Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8378/2022 29.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Ərizəçi (maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialı cəlb edilməklə) “əmək stajının (sosial sığorta stajının) mövcud olması faktının müəyyən olunması barədə” iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(011)-7447/2022 saylı qərardadından ərizəçinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “əmək stajının (sosial sığorta stajının) mövcud olması faktının müəyyən olunması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, onun 15 iyun 1982-ci il tarixdən 28 mart 1985-ci il tarixə kimi M.Əzizbəyov adına sovxozunda fəhlə, 28 mart 1985-ci il tarixdən isə 23 avqust 1993-cü il tarixədək M.Əzizbətov adına sovxozunda zootexnik işləməyini müəyyən etməklə əmək münasibətlərində olma faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(011)-7447/2022 saylı qərardadı ilə ərizənin geri qaytarılması qərara alınmışdır. Ərizəçinin nümayəndəsi və vəkili həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, işin icraata götürülərək baxılması barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, 23 avqust 1993-cü il tarixdə Cəbrayıl rayonu işğal olunmuş və buna səbəbdən sovxoz və kolxozlarda islahat aparılmamış, hüquqi varis təyin edilməmişdir. Bu barədə məhkəmədə də məlumatlar mövcud olmalıdır. Ərizəçi Cəbrayıl rayonu M.Əzizbəyov adına sovxozunda işlədiyinin təsdiq olunması üçün Cəbrayıl rayonu Dövlət Arxivinə müraciət etmiş və oradan ona cavab verilərək 1993-cü ilin avqust ayına kimi olan sənədlərin işğal zonasında qaldığı bildirmişdir. Artıq sənədlər işğal zonasında qaldığından ərizəçi başqa cür həmin sənədləri əldə edə bilməz. Torpaqlarımız işğaldan azad olunmuş və daş üstə daş qalmamışdır. Belə bir vəziyyətdə sənədlərin orada qalması mümkünsüzdür. Eyni zamanda, hazırlıq iclasında digər nöqsanlar aradan qaldırıla bilərdi. Bunun üçün ərizənin geri qaytarılması əsassızdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(011)-7447/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və şikayətə dair etiraz və ona əlavə edilmiş sənədlərin təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər etiraz və ona əlavə edilmiş sənədləri, həmçinin işə məhkəmə iclasında baxılması barədə vəsatətlərini məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə və 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi «X1rşı» (21 fevral 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, ərizədə müəyyən olunması nəzərdə tutulan fakt kimi “Ərizəçi 15 iyun 1982-ci il tarixdən 28 mart 1985-ci il tarixə kimi M.Əzizbəyov adına sovxozunda fəhlə, 28 mart 1985-ci il tarixdən isə 23 avqust 1993-cü il tarixədək M.Əzizbətov adına sovxozunda zootexnik işləməyi” göstərilmişdir. Bununla belə, ərizəçinin işçisi olduğu işəgötürən M.Əzizbəyov adına sovxozun ləğvedicisinə (və ya hüquqi varisinə) müraciət etməsi və lazımi sənədləri ala bilməməsi görünmür, halbuki, ərizəçinin işləməsi faktının müəyyən edilməsi ilə bağlı lazımi sənəd işəgötürənin bu barədə əmridir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Cəbrayıl Rayon İcra Hakimiyyətinin Cəbrayıl Rayon Dövlət Arxivinin 29 sentyabr 2021-ci il tarixli, 59 nömrəli arxiv arayışından görünür ki, Cəbrayıl rayonu 23 avqust 1993-cü il tarixində işğal olunan zaman Cəbrayıl rayonu, M.Əzizbəyov adına Sovxozun və Kolxozun arxiv sənədləri işğal zonasında qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 1.6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Göründüyü kimi, ərizəçinin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsini xahiş etdiyi “15 iyun 1982-ci il tarixdən 28 mart 1985-ci il tarixə kimi M.Əzizbəyov adına sovxozunda fəhlə, 28 mart 1985-ci il tarixdən isə 23 avqust 1993-cü il tarixədək M.Əzizbətov adına sovxozunda zootexnik işləməyi”ni təsdiq edən sənədləri başqa qaydada ala bilməsi qeyri-mümkündür, çünki həmin sənədlərin Cəbrayıl rayonu 23 avqust 1993-cü il tarixində işğal olunan zaman işğal zonasında qalması arxiv arayışı ilə təsdiq edilir. Bundan başqa, “S.Eyvazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 iyun 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan bir sıra faktlar qanunla müəyyən edilən qaydada qeydə alınırlar və onların mövcudluğu qeydə alan orqanın verdiyi müvafiq sənədlə rəsmiləşdirilir və müxtəlif sənədlərdə əks olunur (əmək kitabçaları, iş haqqında arayış, təhsil haqqında sənəd, vəsiyyətnamə və s.). Lakin hüquqi faktın əks olunduğu sənəd itirildikdə və onu başqa yolla bərpa etmək mümkün olmadıqda, həmin faktın mövcudluğu məhkəmə qaydasında müəyyən edilir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, xüsusi icraat işlərinə mülki prosessual qanunvericilikdə xüsusi icraat üçün müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 306.1-ci maddəsi). Belə ki, hakim hazırlıq mərhələsində hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mümkünlüyünü aydınlaşdırmalı, həmin ərizənin nə məqsəd üçün verilməsini yoxlamalı, hüquqmüəyyənedici sənədlərin alına bilməməsini və ya onların bərpasının mümkün olmamasını, eyni zamanda hüquqi əhəmiyyəti olan faktı təsdiq edən sübutların təqdim edilməsini ərizəçiyə təklif etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 167 və 167.1.2-ci maddəsinə əsasən hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hakim hazırlıq mərhələsində ərizəçiyə hüquqi əhəmiyyəti olan faktı təsdiq edən digər zəruri sənədlərin və sübutların da təqdim edilməsini təklif etməlidir və hansısa sübutun çatışmamazlığı səbəbindən ərizənin geri qaytarılması qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qeyd olunan əsasla ərizəni geri qaytarmaqda haqlı olmamışdır. Ona görə də həmin qərardad ləğv olunmalı və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(011)-7447/2022 nömrəli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Məhəmməd Rüstəmli Hakimlər: Vahid Sadıqov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8378/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8378/2022
29.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver