Məhkəmə qərarları › İş №2(103)-8375/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8375/2021

19.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8375/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə Məhkəmə iclas katibi X1 İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair mülki iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(006)-2163/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli, 2(006)-2163/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh MMC-nin direktoru X6 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 03.11.2020-ci il tarixli, 14 nömrəli əmrin ləğv edilməsi, İddiaçı 07.07.2020-ci il tarixli əmək müqaviləsinə əsasən əvvəllər tutduğu Cavabdeh MMC-də marketinq üzrə mütəxəssis vəzifəsinə bərpa edilməsi və ona 03.11.2020-ci il tarixindən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, 10 manat dövlət rüsumunun Cavabdeh MMC- dən tutulub dövlət gəlirinə alınması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(006)-2163/2021 saylı qərardadı ilə apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Qeyd olunan qərardaddan narazı qalan cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nəsimi rayon məhkəməsinin qətnaməsi “operativ ekspress” Kuryer Xidməti xidmətinin əməkdaşı tərəfindən 29.04.2021-ci il tarixdə "xxxx"MMC-nin əməkdaşma qaiməyə imza etdirilməklə çatdırılmışdır. Sözügedən qətnamə onların hər hansı əməkdaşına çatdırılmamışdır “operativ ekspress” kuryer xidmətinin əməkdaşı onların müəssisəsi ilə heç bir əlaqəsi və hər hansı əmək eyni zamanda xidməti müqavilə münasibətində olmayan hansısa mühafizəçiyə vermişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(006)-2163/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili X4 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətə etiraz edərək, rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli, 2(006)-2163/2021 saylı qətnaməsi “Operativ Express” kuryer xidməti tərəfindən 29.04.2021-ci il tarixdə Cavabdeh MMC-nin əməkdaşına qaiməyə imza etdirməklə çatdırılmışdır. Cavabdeh MMC-nin direktoru X6 16.06.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli, 2(006)-2163/2021 saylı qətnaməsinin rəsmi olaraq şirkətə təqdim edilmədiyi üçün verilməsini xahiş etmiş, qətnamə məhkəmə tərəfindən 17.06.2021-ci il tarixdə təkrarən cavabdehə təqdim edilmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli, 2(006)-2163/2021 saylı qətnaməsi “Operativ Express” kuryer xidməti tərəfindən 29.04.2021-ci il tarixdə cavabdehə təqdim edilməsinə istinad etsə də, məhkəmə tərəfindən həmin kuryer xidməti vasitəsi ilə cavabdehə məhkəmə qətnaməsini göndərən zaman qaimənin üzərində cavabdehin poçt ünvanının iddia ərizəsində göstərildiyi kimi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 74, mənzil 20 kimi deyil, Bakı şəhəri, Azadlıq prospekti 74 qeyd olunmasını nəzərə almamışdır. Qətnamə yanlış ünvana göndərildiyi halda, prosessual müddətin hesablanmasının məhkəmə qətnaməsinin məhkəmə tərəfindən 17.06.2021-ci il tarixdə “təkrarən” cavabdehə təqdim edildiyi vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə qeyd olunan tarixdə qətnamənin “təkrarən” cavabdehə təqdim edilməsinə istinad etsə də, məhkəmə aktlarının proses iştiirakçılarına təkrarən təqdim edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməsinə dair qəbz iş materiallarında müəyyən edilmir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan halları araşdırmadan, apellyasiya şikayətinin geri qaytarılmaqla səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Mülki Prosessual Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(006)-2163/2021 saylı qərardadı ləğv olunmalı, göstərilən hallar nəzərə alınmaqla Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinin göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən brinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(006)-2163/2021 saylı qərardadı ləğv edilsin. Cavabdeh MMC tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli, 2(006)-2163/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar