Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8364/2021 22.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdeh Azər Əizmovun iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehlərdən müştərək qaydada 1.412,55 manat pul tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı iddia edir ki, Kürdəxanı Bələdiyyəsinin 23.06.2005-ci il tarixli sərəncamı ilə ona Ləhiş bağları ərazisində 0,12 ha torpaq sahəsi ayrılmış və torpaq sahəsinə dair onunla 10 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Bağ sahəsində daş hasar inşa etmiş və müxtəlif növ ağaclar əkmişdir. Bundan sonra bağ sahəsini Cavabdeh1 icarəyə vermişdir. Cavabdeh1 2 illik 1.500 manat icarə haqqı almışdır. Cavabdeh1 3-cü il üzrə icarə haqqı verməli olduğu halda ona bildirmişdir ki, torpaq sahəsinin mülkiyyətçisi Səlimə Əsgərovadır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində torpaq sahəsindən məhrum olmuşdur, hasarın inşasına çəkdiyi 1.500 manat xərci isə cavabdeh ona qaytarmaq istəmir. Cavabdeh1 aldığı 2 illik icarə haqqı olan 1.500 manat pulun ondan alınaraq cavabdehə ödənilməsi barədə Sabunçu Rayon Məhkəməsi tərəfindən 23.07.2019-cu il tarixli qətnamə qəbul olunub. İddiaçı tərəf daha sonra iddianı dəyişmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.412,55 manat pul tələb etmişdir. Cavabdeh2 cavabdeh kimi göstərilməsi onunla əsaslandırılmışdır ki, torpaq sahəsi üzərində mülkiyyət hüququ 22.04.2016-cı ildən Səlimə Əskərovaya, 27.07.2016-cı ildən isə Cavabdeh2 məxsus olmuşdur. Müəyyən olunur ki, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşəşən, 0,1163 ha torpaq sahəsi olan 4422 “a” nömrəli bağ sahəsi 22.04.2016-cı ildə Səlimə Əskərovanın, 27.07.2016-cı ildə Cavabdeh2 mülkiyyəti kimi qeydə alınmışdır. İddiaçı həmin bağ sahəsində daş hasarın inşasına çəkdiyi xərcin əvəzinin ödənilməsini tələb edir. İddiaçı daş hasarın inşasına çəkilmiş xərcin əvəzini o şəxsdən tələb edə bilər ki, o, daş hasara münasibətdə əsassız varlanan şəxs sayılır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1-ci Cavabdeh1 daş hasara münasibətdə əsassız varlanmış şəxs sayılmır, çünki daş hasarın yerləşdiyi torpaq sahəsinə heç bir hüququ yoxdur. 2-ci Cavabdeh2 daş hasara münasibətdə əsassız varlanmış şəxs sayılmır, çünki daş hasarın yerləşdiyi torpaq sahəsini Səlimə Əskərovadan əldə edib. 2-ci cavabdeh ilə iddiaçının arasında hər hansı münasibət olmayıb, o, əqd əsasında əldə etdiyi əmlakın əvəzini Səlimə Əskərovaya ödəyib. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-8364/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8364/2021
22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver