıxarılma və onun həmin mənzilə köçürülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı ümumi sahəsi 73 kv.m olan mənzildən Cavabdeh çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 31 avqust 1959-cu ildə Ermənistan Respublikasının Allahverdi şəhərində anadan olmuşdur. Məlum hadisələr zamanı, yəni 1988-ci ildə ailə üzvləri ilə birlikdə Ermənistandan qaçqın düşərək Bakı şəhərində məskunlaşmışlar. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 1992-ci il tarixli, 5535 nömrəli Sərəncamı ilə ona 4 nəfər ailə üzvü ilə birlikdə ünvan 2 ünvanında yerləşən mənzilə pasport qeydiyyatına alınmışlar. Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 mart 1998-ci il tarixli 410 nömrəli Sərəncamı ilə ona ailə üzvləri ilə birlikdə Fərman Qurbanov küçəsi, 12 saylı evin, 31/32 saylı mənzilinə order yazılmışdır. 2009-cu ilin sonlarında mənzilin yerləşdiyi Fərman Qurbanov küçəsi, 12 saylı evdə qəzalı vəziyyət yarandığı üçün Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları evə baxış keçirərək mənzilin boşaldılmalı olduğunu bildirmişlər. Təklif olundu ki, sakinlər müvəqqəti olaraq kirayədə yaşasınlar, tezliklə təmir-bərpa işləri görüləcəkdir. Bu səbəbdən onlar bir müddət kirayədə yaşamışlar. Onun oğlu Yunanıstanda faciəli şəraitdə vəfat etdiyindən Yunanıstana getmiş və 2019-cu ilin yanvar ayında Bakı şəhərinə qayıdarkən məlum olmuşdur ki, ona məxsus ünvan 2 saylı mənzilinə olan pasport qeydiyyatı ləğv edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Səbail RPİnin X6 12 oktyabr 2017-ci il tarixli məktubu əsasında o, qeydiyyatdan çıxarılmış və Cavabdeh isə mənzilə qeydiyyata alınmışdır. Qanuni əsaslarla istifadəsində olan mənzildən qeydiyyatdan çıxarılmağı və heç bir vaxt mənzildə yaşamayan, yad insanın, yəni cavabdehin yaşayış yeri üzrə qeydiyyata alınmasının qanunsuz olması ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə şikayət ərizəsi ilə müraciət edərək Səbail RPİ-nin X6 əməkdaşlarının qanunsuz əməlinin araşdırılmasını, mənzilə olan pasport qeydiyyatının bərpa edilməsi və Cavabdeh pasport qeydiyyatının ləğv edilməsini xahiş etmişdir. Şikayət, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən araşdırılmış, lakin idarənin rəis müavini Elçin Məmmədov tərəfindən ona ünvanlanmış 28 oktyabr 2019-cu il tarixli, 018- 15066-1219 nömrəli məktubda qeyd olunmuşdur ki, onun qanunsuz olaraq ünvan 4 ünvanında qeydiyyatdan çıxarılmasını və Cavabdeh əsassız olaraq həmin ünvana qeydiyyata alınmasını həyata keçirmiş Səbail rayon Polis İdarəsinin əməkdaşları DİN-in rəhbərliyi tərəfindən intizam məsuliyyətinə cəlb edilmişdir. Onun müraciət etdiyi təqdirdə qeyd olunan ünvana yaşayış yeri üzrə qeydiyyata alınacağı bildirilmişdir. Vətəndaş Cavabdeh həmin ünvanda qeydiyyatdan çıxarılması məsələsi məhkəmə baxış predmeti olduğundan aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməyi məqsədəmüvafiq hesab edilmişdir. Bakı şəhəri Səbail RPİ-nin rəisi Cavid Muradov tərəfindən imzalanmış 25 oktyabr 2019-cu il tarixli, 065-32330-1219 nömrəli məktubda da qeyd olunmuşdur ki, İddiaçı müraciətinə baxılmışdır. Bildirirlər ki, ünvan 6 ünvanında hal-hazırda qeydiyyatda olan Cavabdeh göstərilən ünvandan qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəmə orqanlarına müraciət etməyi məqsədəmüvafiq hesab edilmişdir. Hazırda onun istifadəsində olan ünvan 4 ünvanına olan yaşayış yeri üzrə qeydiyyatı bərpa edilmişdir. Birinci instansiya məhkəməsində ilk iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının istifadəsində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı ümumi sahəsi 73 kv.m olan mənzildən Cavabdeh və qeyrilərinin çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Müseyib qızı cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı “qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-503/2020 saylı iş üzrə 17 mart 2020-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) Cavabdeh ünvan 6 ünvanında qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Səbail rayon polis idarəsinin üzərinə qoyulmuşdur. ünvan 23 evdə yaşayan qonşuların verdiyi məlumata əsasən müəyyən olunmuşdur ki, Cavabdeh mübahisənin məhkəmədə baxıldığı bir vaxtda, iddiaçıya məxsus olan mənzili iki ayrı şəxsə “satmışdır”. Hazırda mənzildə həmin şəxslər yaşayırlar. Məhkəmə baxışı dövründə ilk iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə növbəti ərizə təqdim edərək, iddiaçının istifadəsində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı ümumi sahəsi 73 kv.m olan mənzildən Cavabdeh və qeyrilərinin çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə növbəti ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı məxsus Səbail rayonu, F.Qurbanov küç. 12 saylı evin 31/32 ünanında yerləşən (yaşayış sahəsi 31 kv.m ümumi sahəsi 73,0 kv.m) mənzildə özbaşına artırma işləri aparmışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi Səbail Rayon məhkəməsinin 24.01.2014-cü il tarixli məhkəmə bildirişindən və iddia ərizəsindən görünür ki, Səbail rayonu, F.Qurbanov küç. 12 saylı evin 29 saylı mənzilində yaşayan X4 Cabbarova tərəfindən birinci mərtəbədə yerləşən mənzilin damı və qapısı zəbt olunmuş və qanunsuz tikinti işləri aparılmışdır. Bundan başqa, 08 fevral 2021-ci il tarixli 10/3423 nömrəli ekspertiza rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı Müseyib qızının adına Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 mart 1998-ci il tarixli 410 nömrəli Sərəncamı ilə verilmiş Səbail rayonu, Fərman Qurbanov küçəsi, 12 saylı evin 31/32 saylı mənzilinə dair orderdə nəzərdə tutulmuş 31,0 kv.m 2 yaşayış otağından ibarət yaşayış evinin faktiki olaraq ünvan 4 ünvanına aid layihə və cizgiyə uyğun gəlmədiyi müəyyən edilir. Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 12 mənzil 31/32 saylı mənzilin daxilində bir yaşayış otağının dəhliz-mətbəx və sanitar qovşağının yerləşdiyi və ümumi sahəsi 39,3 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Tədqiq olunan 31/32 saylı mənzil mülki iş materiallarına əlavə olunmuş plan-sxemə uyğun gəldiyi müəyyən edilir. Sonradan ilk iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, İddiaçı Müseyib qızının istifadəsində olan, ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzilinə Cavabdeh istifadə hüququnun olmamasının müəyyən edilməsi, bunun cavabdehin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması və X18, X21, X8, X7, X12 və qeyrilərinin mənzildən çıxarılmaları, İddiaçı Müseyib qızının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı məlum hadisələr zamanı, yəni 1988-ci ildə ailə üzvləri ilə birlikdə Ermənistandan qaçqın düşərək Bakı şəhərində məskunlaşmış, Bakı şəhər Səbail Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 1992-ci il tarixli, 5535 nömrəli sərəncamı ilə o, uşaqları ilə birlikdə ünvan 2 ünvanında yerləşən mənzilə pasport qeydiyyatına alınmışdır. Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 mart 1998-ci il tarixli 410 nömrəli sərəncamı ilə İddiaçı adına ailə üzvləri ilə birlikdə Fərman Qurbanov küçəsi, 12 saylı evin, 31/32 saylı mənzilinə order verilmişdir. 2009-cu ilin sonlarında mənzilin yerləşdiyi Fərman Qurbanov küçəsi, 12 saylı evdə qəza baş verdiyi üçün Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən evə baxış keçirilmiş, mənzil sahiblərindən mənzillərin boşaldılması tələb olunmuşdur. Mənzil sahiblərinin müvəqqəti olaraq başqa ünvanlarda yaşamaları tezliklə 12 saylı evdə təmir-bərpa işləri görüləcəyi bildirilmişdir. Validə Aşumovanın oğlunun Yunanıstanda faciəli şəraitdə vəfat etməsi səbəbindən digər oğlanlarının da yaşadığı Yunanıstana getmişdir. İddiaçı Bakı şəhərində olmadığını bilən Cavabdeh qeydiyyat üçün əsas ola biləcək sənədlər olmadan mənzilə pasport qeydiyyatına alınmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh iddiaçıya məxsus olan Fərman Qurbanov küçəsi, ev 12, mənzil 31/32 ünvanında yerləşən mənzili daş mişarla iki hissəyə bölərək X9 və X19 yaşamağ üçün vermişdir. Məhkəmə iclasında izahat verən üçüncü şəxs X17 izahatında göstərdi ki, mənzili 2019-cu ilin oktyabr ayında rəfiqəsinin vasitəsi ilə Cavabdeh 30.000 (otuz min) manata almış, əlavə xərclərə də 1-2 min manat xərcləmişdir. Məhkəmə iclasında izahat verən üçüncü şəxs X24 izahatında göstərmişdir ki, 28 noyabr 2019-cu il tarixdə Fuad adlı şəxsin vasitəsi ilə Cavabdeh 32.000 (otuz iki min) manata alaraq kirayəyə vermişdir. Cavabdeh keçirilən 5 məhkəmə iclasında hər dəfə iştirak edərək izahat versə də izahatlarında nə də ki, 21 yanvar 2020ci il tarixli qarşılıqlı iddia ərizəsində və 21 yanvar 2020-ci il tarixli etirazında mənzili X9 və X19 pul alaraq "satması" ilə bağlı heç bir məlumat verməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 14 fevral 2020-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəni imzalayan X10 və X13 yalandan məlumat verərək bildirirlər ki, guya mənzilin tikilməsinə Səbail rayon İcra Hakimiyyətinin əməkdaşları evi tikmək üçün Cavabdeh icazə vermişlər və həmin mənzildə Cavabdeh, övladları X30, X32 və X18 övladı X22 ilə birlikdə yaşayır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 16 fevral 2020-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəni imzalayan X5 yalandan məlumat verərək bildirir ki, Səbail rayon İcra Hakimiyyətinin əməkdaşları guya mənzilin tikilməsinə Cavabdeh icazə vermişlər və həmin mənzildə Cavabdeh, övladları X30, X32 və X18 övladı X22 ilə birlikdə yaşayır. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 14 fevral 2020-ci il tarixdə tərtib olunmuş aktı imzalayan X5, X10 və X13 yalandan məlumat verərək bildirirlər ki, guya mənzilin tikilməsinə Səbail rayon İcra Hakimiyyətinin əməkdaşları icazə vermişdirlər və mənzildə Cavabdeh, övladları X30, X32 və X18 övladı X22 ilə birlikdə yaşayır. İddiaçı Müseyib qızı cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı "qeydiyyatın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 503/2020 saylı iş üzrə 17 mart 2020-ci il tarixli qərarı ilə Cavabdeh ünvan 6 ünvanında qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Səbail rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı onun ünvan 9 ünvanına yerləşən mənzilinə yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 4 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir, həmin mənzil onun faktiki mülkiyyətindədir. Məlumat üçün bildirir ki, Cavabdeh 2007-ci il tarixində hazırkı mübahisələndirilən mənzilin altında olan mənzili Viktor adlı şəxsdən etibarnamə əsasında satın almışdır. Həmin etibarnamədə də ünvan 31/32 kimi qeyd edilmişdir. Mənzili Viktordan alanda ev təmirsiz və baxımsız olmuşdur. Ona görə də, o, həmin mənzili 2007-2008-ci illərdə təmir etdirmişdir. Daha sonra, yuxarıda qeyd edilən mənzil 2000-ci il tarixində Bakı şəhərində baş vermiş güclü zəlzələnin təsirindən uçaraq dağılmışdır. Bu səbəbdən dövlət həmin mənzili mənzil fondundan çıxarmışdır. Bundan sonra, dağılmış mənzilin qalıqlarını Səbail Rayon İcra Hakimiyyəti, Bələdiyyə və ərazi üzrə MKİS sökərək təmizləmişlər. O, aşağıda yaşayayaşaya icra hakimiyyətinə müraciət edərək, səhhəti ilə əlaqədar olaraq aşağıda yaşaya bilmədiyini bildirib onlardan yuxarıda ev tikməyinə icazə istəmişdir. Həmin qurumdan əraziyə baxış keçirmişlər və bildirdilər ki, bura zəlzələ vaxtı uçduğu üçün mənzil fondundan çıxarılmışdır. Sözü gedən qurumdan ona bildirmişlər ki, ona ancaq bu cür kömək edə bilərlər ki, orada tikintiyə icazə veriləcəkdir və həmin tikintini o, öz şəxsi vəsaiti hesabına aparmalı olmuşdur. O, 2008-2013-cü illərdə orada mənzil tikmişdir. Əvvəllər o, həmin mənzildə pasport qeydiyyatında olmamış və yalnız 2013-cü il tarixində pasport qeydiyyatına düşə bilmişdir. Günün birində yaşadığı ərazi üzrə sahə müvəkkili onun yuxarıda qeyd edilən və hazırkı mülki iş üzrə mübahisələndirilən mənzilə gələrək ona Yunanıstan Respublikasından Validə adlı bir şəxsin zəng etdiyini və mənzilin ona məxsus olmasını dediyini bildirmişdir. Sahə müvəkkili ona övladlarının həmin mənzildən qeydiyyatdan çıxarmağı təklif etmişdir. O, isə bildirdi ki, övladları Azərbaycana bir daha gəlməyəcəkdir. Sahə müvəkkili ondan özünün çıxmasını tələb etdikdə, sahə müvəkkilindən Yunanıstanda vətəndaşlıq alanadək ona möhlət verməsini, ən gec 1 (bir) ilə gəlib özünün çıxacağını bildirmişdir. Bundan təxminən 3 il yarım sonra o, İddiaçı pasport qeydiyyatı şöbəsinə şikayət edərək onu mənzildən pasport qeydiyyatından çıxarmışdır. Pasport qeydiyyat şöbəsinin əməkdaşları mənzilə gələrək qonşuları çağıraraq onlardan qonşuluq aktı almış və daha sonra onu pasport qeydiyyatından çıxarmışdır. Bu yaxınlarda o, Türkiyə Respublikasına əməliyyat olunmağa getmişdir. Evə qayıdanda qonşulardan eşitmişdir ki, Validə 21 ildən sonra gəlib evinin olmasını bildirmişdir. Mənzilə isə hazırkı 2020-ci ilin yanvar ayında hansısa qanundankənar üsulla pasport qeydiyyatına alınmışdır. Bunun Bakı İnzibati Məhkəməsinə ünvanlanmış iddia ərizəsinin surətindən də görmək olar. Bununla bağlı olaraq isə onun tərəfindən müəyyən hərəkətlər edilməkdədir. Ona görə də hesab edir ki, cavabdeh İddiaçı Müseyib qızının ünvan 4 ünvanında yerləşən mənzilə olan yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Hesab edir ki, cavabdeh İddiaçı Müseyib qızının ünvan 4 ünvanında yerləşən mənzildə yaşamadığına baxmayaraq formal olaraq qeydiyyatda qalması tamamilə əsassız və qeyri-qanunidir, bununla da onun hüquqları kobud surətdə pozulur, onun mülkiyyət hüquqlarını məhdudlaşdırılır. Bu səbəbdən də, onun mülkiyyətçi kimi pozulmuş hüquqları bərpa edilməlidir, cavabdeh İddiaçı Müseyib qızının onun ünvan 4 ünvanında yerləşən mənzilinə olan yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X26 ilkin iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, Sevil 2007-ci il tarixində hazırkı mübahisələndirilən məzilin altında olan mənzili Viktor adlı şəxsdən etibarnamə əsasında satın almışdır. Bunu hazırki mülki işə əlavə edərək məhkəməyə təqdim etdikləri sözü gedən etibarnamənin surəti ilə təsdiq edirlər. Həmin etibarnamədə də ünvan 31/32 kimi qeyd edilmişdir. Mənzili Viktordan alanda ev təmirsiz və baxımsız olmuşdur. Ona görə də Sevil həmin mənzili 2007-2008-ci illərdə təmir etdirmişdir. Daha sonra, yuxarı mənzil 2000-ci il tarixində Bakı şəhərində baş vermiş güclü zəlzələnin təsirindən uçaraq dağılmışdır. Bundan sonra, dağılmış mənzilin qalıqlarını Səbail Rayon İcra Hakimiyyəti, Bələdiyyə və ərazi üzrə MKİS sökərək təmizləmişlər. Bunu şahid ifadələri də təsdiq edir. Cavabdeh aşağıda yaşaya-yaşaya İcra Hakimiyyətinə müraciət edərək, səhhəti ilə əlaqədar olaraq aşağıda yaşaya bilmədiyini bildirib onlardan yuxarıda ev tikməyinə icazə istəmişdir. Həmin qurumdan əraziyə baxış keçirməyə gəlmişlər və bildirmişlər ki, bura zəlzələ vaxtı uçduğu üçün mənzil fondundan çıxarılmışdır. Sözü gedən qurumdan o da bildirilmişdir ki, Sevilə ancaq bu cür kömək edə bilərlər ki, orada tikintiyə icazə veriləcəkdir və həmin tikintini öz şəxsi vəsaiti hesabına aparmalıdır. Bu belə də olmuş və 2008-2013-cü illərdə orada mənzil tikmişdir. Əvvəllər Sevil həmin mənzildə pasport qeydiyyatında deyildi və yalnız 2013-cü il tarixində pasport qeydiyyatına düşə bilmişdir. Günün birində yaşadığı ərazi üzrə sahə müvəkkili onun yuxarıda qeyd edilən və hazırkı mülki iş üzrə mübahisələndirilən mənzilinə gələrək ona Yunanıstan Respublikasından Validə adlı bir şəxsin zəng etdiyini və mənzilin ona məxsus olmasını dediyini bildirmişdir. Hansı ki iddiaçının əlində əsas olaraq tutduğu order hazırkı mənzilə aid deyildir. Belə ki, həmin mənzil əsaslı olaraq sökülmüş, yerində isə tamam ayrı bir mənzil tikilmişdir. Yəni həmin orderdə göstərilən mənzil fiziki olaraq bu gün mövcud deyildir. Bunu cizgilər arasında olan fərqlərdən də görmək olar. Sahə müvəkkili ona övladlarının həmin mənzildən qeydiyyatdan çıxarmağı təklif etmişdir. O isə bildirdi ki, övladları Azərbaycana bir daha gəlməyəcəkdir. Sahə müvəkkili ondan özünün çıxmasını tələb etdikdə, sahə müvəkkilindən Yunanıstanda vətəndaşlıq alanadək ona möhlət verməsini, ən geci 1 (bir) ilə gəlib özünün çıxacağını bildirdi. Bundan təxminən 3 il yarım sonra onu pasport qeydiyyatı şöbəsinə şikayət edərək mənzilindən pasport qeydiyyatından çıxarmışdır. Pasport qeydiyyat şöbəsinin əməkdaşları mənzilə gələrək qonşuları çağıraraq onlardan qonşuluq aktı almış və daha sonra onu pasport qeydiyyatından çıxarmışdır. Bunu hazırkı etirazına əlavə edərək məhkəməyə təqdim etdiyi həmin aktın surəti ilə təsdiq edir. Məhkəmənin öz təşəbbüsü ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı sorğunun **********14 saylı, 19.02.2020-ci il tarixli cavabından da görünür ki, sözü gedən mənzil dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan başqa, yenə məhkəmənin öz təşəbbüsü ilə Bakı Səhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinə ünvanladığı sorğuya həmin qurum tərəfindən cavab olaraq verilmiş 116 saylı, 17.02.2020-ci il tarixli cavab məktubundan da görünür ki, həmin mənzil Bakı səhəri Səbail Rayonu MənzilKommunal Təsərrüfatı Birliyinin balansındadır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı – Cavabdeh qarşı «mənzildən çıxarılma və onun həmin mənzilə köçürülməsi» tələbinə dair ilkin və Cavabdeh – cavabdeh İddiaçı Müseyib qızına qarşı «yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiaları rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin hissəvi ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməsini, qarşlılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi ilkin iddiaçıya münasibətdə qanunsuz və əsassızdır. Məhkəmə yazılı sübutlara deyil, şahidlərin ziddiyyətli izahatlarına əsaslanmışdır. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Apellyator digər əsaslar da göstərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı ilkin iddiaçı və onun nümayəndəsi qətmənin hissəvi ləğv edilməsini, ilkin iddianın təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı qarşılıqlı iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Apellyator apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan göründüyü kimi o, qətnaməni ilkin iddiaya aid hissədə mübahisələndirmiş və buna görə də qətnamənin qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılmalıdır. Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrıayrılıqda müzakirə edib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, iş materiallarında olan: - Səbail Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 1992-ci il tarixli 5535 nömrəli sərəncamının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 4 nəfərdən ibarət olan ailəsi ünvan 13 ünvanında yerləşən mənzilə pasport qeydiyyatına alınması qərara alınmışdır. - Səbail Rayon İcra Hakimiyyəti Başçısının 05 dekabr 1997-ci il tarixli 1844 nömrəli sərəncamının təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı istifadəsinə verilmişdir. - Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 mart 1998-ci il tarixli 410 nömrəli sərəncamının təsdiq olunmuş surətindən görünür ki, V.Aşumova 1993-cü ildən 4 nəfər ailə üzvü ilə ünvan 1 ünvanında yaşayır. O, göstərilən sığınacağa Səbail rayon İHB-nın 23.12.1992-ci il tarixli, 5535 nömrəli sərəncamı ilə pasport qeydiyyatına alınmışdır. V.Aşumovaya 4 nəfər ailə üzvü ilə ünvan 1 saylı mənzilinə order verilməsi qərara alınmışdır. - Səbail Rayon İcra Hakimiyyətinin 14 aprel 1998-ci il tarixli 047907 nömrəli orderinin təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 saylı mənzilinə dair İddiaçı adına order verilmişdir. - DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Vəkil ünvanlanmış 28.10.2019-cu il tarixli məktubun surətindən görünür ki, İddiaçı qanunsuz olaraq ünvan 15 ünvanından qeydiyyatdan çıxarılmasını və Cavabdeh əsassız olaraq həmin ünvana qeydiyyata alınmasını həyata keçirmiş Səbail rayon polis dərəsinin əməkdaşları DİN-in rəhbərliyi tərəfindən intizam məsuliyyətinə cəlb edilmişdir. Vət. İddiaçı müraciət etdiyi təqdirdə qeyd olunan ünvana yaşayış yeri üzrə qeydiyyata alınacaqdır. Vət. Cavabdeh həmin ünvandan qeydiyyatdan çıxarılması məsələsi “yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9.6-cı maddəsinə (qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında) əsasən məhkəmə baxışı predmeti olduğundan aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməyi məqsədəmüvafiqdir. - DİN Bakı şəhər Baş Polis İdarəsi tərəfindən Vəkil ünvanlanmış 01.09.2019-cu il tarixli məktubun surətindən görünür ki, araşdırma nəticəsində Səbail rayon Polis İdarəsinin X6 əməkdaşları intizam məsuliyyətinə cəlb edilmişdir. Vətəndaş İddiaçı ilə vətəndaş Cavabdeh arasında olan mülki mübahisə sonuncunun ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması məsələsi məhkəmə baxışı predmeti olduğundan aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməyi tövsiyə olunmuşdur. - DİN Bakı şəhər Baş Polis İdarəsi tərəfindən Vəkil ünvanlanmış 04.11.2019-cu il tarixli məktubun surətindən görünür ki, müraciəti ilə əlaqədar Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində əlavə araşdırma aparılır. Əlavə araşdırma aparılmasının nəticəsi barədə Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən əlavə məlumat veriləcəyi bildirilmişdir. - DİN tərəfindən verilmiş ******* nömrəli, 18.01.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 16.12.2013-cü il tarixdən ünvan 1 saylı mənzilində qeydiyyatdadır. - ünvan 1 saylı mənzilində yaşayan Cavabdeh qonşuları – X13, X5 və X10 tərəfindən imzalanmış 14.02.2020-ci il tarixli aktın, eləcə də, həmin şəxslərin səlahiyyətli orqanlara ünvanladığı, imzaları notariat qaydada təsdiq edilmiş ərizələrinin məzmununda görünür ki, ünvan 18 ünvanında yerləşən mənzil Cavabdeh məxsusdur. Belə ki, qeyd olunan ünvanda təxminən 1999-cu ilədək əvvəllər qonşuları X11 mənzili olmuşdur. Daha sonra isə, 1998-ci ilin sonlarında 3 (üç) oğlu ilə Yunanıstana köçmüş və bir daha geri qayıtmamışdırlar. Bildirmək istəyirlər ki, 2000-ci ildə baş verən zəlzələ zamanı X14 məxsus olan ev tamamilə dağılmışdır. Bundan sonra 2008-ci ilədək həmin ünvanda mənzil olmamış, daha sonra isə, 2008-ci ildə Səbail İcra Hakimiyyətinin əməkdaşları həmin ünvana gəlmiş, ünvana baxış keçirmiş və Cavabdeh ünvan 20 ünvanında ev tikmək üçün icazə vermişlər. Bundan sonra, Cavabdeh öz şəxsi vəsaiti hesabına ünvan 21 ünvanında ev tikmiş və həmin tarixdən etibarən həmin mənzildə X30, X32 və X18 övladı X27 ilə birlikdə yaşayır. - Bakı şəhər İH MKTD tərəfindən məhkəmənin sorğusuna verilmiş 17.02.2020-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi dövlət mənzil fonduna aid olmaqla Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Aparılan araşdırma zamanı əldə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Səbail Rayon İcra Hakimiyyətinin 23.12.1992-ci il tarixli, 5535 saylı sərəncamı ilə İddiaçı Müseyib qızının 4 nəfər ailə üzvü ilə (özü və 3 oğlu) Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi (keçmiş Petrov), 12 saylı evin 31/32 saylı mənzilinə qeydiyyata alınması qərara alınmışdır. Səbail Rayon İcra Hakimiyyətinin 25.03.1998-ci il tarixli, 410 saylı qərarına əsasən 14.04.1998-ci il tarixli 047907 saylı orderi ilə qeyd edilən mənzil 4 nəfər ailə üzvü ilə (özü və 3 oğlu) İddiaçı istifadəsinə verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş 19.02.2020-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, 12 saylı evin 31/32 saylı mənzilin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. - “Qala” Yunanıstan-Azərbaycan dostluq Cəmiyyətinin məhkəməyə ünvanlanmış 22.02.2020-ci il tarixli məktubdan görünür ki, Azəbaycan Respublikasının vətəndaşı İddiaçı Müseyib qızı ailəsi ilə birlikdə müvəqqəti olaraq Yunanıstan Respublikasında yaşayır. İddiaçı və övladları “Qala” Yunanıstan-Azərbaycan Dostluq cəmiyyətinin üzvləridir və azərbaycanlı kimi Cəmiyyətin keçirdiyi mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edirlər və vətənpərvər davranış nümayiş etdirirlər. - 45 saylı MKİS tərəfindən İddiaçı adına, Səbail rayon İcra Hakimiyyətinə təqdim edilməsi üçün (etibarnamə əsasında) verilmiş 11.07.2011-ci il tarixli 1537 nömrəli, 2№li forma üzrə arayışın surətindən görünür ki, İddiaçı 3 nəfər ailə üzvü (oğulları) ilə birlikdə qeydiyyatda olduğu ünvan 23 evin İİ mərtəbəsində olan 2 otaqlı 31,0 kv.m yaşayış sahəsi olan 31/32 saylı mənzil sökülmüşdür. Arayışda qeyd edilmişdir ki, mənzil 2000-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində uçmuşdur. - 45 saylı MKİS tərəfindən verilmiş 05.05.2014-cü il tarixli 840 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh ünvan 1 saylı mənzilində qeydiyyatdadır. Mənzil İddiaçı sığınacaq kimi verilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-706/2014 saylı 16 oktyabr 2014cü il tarixli qətnaməsi ilə iddiaçı X15 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-503/2020 saylı, 17.03.2020-ci il tarixli qərarından görünür ki, Cavabdehd Əli qızının Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, 12 saylı evin 31/32 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Səbail RPİ-nin üzərinə qoyulmuşdur. - Azərbaycan Respublikiası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08.02.2021-ci il tarixli, 10/3423 saylı ekspert rəyindən görünür ki, X11 adına Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 mart 1998-ci il tarixli 410 nömrəli sərəmcamı ilə verilmiş Fərman Qurbanov küçəsi, 12 saylı evin 31/32 saylı mənzilinə dair orderdə nəzərdə tutulmuş 31,0 kv.m 2 yaşayış otağından ibarət yaşayış evinin faktiki olaraq ünvan 4 ünvanda aid layihəyə və cizgiyə uyğun gəlmədiyini nəzərə alaraq həmin mənzilin mövcud olmadığı müəyyən edilir. - “Azəriqaz” İB tərəfindən sorğuya verilmiş 05.04.2021-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 23 evin 31a saylı ünvanına uyğun abonent kodu İB-nin məlumatlar bazasında 1998-ci ildə İddiaçı adına qeydiyyata düşmüşdür. - DSX Sərhəd Nəzarəti tərəfindən sorğuya verilmiş 22.04.2021-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı 02.10.2004-cü il tarixdə (giriş) – 06.10.2004-cü il tarixdə (çıxış), 14.06.2008-ci il tarixdə (giriş) – 13.07.2008-ci il tarixdə (çıxış), 07.05.2015-ci il tarixdə (giriş) – 15.05.2015-ci il tarixdə (çıxış), 16.12.2016-cı il tarixdə (giriş) – 20.12.2016-cı il tarixdə (çıxış), 16.03.2019-cu il tarixdə (giriş) – 26.03.2019cu il tarixdə (çıxış), 05.12.2019-cu il tarixdə (giriş) – 20.12.2019-cu il tarixdə (çıxış) qeydə alınmışdır. Beləliklə də, işin birinci instansiya məhkəməsində araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı məlum hadisələr zamanı, yəni 1988-ci ildə ailə üzvləri ilə birlikdə Ermənistandan qaçqın düşərək Bakı şəhərində məskunlaşmış, mübahisəli mənzil ona sığınacaq kimi verilmişdir. Səbail Rayon İcra Hakimiyyətinin 23.12.1992-ci il tarixli, 5535 saylı sərəncamı ilə o, 4 nəfər ailə üzvü ilə (özü və 3 oğlu) Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi (keçmiş Petrov), 12 saylı evin 31/32 saylı mənzilinə qeydiyyata alınması qərara alınmışdır. Səbail Rayon İcra Hakimiyyətinin 25.03.1998-ci il tarixli, 410 saylı qərarına əsasən 14.04.1998-ci il tarixli 047907 saylı orderi ilə qeyd edilən mənzil 4 nəfər ailə üzvü ilə (özü və 3 oğlu) İddiaçı istifadəsinə verilmişdir. İlk iddia tələbinin məzmununa əsasən 2009-cu ilin sonlarında mənzilin yerləşdiyi Fərman Qurbanov küçəsi, 12 saylı evdə qəza baş verdiyi üçün Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən evə baxış keçirilmiş, mənzil sahiblərindən mənzillərin boşaldılması tələb olunmuşdur. Mənzil sahiblərinin müvəqqəti olaraq başqa ünvanlarda yaşamaları tezliklə 12 saylı evdə təmir-bərpa işləri görüləcəyi bildirilmişdir. Bu səbəbdən onlar bir müddət kirayədə yaşamışlar. İddiaçı oğlunun Yunanıstanda faciəli şəraitdə vəfat etməsi səbəbindən digər oğlanlarının da yaşadığı Yunanıstana getmiş, 2019cu ilin yanvar ayında Bakı şəhərinə qayıdarkən məlum olmuşdur ki, ona məxsus ünvan 2 saylı mənzilinə olan pasport qeydiyyatı ləğv edilmişdir. Şikayətləri əsasında onun istifadəsində olan ünvan 4 ünvanına olan yaşayış yeri üzrə qeydiyyatı bərpa edilmişdir. Hazırda ilk iddiaçı özünun istifadəsində olan, ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzilinə Cavabdeh istifadə hüququnun olmamasının müəyyən edilməsi, bunun cavabdehin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması, eləcə də, X18, X21, X8, X7, X12 və qeyrilərinin mənzildən çıxarılmaları, özünün də həmin mənzilə köçürülməli olmasını iddia edir. İlk iddiaçının ünvan 4 ünvanına olan yaşayış yeri üzrə qeydiyyatının bərpa edilməsinə baxmayaraq məhkəmə ilk növbədə onun tələbində göstərdiyi kimi mənzilin onun istifadəsində olmasına, həmin ünvandakı mənzilin faktiki mövcudluğuna qiymət verilməsini zəruri sayır. Belə ki, işin materiallarında olan 45 saylı MKİS tərəfindən verilmiş 11.07.2011-ci il tarixli 1537 nömrəli arayışından, izahat və ifadələrdən məlum olur ki, mənzil 2000-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində uçmuşdur. Bununla bağlı məhkəmə tərəfindən təyin edilmiş müvafiq ekspertiza rəyində İddiaçı Müseyib qızının adına Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 mart 1998-ci il tarixli 410 nömrəli sərəmcamı ilə verilmiş Fərman Qurbanov küçəsi, 12 saylı evin 31/32 saylı mənzilinə dair orderdə nəzərdə tutulmuş 31,0 kv.m 2 yaşayış otağından ibarət yaşayış evinin faktiki olaraq ünvan 4 ünvanda aid layihəyə və cizgiyə uyğun gəlmədiyi nəzərə alınaraq həmin mənzilin mövcud olmadığının müəyyən edilməsindən əlavə həmçinin göstərilmişdir ki, Bakı şəhər, Səbail rayonu, Fərman Qurbanov küçəsi, 12 saylı evin 31A saylı və Bakı şəhər, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 12 mənzil 31/32 saylı mənzillərin ümümi sahələri 76,5 kv.m (37,1+39,4) təşkil etdiyi halda İddiaçı Müseyib qızının adına Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 mart 1998-ci il tarixli 410 nömrəli Sərəmcamı ilə verilmiş Fərman Qurbanov küçəsi, 12 saylı evin 31/32 saylı mənzilin mülki iş materiallarına əlavə edilmiş plan sxemə əsasən (70,3 kv.m) təşkil etdiyini nəzərə alaraq cizgilərdə göstərilən tikililərin sayı və təyinatlarının uyğun gəlmədiyi müəyyən edilir. Bakı şəhər, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 12 mənzil 31/32 saylı mənzilinin daxilində bir yaşayış otağının, dəhliz-mətbəx və sanitar qovşağının yerləşdiyi və ümümi sahəsinin 39,4 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Tədqiq olunan 31/32 saylı mənzil mülki iş materialına əlavə olunmuş plan-sxemə uyğun gəldiyi müəyyən edilir, (iş v.146). Qeyd olunur ki, tədqiq olunan mənzillərə aid mülki iş materiallarına əlavə olunmuş plan-sxemlərə uyğun olduğunu nəzərə alaraq 31/32 və 31A saylı mənzillərdə əsaslı dəyişikliklərin aparılmadığı müəyyən edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddiaçı 2009-cu ilin sonlarında orderlə aldığı mənzilin yerləşdiyi Fərman Qurbanov küçəsi, 12 saylı evdə qəza baş verdiyi üçün Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən evə baxış keçirilməsi və mənzil sahiblərindən mənzillərin boşaldılmasının tələb olunmasını göstərsə də, bu halların təsdiqinə dair heç bir sübut təqdim etmədiyi üçün məhkəmə mübahisəli mənzilin 2000-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində uçması və orada 2007-2008-ci illərə qədər yaşayışın olmamasına dair təqdim edilmiş 45 saylı MKİS tərəfindən verilmiş 11.07.2011-ci il tarixli 1537 nömrəli 2 №li forma üzrə arayışına, bununla bağlı cavabdeh tərəfin izahatında və şahid ifadələrində göstərilənləri sübut növü kimi qiymətləndirir. İşin materiallarından görünür ki, ilk iddiaçı oğlunun Yunanıstanda faciəli şəraitdə vəfat etdiyindən ora getməsini 2019-cu ilin yanvar ayında Bakı şəhərinə qayıtmasını göstərsə də, oğlunun vəfat etməsi faktı olsa da, bununla bağlı müvafiq sənəd təqdim etməmiş və xarici dövlətdən Azərbaycan Respublikasına qayıtmasının tarixini düzgün göstərməmişdir. Belə ki, iş materiallarında olan DSX Sərhəd Nəzarətinin İddiaçı 1998-2021-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında olan məlumatlara əsasən ilk iddiaçı 06.10.2004-cü il tarixdən 14.06.2008-ci il tarixə kimi, 13.07.2008-ci il tarixdən 07.05.2015-ci il tarixə, 15.05.2015ci il tarixdən 16.12.2016-cı il tarixə, 20.12.2016-cı il tarixdən 16.03.2019-cu il tarixə, 26.03.2019-cu il tarixdən isə 05.12.2019-cu il tarixə kimi Azərbaycan Respublikasının ərazisində olmamışdır. Həmçinin sözügedən məktubda ilk iddiaçının 20.12.2019-cu il tarixdə dövlət sərhədindən çıxışı da qeyd edilmişdir. İlk iddiaçı 2019-cu ilin yanvar ayında Azərbaycan Respublikasına qayıdarkən ona məxsus ünvan 2 saylı mənzilinə olan pasport qeydiyyatının ləğv edilməsinin məlum olmasını göstərsə də, 02.10.2004-cü il tarixdən 06.10.2004-cü il tarixə, 14.06.2008-ci il tarixdən 13.07.2008-ci il tarixə, 07.05.2015-ci il tarixdən 15.05.2015-ci il tarixə, 16.12.2016-cı il tarixdən 20.12.2016cı il tarixə, 16.03.2019-cu il tarixdən 26.03.2019-cu il tarixə kimi Azərbaycan Respublikasının ərazisində olduğu müddətdə hansı ünvanda yaşamasını göstərə bilməmiş, məhz 2019-cu ilin yanvar ayında onun mənzilə qeydiyyatının ləğv olunması barədə məlumatlı olmasının səbəblərini tam və ətraflı izah edə bilməmişdir. Halbuki, işin materiallarından görünür ki, ilk iddiaçı Səbail RPİ-nin X6 12.10.2017-ci il tarixli məktubuna əsasən mübahisəli evdən qeydiyyatdan çıxarılmış və Cavabdeh isə 16.12.2013-cü il tarixdən həmin ünvanda qeydiyyatdadır. Həmçinin, məhkəmə qeyd edir ki, 45 saylı MKİS tərəfindən İddiaçı adına, Səbail rayon İcra Hakimiyyətinə təqdim edilməsi üçün (etibarnamə əsasında) verilmiş 11.07.2011-ci il tarixli 1537 nömrəli, 2№li forma üzrə arayışın surətindən görünür ki, İddiaçı 3 nəfər ailə üzvü (oğulları) ilə birlikdə qeydiyyatda olduğu ünvan 23 evin İİ mərtəbəsində olan 2 otaqlı 31,0 kv.m yaşayış sahəsi olan 31/32 saylı mənzil sökülmüşdür. Arayışda qeyd edilmişdir ki, mənzil 2000-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində uçmuşdur. Məhkəmə daha sonra qeyd edir ki, İddiaçı Müseyib qızının ailəsi ilə birlikdə müvəqqəti olaraq Yunanıstan Respublikasında yaşaması iş materiallarında olan “Qala” Yunanıstan-Azərbaycan dostluq Cəmiyyətinin iş materiallarında olan məktubu və DSX Sərhəd Nəzarətinin İddiaçı 1998-2021-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında olan məlumatlarda göstərilən tarixlərlə də təsdiq edilir. Məhkəmə ilk iddiaçının Azərbaycan Respublikasına qayıtdıqdan sonra onun istifadəsində olan ünvan 4 ünvanına olan yaşayış yeri üzrə qeydiyyatının bərpa edilməsi ilə bağlı xüsusata da qiymət verərək hesab edir ki, qeydiyyatın bərpası ilk iddianın əsaslı olması anlamına gəlməyə hüquqi əsas vermir. Belə ki, işin materiallarından görünür ki, ilk iddiaçının qeydiyyatdan çıxarılması bununla bağlı prosedur qaydalarına riayət edilməməsi ilə baş verdiyindən Səbail rayon Polis İdarəsinin əməkdaşları DİN-in rəhbərliyi tərəfindən intizam məsuliyyətinə cəlb edilmişdir. Həmçinin, Cavabdeh əsassız olaraq həmin ünvana qeydiyyata alınmasının qanunsuz olması və həmin ünvandan qeydiyyatdan çıxarılması məsələsinin hazırda məhkəmə baxışı predmeti olması da (həmin iş üzrə birinci instansiya məhkəməsinin qərarında verilən şikayətə baxılması üzrə apellyasiya icraatı dayandırılmışdır) ilk iddianın əsaslı olmasına dəlalət edən hallar kimi qiymətləndirilmir. Belə ki, məhkəmənin qənaətinə görə qeydiyyat mübahisəli hüquqi ünvana olsa da, həmin ünvanla bağlı verilən orderdə əks edilən texniki göstəriciləri olan mənzilin faktiki mövcud olmaması bu qeydiyyatın formal olması deməkdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinin dövlət mənzil fonduna aid olmaqla Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olması, ilk iddiaçının adına verilən orderin də hüquqi qüvvəsinin olması, faktiki olaraq ilk iddiaçının istifadəsinə verilmiş mənzilin hüquqi ünvanında digər mənzilin olması, eləcə də onların hüquqi ünvanlarının eyni olması ilk iddiaçının orderdə göstərilən, lakin hazırda mövcud olmayan mənzilin yerində digər texniki göstəricilərlə inşa edilmiş mənzilə hüququnun olması kimi qiymətləndirilə bilməz. İlk iddiaçının adına olan orderdə göstərilən mənzilin yerində inşa edilmiş tikililərin hazırki statusu özbaşına tikilidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, şahidlər X1, X3, X28 ifadələrində onlara məlum olan halları aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Buna görə də, məhkəmə verilən məlumatları şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olduğu üçün sübut növü kimi qiymətləndirir. Lakin məhkəmə qeyd edilən şahidlərdən fərqli olaraq X2 ifadəsinə hüquqi qiymət verərək qeyd edir ki, sübutların qiymətləndirilməsini tənzimləyən MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdır mı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi məhkəmənin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi, yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasını müəyyənləşdirməsidir. X2 ilk iddiaçının qardaşı olmaqla verdiyi ifadəsinin məzmun cəhətdən ziddiyyətli olması ilə yanaşı, həm də bu ifadəni ilk iddiaçının maraq və mənafeyinə uyğun verilmiş ifadə kimi qiymətləndirir. Başqa sözlə, işin nəticəsində hüquqi baxımdan maraqlı şəxs olan X2 ifadəsindəki məlumatlar ziddiyyəli və qeyriobyektiv olduğu üçün sübut növü kimi qiymətləndirilə bilməz. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırki iş üzrə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməmiş, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər irəli sürülməmişdir. Belə olan halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Beləliklə də, araşdırılmış sübutlar əsasında birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddiaçının orderlə ona verilmiş mənzildə uzun müddət yaşamaması, yaşadığı mənzilin 2000-ci ildə zəlzələ nəticəsində dağılmaya məruz qalması sübut olunduğu və ilk iddiaçının adına olan orderdə qeyd edilən texniki göstəricilər əks edilmiş mənzil faktiki mövcud olmadığı üçün onun iddia tələbləri əsaslı sayıla bilməz və buna görə də rədd edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin ilkin iddiaya münasibətdə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İlkin İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsi ilkin iddianın təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar