Məhkəmə qərarları › İş №2(103)-8363/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8363/2020

13.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8363/2020 13.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, Ərizəçi “sahiblik, istifadə və sərəncam hüquqlarının olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qərardaddan ərizəçinin verdiyi şikayətə, ərizəçinin özünün iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə” ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, ünvan 1 4-cü Perevalnaya) 125 ünvanda yerləşən iki sota yaxın torpaq sahəsində babası X1 tərəfindən 1955-ci ildə 1 ev, 1956-cı ildə başqa bir ev, cəmi 2 ev tikmişdir. 1974-cü ilin mart ayında ünvana dair “Texniki pasport” tərtib edilmişdir. Evlər texniki pasportda “A” və “B” tikililəri kimi göstərilmişdir. Babasının vəfatından sonra “A” tikilisi onun atası Mahmud Nəcəfova, “B” tikilisi isə əmisi Mirzəağa Nəcəfova məxsus olmuşdur. Sonuncuların ölümündən sonra isə “A” tikilisi onun ailəsinin, “B” tikilisi isə əmisinin ailəsinin istifadəsində qalmışdır. “A” quraşdırılan qaz sayğacı və telefon ərizəçinin adına sənədləşdirilib. “A” tikilisinin sənədləşdirilməsi ilə əlaqədar o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə müraciət etsə də, məqsədinə nail ola bilməmişdir. Bu səbəbdən də, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən o xahiş edir ki, qeyd edilən ünvanda yerləşən “A” tikilisindən ibarət evə onun sahiblik, istifadə və sərəncam vermək hüququnun olması faktı müəyyən edilsin. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə ərizəni və ərizəyə sənədləri ərizəçiyə geri qaytarmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, ərizəçi mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət etməmişdir. Ərizəçi həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunması və ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi əsassız və qanunsuz olaraq ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Qərardaddan verilmiş şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və “hüquqi əhəmiyyətli faktın tanınması barədə” ərizəsinin icraata götürülməsi məsələsinə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, işə baxmış Rayon Məhkəməsi ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytararkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 150.0.7. maddəsinin tələbinə əsaslanmışdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, Rayon Məhkəməsinin istinad etdiyi prosessual hüquq normasının tələbinə görə, iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir. MPM-nin 308-ci maddəsinin mənasına görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi məhkəmə mübahisəli daşınmaz əmlaka dair hüquqi faktı o halda müəyyən edir ki, ərizəçi həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və ya bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Hazırki iş üzrə ərizənin məzmunundan görünür ki, mübahisəli əmlak daşınmaz əmlakın dövlət reyestrində rəsmi qeydiyyata alınmamışdır və ərizəçi əmlakla bağlı hüquqmüəyyənedici sənədlərin əldə olunmasını deyil, mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə, sahiblik və sərəncam hüquqlarının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarının 7.2-ci bəndində göstərilir ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Göründüyü ki, ərizəçinin tələbi mübahisəli əmlaka sahiblik, istifadə və sərəncam vermək hüququnun tanınmasından ibarət olduğu üçün ərizənin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi bu tələblə bağlı pretenziya qaydasına əməl edilməməsi əsası ilə ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla düzgün nəticəyə gəlməmişdir. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə QƏRARA ALDİ: Ərizəçi şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə” ərizəsinin icraata götürülməsi məsələsinə yenidən baxılması üçün mülki iş Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar