Məhkəmə qərarları › İş №2(103)-837/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-837/2020

22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-837/2020 22.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Həşimli (Abdullayev) Seymur Məmmədağa oğluna qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2021/2019 saylı 16 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh Həşimli (Abdullayev) Seymur Məmmədağa oğluna qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 06 dekabr 2011-ci il tarixli A-66 nömrəli Kredit müqaviləsi, üzrə 16415.70 (on altı min dörd yüz on beş manat yetmiş qəpik) manat əsas borcun, müqavilə müddəti üçün hesablanmış 7194.53 (yeddi min yüz doxsan dörd manat əlli üç qəpik) manat faiz borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 8047.46 (səkkiz min qırx yeddi manat qırx altı) manat cərimə borcunun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7 maddəsinə görə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2061,12 (iki min altmış bir manat 12 qəpik) manat faiz borcunun, cəmi 33718.81 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumunun Həşimli (Abdullayev) Seymur Məmmədağa oğlundan tutularaq ləğv prosesində olan İddiaçı ASC ödənilməsi, tutmanın ilk növbədə kreditin təminatı kimi ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə cavabdeh Həşimli (Abdullayev) Seymur Məmmədağa oğlunun mülkiyyətində olan “TOYOTA LAND CRUİSER PRADO Mİ” minik markalı (mühərrik № 8379331, ban № 10K065355, xassi № JTEBX3FJ, buraxılış ili 2011-ci il, rəngi ağ mirvari) **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitinin Həşimli (Abdullayev) Seymur Məmmədağa oğlunun İddiaçı ASC-yə olan kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunmuş məbləğ İddiaçı ASC-nin tələbinin ödənilməsinə kifayət etməzsə, çatışmayan məbləğin cavabdeh Həşimli (Abdullayev) Seymur Məmmədağa oğlunun digər əmlaklarından İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə RoyalBank” Açıq Səhmdar Cəmiyyətinin “Sahil” filialı ilə cavabdeh Həşimli (Abdullayev) Seymur Məmmədağa oğlu arasında bağlanmış 06 dekabr 2011-ci il tarixli A-66 nömrəli Kredit müqaviləsinə əsasən avtomobilin alınması məqsədilə cavabdehə 60 (altmış) ay müddətinə illik 21 faiz dərəcəsi ilə 32 500 (otuz iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Həşimli (Abdullayev) Seymur Məmmədağa oğluna məxsus “TOYOTA LAND CRUİSER PRADO Mİ” minik markalı (mühərrik № 8379331, ban № 10K065355, xassi № JTEBX3FJ, buraxılış ili 2011-cİ il, rəngi ağ mirvari) **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil banka ipoteka qoyulmuş və bu barədə İddiaçı ASC-nin “Sahil” filialı ilə ipoteka qoyan Həşimli (Abdullayev) Seymur Məmmədağa oğlu arasında 06 dekabr 2011-ci il tarixli A-66 nömrəli İpoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində qeydiyyata alındıqdan sonra avtomobilin İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi barədə İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 6 dekabr 2011-ci il tarixli AA seriyalı 027733 nömrəli Çıxarış verilmişdir. Kredit müqaviləsinin 1.1, 2.2, 3.1, 4.1, 4.2, 4.4 və 7.2.2-ci bəndlərinə əsasən borc alan Həşimli (Abdullayev) Seymur Məmmədağa oğlu kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə kredit müqaviləsinə əlavə olunmuş və onun ayrılmaz hissəsi olan ödəniş cədvəlinə əsasən hər ay sabit olaraq 879 manat 23 qəpik məbləğində ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq o, bu öhdəlikləri yerinə yetirməmiş və kredit götürdükdən sonra banka əsas borc üzrə 16 084 manat 30 qəpik, faiz borcu üzrə isə 18 085 manat 03 qəpik məbləğində ödəniş etməklə kifayətlənmişdir. Həşimli (Abdullayev) Seymur Məmmədağa oğlu 17 sentyabrt 2018-ci il tarixdə kredit üzrə banka 500 manat məbləğində sonuncu ödənişini etdikdən sonra ödənişləri tam dayandırmışdır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə bir neçə dəfə şifahi, xx.xx.2013-cü il tarixli xəbərdarlıq məktubu ilə, 21 sentyabr 2015-ci il tarixli və 12 iyul 2019-cu il tarixli **********554 nömrəli bildirişlərlə isə yazılı müraciət edilməsinə baxmayaraq cavabdeh tətəfindən kredit borcunun banka qaytarılması təmin edilməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə və tərəflər arasında bağlanılmış İpoteka müqaviləsinin 11-ci bəndinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən hüquq normalarının tələblərinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi tədbiri kimi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinn tələblərinə uyğun olaraq bank tərəfindən ipoteka qoyan Həşimli (Abdullayev) Seymur Məmmədağa oğluna ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və həmin bildirişin müvafiq qaydada Azərbaycan Respublikası DİN BDYPİ-də qeydiyyatdan keçirilməsi təmin edilmişdir. Lakin buna baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Bu səbəbdən də Həşimli (Abdullayev) Seymur Məmmədağa oğlunun 06 dekabr 2011-ci il tarixli A-66 nömrəli Kredit müqaviləsi üzrə 10 iyun 2019-cu il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 10 415. 70 (on min dörd yüz on beş manat 70 qəpik) manat əsas borcu, müqavilə müddəti üçün hesablanmış 7194.53 (yeddi min yüz doxsan dörd manat 53 qəpik) manat faiz borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 8047.46 (səkkiz min qırx yeddi manat 46 qəpik) manat cərimə borcu və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2061.12 (iki min altmış bir manat 12 qəpik) manat faiz borcu, cəmi 33 718.81 (otuz üç min yeddi yüz on səkkiz manat 81 qəpik) manat məbləğində kredit borcu vardır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2021/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, 06 dekabr 2011-ci il tarixli A-66 nömrəli Kredit müqaviləsi, üzrə 16 415. 70 (on altı min dörd yüz on beş manat yetmiş qəpik) manat əsas borcun, müqavilə müddəti üçün hesablanmış 7194.53 (yeddi min yüz doxsan dörd manat əlli üç qəpik) manat faiz borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 100 manat cərimə borcunun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7 maddəsinə görə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2061,12 (iki min altmış bir manat on iki qəpik) manat faiz borcunun, ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumunun Həşimli (Abdullayev) Seymur Məmmədağa oğlundan tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutmanın cavabdeh Həşimli (Abdullayev) Seymur Məmmədağa oğlunun mülkiyyətində olan “TOYOTA LAND CRUİSER PRADO Mİ” minik markalı (mühərrik № 8379331, ban № 10K065355, xassi № JTEBX3FJ, buraxılış ili 2011-ci il, rəngi ağ mirvari) **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə ediləcək pul vəsaiti hesabına cavabdeh Həşimli (Abdullayev) Seymur Məmmədağa oğlunun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan kredit borcunun ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun cərimə borcu üzrə 100 manat tutulması hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətin iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla bildirmiş ki, məhkəmə əsassız olaraq cərimə borcunu azaltmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini və dəbbə pulunun tam tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçının şikayəti qətnamənin iddia tələbinin təmin edilməyən hissəsinə yönəldiyi üçün kollegiya qətnamənin iddia tələbinin təmin edilməyən hissəsi üzrə qanuniliyini və əsaslılığını yoxlayır. Kollegiya xüsusilə vurğulayır ki, cavabdeh qətnaməni mübahisələndirmədiyindən qətnamənin iddianın təmin edilmiş hissəsi hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır. İş materiallarına əlavə olunmuş bağlanmış 06 dekabr 2011-ci il tarixli A-66 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh Həşimli (Abdullayev) Seymur Məmmədağa oğluna 60 ay müddətinə illik 21 faiz ödəmək şərti ilə 32500 manat məbləğində kredit verilmişdir. xx.xx.2011-ci il tarixdə bağlanmış müqaviləyə əlavədən görünür ki, Həşimli (Abdullayev) Seymur Məmmədağa oğlu iddiaçıya 60 ay müddətinə hər ay 879.23 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 06 dekabr 2011-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, cavabdeh Həşimli (Abdullayev) Seymur Məmmədağa oğlu kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan “TOYOTA LAND CRUİSER PRADO Mİ” minik markalı (mühərrik № 8379331, ban № 10K065355, xassi № JTEBX3FJ, buraxılış ili 2011-ci il, rəngi ağ mirvari) avtomobili kredit verən İddiaçı ASC-nin xeyrinə yüklü etmişdir. 06 dekabr 2011-ci il tarixli AA seriyalı 027733 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, 06 dekabr 2011-ci il tarixli ipoteka müqaviləsi qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçirilmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən həmin avtomobil 36500 (otuz altı min beş yüz) manat dəyərində qiymətləndirilmişdir. Həmin müqavilənin 7.7-ci bəndindən görünür ki, borcalan tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədikdə və ya lazımınca yerinə yetirilmədikdə ipoteka predmetinə tutma yönəldilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş maliyyə arayışından görünür ki, Həşimli (Abdullayev) Seymur Məmmədağa oğlunun 19 iyun 2019cu il tarixə borcu aşağıdakı kimidir: - 16 415. 70 (on altı min dörd yüz on beş manat 70 qəpik) manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 7194.53 (yeddi min yüz doxsan dörd manat 53 qəpik) manat faiz borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 8047.46 (səkkiz min qırx yeddi manat qırx altı) manat cərimə borc və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2061,12 (iki min altmış bir manat 12 qəpik) manat faiz borcu, cəmi 33718.81 manat borc. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş məktubundan görünür ki, Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu pretenziya qaydasına riayət edərək, cavabdeh Həşimli (Abdullayev) Seymur Məmmədağa oğlundan borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinəöhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur(m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçəşəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinəəsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ysı digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun nəticəsində o müqavilə bağlanarkən ümid etməyə haqqıçatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 16415,70 manat olduğu mübahisəli olmayan əsas borcuna münasibətdə iddiaçı 8047,46 manat cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olsa da, o, cavabdehdən tutulmalı olan dəbbə pulunu 100 manatadək azaltmaqda haqlı olmamışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi qanunvericiliyə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Kollegiya iddiaçının mənafeyini də nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 1650 manat məbləğində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir Beləliklə də, kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, cavabdehdən tutulacaq cərimə borcu 1650 manat məbləğində müəyyənləşdirilməli, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özü nə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2021/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qətnaməsi - 100 manat cərimə borcunun Həşimli (Abdullayev) Seymur Məmmədağa oğlundan tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi hissəsində ləğv edilsin. Cavabdeh Həşimli (Abdullayev) Seymur Məmmədağa oğlundan İddiaçı ASC-nin xeyrinə tutulacaq cərimə borcu 1650 manat məbləğində müyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Məmməd Məmmədov Elşad Şamayev Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar