Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8361/2020 23.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və vəkili X10, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh “BP Eksploreyşn (KaspianSi) Limited” ASC-yə qarşı “peşə xəstəliyinin müəyyən edilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(006)-577/2019 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh “BP Eksploreyşn ( (KaspianSi) Limited” şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxxxx 2018-ci il tarixinədək olan peşə xəstəliyinin müəyyən olunması və bu peşə xəstəliyinin tanınmasının və ya qəbul edilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması və cavabdehin onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) onunla əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxxxxxx 2018-ci il tarixli əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, “BP Eksploreyşn (KaspianSi) Limited” şirkətində xx xxxxxx 2011-ci il tarixində texnik vəzifəsində işə başlamaqla X24 platformasında olan Dəniz əməliyyatları departemantində Hasilat üzrə Texnik vəzifəsinə qədər yüksəlmiş və son dövrədək heç bir töhməti olmadan mükafatlandırmaqla işləmişdir. Lakin xx xxxxxxxx 2018-ci ildə ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) onun əmək müqaviləsinə xitam verilmişdir. O, əvvəl Texniki İnkişaf şöbəsinə hasilat üzrə texnik (təcrübə keçən) vəzifəsində, xx xxxx 2013-cü ildə X8 üzrə Texnik vəzifəsində, xx xxxxxxxx 2013-cü ildə (K-2 dərəcəli ilə (bu cür dərəcələrin verilməsi cavabdehin özü tərəfindən hər ay aparılan dərslər və imtahanlar nəticəsində əldə olunurdu) X25 platformasın X2 Hasilat üzrə Texnik vəzifəsində (həmin vəzifədə qalması üçün o, imtahan verərək G-3 dərəcəsini almalı idi və belə də oldu, o, 2016-cı ilin dekabr ayında G-3 dərəcəsi almaqla tam səriştəli texnik operator adına layiq görülmüşdür), xx xxxxxx 2017-ci ildə həmin Departamentdə və həmin vəzifədə qalmaqla ATA Yarda, xx xxxxx 2017-ci ildə həmin Departamentdə və həmin vəzifədə qalmaqla X24 platformasında çalışmışdır. O, işə daxil olarkən sağlam şəkildə işə başlamış və heç bir sağlıq problemi olmadan çalışmışdır. O, yalnız 3 ildən sonra belində ağrı ilə üzləşmiş və bu barədə öz rəhbərliyinə xəbər vermiş və müayinə və müalicə olunmuşdur. O, 7 il işlədiyi əmək şəraiti sahildən 120 km. uzaqlıqda Xəzər dənizində rütübəti sox olan, qeyri-sabit temperatur olan isti və soyuq havada, iş şəraitində həm yüksək külək, həm də yüksək nəmişlik olmuşdur. Radiasiya olan cənin yanında və cənin ortasında işləməklə şüalar qəbul edirdi. Dizellə işləyən turbin motorların və yanğınsöndürən nasosların tüstüsü əhatəsində iş rejimi. Məhdud iş şəraitində-dizi üstə durmaqla dar bir yerdə ağır olan siyirtmələri açmaq və bağlamaq, soyuq dəmir üzərində böyrü üstə uzanmaqla quraşdırılması, dizi üstə duraraq drenaj xətlərinə quraşdırılması, dikinə olan 5 mərtəbəli pilləkənlərlə qalxıb düşmə və sair kimi olmuşdur. Onun yuxarıda qeyd olunan əmək şəraitində işləməsi Azərbaycan Respublikası Mərkəzi Neftçilər Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndəriş-sorğu məktubundan da görmək olar. O, cavabdehlə əmək müqaviləsi münasibətlərində olduğu və əmək şəraitində peşə xəstəliyinə tutulmuş, bu hal öz əksini onun qeydiyyatda olduğu X13 Kompleksinin xx xxxxxxxx 2018-ci tarixli arayışında da tapmışdır. O, dəfələrlə rəhbərliyinə onu başqa yüngül işə keçirilməsini, onun peşə xəstəliyinin müəyyən edilməsini xahiş etsə də, işəgötürən buna razı olmamış, həkimlərin müayinə və müalicənin onun davam etdirilməli olmasını bildirmələrinə baxmayaraq, əmək şəraitinin yaxşılaşdırmadan onun peşə xəstəliyini qeydə almadan ƏM-nin 70-ci maddəsinin «b» bəndinə əsasən (ştatların ixtisarı) onun əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz ünvanlayaraq, qeyd etmişdir ki, BP şirkətinin Azərbaycan Respublikası nümayəndəliyi İddiaçı xx xxxxxx 2011-ci il tarixində Hasilat üzrə texnik - təcrübə keçən” vəzifəsinə işə qəbul etmiş, sonra xx xxxxx 2017-ci il tarixində Şərqi Azəri platformasına “Hasilat üzrə texnik” vəzifəsinə keçirilmişdi. X26 dəniz platformasında işlədiyi zaman 2018-ci ildə şirkətin təşkilati struktur dəyişməsi, işlərin daha səmərəli aparmaq və maliyyə xərclərin azaltmaq məqsədi ilə şirkətin rəhbərliyi işçilərə bildirmişdir ki, şirkətin idarə edilməsini daha səmərəli, işlərin daha yaxşı icra olunmasına və xərclərin azaldılmasına nail olmaq məqsədilə şirkətin bəzi şöbələrin strukturu dəyişəcək, bəzi şöbələr tamamilə ləğv olunacaq; bəzi vəzifələr ləğv olunacaq və nəticədə ləğv edilmiş vəzifələrin ixtisarı aparılacaq. İddiaçı şirkətin Azərbaycan Respublikasındakı nümayəndəliyində “Dəniz əməliyyatları” departamentinin “Şərqi Azəri” dəniz platformasında “J3” dərəcəli “Hasilat üzrə texnik” vəzifəsində çalışırdı. 2018-ci ildə şirkətdə aparılan struktur dəyişməsi və BP şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyin X15 6780 saylı xx xxxx 2018-ci il tarixli Qərarı əsasında “Dəniz əməliyyatları” departamentinin “Şərqi Azəri” dəniz platformasında çalışan 4 nəfər “J3” dərəcəli Hasilat üzrə texnik” vəzifəsindən biri ləğv olunmuş və nəticədə bu platformada “J3” dərəcəli Hasilat üzrə texnik” üç vəzifə qalmış, iddiaçının işlədiyi “Şərqi Azəri” platformasında 2018-ci ilin may ayında Hasilat qrupunda cəmi 30 nəfər işləyib onlardan 26 nəfər Hasilat üzrə Texnik” vəzifəsi mövcud idi, lakin ixtisarlar apardıqdan sonra bu platformada yalnız 28 nəfər işçi qalmış, onlardan 24 nəfər Hasilat üzrə Texnik” vəzifəsi qalmış, bunlardan 4 nəfəri “J3” dərəcəli Hasilat üzrə Texnik” vəzifəsində çalışırdı və ixtisarlar apardıqdan sonra bu platformada yalnız 3 nəfər “J3” dərəcəli Hasilat üzrə Texnik” vəzifəsi qalmışdır. İddiaçı ilə həmin platformada çalışan 4 nəfər işçinin işlədiyi müddət ərzində və son illərdə peşəkarlıq səviyyəsi və əmək vəzifələrinin yerinə yetirilməsi səviyyəsi müqayisə olunarkən, aşağıdakılar müəyyənləşdirilmişdir. Belə ki, “J3” dərəcəli Hasilat üzrə Texnik” X12 yüksək peşəkarlıq səviyyəsi və əmək vəzifələrinin yüksək icrasını nümayiş etdirdiyinə görə, 2017-ci ildə onun əmək fəaliyyəti Yüksək, yəni 1.4 əmsalı ilə qiymətləndirilmişdir. X27 yüksək və nümunəvi peşəkarlıq səviyyəsinin göstəricisidir və 4 nəfər “J3” dərəcəli Texniklərin arasında onun qiymətləndirilməsi ən yüksək olmuşdu. Bu səbəbdən də onun işdə saxlanılmasına qərar verilmişdir. Bundan əlavə, Hüseynov Nazimə yüksək peşəkarlıq səviyyəsini və əmək vəzifələrinin yüksək icrasını nümayiş etdirdiyinə görə 2017-2018-ci illər ərzində 2 dəfə xüsusi pul mükafatı verilmişdir. “J3” dərəcəli Hasilat üzrə Texnik” X3 yüksək peşəkarlıq səviyyəsini və əmək vəzifələrinin yüksək icrasını nümayiş etdirdiyinə görə, 2017-ci ildə onun əmək fəaliyyəti Yüksək, yəni 1.2 əmsalı ilə qiymətləndirilmişdir. X27 nümunəvi və yüksək peşəkarlıq səviyyəsinin göstəricisidir. Bundan əlavə, Bayramov Qorxmaza yüksək əmək fəaliyyəti nümayiş etdirdiyinə görə 2017-2018-ci illər ərzində 3 dəfə xüsusi pul mükafatı verilmişdir. Bunları nəzərə alaraq onun da işdə saxlanılmasına qərar verilmişdir. “J3” dərəcəli Hasilat üzrə Texnik” X1 yüksək peşəkarlıq səviyyəsini və əmək vəzifələrinin yüksək icrasını nümayiş etdirdiyinə görə, 2017-ci ildə onun əmək fəaliyyəti Yüksək, yəni 1.2 əmsalı ilə qiymətləndirilmişdir. Bu, İsmayılov Abdullanın nümunəvi və yüksək peşəkarlıq səviyyəsinin göstəricisidir. Bundan əlavə, Bayramov Qorxmaza yüksək əmək fəaliyyəti nümayiş etdirdiyinə görə 2017-2018-ci illər ərzində 7 dəfə xüsusi pul mükafatı verilmişdir. Bunları nəzərə alaraq onun da işdə saxlanılmasına qərar verilmişdir. İddiaçı “J3” dərəcəli Hasilat üzrə Texnik” 2017-ci ilin nəticələri üzrə əmək fəaliyyəti cox aşağı, yəni 0.0 əmsalı ilə qiymətləndirilmişdir. Bu nəticə şirkətdə ən aşağı peşəkarlıq səviyyəsinin və əmək fəaliyyətinin göstəricisi hesab edilir və bu işçinin öz əmək funksiyalarını tamamilə lazımı qaydada yerinə yetirməməsinin göstəricisidir. Beləliklə, “Şərqi Azəri” platformasında Hasilat qrupunda işləyən bütün digər “J3” dərəcəli Hasilat üzrə Texniklərlə müqayisədə peşəkarlıq səviyyəsinin və əmək funksiyaların icrasının ən aşağı göstəriciləri İddiaçı olmuşdur. Qeyd olunmalıdır ki, yuxarıda adları qeyd olunan Hasilat üzrə Texniklərdən fərqli olaraq, İddiaçı 2017 və 2018ci illərdə hər hansı xüsusi pul mükafatı da olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı ixtisar edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq, ixtisar zamanı eyni vəzifəni tutan işçilərin arasında peşəkarlıq səviyyəsinin müəyyən edilməsi nəticəsində İddiaçı ixtisara düşməsi qaçılmaz olmuşdur. Bu seçim prosesini əks etdirən xx xxxx 2018-ci il tarixli “Ştatların ixtisarı ilə əlaqədar Seçim Protokolu” tərtib edilmişdir. İddiaçı üçün Şirkətdə uyğun vakansiya olmadığından, ona başqa vəzifənin təklif edilməsi mümkün olmamışdır və nəticədə iddiaçının ştatı ixtisar edilmişdir. İddiaçının rəsmi xəbərdarlıq müddətinin stajına uyğun 6 təqvim həftə olmasına baxmayaraq, BP şirkəti ixtisarla əlaqədar Əmək Məcəlləsində nəzərdə tutulduğundan daha çox, yəni ən maksimal uzun müddəti tətbiq edərək 9 təqvim həftəsi əvvəlcədən xx xxxxxx 2018-ci il tarixli 6850/NN/VO saylı yazılı rəsmi Xəbərdarlıq bildirişi hazır edərək İddiaçı təqdim edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(006)-577/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, məhkəminin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, sübutlara düzgün qiymət verilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)- 12534/2019 saylı qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-577/2019 saylı işi üzrə xx.xx.2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020ci il tarixli 2(102)-3810/2020 saylı Qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 12534/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı qeyd etdi ki, neft-qaz sahəsində ümumi stajı 14 ildir. BP şirkətində 2011-ci ildən işləyir, həmin vaxtdan da dənizə mütəmadi kurslara getmiş, 2013-cü ildən isə dəniz şəraitində işləməyə başlamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, iddiaçı dəniz şəraitində işləməyə 2013-cü ildən göndərilmişdir, Şirkətdə bu kateqoriyadan olan işçilər üçün ofis şəraitində iş yoxdur, o da treninqlərə cəlb olunanda dəniz şəraitində işləməyə razılıq vermişdir. Dəniz şəraitində iddiaçı 4 il 7 ay 18 gün işləmişdir, nəzərə alınsa ki, dəniz şəraitində işləyənlər 15 gün evdə, 15 gün işdə olurlar, belə olan halda, demək olar ki, iddiaçı cəmi 2 il dəniz şəraitində işləmişdir. Hazırda dəniz şəraitində 15-20 il işləyən işçilər var ki, onlarda hər hansı bir peşə xəstəliyi yaranmamışdır. Platformada işçilər üçün hər cür şərait yaradılmışdır. Hər il bütün işçilərin qiymətləndirilməsi aparılır, o cümlədən 2017-ci ilin yekunlarına dair 2018-ci ilin əvvəlində qiymətləndirmə aparılmış və iddiaçı da bilavasitə həmin qiymətləndirmədə iştirak etmişdir, çünki işçinin iştirakı olmadan qiymətləndirmənin aparılması mümkün deyildir. Qiymətləndirmə nəticəsində iddiaçı 0.0 əmsalı ilə qiymətləndirilmiş, ona görə də ixtisara düşmüşdür. Dəniz şəraitində cəmi 4 il 7 ay 18 gün işləyən işçidə hər hansı peşə xəstəliyi yarana bilməz. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apelyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi halları əsaslı hesab etməsinə və iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi üçün qanuni əsaslar mövcud olması, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilməsi və bu baxımdan da iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair xx xxxxxxxx 2018-ci il tarixli əmrin Əmək Məcəlləsinin tələblərinə cavab verdiyindən əsaslı sayılmalı olması hissəsinin hansı sübutlar əsasında maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olmasına hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində iddianın peşə xəstəliyinin müəyyən edilməsi hissəsi üzrə ümumiyyətlə hər hansı qiymətləndirmə aparmamış və həmin tələbə qətnamənin əsaslandırıcı hissəsində münasibət bildirməmişdir”. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə aşağıdakılar müəyyən edilir: “BP Eksploreyşn (KaspianSi) Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə İddiaçı arasında xx xxxxxx 2016-cı il tarixdə 3426 saylı əmək müqaviləsi bağlanmışdır. xx xxxxxxxx 2018-ci il tarixdə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ştatların ixtisarı əsası ilə xitam verilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X18 oğlu ifadəsində göstərmişdir: “Mən 2013-cü ildən 2018-ci ilin avqust ayına kimi BP Şirkətində işləmişəm. Bizdə işlə bağlı treninq olmuşdur, treninq ağır olduğunda vəziyyətim pisləşmişdir. Dizimdə ağrılar var idi. Həkim məni tibbi müayinədən keçirdi. MRT olundum, bildirildi ki, peşə xəstəliyinə tutulmuşam, lakin məni ixtisarla çıxartdılar işdən. İşdən çıxanda mənə bildirdilər ki, səni işə düzəltmə Şirkətinə yönləndirəciklər, lakin 3 ay keçməsinə baxmayaraq işə düzəlməmişəm”. Həmçinin suallara cavab olaraq qeyd etmişdir ki, “Diz çanağımda zədə olduğu üçün həkim məni dənizə buraxmadı. Ayağımda proplemlər var idi. Treninqi bütün işçilərimiz keçir. Treninq 2018-ci ilin yanvar ayında olmalı idi, səf etmirəmsə. Bəli, 2006-cı ildə dizdən əməliyyat olmuşam”. Hazırda iddiaçı xx xxxxxxxx 2018-ci il tarixədək olan peşə xəstəliyinin müəyyən olunması və bu peşə xəstəliyinin tanınmasının və ya qəbul edilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasını və cavabdehin onun AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) onunla əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxxxxxx 2018-ci il tarixli əmrinin ləğv edilməsini tələb edir. Kollegiya hesab edir ki, məhkəmə iddianın rədd edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. İddia tələbinin birinci hissəsi olan peşə xəstəliyinin müəyyən edilməsi, tanınmasının cavabdehin üzərinə vəzifə olaraq qəbul edilməsi ilə bağlı Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X17-Təcrübi və Tədris Birliyinin 04/KEŞ saylı ekspert rəyindən görünür ki, İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, ona ümumilikdə “Boyun, döş, bel-oma radikulopatiyaları; Sol diz oynağında medial meniskin arxa buynuzunun İİİ dərəcə yırtığı; Ön çarpaz bağın hissəvi qopması; Oynağın sinoviti, ağrı sindromu” kimi xəstəliklərinin olduğu qeyd edilmişdir. İddiaçı məhkəmə-tibbi ekspertizası zamanı təkrar aparılmış kompüter tomoqrafiya müayinəsində onda hal-hazırda qeyd olunan xəstəliklərinin olduğu öz təsdiqini tapmışdır. Qeyd olunan xəstəliklər uzun sürən xroniki gedişlidir. İddiaçı düçar olduğu xəstəliklərlə əlaqədar onun peşə amillərinin üstünlüyü ilə, yəni əmək funksiyaların icrası zamanı bu xəstəliklərin yaranması istisna olunmur. Lakin bu xəstəliklərinin peşə yönümlü olub-olmamasının qiymətləndirilməsi V.Y.Axundov adına “ET X9”nun müvafiq komissiyası tərəfindən müəyyənləşdirilə bilər. Xəstəliklərlə bağlı əlillik dərəcəsinin təyini məhkəmə-tibb ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. Bundan sonra məhkəmə tərəfindən rəyin verilməsi V.Y.Axundov adına “ET X9”na həvalə olunmuş və aşağıdakı məzmunda xx xxxx 2019-cu il tarixli ekspert rəyi alınmışdır:
1. İddiaçı “BP Eksploreyşn (KaspianSi) Limited” şirkətində işlədiyi dövrdə qazandığı xəstəliklər: “Diaqnoz: bel-oma osteoxondrozu, kökcük ağrıları ilə “(2014-cü il), “Sol diz oynağında medial meniskin arxa buynuzlarının 11 dərəcəli yırtığı; Ön çarpaz bağın (ÖÇB) hissəvi qopması; Oynağın sinoviti, ağrı sindromu” (xx.xx.2017); Diaqnoz: “Bel-oma osteoxondrozu, seroneqotiv spondiloartrit” (xx.xx.2018); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 saylı xx xxxxxx 2002-ci il qərarının 17-ci bəndinə əsasən peşə mənşəli xəstəliklər hesab edilir;
2. Diaqnoz: Döş fəqərələrinin osteoxondrozu. Sağtərəfli myalgiya, poliosteoartrit, piylənmə İ dərəcə, tastıpəncəlilik İİ dərəcə (xx.xx.2018) diaqnozları müvafiq sənədə əsasən peşə xəstəliyi hesab edilmir, lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 46 saylı xx xxx 2012-ci il tarixli sənədinə əsasən iş buraxılmaya əks göstərişdir.
3. Yuxarıda göstərilən xəstəliklər ixtisaslı həkimlər tərəfindən vaxtında və mütamadi müalicə olunmazsa əlilliyə gətirib çıxara bilər. Əvvəlki apelyasiya baxışı zamanı Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X11 izahatında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İddiaçı cavab məktubu göndərildiyini, cavab məktubunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin R.Axundov adına X6 müraciət edilməsinin tövsiyə olunduğunu, yalnız R.Axundov adına X4 iddiaçının peşə xəstəliyinə tutulması barədə arayış vermək səlahiyyətinin olduğunu, iddiaçının 10 il neft sahəsində çalışdığını, lakin 4 il “BP Eksploreyşn (KaspianSi) Limited” şirkətində işlədiyini, hər il “BP Eksploreyşn (KaspianSi) Limited” şirkətində işçilərin tibbi müayinədən keçirilməli olduğunu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin işçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin siyahısının təsdiq edilməsi haqqında 7 saylı xx xxxxxx 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahının 17-ci bəndində «10 ildən az olmamaq» qeydinin iddiaçının xəstəliyinin 10 il müddətində bir müəssisədə işlədiyi dövrdə yarandığını nəzərdə tutduğunu, habelə ağır yük qaldırılması və daşınması hallarının iddiaçının peşəsinə aid olmadığını, bunlar təsdiq edildiyi təqdirdə 10 il müddətində iddiaçının işlədiyi müxtəlif müəssisələrə qarşı iddia qaldırmalı olduğunu, peşə xəstəliklərinin antamik hadisə ilə bağlı yarandığını, İddiaçı peşə xəstəliyi ilə bağlı Əmək Müfəttişliyinin təhqiqat apara bilmədiyini, peşə xəstəliyi ilə bağlı müəssisənin razılaşmadığı halda məhkəmə vasitəsi ilə müəyyən edilməli olduğunu, Əmək Müfəttişliyinin yalnız bədbəxt hadisə olduqda təhqiqat apara bildiklərini göstərmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin siyahısının təsdiq edilməsi haqqında» 7 saylı xx xxxxxx 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahının 17-ci bəndindən müəyyən olunur ki, hesablayıcı mərkəzlər, nəşriyyat, rabitə, metallurgiya, dağ-mədən, kənd təsərrüfatı, nəqliyyat, incəsənətin bəzi sahələrində (musiqi, sirk) dayaq hərəkət sisteminə təsir göstərən bütün iş yerləri işçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinə aiddir (periferik sinir sistemi və dayaq hərəkət aparatının, qadın daxili cinsiyyət orqanlarının xəstəlikləri). Həmin peşə xəstəliklərini törədən istehsalat faktorları isə uzun müddət (10 ildən az olmamaq şərti ilə) ağır yüklərin qaldırılması və daşınması (eyni tipli və yüksək gərgin hərəkətlərlə), xüsusi güc tətbiq etməklə əllərdə yüklərin sistematik saxlanılması, bədənin məcburi vəziyyəti və s. aiddir. Göründüyü kimi, dağ-mədən sahəsində dayaq hərəkət sisteminə təsir göstərən bütün iş yerlərində peşə xəstəliklərinin yaranmasına əsas olan şərtlərdən biri işçinin 10 ildən az olmayaraq həmin iş yerində həmin sahədə işləməsidir. Hazırki işin mübahisəsiz halıdır ki, iddiaçı peşə xəstəliyinin yaranmasının əsası kimi göstərdiyi dəniz platformasında ağır şəraitdə 2013-2018-ci illər ərzində, yəni təxminən 5 ilə yaxın müddət ərzində işləmişdir. Belə olan halda, V.Y.Axundov adına “ET X9”nun xx xxxx 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən edilən xəstəliklərin bir qismi peşə mənşəli xəstəliklər hesab edilsə də, həmin xəstəliklərin iddiaçının iddia etdiyi kimi həmin sahədə işləməsinə görə yaranmış peşə xəstəliyi olması nəticəsinə gəlmək üçün iddiaçının həmin müəsissədə həmin sahədə ən azı 10 il işləməsi tələb edilir, lakin iddiaçı təxminən 5 il işləmişdir, odur ki, Kollegiya hesab edir ki, iddiaçının bu iddia tələbi əsassız olduğundan məhkəmə haqlı olaraq rədd etmişdir. Bununla bağlı Kollegiya həmçinin əvvəlki apelyasiya baxışında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X7 iddiaçının peşəsinə ağır yük qaldırılması və daşınması hallarının aid olmaması və s. barədə izahatında göstərdiyi xüsusatları da nəzərə alır. İddiaçının tələbinin digər hissəsi isə əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxxxxxx 2018-ci il tarixli əmrin ləğv edilməsidir. İddiaçı həmçinin hesab edir ki, cavabdeh tərəfindən işçilərin peşə səviyyəsinin qiymətləndirilməsi zamanı iş yerlərində attestasiyanın keçirilməsi barədə əmək qanunvericiliyinin tələbələrinə əməl olunmamışdır. İş materiallarından müəyyən edilir ki, “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında" Saziş (HPBS) və onun ratifikasiyası haqqında 933 saylı xx.xx.1994-ci il tarixli Azərbaycan Respublikası Qanuna əsasən fəaliyyət göstərir. Qeyd edilən Sazişin 6.7-ci maddəsinə uyğun olaraq, BP şirkətinin ixtiyarı var ki, bu Sazişin qüvvədə olduğu bütün müddətdə neft-qaz əməliyyatlarının aparılması ilə əlaqədar işçiləri işə götürsün, əmək şərtlərini müəyyənləşdirsin və kadrların işə götürülməsi və işdən azad edilməsi, işgüzar keyfiyətlərinin qiymətləndirilməsi sahəsində beynəlxalq neft-qaz sənayesində tətbiq edilən siyasət yeritsin. Qeyd edilən Qanunun 3-cü maddəsinə uyğun olaraq, Qanun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasında bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı mövcud və ya qəbul oluna biləcək qanunlardan, fərmanlardan və sərəncamlardan üstün tutulur. Göründüyü kimi, Saziş beynalxalq müqavilə hesab olunur və əmək qanunvericiliyinə münasibətdə daha üstün qüvvəyə malikdir, ona görə də işçilərin, o cümlədən iddiaçının 2017-ci il üçün əmək fəaliyyətinin qiymətləndirilməsinin qaydasını müəyyənləşdirməkdə cavabdeh sərbəst olmuşdur. Digər tərəfdən, iddiaçı həmin qiymətləndirmənin nəticələrini mübahisələndirməmişdir. “BP Eksploreyşn (KaspianSi) Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Rəhbərinin xx xxxx 2018-ci il tarixli qərarından görünür ki, AR ƏM-nin 11-ci maddəsinin rəhbər tutaraq, “BP Eksploreyşn (KaspianSi) Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işlərin daha səmərəli icra və idarə olunması və xərclərin azaldılması məqsədi ilə aparılan təşkilat-struktur dəyişikliyi nəticəsində Dəniz əməliyyatları departamentində J3 dərəcəli “Hasilat üzrə texnik” vəzifəsinin ixtisar edilməsi qərara alınmışdır. Həmin vaxt departamentdə J3 dərəcəli “Hasilat üzrə texnik” vəzifəsində işləyən 4 əməkdaşdan biri də İddiaçı olmuşdur. Əmək Məcəlləsinin tələbinə əsasən ixtisar zamanı işçilərin peşəkarlıq və əmək vəzifələrinin icra edilməsi səviyyəsi nəzərə alındığından, həmin 4 əməkdaşın illik əmək fəaliyyəti qiymətləndirilmiş və qiymətləndirmə nəticəsində iddiaçının əmək fəaliyyəti aşağı, yəni 0.0 əmsalı ilə qiymətləndirilmişdir. Digər əməkdaşlarla müqayisədə ən aşağı əmək icra göstəriciləri iddiaçıda olduğu üçün onun ixtisar edilməsi qərara alınmışdır. xx.xx.2018-ci il tarixli ixtisar barədə xəbərdarlıq bildirişi ilə 9 həftə əvvəldən iddiaçıya məlumat verilmiş, bildirişlə iddiaçıya iki variantdan (A və ya B) birini seçmək təklif edilmişdir. İddiaçı əvvəlcədən Xəbərdarlıq bildirişin B variantını (B cədvəli) seçərək imzalamış və xəbərdarlıq müddətinin sonunda onun əmək müqaviləsinə xitam verilməsinə öz yazılı razılığını bildirmişdir. Lakin sonra iddiaçı xx xxxxxxxx 2018-ci il tarixində öz qərarını dəyişməsi barədə Ərizə ilə İnsan Resursları departamentinə müraciət edərək, Xəbərdarlıq bildirişin A variantın seçməsini bildirmiş və xx xxxxxxx 2018-ci il tarixindən xəbərdarlıq müddətinin əvəzinə əmək haqqının birdəfəyə ödəməklə onun əmək müqaviləsinə xitam verilməsi barədə öz yazılı razılığını bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə uyğun olaraq işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, İşəgötürən müvafiq tədbirlər görür və bu maddə ilə müəyyən edilmiş təminatları tətbiq etməlidir. BP şirkətinin Azərbaycandakı Nümayəndəliyi ştatların ixtisarının aparılmasının vacib səbəbinin şirkətin xərclərinin azaldılması olmağına baxmayaraq, ixtisara düşən işçilər üçün xüsusi ödənişlər paketinin verilməsini qərara almış və bunun nəticəsində iddiaçıya ixtisarla bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan ixtisar ödənişlərindən əlavə könüllü olaraq xüsusi ödənişlər də verilmişdir. Bundan sonra xx xxxxxxxx 2018-ci il tarixdə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ştatların ixtisarı əsası ilə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə işəgötürən tərəfindən əmək müqaviləsi işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. Məcəllənin 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi. Göründüyü kimi, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə riayət edilmiş, hər hansı bir pozuntuya yol verilməmişdir, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz hesab edilməsi və ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Kollegiya onu da qeyd edir ki, iddiaçı xx xxxx 2018-ci il tarixli «İxtisarla bağlı seçim protokolu»nu məhkəmə qaydasında mübahisələndirməmiş, əksinə, xəbərdarlıq müddəti bitmədən – xx xxxxxxxx 2018-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edib, əmək müqaviləsinə həmin tarixdən xitam verilərək, son haqq-hesabını tələb etmiş və müvafiq ödənişləri almışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-577/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov