Məhkəmə qərarları › İş №2(103)-8368/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8368/2021

27.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8368/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, Ərizəçi, onun vəkili X1, üçüncü şəxs X3 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1946/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi məhkəməyə müraciət edərək, 27.02.2020-ci il tarixdə doğulmuş övladı X4 doğum haqqında şəhadətnamənin verilməsi barədə Qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi tələbini dəqiqləşdirərək 27.02.2020-ci il tarixdə doğulmuş qız övladı İncinin doğum faktının və anasının Ərizəçi, atasının X6 olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Səmədov, iş № 2(008)-1946/2021) ərizə təmin edilmiş, 27.02.2020-ci il tarixdə doğulmuş qız uşağının doğum faktının müəyyən edilməsi, soyadının Oruclu, adının İnci, ata adının İlqar olması, eləcə də anasının Ərizəçi, atasının X2 qeyd olunması qət edilmişdir. Üçüncü şəxs İ.Oruclu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ərizənin təmin olunmamasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, əgər ata sağdırsa, mübahisəyə xüsusi icraat deyil, iddia icraatı qaydasında baxılmalıdır. O, məhkəmə iclasında izahat verərək bildirmişdir ki, uşağın bioloji atası o deyil. Belə olan halda, məhkəmə hüquq haqqında mübahisə olduğuna görə işə baxa bilməzdi. Üçüncü şəxs İ.Oruclu məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Ərizəçi və vəkili apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, tərəflərin izahatlarını, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Sabunçu Rayon Məhkəməsinin iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Ərizəçi xüsusi icraat qaydasında məhkəməyə müraciət edərək doğum faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, əri İlqar Oruclu 27.02.2020-ci il təvəllüdlü qızlarının doğumunu qeydiyyatdan keçirmək üçün onunla birlikdə qeydiyyat şöbəsinə getmədiyinə görə o, uşağa doğum haqqında şəhadətnamə ala bilmir və ona görə də doğum faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qüvvədə olan ailə qanunvericiliyin tələbinə əsasən uşağın doğumunun qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanına valideynlərin hər ikisinin eyni vaxtda müraciət etmələri mütləq qaydada tələb olunmur. Valideynlərdən birinin müraciəti də doğumun qeydə alınması üçün yetərlidir. Ailə Məcəlləsinin 166.2-ci maddəsinin tələbinə görə doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydalarının 2.5-ci bəndinə görə doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; Həmin Qaydaların 2.6-cı bəndinə görə bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göründüyü kimi, tərəflər arasında rəsmi nikah mövcuddur, həmçinin tibbi sənədlər də qaydasındadır. Belə olan halda qanuni nikahdan doğulmuş uşağın doğumunun qeydiyyat şöbəsində qeydə alınmasına və doğum haqqında şəhadətnamə verilməsinə mane olan hər hansı hal yoxdur. Ailə Məcəlləsinin 46.1-ci maddəsinin tələbinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 44.1, 44.2-ci maddələrinə görə analıq, yəni uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, atalıq isə ərlə ananın nikahı haqqında qeydlə təsdiq olunur. Həmçinin, ərizəçi öz ərizəsində 4 saylı ASAN Xidmətin qeydiyyat şöbəsi tərəfindən onun müraciətindən imtina edilməsini göstərsə də, 4 saylı ASAN Xidmətə müraciət etməsi və ya belə bir imtina məktubu verilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, ərizəçinin qeydiyyat şöbəsinə müraciət etməsi və onun müraciətindən imtina edilməsi sübuta yetirilməmişdir. Belə olan halda, qeydiyyat şöbəsinin doğum haqqında şəhadətnamə verməkdən imtina halı və ya belə bir əsasın olması qeyri-müəyyən qalmışdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəçi hazırki vəziyyətdə doğum haqqında şəhadətnamənin başqa qaydada ala bilməməsini təsdiq edən sübutları təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına əməl edilməmişdir və bu qaydanı tətbiq etmək imkanı itirilməmiş kimi qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən isə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, mübahisələndirilən qətnamə ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, atalıq və s. barədə məlumatlar yalnız doğum qeydə alındıqdan sonra maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384.0.5, 391, 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs X3 apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2021-ci tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar