Məhkəmə qərarları › İş №2(103)-8342/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8342/2020

13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8342/2020 13.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmanətlər Sığortalanması Fonduna qarşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh Əmanətlər Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddiaçı tərəfindən verilmiş “iddianı təmin etmə tədbirinin görülməsi barədə” ərizə təmin edilsin. Ərizə təmin edilərkən aşağıdakılar qərara alınıb: 1) Nəsimi rayonu, Azadlıq prospekti ilə N.Vəzirov küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsində olan, göstərilən əşyalara cavabdehin əməkdaşlarının müdaxiləsi qadağan olunsun və əşyaların toxunulmazlığı təmin edilsin: 2 ədəd mətbəx otağı və orada olan mətbəx mebelləri, soyuducular (02 ədəd, 1-ci mərtəbədə və zirzəmi hissəyə aid); ümumi bina üzrə 6 komplekt mətbəx mebeli; kassa otağı, seyf 1-ci mərtəbədə (2 ədəd); yanğından mühafizə sistemi (həm daxili, həm xarici bütün bina üzrə 6 komplekt); mərkəzləşdirilmiş təhlükəsizlik görüntülü kamera sistemi (1 komplekt, kameraların sayı 46 ədəd); zirzəmidə bunker vəsait saxlama otağı, 01 ədəd seyf; 24 ədəd kondisioner; depozit vəsaiti saxlanc otağı daxilində 01 ədəd seyf; generator 01 ədəd; zirzəmi və ikinci mərtəbədə işıq tənzimləyici (02 ədəd); UPS sistemi akumlyator (2 komplekt, zirzəmi və ikinci mərtəbədə). 2) həmin qeyri-yaşayış sahəsinin zirzəmi və müəyyən mərtəbələrində qalan ofis mebellərinin üzərinə həbs qoyulsun. 3) cavabdehin əməkdaşlarının həmin qeyri-yaşayış sahəsinə giriş-çıxışı qadağan olunsun. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin olunmalıdır. Belə ki, iddia ərizəsinin verilməsi öz-özlüyündə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi üçün əsas deyil. İddianı təmin etmə institunun məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir, yəni qətnamənin icrasını çətinləşdirən və ya qeyri-mümkün edən halların qarşısını almaq məqsədilə tətbiq edilə bilər. İddiaçı iddia ərizəsində zərərin əvəzi kimi pul tutulmasını tələb edir. Onun “iddianı təmin etmə tədbirinin görülməsi barədə” ərizədə tələb etdiyi tədbirlər o halda tətbiq edilə bilər ki, müəyyən olunsun ki, həmin tədbirlər tətbiq edilməyəcəyi təqdirdə cavabdehin maliyyə vəziyyəti pulun tutulması barədə qətnamənin icrasını çətinləşdirəcək və ya qeyri-mümkün edəcək. Lakin bu hal müəyyən olunmur. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 157-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qərardad ləğv edilməli və ərizə rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366 və 368-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şikayət təmin edisin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı tərəfindən verilmiş “iddianı təmin etmə tədbirinin görülməsi barədə” ərizə rədd olunsun. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar