Məhkəmə qərarları › İş №2(103)-8346/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8346/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8346/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Cavabdeh 691116 saylı 14.10.2020-ci il tarixli girov bileti üzrə 700 (yeddi yüz) manat əsas borcun və 300 (üç yüz) manat faiz borcunun, 691174 saylı 29.10.2020-ci il tarixli girov bileti üzrə 10 000 (on min) manat əsas borcun və 5650 (beş min altı yüz əlli) manat faiz borcunun, 691213 saylı 15.12.2020-ci il tarixli girov bileti üzrə 2000 (iki min) manat əsas borcun və 350 (üç yüz əlli) manat faiz borcunun, yəni cəmi cəmi 19 000 (on doqquz min) manatın tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini işə iştirakı olmadan baxıldığı, iddiaçının ondan tələb etdiyi pulun məbləğinin düzgün hesablanmadığı, faizlərin şişirdildiyi, faiz tələbinin əslində dəbbə pulu olduğu arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən apellyatorun vəkili şikayəti müdafiə edərək onun təmin olunmasını istəmiş, iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu, cavabdehdən heç bir girov götürülmədiyini və faktiki olaraq cavabdehə borc pul verildiyini bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin bir dəlili də məhkəmə prosesləri barədə məlumatlandırılmamış olmasıdır; bu arqument isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol veribvermədiyinin araşdırılmasını zəruri edir. İş materiallarında Cavabdeh məhkəmə iclaslarının yeri-vaxtı barəsində məlumatlandırılmasına dair sübut mövcud deyildir və belə görünür ki, məhkəmə, iclasın yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandırmadan işə baxmaqla ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Mülki Prosessual Məcəllənin 387.2.2-ci və 387.2.4cü maddələrinə əsasən isə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddiaçının bildirdiyinə görə o, lombard fəaliyyəti ilə məşğuldur və cavabdehə 691116 saylı 14.09.2020-ci il tarixli girov bileti üzrə 700 (yeddi yüz) manat, 691174 saylı 29.09.2020-ci il tarixli girov bileti üzrə 10 000 (on min) manat, 691213 saylı 15.11.2020-ci il tarixli girov bileti üzrə 2000 (iki min) manat borc versə də, cavabdeh aldığı borcu qaytarmamışdır. İddia tələbini sübuta yetirmək üçün iddiaçı məhkəməyə 3 ədəd girov bileti təqdim etmişdir: 691116 saylı girov biletində cavabdehin ondan 13%-lə 700 (yeddi yüz) manat ssuda (kredit) aldığı və 700 manat dəyərində girov qoyduğu, 14.10.2020-ci il tarixdə girov predmetinin girovdan çıxarılacağı; 691174 saylı girov biletində cavabdehin ondan 11%-lə 10 000 (on min) manat aldığı, 10 000 manat dəyərində girov qoyduğu və 29.10.2020-ci il tarixdə girov predmetinin girovdan çıxarılacağı; 691213 saylı girov biletində cavabdehin ondan 2000 (iki min) manat borc aldığı, 2000 manat dəyərində girov qoyduğu və 15.12.2020-ci il tarixdə girov predmetinin girovdan çıxarılacağı göstərilmişdir. Mülki Məcəllənin 302-ci maddəsinə görə, əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda eyni növlü və keyfiyyətli əşyanın bazar qiymətinə uyğun müəyyənləşdirilən qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir. Lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır. Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir...Əşyanın lombardda girovu haqqında müqavilənin girov qoyanın hüquqlarını bu Məcəllənin ona verdiyi hüquqlara nisbətən məhdudlaşdıran şərtləri əhəmiyyətsizdir. Göründüyü kimi qanunvericilik, lombard fəaliyyəti göstərən şəxsin verdiyi kreditin geri qaytarılmaması halı üçün xüsusi qayda müəyyənləşdirmişdir və həmin qaydanın hazırkı mübahisəyə tətbiqi iddiaçının müvafiq girov biletlərinə istinadən irəli sürdüyü tələbinin əsassız olduğu qənaətinə gəlməyə əsas verir. Belə ki, əgər iddiaçı lombard olaraq cavabdehdən girov götürməklə ona borc (kredit) vermişdirsə, həmin borcun qaytarılmaması riski üçün qanunvericilik ona girov predmetini açıq hərracdan realizə etmək imkanını vermişdir və qanunvericinin lombard üçün müəyyənləşdirdiyi digər risk, girov qoyulmuş əşyanın satışından götürülən məbləğin borcun tam ödənilməsi üçün yetərli olmadıqda belə, borcun ləğv ediləcəyi barədədir. Bununla belə apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçı sözügedən girov biletləri əsasında cavabdehə müvafiq pul vəsaitlərini vermiş olsa da, ondan hər hansı girov qəbul etməmiş, məhz bu səbəblə biletlərdə girovun növü (sayı, çəkisi və s.) göstərilməmiş, cavabdeh isə müəyyənləşdirilmiş müddət ərzində aldığı pulu geri qaytarmamışdır. Apellyasiya şikayətində cavabdeh də iddiaçıdan borc aldığını dolayı şəkildə etiraf etməklə yalnız faizlərin çox hesablandığını irəli sürmüş, məhkəməyə gəlməyərək arqumentlərini təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Bu baxımdan kollegiyanın qənaətinə görə, iddiaçının iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin borc müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd olunmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Göstərilənlərə əsasən kollegiya, cavabdehin iddiaçıya 12 700 manat borcu qaytarmalı olduğu qənaətinə gəlir və hesab edir ki, həmin məbləğ, həmçinin 700 manat borca görə 30 manat (700 manat x 13 % = 91 manat (illik) /12 = 7,6 manat (aylıq) x 4 ay (borcun qaytarılmalı olduğu tarixdən iddia qaldırılan günə qədər olan müddət), 10 000 manat borca görə 322 manat (10 000 x 11% = 1100 manat (illik) /12 = 92 manat (aylıq) x 3,5 ay), 2000 manat borca görə isə 24 manat (2000 x 7% = 140 manat (illik) /12 = 12 manat (aylıq) x 2 ay) olmaqla, ümumilikdə 376 manat faiz də iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Kollegiya, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri məsələsinə də münasibət bildirərək qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçının ödədiyi rüsum məbləği cavabdehdən alınıb ona ödənilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1382/2021 saylı iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh 12 700 (on iki min yeddi yüz) manat borc məbləği, 376 (üç yüz yetmiş altı) manat faiz, 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla cəmi 13 106 (on üç min yüz altı) manat İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar