Məhkəmə qərarları › İş №2(103)-8359/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8359/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8359/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(008)-4293/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə verdiyi 3400 manat borcun və iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 2019-cu ilin aprel ayında cavabdehə bir həftə müddətinə qaytarmaq şərtilə 10000 manat məbləğində borc vermiş, cavabdeh borcun 6600 manat hissəsini qaytarmış, 3400 manat pulu qaytarmamışdır. Borcun qaytarılması üçün dəfələrlə cavabdehə müraciət etməsinə və Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü polis bölməsinə müraciət etməsinə baxmayaraq, nəticəsi olmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(008)- 4293/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh iddiaçıya 3400 manat məbləğində borclu olduğunu etiraf etmiş və bu barədə məhkəməyə ərizə yazmışdır. Həmin işə baxılması zamanı əri X1 Azərbaycan Respublikasının hüdudlarından kənarda olmuş, məhkəmə qətnaməsini aldıqdan sonra əri Bakı şəhərinə qayıdıb qətnamə ilə tanış olduqdan sonra ona bildirmişdir ki, o, iddiaçıya olan 3400 manat borcu qaytarmışdır. Bu barədə onun xəbəri olmadığına görə birinci instansiya məhkəməsində iddiaçıya 3400 manat məbləğində borclu olduğunu bildirmişdir. Buna görə də hesab edir ki, məhkəmə işin hallarını düzgün araşdırmadığına görə həmin qətnamə ləğv olunmalı və iddia rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu, cavabdehin əri tərəfindən ona qalan borcun qaytarılmadığını, apellyasiya şikayətinin işi uzatmaq məqsədi daşıdığını bildirdi və şikayətin təmin olunmamasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(008)-4293/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh İddiaçı 3400 manat məbləğində borclu olduğunu etiraf etmiş və bu barədə məhkəməyə yazılı ərizə vermişdir. (i.v.22, 24) İş materiallarında olan Sabunçu RPİ-nin 13-cü polis bölməsinin təhqiqatçısı tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 8 may 2021-ci il tarixli qərardan görünür ki, həm Cavabdeh, həm də əri X2 izahatlarında İddiaçı 3400 manat məbləğində borclu olduqlarını etiraf etmişlər. (i.v.7-8) Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaya etirazın əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyinə görə birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdeh iddiaçıya olan borcun əri T.Nəbiyev tərəfindən qaytarılması barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, apellyasiya məhkəməsində keçirilən məhkəmə iclasına gəlməməklə şikayəti müdafiə etməkdə maraqlı olmadığını nümayiş etdirmişdir. Kollegiya həmçinin hesab edir ki, 3400 manat məbləğində borc cavabdehin əri tərəfindən iddiaçıya qaytarıldığı təqdirdə bu barədə arvadı Cavabdeh bildirməməsi ağlabatan deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(008)- 4293/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar