Məhkəmə qərarları › İş №2(103)-8368/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8368/2020

02.12.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8368/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Yəhyazadə Lütfiyyə Əlsaab qızının, cavabdehlər Əliyev Əkrəm Alik oğlu və Əliyeva Rəhilə Rəşid qızının nümayəndəsi və vəkili Qarayev Faiq Çoban oğlunun iştirakları ilə, İddiaçı Yəhyazadə Lütfiyyə Əlsaab qızının cavabdehlər “Villa Masazır” Yaşayış Kompleksi, Əliyev Əkrəm Alik oğlu, Əliyeva Rəhilə Rəşid qızına qarşı mənzilin hazırki bazar dəyərində pulun qaytarılması və mənzilin təmirinə sərf edilən pulun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5442/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yəhyazadə Lütfiyyə Əlsaab qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında xx.xx.2013-cü il tarixli müqavilə şərtlərinə əsasən Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən “Villa Masazır” Yaşayış Kompleksində yerləşən “H” saylı binanın 27 saylı mənzilinin bugünki bazar dəyərinin müəyyən edilərək “Villa Masazır” Yaşayış Kompleksinin nümayəndələri Nəsurullayev Şahin və Əliyev Əkrəm Alik oğlundan alınaraq Yəhyazadə Lütfiyyə Əlsaab qızına verilməsi, Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən “Villa Masazır” Yaşayış Kompleksində yerləşən “H” saylıl binanın 27 saylı mənzilin təmirinə xərclənmiş pulun müəyyən edilərək Əliyeva Rəhilə Rəşid qızından alınaraq iş üzrə iddiaçı Yəhyazadə Lütfiyyə Əlsaab qızına verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən “Villa Masazır” Yaşayış Komplesinin nümayəndələri Nəsurullayev Şahin və Əliyev Əkrəm Alik oğlu ilə hazırki iş üzrə iddiaçı, Yəhyazadə Lütfiyyə Əlsaab qızı arasında Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən “Villa Masazır” Yaşayış Kompleksi, “H” saylı binanın 27 saylı mənzilinin alqı-satqısına dair xx.xx.2013-cü ildə müqavilə bağlanmış, müqavilə şərtlərinə müvafiq olaraq o, 30.000 manat pul ödəyərək həmin mənzili satın almış, sonra isə razılaşmaya əsasən aylar üzrə hissə-hissə ödəniləcək qalıq məbləğdən 9.100 manat pulu “Villa Masazır” Yaşayış Kompleksinə, Əliyev Əkrəm Alik oğluna ödəmişdir. Bundan sonra Nəsurullayev Şahin ödənilmiş 9.100 manat ödənişin müqaviləyə əlavə edilməsi məqsədilə müqavilənin ona göndərilməsini istəmiş, müqaviləni aldıqdan sonra isə onu geri qaytarmamış, bir müddət sonra evin boşaldılaraq təhvil verilməsini tələb etmiş, mənzilin elektrik enerjisini kəsmişdir. 2016-cı ilin əvvəllərində ona məlum olmuşdur ki, Əliyev Əkrəm Alik oğlu həmin mənzili daha sonra, yəni 2014-cü ildə Əliyeva Rəhilə Rəşid qızına 15.000 manata satmış, Əliyev Rəhilə Rəşid qızı elə həmin ildə qeyd edilən mübahisəli mənzilə dair öz adına hüquqlarının dövlət qeydiyyatına alınmasına dair çıxarış almışdır. Nəsurullayev Şahin və Əliyev Əkrəm Alik oğlunun bu kimi əməlləri nəticəsində o, külli miqdarda zərərə məruz qalmaqla yanaşı, yaşadığı mənzilə dair mülkiyyət hüquqlarından məhrum olunmuş, tərəflər arasında müvafiq mənzilin alqısatqısına dair bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq haqqını ödəyərək aldığı mənzildən məhrum edilmək qorxusu ilə qarşı-qarşıya qalmışdır. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Yəhyazadə Lütfiyyə Əlsaab qızının cavabdehlər “Villa Masazır” Yaşayış Kompleksi, Əliyev Əkrəm Alik oğlu, Əliyeva Rəhilə Rəşid qızına qarşı Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən “Villa Masazır” Yaşayış Kompleksində yerləşən “H” saylı binanın 27 saylı mənzilinin bugünki bazar dəyərinin müəyyən edilərək “Villa Masazır” Yaşayış Kompleksinin nümayəndələri Nəsurullayev Şahin və Əliyev Əkrəm Alik oğlundan alınaraq iddiaçıya verilməsi, Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən “Villa Masazır” Yaşayış Kompleksində yerləşən “H” saylıl binanın 27 saylı mənzilin təmirinə xərclənmiş pulun müəyyən edilərək Əliyeva Rəhilə Rəşid qızından alınaraq iddiaçıya ödənilməsinə dair iddia tələbi təmin edilməmişdir. İddiaçı Yəhyazadə Lütfiyyə Əlsaab qızı Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2096/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4163/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili apellyasiya şikaytətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İzahatında əlavə olaraq bildirmişdir ki, Yəhyazadə Lütfiyyə Əlsaab qızı mübahisə predmeti ilə bağlı müxtəlif məhkəmə instansiya üzrə məhkəmə iclaslarında iddia tələbi ilə bağlı iddianın əsasını təşlkil edən hallar barədə heç bir subutla təsdiq olunmayan, yalan və uydurma olmaqla ziddiyətli izahatlar vermişdir. Belə ki, Yəhyazadə iddia tələbini əsaslandıran hallar barədə əvvəlcə izahatında göstərmişdir ki, mübahisəli mənzilin alqı-satqısına dair xx.xx.2013-cü il tarixdə onunla Əliyev Əkrəm arasında ilkin müqavilə bağlanmış, müqavilə bağlanılarkən mənzilin dəyəri 100000 manat müəyyən edilmiş, müqavilənin şərtlərinə görə ilkin olaraq Əkrəm Əlyevə 30 000 manat pul ödəmiş, qalan məbləğin isə 3 il ərzində hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər. 30000 manatı Əkrəm Əliyevə ödədikdən sonra mənzilə görə əlavə olaraq yenidən Əkrəm Əliyevə 9100 manat pul ödəmişdir. Bundan sonra isə 9100 manat pulun ödənitməsinin müqavilədə göstərilməsi üçün Əkrəm Əliyevin göstərişi ilə həmin müqavilə “AAAF Park” tikinti şirkətinin işçisi Əliyar adlı şəxs tərəfindən ondan alınıb Əkrəm Əliyevə təqdim olunmuş, sonuncu isə dəfələrlə tələb etməsinə baxmayaraq müqaviləni ona qaytarmamış, sonradan isə mənzildən çıxarılması barədə Abşeron rayon polis şöbəsinə şikayət etmiş, mənzilə özbaşına girməsi təsdiq olunmadığından barəsində cinayət işi başlanması rədd edilmişdir. Həmçinin iddiaçı izahatında göstərmişdir ki, Abşeron rayon polis şöbəsində aparılan araşdırma zamanı Əkrəm Əliyev, Şahin Nəsrullayev verdikləri izahatlarında mübahisəli mənzilin alqı-satdısına görə onunla müqavilə bağlamalarını, mənzilin dəyərindən ilkin olaraq ondan 30000 manat, sonradan isə 9100 manat pul alıb geri qaytarmamalarını, ödənilmiş 9100 manat pulun müqavilədə göstərilməsi üçün müqavilə ondan alındıqdan sonra geri qaytarmamalarını etiraf etmişlər.İddiaçı daha sonra izahatının davamında polis şöbəsində aparılan araşdırma zamanı Əkrəm Əliyev, Şahin Nəsrullayevin hətta həmin vaxtı onunla mənzilin-alqı satqısı ilə bağlı notariat kontorunda rəsmi alqı-satqı müqaviləsi bağlamağa razı olduqlarını, sonradan onların verdikləri vəddən boyun qaçırmalarını göstərmişdir. Həmçinin iddiaçı digər bir izahatında göstərmişdir ki, məhkəmədə onun iddia tələbinə baxılarkən Abşeron rayon polis şöbəsində aparılan araşdırma materalı sübut əhəmiyyəti daşıdığı halda, tələb edilib iş materiallarına əlavə edilməmişdir. Digər bir halda verdiyi izahatında müqaviləni “Villa Masazır" Yaşayış Kompleksinin nümayəndələri Əkrəm Əliyev, Şahin Nəsrullayevlə bağladığını, müqavilədə bütün ödənişlərin qeyd edilməsi məqsədilə müqaviləni ondan Şahin Nəsrullayevin tələb etməsini, sonradan sonuncunun ondan evi boşaltmasını tələb etməsini və digər ziddiyətli məqamları göstərmişir. Əvvəla qeyd etmək istəyirəm ki, iddiaçı izahatlarında və apelyasiya şikayətində göstəriyi kimi Əkrəm Əliyev və Şahin Nəsrullayevin etibardan sui-istifadə edərək aldatma yolu ilə onun əmlakını ələ keçirərək dələduzluq cinayəti törətmələri barədə əvvəlcə ərizə ilə Abşeron rayon polis şöbəsinə müraciət etmişdir. Lakin onun şikayəti əsasında toplanmış material üzrə Əkrəm Əliyev və Şahin Nəsrullayevin əməllərində cinayət tərkibi olmadığına görə barələrində cinayət işi başlanması rədd edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı dəfələrlə Baş Prokurorluğa və müxtəlif səlahiyyətli hüquqmühafizə orqanlarına qeyri-obyektiv, əsassız və qanunsuz qərar qəbul edilməsi ilə bağlı şikayət etsə də, hər dəfə cinayət işi başlanması rədd edilmiş, qərar qüvvədə saxlanılmışdır. Həmin araşdırma materialı isə iddiaçının iddia tələbinə baxılarkən məhkəmə tərəfindən iddiaçının göstərdiyinin əksinə olaraq tələb edilib iş materiallarına əlavə edilməklə hüquqi qiymət verilmişdir. Digər tərəfdən onun yalan və əsl həqiqətlə uzlaşmayan izahat verməsi bir daha onunla təsdiq olunur ki, Abşeron rayon polis şöbəsində aparılan araşdırma zamanı Əkrəm Əliyev mübahisəli mənzilə Şahin Nəsrullayevin heç bir aidiyyətinin olmamasını, mənzilin onun şəxsi mülkiyyətində olmasını, iddiaçı ilə şifahi sövdələşməyə əsasən mənzilin 100 000 manata qiymətləndirilməsini, iddiaçı mənzilə görə əvvəlcədən ona 1000 manat beh verməsini, pulun qalan hissəsini gətirmədiyinə görə sonradan isə mənzilin onun tərəfindən Rəhilə Əliyevaya satıldığını, onunla iddiaçı arasında mənzillə bağlı heç bir müqavilə bağlanmadığını göstərmişdir. İddiaçının şikayəti əsasında Abşeron rayon polis şöbəsində aparılan araşdırma ilə bağlı toplanmış material öyrənilərkən həmin vaxt rayon polis şöbəsində araşdırma zamanı ümumiyyətlə Şahin Nəsrullayevin izahatının alınmaması müəyyən edilmişdir. Halbuki yuxarıda qeyd olunduğu kimi iddiaçı izahatında Şahin Nəsrullayevin Abşeron rayon polis şöbəsində aparılan araşdırma zamanı izahatının alındığını, həmçinin sonuncunun həmin izahatında onun iddia tələbinin əsasını təşkil edən halları tam etiraf etməsini göstərmişdir. İddiaçı ilə hər hansı bir müqavilə bağlanmasını təkzib edən hallardan biri də odur ki, Əliyar Məmmədov Abşeron rayon polis şöbəsində aparılan araşdırma zamanı verdiyi izahatında Lütfiyyə Yəhynzadənin mübahisəli mənzillə bağlı Şahin Nəsrullayev, Əkrəm Əliyevə pul ödəyib-ödəməməsi barədə heç bir məlumatının olmadığını, iddiaçının Şahinə yaxud Əkrəmə çatdırılması üçün heç vaxtı ona hər hansı bir müqavilə yaxud pul verməməsini göstərmişdir. Göründüyü kimi iddiaçı iddia tələbini əsaslandırmaq üçün məhkəmə iclaslarında həqiqətə uyğun olmayan yalan və uydurma izahat vermişdir. Eyni zamanda bir fakta diqqətinizi cəlb etmək istəyirəm ki, iddiaçı şifahi razılaşmadan sonra mənzilə görə beh kimi verdiyi 1000 manat pulun Əkrəm Əliyev tərəfindən qəbul edilməsi ilə bağlı ona imza etdirməklə, əgər belə demək mümkündürsə, ondan yazılı qəbz almışdır, ancaq həmin mənzilə görə 39100 manat ödənişlə bağlı cavabdehdən heç bir ödəniş qəbzi, iltizam, ödənişi təsdiq edən hər hansı yazılı sənəd-tələb etməmişdir, ona görə də iddiaçının 39100 manat pulun ödənişi ilə bağlı göstərdikləri qətiyyən inandırıcı görünməməklə heç bir subutla təsdiq olunmur. Cinayət təqibinin başlanması üçün verdiyi şikayət təsdiq olunmadıqdan sonra iddiaçı mülki mühakimə icraatı zamanı da verdiyi iddianın əsasını təşkil edən halları təsdiq edən heç bir subut təqdim edə bilməmişdir. Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilmiş, “Villa Masazır" Yaşayış Kompleksində yerləşən “H” saylı binanın 27 saylı mənzili Əliyev Əkrəm Alik oğlunun adına mülkiyyət hüququ əsasında xx xxxx 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. Belə olduğu təqdirdə əgər iddiaçı doğrudan da, həmin mənzilə görə 39100 manat ödəmişdirsə, mənzilin notariat orqanından kənar qaydada ona satılması ilə bağlı göstərdiyi xüsusatlar qətiyyən inandırıcı görünmür, eyni zamanda iddiaçı onunla müqavilə bağlanmasını təsdiq edən heç bir subut məhkəməyə təqdim edə bilmir. Mübahisəli mənzil Abşeron rayonu 2 saylı notariat kontorunda bağlanmış xx xxxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında mülkiyyətçi Əliyev Əkrəm Alik oğlu tərəfindən 15 min manat məbləğində Əliyeva Rəhilə Rəşid qızına satılmış, sonuncu alqı-satqı müqaviləsi əsasında həmin mənzilə dair müvafiq çıxarış almaqla mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx xxxxxx 2014-cü il tarixdə qeydiyyata alınmışdır. Əliyeva Rəhilə Rəşid qızı sonradan ona məxsus həmin mənzili qanunsuz zəbt etmiş Yəhyazadə Lütfiyyə Əlsaab qızının mənzildən çıxarılma tələbinə dair Abşeron rayon məhkəməsində iddia qaldırmış, həmin vaxt eyni zamanda Yəhyazadə Lütfiyyə Əlsaab qızı da cavabdehlər Əliyeva Rəhilə Rəşid qızına, Əliyev Əkrəm Alik oğluna qarşı həmin mənzilə dair alqı-satqı müqaviləsinin və qeydiyyat vəsiqəsinin və bunun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi barədə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə Əliyeva Rəhilə Rəşid qızının iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia isə təmin edilməmişdir. Qətnamədən narazı qalan Yəhyazadə Lütfiyyə Əlsaab qızının verdiyi apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bundan sonra həmin qətnamə əsasında çıxarılmış icra vərəqəsi üzrə Yəhyazadə Lütfiyyə Əlsaab qızının mənzildən məcburi çıxarılması hərəkətlərinə başlanılarkən o, icra işinin icrasına süni əngəl və problem yaratmaq üçün Binəqədi rayon məhkəməsində əsassız olaraq hazırki predmet və əsasla iddia qaldırmışdır. İddiaçı mənzilə görə 1000 manat beh verdikdən sonra mənzilin mülkiyyətçisi Əkrəm Əliyev pulun qalan hissəsinin gətirilməsi üçün bir neçə ay gözləmiş, həmin müddətdə iddiaçı mənzilə gəlib-getmiş, orada müvəqqəti yaşamış, həmin vaxtı mənzilin sayğacı olmadığından istifadə edilən işıq enerjisinə görə enerji sərfiyyatı “Villa Masazır” Yaşayış Kompleksinə məxsus sayğacda qeydə alındığına görə iddiaçı tərəfindən istifadə olunmuş işığın dəyəri ondan tələb olunaraq “Villa Masazır” Yaşayış Kompleksinin vasitəsi ilə işıq idarəsinə ödənilmişdir. Bir neçə ay keçməsinə baxmayaraq şifahi qaydada razılaşdırılmış məbləğ iddiaçı tərəfindən mülkiyyətçi Əkrəm Əliyevə ödənilmədiyindən sonuncu tərəfindən iddiaçı könüllü qaydada mənzildən çıxarılmış və həmin vaxtı ona mənzilin dəyərini tam ödədikdən sonra mənzilə köçmək hüququna malik olduğu izah edilmişdir, iddiaçı mənzilə görə razılaşdırılmış məbləği ödəmədiyinə görə mənzil Rəhilə Əliyevaya satılmış, bundan xəbər tutan iddiaçı mənzilin qapısını qaynaq aparatı ilə kəsdirib mənzili zəbt edərək orada yaşamağa başlamış, ona görə də mənzildən çıxarılması barədə Abşeron rayon məhkəməsində iddia qaldırılmışdır. İddiaçının mənzilin qapısını qaynaq aparatı ilə kəsdirib qanunsuz zəbt etməsinə dair yaddaş kartına köçürülmüş video görüntü etiraza əlavə olunur. Birinci instansiya məhkəməsində üzürlü səbəbdən iştirak etmədiyimizə görə həmin video görüntü sübut kimi araşdırılmamış, hüquqi qiymət verilməmişdir. Mənzil Rəhilə Əliyeva tərəfindən alqı-satqı müqaviləsi əsasında alınarkən orta səviyyədə təmir edilmiş vəziyyətdə olmuşdur. Belə ki, mənzil mülkiyyətçi Əkrəm Əliyev tərəfindən Rəhilə Əliyevaya təmir edilmiş vəziyyətdə satılmışdır. Mənzilin dəyəri tərəflər arasında müəyyən edilərkən 15 000 manat pul və üstəlik alıcı tərəfindən satıcıya xarici markalı “Qrand Çheroko” avtomobil verilməsi barədə razılığa gəlmişlər. Ona görə də hazırki mülkiyyətçi tərəfindən alqı-satqı edilərkən digər tərəfə 15 000 manat pul ödəmiş, eyni zamanda nəğd ödənişlə yanaşı xarici markalı “Qrand Çheroko” avtomobil verməyi barədə öhdəlik götürsə də, alıcı Rəhilə Əliyeva zəbt edilmiş mənzildən iddiaçının çıxarılması barədə məhkəmə prosesi başa çatana qədər həmin avtomobilin Əkrəm Əliyevə təqdim edilməsi təxirə salınmış, sonuncu bu şərtlə Rəhilə Əliyeva ilə şifahi razılığa gəlmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsini o əsasla ləğv etmişdir ki, “...Yəhyəzadə Lütfiyyə Əlsaab qızı Əliyev Əkrəm Alik oğlu ilə Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən “Villa Masazır” Yaşayış Kompleksi, “H” saylı binanın 27 saylı mənzilinin 100.000 manata alqı-satqısı barədə şifahi razılaşmaya gəlmişlər. Bunun qarşılığında Yəhyəzadə Lütfiyyə Əlsaab qızı Əliyev Əkrəm Alik oğluna 1000 manat məbləğində beh vermişdir. Qeyd edilən halı Əliyev Əkrəm Alik oğlu Yəhyəzadə Lütfiyyə Əlsaab qızının şikayəti əsasında Abşeron rayon polis idarəsinin istintaq şöbəsində aparılmış araşdırma materiallarında olan izahatında etiraf etmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən işin yuxarıda qeyd edilən halına hüquqi qiymət verməmiş, həmin pulun Ə.Əliyev tərəfindən alınıbalınmadığını, alındığı halda qaytarılıb-qaytarılmamasını araşdırılmamışdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı tərəfindən mübahisə predmeti olan evin kommunal ödənişlərini ilə bağlı ödənişlər həyata keçirilmiş və bu ödənişlər Villa Masazır yaşayış kompleksinin möhürü ilə təsdiqlənmiş qəbzlərlə rəsmiləşdirilmişdir. Hazırkı iş üzrə mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyətə malik olsa da apelyasiya instansiyası məhkəməsi tərəfindən bu hal da araşdırılmamış və müvafiq hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəfindən yaşadığı fərdi yaşayış evinin kommunal ödənişlərinin ödənilməsi və bu ödənişlərin Villa Masazır yaşayış kompleksi tərəfindən qəbul edilməsinin təstiq edilməsi onu təsbit edir ki, iddiaçı fərdi yaşayış evini özbaşına zəbt etməmiş və həmin evə mülkiyyətçinin razılığı ilə köçmüşdür. Eyni zamanda işin hallarından görünür ki, mübahisə predmeti olan mənzil təmirli mənzildir. Lakin həmin mənzilin iddiaçının faktiki sahibliyinə keçən zaman təmirli və ya təmirsiz olmasını işin halları ilə müəyyən etmək mümükün deyildir.”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Əliyev Əkrəm Alik oğluna münasibətdə iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbləri Əliyev Əkrəm Alik oğluna münasibətdə qismən təmin edilməlidir. İşin hallarından görünür ki, hazırki iş üzrə iddiaçı Yəhyazadə Lütfiyyə Əlsaab qızı xx.xx.2013-cü il tarixli müqavilə şərtlərinə əsasən “Villa Masazır” Yaşayış Kompleksində yerləşən “H” saylı binanın 27 saylı mənzilinin bugünki bazar dəyərinin müəyyən edilərək Nəsurullayev Şahin və Əliyev Əkrəm Alik oğlundan alınaraq ona verilməsi və həmin mənzilin təmirinə xərclənmiş pulun müəyyən edilərək Əliyeva Rəhilə Rəşid qızından alınaraq onun xeyrinə ödənilməsini tələb etsə də, həmin tələbin əsasını təşkil edən “Villa Masazır” Yaşayış Kompleksində yerləşən “H” saylı binanın 27 saylı mənzilinin onun mülkiyyətində olması və ya ona satılması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsaəsn, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya, həmçinin, qeyd edir ki, iddiaçı mübahisəli mənzili mənzili təmir etdirdiyi barədə heç bir sübut təqdim etməmişdir. Belə ki, işin hallarından görünür ki, mübahisə predmeti olan mənzil təmirli mənzildir. Lakin həmin mənzilin iddiaçının faktiki sahibliyinə keçən zaman təmirli və ya təmirsiz olmasını işin halları ilə müəyyən etmək mümükün deyildir. İddiaçı isə həmin mənzili öz vəsaiti hesabına təmir etdirdiyi barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla belə iş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin Yəhyazadə Lütfiyyə Əlsaab qızının şikayəti əsasında HK-1-4548 nömrə rədd materiallarından görünür ki, Əliyev Əkrəm Alik oğlu polis idarəsinin istintaq şöbəsində aparılmış araşdırma materiallarında olan izahatında etiraf etmişdir ki, Yəhyəzadə Lütfiyyə Əlsaab qızı Əliyev Əkrəm Alik oğlu ilə Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən “Villa Masazır” Yaşayış Kompleksi, “H” saylı binanın 27 saylı mənzilinin 100.000 manata alqı-satqısı barədə şifahi razılaşmaya gəlmişlər. Bunun qarşılığında Yəhyəzadə Lütfiyyə Əlsaab qızı Əliyev Əkrəm Alik oğluna 1.000 manat məbləğində beh vermişdir. Bu mənada iddia tələbinin yuxarıda göstərilən hissədə qanuni əsası kimi mülki qanunvericiliyin beh müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 491.1-ci maddəsinə görə, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir; 491.2-ci maddəsinə görə, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 491.3-cü maddəsinə görə isə, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Kollegiya qeyd edir ki, cavabdeh Əliyev Əkrəm Alik oğlu Yəhyəzadə Lütfiyyə Əlsaab qızı Əliyev Əkrəm Alik oğluna 1000 manat məbləğinin verdiyini etiraf etdiyindən, həmin məbləğ ondan alınaraq Lütfiyyə Yəhyəzadəyə ödənilməlidir. Şərh edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Əliyev Əkrəm Alik oğluna münasibətdə iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbləri Əliyev Əkrəm Alik oğluna münasibətdə qismən təmin edilməli, ödənilmiş 1000 manat pul Əliyev Əkrəm Alik oğlundan alınaraq Yəhyəzadə Lütfiyyə Əlsaab qızına ödənilməlidir. Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5442/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Əliyev Əkrəm Alik oğluna münasibətdə iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Yəhyəzadə Lütfiyyə Əlsaab qızı tərəfindən beh qismində ödənilmiş 1000 (min) manat pul Əliyev Əkrəm Alik oğlundan alınaraq Yəhyəzadə Lütfiyyə Əlsaab qızına ödənilsin. İddia tələbləri Əliyev Əkrəm Alik oğluna münasibətdə qalan hissələrdə təmin edilməsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar