Məhkəmə qərarları › İş №2(103)-834/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-834/2020

07.01.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-834/2020 07.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Azad Nizam oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, onların nümayəndəsi, vəkil Tofiq Məmmədovun iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evə köçürülmə barədə ilkin, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı mülkiyyət və istifadə hüququnun itirilməsi barədə qarşılıqlı iddiasına dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5922/2019 saylı mülki iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi və hazırda pasport qeydiyyatında olduğu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi, 9 saylı evə (bundan sonra – mübahisəli ev) köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların mübahisəli evə mülkiyyət və istifadə hüquqlarının kompensasiya verilməklə itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia təmin, qarşılıqlı iddia rədd edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçılar mübahisəli evdə deyil, başqa ünvanlarda yaşayırlar. Miras payı kimi 39,9 kv.m mənzilə payları müəyyən edilsə də, iddiaçılar həmin paya dair istifadə və digər hüquqlarını həyata keçirmirlər. İddiaçıların onlara ayrılan hissəyə köçürülərək orada yaşamaları qeyri-mümkündür. Qeyd edilən səbəblərdən mübahisəli evə dair texniki pasort ala bilməyib. Apellyasiya baxışı zamanı iddiaçıların nümayəndəsi şikayətə etiraz edərək, bildirdi ki, mübahisəli mənzilə İddiaçı1 4/18, İddiaçı2 isə 7/18 pay hüququ qanuni qaydada tanınmışdır. Həyətdə iki ev var və onlardan biri olan ata evində İddiaçı1 yaşayır. İddiaçı hazırda İddiaçı1 həmin evdə yaşamasına maneələr yaradır. Həyətin ayrıca iki giriş-çıxışı var. Məhkəmə qətnaməsi ilə cavabdehin də mübahisəli evə 7/18 hissədə payı müəyyən edilib. İddiaçıların nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. İddiaçılar hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etdilər. Cavabdehin vəkili Nurlanə Quliyeva məhkəməyə ərizə ünvanlayaraq başqa məhkəmə prosesi ilə bağlı hazırkı işin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin hallarını, ərizəyə əlavə olunan sənədlərlə digər iş üzrə məhkəmə iclasında həqiqətən də Nurlanə Quliyevanın iş üzrə tərəfin təmsilçisi (vəkili) olduğunun təsdiq edilmədiyini, cavabdehin özünün də səbəbi barədə məlumat vermədən hazırkı məhkəmə iclasında iştirak etmədiyini nəzərə alaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli evə 4/18 hissədə İddiaçı1, 7/18 hissədə İddiaçı2 xüsusi mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2, 152.1, 152.2, 152.3, 152.5, 153.4, 157.4, 215.2 və 215.4-cü edərək, ilkin iddianı təmin, qarşılıqlı iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, iddiaçılar mübahisəli yaşayış evinin paylı mülkiyyətçiləri olduğundan onların həmin yaşayış sahəsində əvvəllər yaşayıb-yaşamadıqlarından asılı olmayaraq oraya köçüb yaşamaqla onun faydalı xassələrindən istifadə etmək hüquqları vardır. Həmçinin iddiaçıların mübahisəli əmlakda payları cüzi olmadığından cavabdehin onlara kompensasiya ödəməklə mülkiyyət hüquqlarına xitam verilməsini tələb etməklə bağlı subyektiv hüququ yoxdur. Apellyasiya şikayətinə əlavə edilmiş məhkəmə aktından da görünür ki, başqa mübahisə üzrə Cavabdeh iddiası təmin edilərək onun yaşayış evinə 7/18 hissədə payı müəyyən edilmişdir. Yəni sonuncunun mənzildə payı iddiaçıların payından əhəmiyyətli dərəcədə artıq deyil, əksinə İddiaçı2 payı ilə eynidir. Tərəflərin mübahisəli evdə birgə yaşamalarının qeyri-mümkün olması iddianın rədd olunması üçün əsas ola bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5922/2019 saylı mülki iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar