Məhkəmə qərarları › İş №2(103)-834/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-834/2022

17.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-834/2022 17.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X6 qarşı «mənzilə köçürülmə» tələbinə dair 2(011)-5541/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı övladları 01.04.2008-ci il təvəllüdlü X10 və 03.06.2014-cü il təvəllüdlü X11 ilə birlikdə ünvan 1 ünvanda yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək X7 da cavabdeh kimi qeyd edərək, hər iki cavabdehə qarşı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 25 mart 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. İddiaçı ünvan 1 ünvana gəlin köçmüşdür. Birgə nikahlarından 01.04.2008-ci il təvəllüdlü X10 və 03.06.2014-cü il təvəllüdlü X11 doğulmuşdur. Həmin evdə də qeydiyyata alınmışlar. İddiaçı gəlin köçdüyü zaman həmin ev 1 mərtəbə, yerdən, təmirsiz, 1 zal və yataq otağından ibarət olmuşdur. Daha sonra birgə nikahda olduqları müddətdə, yəni təxminən 2015-ci ildə həmin evi sökərək yerində 1-ci mərtəbəsi 1 dəhliz, qonaq otağı, mətbəx, 2-ci mərtəbəsi isə 3 yataq otağından ibarət olan iki mərtəbəli hazırkı evi tikmişlər. 4 ay müddət ərzində, yəni ev yaşayış üçün tam hazır vəziyyətə gətirilənə qədər onlar valideynlərinə məxsus evdə yaşamışlar. Evin tikintisinə birgə təsərrüfat hesabına əldə edilmiş gəlirlərini sərf etmişlər. Həmin ev onun yeganə daimi yaşayış yeri olmuşdur. Qısqanclıq səbəbi ilə əri ilə aralarında davamlı olaraq mübahisə yaranmış və bu səbəblə də dəfələrlə cavabdeh iddiaçını hədələmiş, evdə daim söz-söhbət yaratmış, ona qarşı psixoloji və fiziki şiddət tətbiq etmişdir, sonuncu dəfə etdiyi təzyiq və hədələrdən sonra iddiaçını evdən qovaraq qapının kilidini dəyişdirmiş, onun evə daxil olmasına maneə törətmişdir. Bütün cehiz əşyaları, o cümlədən servant, masa-miz, yataq dəsti və sair şəxsi əşyaları, iddiaçının və uşaqların geyim əşyaları hal-hazırda həmin evdədir. Təxminən 1-2 aydır ki, iddiaçı atasına məxsus 1 otaqlı evdə müvəqqəti olaraq valideynləri - atası, anası və övladları ilə birlikdə yaşayır, davamlı olaraq orada yaşamaq qeyri-mümkündür, başqa yaşayış yeri yoxdur, tikilinin heç bir hüquq müəyyənedici sənədi yoxdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə uyğunsuzluqlar mövcuddur. Belə ki, mövcud sənədlərdən görünür ki, Cavabdeh 03.03.2004-cü il tarixdən ünvan 1 ünvanda qeydiyyatdadır. Lakin iddiaçının qeydiyyatı Zaqatalada göstərilmişdir. Həmçinin, evin tikintisinə çəkilən xərclər birgə şəkildə yox, cavabdehin atası X12 tərəfindən ödənilmişdir. İddiaçı bildirir ki, ev tikintisinə birgə təsərrüfat hesabına əldə edilmiş gəlirlərini sərf etmişlər. Bildirmək istəyir ki, evin tikintisi, təmiri kimi və sair işlərlə Cavabdeh atası məşğul olmuş, öz hesabına evi sonradan iki mərtəbəyə yüksəltmişdir. Ev ilə bağlı bütün kommunal ödəniş obyektləri cavabdehin atasının adınadır. DİN-in BPQMİnin MAPS şöbəsi tərəfindən verilmiş 08.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır. 11.08.2021-ci i tarixində verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Cavabdeh 03.03.2004-cü il tarixdən ünvan 3 ünvanda qeydiyyatdadır, həmin mənzildə qeydiyyatı olan digər şəxslər X16, X8, X11, X12, X17, X14, X10, X15 və X9r. Buradan göründüyü kimi, X1 adı göstərilən ünvanda qeydiyyatda olan şəxslərin siyahısında yoxdur. Nəticə olaraq bu evə köçürülmə ilə bağlı heç bir hüququ olmadığı halda, məhkəmə tərəfindən iddianın təmin olunması əsassızdır. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi və bildirdi ki, iddiaçının köçmək istədiyi evi onun atası tikmişdir, onlar 2006-cı ildə ailə qurduqdan sonra atası həmin evi onlara yaşamaq üçün vermişdir, onlar həmin evdə yaşamışlar, 2015-ci ildə atasının vəsaiti hesabına evin ikinci mərtəbəsi inşa edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı Şəbinə Zeynalova və Cavabdeh 2015-ci ildə mübahisəli ünvanda olan yaşadıqları bir mərtəbəli evi sökərək yerində iki mərtəbəli hazırkı evi tikmişlər. Elektron məhkəmə informasiya sistemində elektron kabinetə yerləşdirdiyi bank hesabından çıxarış da onu təsdiq edir ki, tərəflər övladları Nazəni Zeynallının adına banka qoyulmuş 11376,44 manat pulu 14.02.2015-ci ildə götürərək təmirə xərcləmişlər. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdeh X12 iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edi ki, cavabdeh X12 əvvəlki məhkəmə iclasında iştirak etmiş və apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli fərdi yaşayış evi ona məxsus olmuş, 2006-cı ildə oğlu Cavabdeh ailə qurduqdan sona həmin evi onlara vermişdir. Oğlu Cavabdeh ailəsi ilə birlikdə həmin evdə yaşamış, 2015-ci ildə həmin ünvanda onun vəsaiti hesabına təmir işləri aparılaraq, evin ikinci mərtəbəsi inşa edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi mübahisənin predmeti bölünməz olduğundan Cavabdeh apellyasiya şikayəti əsasında tam yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır. X11 Bakı şəhəri S.Həsənov adına 63 nömrəli tam orta məktəbin 2-ci sinfində, X10 həmin məktəbin 8-ci sinfində oxuyur. Hər iki şagird ünvan 5 ünvanı üzrə qeydiyyata alınmışlar. Cavabdeh 03.03.2004-cü il tarixdən ünvan 1 ünvanda qeydiyyatdadır, həmin mənzildə qeydiyyatda olan digər şəxslər X16, X8, X11, X12, X17, X14, X10, X15 və X9r. ünvan 1 ünvanda yaşayan X3 adına 17.12.2005-ci il tarixində telefon sənədləşməsi müqaviləsi bağlanmışdır. Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış 08.09.2021-ci il tarixli məktuba əlavə edilmiş ərizədən görünür ki, İddiaçı ərizə ilə 36-cı Polis Bölməsinə müraciət edərək, boşanma ərəfəsində olduğu həyat yoldaşı Cavabdeh əvvəllər onunla birgə yaşadığı ünvanın giriş qapısının kilidini ondan xəbərisz olaraq dəyişdiyini, hazırda evə daxil ola bilmədiyini, hər hansı özünə aid əşyaları götürməyə icazə vermədiyini bildirmi, ünvana olan yaşama hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış 08.09.2021-ci il tarixli məktubun surətində görünür ki, İddiaçı mövcud məsələ ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bakı şəhəri Xətai rayon MKTB-nin 27 saylı MKİS-in 08.09.2021-ci il tarixli, 932 nömrəli arayışın surətindən görünür ki, X12 Bakı şəhəri Xətai rayonu 27 saylı MKİS-in ərazisində yerləşən 2944 məhəllə küçəsində, 10 nömrəli evdə 1993-cü ildən oğlanları Cavabdeh, Fuad Zeynalov və Cəlal Zeynalov ilə birlikdə qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış 21.09.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 8 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2(011)-4918/2021 saylı qətnaməsinin surətindən görünür ki, ilk iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Xətai rayonu VVADQ şöbəsi tərəfindən 25 mart 2006-cı il tarixdə 318 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 01 aprel 2008-ci il təvəllüdlü X4 və 03 iyun 06.2014-cü il təvəllüdlü X5 anaları İddiaçı yanında saxlanmaqla onun himayəsinə verilməsi, 01 aprel 2008-ci il təvəllüdlü X4 və 03 iyun 06.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanədək saxlanılmaları üçün 26 may 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin olunması, Cavabdeh uşaqları 01 aprel 2008-ci il təvəllüdlü X10 və 03 iyun 06.2014-cü il təvəllüdlü X11 ilə həftənin cümə axşamı günləri saat 18.00-dan 21.00-a qədər, həftənin şənbə günləri saat 11.00-dan 20.00-a qədər sərbəst şəkildə görüş vaxtı müəyyən edilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Göründüyü kimi, ünvan 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər mövcud deyildir. İddiaçı 2006-ci ildə Cavabdeh ilə ailə həyatı qurduqdan sonra həmin ünvanda yerləşən bir mərtəbəli fərdi yaşayış evinə köçmüş, birgə nikahdan 01.04.2008-ci il təvəllüdlü X10 və 03.06.2014-cü il təvəllüdlü X11 adlı iki uşaqları doğulmuş, həmin ünvan onların daimi yaşayış evi olmuşdur. Cavabdeh və uşaqları mübahisəli mənzildə pasport qeydiyyatındadırlar. 2015-ci ildə tərəflərin birgə nikah dövründə fərdi yaşayış evinin ikinci mərtəbəsi inşa edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2(011)-4918/2021 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulması qət olunmuşdur. İddiaçı tərəflər arasında yaranmış ailə münaqişəsi zəminində öz yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə daimi yaşadığı mübahisəli evi məcburi tərk etmişdir, həmin ev onun daimi əsasla yeganə yaşayış yeridir, hazırda uşaqları ilə birlikdə başqa ünvanda yaşayır, onun mübahisəli evdə yaşamaması və yaşayış sahəsindən istifadə edə bilməməsi Cavabdeh yaratdığı maneələrlə əlaqədardır. Birinci intansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasındakı münaqişəyə qədər mübahisəli ev iddiaçının və onun azyaşlı uşaqlarının yaşayış yeri olduğundan və tərəflərin mübahisəli tikiliyə dair hər hansı üstün hüquqları müəyyən edilmədiyindən, iddiaçının həmin yaşayış yerinə dair hüquqlarına cavabdeh tərəfindən hər hansı formada müdaxilə də qanuni hesab edilə bilməz və iddiaçının belə qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ vardır. Bununla belə, mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər əmlak hüququ olsun, əks halda məhrumetmə qanunsuz hesab olunmalıdır. Hazırkı iş üzrə də iddiaçının köçmək istədiyi yaşayış sahəsinə dair hər hansı bir şəxsin əmlak hüququnun olduğunu təsdiq edən sübutlar mövcud deyildir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, tərəflər, mübahisəli evə münasibətdə eyni hüquq və vəzifələrə malik şəxslərdir və İddiaçı Cavabdeh ilə ailə həyatı qurduqdan sonra daimi əsaslarla uzun müddət yaşadığı həmin fərdi yaşayış evi, iddiaçının və onun uşaqlarının yeganə yaşayış yeri hesab edilir və onların həmin yaşayış sahəsindən istifadələrinə dair heç bir hüquqi əsas olmadan «əmlaka mülkiyyət hüququnun mövcud olmaması» səbəbi ilə qoyulmuş məhdudiyyətlər, şəxsin milli və beynəlxalq hüquqla insan haqları kimi tanınan mənzil hüququna müdaxilə hesab olunur. Mübahisəli hüquq münasibəti üzrə tətbiq olunmalı hüquq normasına münasibətdə haqlı olaraq qeyd olunmuşdur ki, mübahisəli tikiliyə dair hər hansı bir hüquqmüəyyənedici sənədin olmaması, o cümlədən onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı hallarda mübahisəli hüquq münasibətini tənzimləyən normaların olmaması, həmin münasibətlərə oxşar münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiqini, yəni qanunun analogiyasını istisna etmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 2009-cu il oktyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən, icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin birinci hissəsinə əsasən hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyinə görə, Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi mənzil hüququnu neqativ formada ifadə edir. Belə ki, həmin maddəyə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cəbrayılova Nonna Serqeyevnanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 fevral 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2 dekabr 2010-cu il Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il Qərarı). Avropa İnsan Hüquqları Məhkəməsinin «O.X13rşı» iş üzrə ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları qiymətləndirərək, yuxarıdakı maddi hüquq normalarına istinad etməklə iddianı təmin edərkən haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. Məhkəmə kollegiyası iddiaçının subyektiv hüququnun olmaması barədə apellyasiya şikayətinin dəlilini əsaslı saymır. Belə ki, işin mübahisəsiz halı odur ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı ailə həyatı qurduqdan sonra 2006-cı ildə həmin evə köçmüş ailə üzvləri ilə birlikdə 2021-ci ilə kimi daimi olaraq orada yaşamışdır. Birgə nikah dövründə mübahisəli fərdi yaşayış evinin ikinci mərtəbəsi inşa edilmişdir. Cavabdeh evin tikinti və təmiri xərcinin atası tərəfindən həyata keçirilməsi barədə dəlilini təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh X3 birinci instansiya məhkəməsində işə baxılması zamanı məhkəmə iclası barədə xəbərdar olunmadığından apellyasiya baxışında təqdim etdiyi kserosurətdən ibarət olan "xxxx" MMC tərəfindən verilmiş 04.07.2015-ci il tarixli, ******* saylı, 10.07.2015-ci il tarixli, ******* saylı, 13.07.2015-ci il tarixli, ******* saylı, 29.07.2015-ci il tarixli, ******* saylı və 20143935 saylı, 13.08.2015-ci il tarixli, ******* saylı, 28.08.2015-ci il tarixli, ******* saylı və 17.09.2015-ci il tarixli, ******* saylı qaimə fakturalar 2015-ci ildə mübahisəli ünvanda tikinti işlərinin Elxan Zeynalovun vəsaiti hesabına aparıldığını təsdiq etmir. Cavabdeh X12 birinci insatnsiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, iddianın təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Cavabdeh apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2(011)-5541/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar