Məhkəmə qərarları › İş №2(103)-8366/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8366/2022

28.12.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8366/2022 28.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-6076/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “əmrin ləğv ediməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-6076/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsi Nümayəndə şikayət verərək, qərardadının ləğv edilməsi və iddia ərizəsinin baxılması üçün icraata qəbul edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6383/2021 saylı, 15 oktyabr 2021ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-6076/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “əmrin ləğv ediməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulu edilməsi məsələsinin müzakirəsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırılmışdır ki, Nümayəndə iddiaçıya hüquqi yardımın göstərilməsi ilə bağlı vəkil orderi iddia ərizəsinə əlavə edilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə yükləmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli etibarnamə ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci hissəsinə, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74-cü və inzibati Prosessual Məcəlləsinin 31-cü maddələrinə uyğun olaraq; iddia ərizəsinin, ərizələrin (vəsatətlərin), məhkəmə aktlarından şikayətlərin verilməsi (imzalanması), "Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sənədləri (ərizə, şikayət və digər sənədləri) müvafiq qaydada göndərmək və.s. bir sıra hüquqarını Nümayəndə etibar etmişdir. İddia ərizəsi iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən elektron imza edilməklə yanaşı, İddiaçı tərəfindən imza edilmiş versiyası da “skan” edilməklə əlavə edilmişdir. Kollegiya qeyd edir ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsini nəzərə almadan yalnız iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən vəkil orderinin iddia ərizəsinə əlavə edilmədiyi əsası ilə iddia ərizəsinin geri qaytarılması İddiaçı ədalətli məhkəmə araşdırması hüququnu kobud şəkildə pozulması ilə nəticələnmiş olar. Belə ki, “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyannın 60-cı maddəsinin 1-ci hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Kolegiya onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş iddia ərizəsinin geri qaytarılmasını qərara alsa da, məhz sonuncu tərəfindən qərardadan verilmiş şikayətə baxaraq hüquqi qiymət vermişdir. Bu isə məhkəmənin bir-birinə zidd iki mövqeyinin olduğunu göstərir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini yuxarıda qeyd olunan əsasla geri qaytarılması qənaətinə gəlməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-6076/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “əmrin ləğv ediməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulu edilməsi məsələsinin müzakirəsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının nümayəndəsi Nümayəndə şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-6076/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “əmrin ləğv ediməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulu edilməsi məsələsinin müzakirəsi üçün iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar