Məhkəmə qərarları › İş №2(103)-8365/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8365/2021

19.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8365/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh2 MMC-nə və Nardaran Bələdiyyəsinə qarşı “özbaşına aparılan tikinti işlərinin dayandırılması və torpaq sahəsinin boşaldılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 MMC-nə və Nardaran Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maştağa Bələdiyyəsinin 21.02.2005-ci il tarixli 124 №-li Sərəncamı ilə ona Maştağa qəsəbəsi, Ləəc bağ massivi adlanan ərazidə bağçılıq və bostançılıq üçün 23 000 kv.metr torpaq sahəsi ayrıldığını, həmin vaxt Nardaran bələdiyyəsi olmadığından ərazinin Maştağa bələdiyyəsinin ərazisi hesab edildiyini, sonradan Nardaran Bələdiyyəsinin yarandığını və həmin ərazinin Nardaran Bələdiyyəsinin inzibati ərazisinə daxil olunduğunu, ona məxsus ərazidə Cavabdeh2 MMC tərəfindən tikinti işləri aparıldığını bildirmiş, özbaşına aparılan həmin tikinti işlərinin dayandırılması və torpaq sahəsinin dərhal boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə iddianı təmin etmə tədbirinə dair ərizə də əlavə edərək mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək, Cavabdeh2 MMC və digər şəxslər tərəfindən Nardaraq qəsəbəsi, Ləəç bağ massivi adlanan ərazidə istifadəsində olan 23000 kv.m torpaq sahəsində özbaşına aparılan tikinti işlərinin dərhal dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (məhkəmə) 18 iyun 2021-ci il tarixli qərardadına əsasən ərizə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət də təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə mülkiyyətçi kimi onun hüquqlarını pozmuş, iddianı təmin tədbirinin tətbiqinə əsaslar mövcud olmasına baxmayaraq qanunsuz qərar çıxarmış, sənədlərin təsdiq olunmuş surətlərini təqdim etmi olmasına baxmayaraq, guya sənədlərin kserosurətlərini verdiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı, görülməsi tələb olunan tədbirin iddia tələbinə uyğun və gələcəkdə çıxarılacaq qətnamənin icrasını təmin etməyə yönəldiyini vurğulamaqla şikayətin məzmununa uyğun izahat vermiş, Cavabdeh2 MMC-nin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddələrinə görə, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, həmçinin mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmə tədbirləri görülə bilər. Kollegiya hesab edir ki, göstərilən növdə iddianı təmin tədbirlərinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. Bu mənada nəzərə almaq lazımdır ki, iddiaçının iddiası üzrə qəbul ediləcək (iddianın təmin edilməsi halında) qətnamənin icra edilməsinin çətinliyini və ya mümkünsüzlüyünü təsdiq edən halların mövcudluğuna dair sübutlar təqdim edilmədiyi kimi, ümumiyyətlə onun tələb etdiyi iddianı təmin tədbiri ilə iddiasının mümkün təmin edilməsi halında qəbul ediləcək qətnamənin gələcəkdəki icrası arasında əlaqə də mövcud deyildir. Eyni zamanda, iddiaya mahiyyəti üzrə baxılana qədər cavabdehin fəaliyyətinin dayandırılması tərəflər, həmçinin digər şəxslər arasında əlavə məhkəmə mübahisələrin yaranmasına səbəb ola bilər; belə bir nəticə isə ədalət mühakiməsinin məqsədləri baxımından arzuolunan deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının görülməsini istədiyi iddianın təmin edilməsi tədbiri, iddia tələbi ilə faktiki olaraq eynidir və beləliklə də iddianın gələcəkdə təmin edilməsi halında qətnamənin icrasını təmin etmək məqsədinə, eləcə də onun icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına deyil, faktiki olaraq iddia tələbinin təmininə yönəlmişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, iddianı təmin tədbirlərinin tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac olmasa da, bu tədbirlərin görülməsi üçün ilkin zəruri sübutların verilməsi və ilkin əsaslandırılmanın aparılaraq bununla bağlı dəlillərin təqdim edilməsi zəruridir. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hər bir halda iddianı təmin tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, iddianı təmin tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini MPM-in 157.1-ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, iddianı təmin etmə tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi mümkün deyildir. Bu baxımdan nəzərə almaq lazımdır ki, iddiaçının ərizəsində görülməsi xahiş edilən iddianı təmin tədbirinin zərurilik meyarları da kifayət qədər əsaslandırılmamışdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şikayət mövzusu qərardadı qəbul etməkdə haqlı olmuşdur və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4928/2021 saylı iş üzrə 18 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar