Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-835/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək haqqı fərqinin, iş vaxtından artıq işlərə görə əlavə əmək haqqının ödənilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(005)-898/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh “Xəstə xidmətləri” Şöbəsinin “Qeydiyyat” bölməsinə “Qeydiyyatçı” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə isə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən öz ərizəsi ilə xitam verilmişdir. Hazırda iddiaçı iddia edir ki, əmək müqaviləsində “qeydiyyatçı” kimi qeyd edilsə də, faktiki olaraq “kadr üzrə mütəxəssis” vəzifəsini icra etməsinə və iş saatından artıq işlərə cəlb edildiyinə əsaslanaraq əmək haqqı fərqini və mənəvi zərərə görə cavabdehdən pul tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona müəssisədə işlədiyi dövr ərzində ödənilməyən əmək haqqı fərqi və əlavə iş saatlarına görə 35.000 manat, mənəvi zərərə görə 10.000 manat olmaqla, cəmi 45.000 manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən müəssisədə işlədiyi dövr ərzində ödənilməyən əmək haqqı fərqi və əlavə iş saatlarına görə 15.617,30 manat, mənəvi zərərə görə 10.000 manat, cəmi 25.617,30 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh Qeydiyyat Bölməsinə qeydiyyatçı ixtisası üzrə işə qəbul edilmişdir. İddiaçının iş yeri Cavabdeh tabeliyində olan 5 nömrəli Şəhər Klinik Xəstəxanası olmuşdur. xx.xx.2022-ci il tarixdə İddiaçı əmək müqaviləsinə 181-K əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən xitam verilmişdir. İddiaçı Cavabdeh Qeydiyyat Bölməsinə qeydiyyatçı ixtisası üzrə işə qəbul edilsə də, o faktiki olaraq cavabdeh müəssisədə “kadr üzrə mütəxəssis” vəzifəsini icra etmişdir. Cavabdeh rəhbəri Fazil Alməmmədov iddiaçı A.V. Heydərovaya hər dəfə maaş fərqinin ödənilməsinə söz versə də, hər ay bir bəhanə ilə həmin vəzifələr arasında mövcud maaş fərqini verməkdən imtina etmişdir. Belə ki, cavabdeh müəssisədə qeydiyyatçı vəzifəsi üzrə iş saatı həftə içi saat 09.00-dan 16.00-a qədər, şənbə günləri isə 09.00-dan 14.00-a qədər müəyyən edilmişdir. İddiaçı iş üzrə cavabdeh olan “X8” əlavə iş saatlarını da işləmək məcburiyyətində qalmışdır. Belə ki, İddiaçı əmək müqaviləsinin tələblərinə əsasən axşam saat 18.00-da iş saatının bitməli olduğu təqdirdə cavabdeh müəssisə tərəfindən həftənin bəlli günlərində axşam saat 21.00-a qədər işləməyə məcbur edilmişdir. İddiaçı buna etiraz etdikdə isə ona “over time”-ların, yəni əlavə iş saatlarının pulunun ödəniləcəyi söz verilmişdir. Lakin buna baxmayaraq cavabdeh müəssisə bu günə qədər iddiaçıya həmin ödənişləri etməmişdir. Cavabdeh müəssisə Cavabdeh PHŞ-nin tabeliyində olan 5 Nömrəli Şəhər Klinik Xəstəxanasında qeydiyyatçının vəzifə maaşı 294 manat əlavə ilə 474 manat, kadr işləri üzrə aparıcı mütəxəssis vəzifəsinin maaşı isə 770 manat, əlavə ödənişlə isə 960 manat təşkil edirdi. Cavabdeh iddiaçını qeyd olunan ikinci vəzifədə çalışdırsa da həmin maaş fərqini iddiaçı A.V. Heydərovaya ödəməkdən imtina edir. Cavabdeh “X14" PHŞ İddiaçı əmək müqaviləsinə xitam verdiyi zaman əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq işçiyə əmək müqaviləsinin nüsxəsini, əmrlərin surətini, elektron bildirişləri və əmək kitabçasını təqdim etməmişdir. İddiaçı A.V. Heydərova hüquqlarının pozulduğu müəssisənin rəhbərliyinə bildirdiyi zaman Cavabdeh PHŞ-in direktoru Fazil Alməmmədov onu təhqir etmişdir. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi zərərə məruz qalmışdır. Belə ki, Cavabdeh PHŞ-nin direktoru Fazil Alməmmədovun iddiaçı A.V. Heydərovaya qarşı təzyiq xarakterli hərəkətləri, daimi olaraq iş zamanı gərgin bir atmosferdə onu işlədərək hər an onu qovulmaqla təhdid etməsi nəticəsində İddiaçı mütəmadi olaraq stressli və əsəb gərginliyi vəziyyətində olmuşdur ki, bu da onun səhhətinə mənfi təsir göstərmişdir. İddiaçının nəinki başqa vəzifədə və iş qrafikindən artıq işləmələrinin sübutları, hətta direktor Fazil Alməmmədovun göstərişləri ilə kadrlar şöbəsində baş vermiş ciddi, araşdırılması vacib olan qanun pozuntularının iddiaçıda səs, video yazıları, sübutları vardır. Cavabdeh nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq İddiaçı iddiasının əsassız olduğunu və qanunvericiliklə müəyyən olunmuş iddia müddətini buraxdığını bildirmiş, bu səbəbdən iddianın rədd olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Tibb Mərkəzində qeydiyyatçı vəzifəsi üzrə işə qəbul olunmuş və həmin vəzifə üzrə işləyərək əmək haqqı almışdır. İddiasında qeyd etdiyindən fərqli olaraq, İddiaçı məcburi əməyə cəlb edilməmişdir. İddiaçı 2022-ci ildə müxtəlif Dövlət orqanlarına eyni məzmunla şikayət ünvanlasa da, iddiası təsdiqini tapmamışdır. İddiaçı Tibb Mərkəzinin direktoru haqqında iddasında qeyd etdiyi hallar tam əsassızdır və böhtan xarakterlidir. İddiaçının məhkəməyə şahid kimi gətirdiyi şəxsin ifadələri həqiqəti əks etdirmir və həmin şahidin Tibb Mərkəzindəki vəzifəsi elektrik olmuşdur. Həmin şəxsin kadlar şöbəsi ilə mütəmadi olaraq hansısa əməkdaşlığı olması absurddur. İddiaçının əmək haqqı və digər ödəmələrlə bağlı tələbi normativ hüquq aktların tələblərinə əməl olunmadan öz mülahizələrinə əsasən hesablanmışdır ki, bu da qanunaziddir. İddiaçı, Tibb Mərkəzi tərəfindən məhkəməyə şahid kimi cəlb olunan şəxsə qabaqcadan zəng edərək təsir göstərmiş və bu hərəkətləri ilə şahidə təzyiq göstərməyə çalışmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi audio və video yazılar, onun iddiaları üçün əsas sayıla bilməz. Sonuncu video yazının tam versiyasının məhkəməyə təqdim olunması üçün Tibb Mərkəzinin hüquqşünası və nümayəndəsi xahişlə hakimə müraciət etmişdir. Həmin videonun tam versiyasına baxılarkən iddiaçının Tibb Mərkəzində etik davranış qaydalarını və xəstəxananın normal fəaliyyətini pozan hərəkətlərə yol verdiyi görülməkdədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, 2017ci ildən 2022-ci ilə qədər 5 il müddətinə xəstəxanada işləmişdir. İddiaçı 2021-ci ildə xəstəxanada işə başlamışdır. İddiaçını həmin xəstəxanadan tanıyır. Ayşən xanım işə başladığı vaxtdan çıxana qədər kadrlar şöbəsində işləmişdir. O, Ayşən xanımı kadrlar şöbəsinin işçisi kimi tanımışdır. O, iddiaçını hər zaman kadrlar şöbəsində görmüşdür. İddiaçıda kadrlar şöbəsinin işçilərinin səlahiyyətində olan portala daxil olmaq səlahiyyəti vardır. O, dəfələrlə iddiaçıya işçilər barədə məlumat üçün müraciət etmişdir. Bu zaman iddiaçı portala daxil olaraq, ona işçilər barədə məlumat vermişdir. Kadrlar şöbəsində şöbə rəisi Esmira xanım, Ayşən xanım və Səbinə xanım əyləşirdi. Kadrlar şöbəsinin rəisi Esmira xanım vəzifə səlahiyyətlərini aşdığı və iddiaçıya qarşı təhqiredici ifadələrdən istifadə etdiyi üçün onlar arasında konflikt yaranmış və iddiaçı bu səbəbdən də işdən ayrılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(005)- 898/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyasını deyil, başqa işi icra etdiyinə, iş vaxtından artıq vaxt ərzində iş gördüyünə və bunun müqabilində ona əlavə haqqın ödənilmədiyinə istinad etsə də, bu halları təsdiq edən hər hansı sübutu (işəgötürənin əmri, sərəncamı, qərarı və sair) məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində iş saatları və əmək funksiyası müəyyən edilmiş, işəgötürən tərəfindən işçinin əlavə iş saatlarına və ya başqa işə cəlb edilməsi barədə müvafiq əmr və göstəriş verilməsinə dair işdə heç bir sübut mövcud deyildir. Qeyd edilməlidir ki, işçinin əmək fəaliyyətinə başlanmasını şərtləndirən amil əmək müqaviləsidir ki, bu müqavilə bağlanmadan (imzalanıb qeydiyyatdan keçmədən) kiminsə əmək münasibətlərinə daxil olması və ya müqavilədən kənar işləri görməsi onun öz risk dairəsinə daxil olan məsələdir. Məhkəmə iddiaçının istinad etdiyi dəlillərə hüquqi qiymət verərək qeyd etmişdir ki, işçinin iş vaxtından artıq müddət ərzində işəgötürənin təşəbbüsü ilə işdə olmasını əsaslandıran sənəd sonuncunun əmri, sərəncamı və ya qərarıdır. Həmçinin işçinin əmək funksiyası isə əmək müqaviləsi ilə və ya işçinin razılığı ilə başqa işə keçirilmə barədə işəgötürənin sərəncamı əsasında müəyyən edilir (bu zaman mütləq qaydada əmək müqaviləsinə dəyişiklik edilməli və ya yeni əmək müqaviləsi bağlanmalıdır). İddiaçının istinad etdiyi bu halları tərtib edilmiş iş vaxtının uçot tabellərindən də müəyyən etmək mümkün olmamışdır. Digər tərəfdən, işçinin müəssisədə işdən sonra olması hələ onun iş (rejiminə müvafiq) vaxtından artıq olan fəaliyyətinə, işdə olmasının məhz işəgötürənin təşəbbüsü ilə baş verdiyinə dəlalət etmir və onun tərəfindən kifayət qədər zaman çərçivəsində (1 ildən çox) ehtimal olunan hüquqlarının müdafiəsi üçün müraciətlərin edilməməsi bu halın mövcudluğunu şübhə altına alan hal kimi qiymətləndirilə bilər. Beləliklə, məhkəmə qeyd etmişdir ki, hazırki mülki işin başlanmasına əsas olan iddia əsassızdır. Belə ki, iddiaçının dəlilləri sübuta yetirilmir və mənafeyinin pozulmasına birbaşa dəlalət edən qanunvericilik müddəalarına uyğunsuzluq müəyyən edilmir. İddiaçı məhkəməyə təqdim etdiyi səs yazıları və şahid ifadəsi ilə əlaqədar qeyd olunmalıdır ki, həmin sübutlar iddiaçının istinad etdiyi halları təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz (qəbul edilsə belə həmin səs yazıları iddia tələbinin əsaslılığının sübuta yetirilməsi üçün kifayət etmir). Belə ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 81-ci maddəsi). Başqa əmək funksiyasının yerinə yetirilməsinə görə əmək haqqı fərqinin ödənilməsi, eləcə də iş vaxtından artıq işlərə cəlb edildiyinə görə əmək haqqının ödənilməsi tələbi ilə bağlı sübutlar o qədər etibarlı olmalıdır ki, qəbul edilmiş qərarın obyektivliyi şübhə altına alınmasın. Hazırkı işdə isə iddiaçının tələb etdiyi halları tədqiq edən etibarlı sübutlar mövcud deyil. Həmçinin qeyd edilməlidir ki, X10 Xidməti tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçının qeyd etdiyi pozuntular aşkar edilməmiş, aşkar edilmiş pozuntu isə son haqq-hesabın vaxtında ödənilməməsi ilə bağlı olmuşdur ki, bununla əlaqədar cavabdeh barəsində inzibati tənbeh tətbiq edilmiş, sonradan hər iki tərəfin izahatına və iş materiallarına əsasən son haqq-hesab ödənilmişdir. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdehin iddiaçıya qarşı hər hansı hüquqazidd əmələ yol verməsi sübuta yetirilmədiyindən iddia mənəvi zərərlə bağlı hissədə də təmin olunmamalıdır. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə təmin edilmədiyindən iddia müddətinin tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9, 43.2, 46, 59, 99, 154.1, 156.1, 165, 296.2, 269.4; Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına, L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarına eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh Qeydiyyat Bölməsinə qeydiyyatçı ixtisası üzrə işə qəbul edilsə də, o faktiki olaraq cavabdeh müəssisədə “kadr üzrə mütəxəssis” vəzifəsini icra etmişdir. Cavabdeh rəhbəri Fazil Alməmmədov İddiaçı hər dəfə maaş fərqinin ödənilməsinə söz versə də, hər ay bir bəhanə ilə həmin vəzifələr arasında mövcud maaş fərqini verməkdən imtina etmişdir. Belə ki, cavabdeh müəssisədə qeydiyyatçı vəzifəsi üzrə iş saatı həftə içi saat 09:00-dan 16:00-a qədər, şənbə günləri isə 09.:00-dan 14:00-a qədər müəyyən edilmişdir. İddiaçı iş üzrə cavabdeh olan “X8” əlavə iş saatlarını da işləmək məcburiyyətində qalmışdır. Belə ki, İddiaçı əmək müqaviləsinin tələblərinə əsasən axşam saat 18:00-da iş saatının bitməli olduğu təqdirdə cavabdeh müəssisə tərəfindən həftənin bəlli günlərində axşam saat 21:00-a qədər işləməyə məcbur edilmişdir. İddiaçı buna etiraz etdikdə isə ona “over time”ların, yəni əlavə iş saatlarının pulunun ödəniləcəyi söz verilmişdir. Cavabdeh müəssisə Cavabdeh PHŞ-nin tabeliyində olan 5 Nömrəli Şəhər Klinik Xəstəxanada qeydiyyatçının vəzifə maaşı 294 manat əlavə ilə 474 manat, kadr işləri üzrə aparıcı mütəxəssis vəzifəsinin maaşı isə 770 manat əlavə ödənişlə isə 960 manat təşkil edirdi. Cavabdeh iddiaçını qeyd olunan ikinci vəzifədə çalışdırsa da həmin maaş fərqini İddiaçı ödənişləri etməkdən imtina etmişdir. Əmək Məcəlləsinin 59-cu maddəsinə görə işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən İddiaçı tərəfindən təqdim edilmiş sübutları obyektiv və hərtəfəli araşdırmamış, məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsinə hüquqi qiymət verilməmişdir. Həmçinin Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda İddiaçı məhkəməyə təqdim etdiyi səs yazıları və şahid ifadəsinə məhkəmə tərəfindən sübut kimi obyektiv qiymət verilməmişdir. Bundan başqa İddiaçı məhkəməyə kadrlar şöbəsinin müdiri Esmira adlı şəxslə kadrlar şöbəsində olarkən mübahisəsini əks etdirən video yazını məhkəməyə təqdim etmişdir. Cavabdeh müəssisənin nümayəndəsi P.X.Abbasov həmçinin məhkəmə iclasında bildirmişdir ki, həmin vaxt İddiaçı ilə kadrlar şöbəsinin müdiri Esmira xanım arasında iş otağında münaqişə baş vermişdir və nəticədə hər ikisinə töhmət verilmişdir. Belə olan halda sual yaranır əgər İddiaçı həqiqətən də qeydiyyatçı vəzifəsinə aid olan iş funksiyasını yerinə yetirirdisə nəyə görə kadrlar şöbəsində otururdu. Birinci instansiya məhkəməsində araşdırma zamanı Cavabdeh nümayəndəsi X4 izahatında İddiaçı ilə kadrlar şöbəsinin müdiri Esmira xanım arasında iş otağında mübahisənin baş verməsi nəticəsində hər ikisinə töhmət verilməsi bir daha İddiaçı kadrlar şöbəsinin işçisi kimi fəaliyyət göstərdiyini sübut etmiş olur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş üçüncü şəxs öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə - tam yoxlanılır. Tətbiq edilən hüquq: Əmək Məcəlləsi: 9-cu maddəsinin “e” bəndinə əsasən işçinin iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüququ vardır. Əmək müqaviləsində mütləq qaydada şərtləşdirilməli olan hallardan biri də işçinin əmək funksiyası və əmək şəraitinin şərtləridir (Əmək Məcəlləsinin 43.2-ci maddəsinin “e” və “ə” bəndləri). Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. İşçinin əmək şəraitinin şərtləri isə iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunmasıdır. İşəgötürən əmək müqaviləsində nəzərdə tutulmuş əmək şəraitinin şərtlərini təmin etməlidir. 46-cı maddəsinin 1 və 6-cı hissələrinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. 59-cu maddəsinə görə işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. 99-cu maddəsinin birinci hissəsinin tələblərinə görə iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. 154.1 və 156.1-ci maddələrinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən az olmayaraq ödənilir. 165-ci maddəsinin birinci və ikinci hissələrinə görə işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. 296.2 və 269.4-cü maddələrinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materallarından məlum olur ki, İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə Birliyi Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən tərəflər arasında İddiaçı “Xəstə xidmətləri” Şöbəsinin “Qeydiyyat” bölməsinə “Qeydiyyatçı” vəzifəsinə 3 ay müddətinə işə qəbul edilmiş, onun taarif maaşının 294 manat olduğu razılaşdırılmışdır. Qeyd edilən əmək müqaviləsi əsasında xx.xx.2021-ci il tarixli, 17-K nömrəli əmrlə İddiaçı xx.xx.2021-ci il tarixindən “Qeydiyyat” bölməsinə “Qeydiyyatçı” vəzifəsinə 1.0 ştat vahidi, 3 ay müddəti ilə qəbul edilmişdir. İddiaçı Cavabdeh Qeydiyyat Bölməsinə “Qeydiyyatçı” ixtisası üzrə xx.xx.2021-ci il tarixində işə qəbul edilməsi onun əmək kitabçasında və elektron informasiya sistemində qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli xxxxxxx000200 nömrəli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” ndə də əksini tapmışdır. Həməinin iş materallarında olan “Qeydiyyat bölməsində qeydiyyatçı işləyən” İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdən işdən azad edilməsini xahiş etmiş, İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə Birliyi X14nin PHŞ-nin xx.xx.2022-ci il tarixli, 181-K nömrəli əmri ilə də “İddiaçı ilə bağlanan xxxxxxx000201 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən öz ərizəsi ilə xx.xx.2022-ci il tarixindən xitam verilməsi, ƏM-in 144-cü maddəsinin ikinci hissəsinə əasən istifadə etmədiyi əmək məzuniyyətinə görə 12 təqvim gününün əvəzinin ödənilməsi və işçi ilə son haqq-hesabın aparılması qərara alınmışdır. İş materiallarından müəyyən olunur ki, X1 hesabına 16 iş günü üçün son haqqhesab olaraq 393,82 manat pul köçürülsə də, cavabdeh barədə tərtib edilmiş İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokoluna əsasən Cavabdeh direktoru X7 tərəfindən İddiaçı əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində yol verilmiş qanun pozuntusu nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) inzibati xəta törədilmişdir. Cavabdehlə əmək münasibətlərinə xitam veriləndən sonra iddiaçı əmək müqaviləsində “qeydiyyatçı” kimi qeyd edilsə də, faktiki olaraq “kadr üzrə mütəxəssis” vəzifəsini icra etməsinə və iş saatından artıq işlərə cəlb edildiyinə əsaslanaraq əmək haqqı fərqi və əlavə iş saatlarına görə 15.617,30 manat, mənəvi zərərə görə 10.000 manat, cəmi 25.617,30 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini iddia etmiş və tələbinin əsası kimi izahatları ilə yanaşı, həmçinin şahid ifadəsinə də istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işçi işəgötürənlə əmək müqaviləsini rəsmiləşdirməklə qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq, iş vaxtından sonra və həftələrarası istirahət günlərindən istifadə etmək hüququ vardır. Həmçinin qanunvericiliyə görə işçi işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində əmək funksiyasını yerinə yetirməyə cəlb edilə bilər ki, bu vaxt da o həmin artıq iş saatlarına görə əlavə əmək haqqı almaq hüququ əldə edir. İşçinin iş vaxtından artıq müddət ərzində işəgötürənin təşəbbüsü ilə işdə olmasını əsaslandıran sənəd isə sonuncunun əmri, sərəncamı və ya qərarıdır. Bundan əlavə, işçinin əmək funksiyası isə əmək müqaviləsi ilə və ya işçinin razılığı ilə başqa işə keçirilmə barədə işəgötürənin sərəncamı əsasında müəyyən edilir (bu zaman mütləq qaydada əmək müqaviləsinə dəyişiklik edilməli və ya yeni əmək müqaviləsi bağlanmalıdır). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, İddiaçı əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyasını deyil, başqa işi icra etdiyinə, iş vaxtından artıq vaxt ərzində iş gördüyünə və bunun müqabilində ona əlavə haqqın ödənilmədiyinə istinad etsə də, bu halları təsdiq edən hər hansı sübutu (işəgötürənin əmri, sərəncamı, qərarı və sair) məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində iş saatları və əmək funksiyası müəyyən edilmiş, işəgötürən tərəfindən işçinin əlavə iş saatlarına və ya başqa işə cəlb edilməsi barədə müvafiq əmr və göstəriş verilməsinə dair işdə heç bir sübut mövcud deyildir. İddiaçının tələbində və apellyasiya şikayətində istinad etdiyi bu halları iş materiallarında olan tərtib edilmiş iş vaxtının uçot tabellərindən də müəyyən etmək mümkün olmamışdır. Digər tərəfdən, kollegiya işçinin müəssisədə işdən sonra olması hələ onun iş (rejiminə müvafiq) vaxtından artıq olan fəaliyyətinə, işdə olmasının məhz işəgötürənin təşəbbüsü ilə baş verdiyinə dəlalət etməməsinə dair qənaəti ilə razılaşır və eyni zamanda hesab edir ki, məhkəmə haqlı olaraq iddiaçının göstərdikləri həqiqət olması ehtimalında belə onun tərəfindən kifayət qədər zaman çərçivəsində (1 ildən çox) ehtimal olunan hüquqlarının müdafiəsi üçün müraciətlərin edilməməsi bu halın mövcudluğunu şübhə altına alan hal kimi qiymətləndirilə bilməsini qeyd etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlillərinin sübuta yetirilməsi və mənafeyinin pozulmasına birbaşa dəlalət edən qanunvericilik müddəalarına uyğunsuzluq müəyyən edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. İddiaçının isə faktiki olaraq cavabdeh müəssisədə “kadr üzrə mütəxəssis” vəzifəsini icra etməsi barədə mötəbər sübutlar təqdim etməmişdir. Bundan başqa iddiaçı apellyasiya şikayətinin - birinci instansiya məhkəməsi tərəfindən səs yazıları və şahid ifadəsinə düzgün qiymətləndirilməməsi barədə dəlilini də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, iddiaçının “kadrlar şöbəsində” mübahisə etməsi və bu zaman digər şəxslərin “töhmət” alması iddiaçının “kadr üzrə mütəxəssis” vəzifəsində çalışması anlamına gəlmir, çünki iddiaçının başqa vəzifə üzrə əmək funkasiyasını yerinə yetirməsi barədə əmək müqaviləsində dəyişiklik edilməsi və ya yeni əmək müqaviləsi bağlanması halı müəyyən edilməmişdir. Eləcə də iş vaxtından artıq vaxt ərzində iş gördüyünə dair mötəbər sübutlar təqdim etməmişdir. Şahid ifadəsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə kollegiya razılaşır və hesab edir ki, şahid ifadəsinin məzmununda göstərilənlər iddiaçının tələbinin əsaslı olmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, iddiaçının təqdim etdiyi səs yazıları və şahid ifadəsi ilə iddiaçının istinad etdiyi halları təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz (qəbul edilsə belə həmin səs yazıları iddia tələbinin əsaslılığının sübuta yetirilməsi üçün kifayət etmir). Digər tərəfdən qeyd edilməlidir ki, X10 Xidməti tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçının iddia tələbi üzrə qeyd etdiyi pozuntular aşkar edilməmiş, aşkar edilmiş pozuntu isə son haqq-hesabın vaxtında ödənilməməsi ilə bağlı olmuşdur ki, bununla əlaqədar cavabdeh barəsində inzibati tənbeh tətbiq edilmiş, sonradan hər iki tərəfin izahatına və iş materiallarına əsasən son haqq-hesab ödənilmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddianın mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı da birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdehin iddiaçıya qarşı hər hansı hüquqazidd əmələ yol verməsi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar gəldiyi nəticə düzgün olmuşdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(005)- 898/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə