Məhkəmə qərarları › İş №2(103)-8341/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8341/2021

13.08.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8341/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehin nümayəndəsi Xəlfə Rəsulovun, üçüncü şəxs Samir Zeynalovun iştirakı ilə, İddiaçı cavabdeh Elmi X1rşı “ayrı-seçkiliyin aradan qaldırılması məqsədilə kliniki diaqnostika labaratoriyasının müdirinin intizam qaydasında cəzalandırılması barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli qərardadından iddiaçının şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iş üzrə icraata xitam verilsin. Xitam onunla əsaslandırılıb ki, iddia ərizəsində irəli sürülən tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil, çünki tələb inzibati münasibətlə bağlıdır. Xitamın hüquqi əsası kimi Mülki- Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin göstərişinə istinad olunub. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət təmin olunmalıdır. Belə ki, iddiaçı dövlət qulluqçusu deyil, tərəflərin arasında əmək münasibəti mövcuddur. Ali Məhkəmə Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli qərarının 12-ci bəndinə görə inzibati orqanla dövlət qulluqçusu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara inzibati məhkəmələr tərəfindən baxılır. Hazırkı mübahisə əmək münasibəti ilə bağlı olduğuna görə ona ümumi məhkəmədə baxılmalıdır. İddiaçı əmək münasibətlərində ayrı-seçkiliyə məruz qaldığını iddia edir. Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci hissəsinə görə əmək münasibətlərində işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi qəti qadağandır. Həmin maddənin 4-cü hissəsinə görə ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Ona görə də iddiaçının tələbinə ümumi məhkəmə tərəfindən mahiyyəti üzrə baxılmalı və aydınlaşdırılmalıdır: 1) iddiaçı əmək münasibətlərində ayrı-seçkiliyə məruz qalıbmı? 2) əgər məruz qalıbsa onun iddia tələbi pozulmuş hüququn bərpasına yönəlibmi, yəni başqa işçiyə tənbeh verilməsi nəticəsində pozulmuş hüquq bərpa olunacaqmı?; 3) əmək qanunvericiliyi iddiaçıya (işçiyə) pozulmuş hüququn bu formada bərpasını, yəni basqa işçiyə tənbeh verilməsini tələb etmək hüququ (subyektiv hüquq) müəyyən edibmi? Beləliklə, qərardad ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar