Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8385/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1182/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 29 iyun 2018-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, övladı 02.12.2016-cı il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən özbaşına fərdi yaşayış evinə köçürülməsi, evin daha böyük ölçüyə malik 1 otağının onun və uşağının istifadəsinə verilməsi, mətbəx, dəhliz, sanuzel və həyətyanı torpaq sahəsini ümumi istifadədə saxlamaqla istifadə qaydalarının müəyyən edilməsi, iddiaçıya hədiyyə kimi alınmış cəmi dəyəri 4500 manat təşkil edən qızılların 1 dəst komplektin (bilərzik, üzük, klon sep. sırğa), 1 ədəd yolka formalı qolbaq, 1 ədəd nişan üzüyünün cavabdehdən alınıb ona verilməsi, habelə onun cavabdehə hədiyyə kimi aldığı 1 ədəd bəy kostyumu, 1 ədəd yun köynək, 1 ədəd yay gödəkçəsi, 1 ədəd bəy səbəti, 1 ədəd hamam səbətinin və ya onların 400 manat dəyərinin, həmçinin cavabdeh üçün alınmış bir ədəd briliyant üzüyün və ya onun 970 manat dəyərinin cavabdehdən alınıb ona verilmnəsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı azyaşlı övladı 02.12.2016-cı il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən nömrəsiz evə köçürülməsi, qiyməti 4500 manat olan bir ədəd qızıl dəst (bilərzik, üzük, kulon, sep, sırğa), bir ədəd yolka qolbaq və bir ədəd nişan üzüyü, onların natura şəkilində verilməsi mümkün olmadığı halda isə dəyəri Cavabdeh alınaraq İddiaçı verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və 11.10.2019-cu il tarixdə qətnamənin icra edilməsi barədə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsi tərəfindən akt tərtib edilmişdir. Qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin 14.10.2020-ci il tarixli qərardadı ilə qətnamə aidiyyət qaydalarının pozuntusu ilə qəbul edildiyindən ləğv edilərək, mübahisəyə aidiyyəti üzrə baxılması üçün iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1182/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən, qızıl-zinət əşyalarının qaytarılması hissəsində təmin edilmiş, iddia tələbi digər hissələrdə rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsilə razılaşmayan iddiaçı apelyasiya şikayəti verərək, qətnaməni qismən, evə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi hissəsində mübahisələndirərək, həmin hissədə qətnamənin ləğv edilərək, iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən Cavabdeh iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışında İddiaçı nümayəndəsi və vəkili X2 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apelyasiya baxışında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 apelyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçının köçmək istədiyi evin yerləşdiyi torpaq sahəsini 1995-ci ildə İcra Hakimiyyətinin Sərəncamı əsasında almış və oğlu Mehman evlənməmişdən qabaq həmin evi tikib, yararlı hala gətirərək, orada yaşamışlar. Oğlu evlənəndən sonra iddiaçı həmin evə gəlin köçsə də, bir müddətdən sonra oğlu ilə münasibətləri pozulmuş və o, uşağını da götürərək evdən getmişdir. Dəfələrlə çalışsa da, gəlininin oğlu ilə münasibətləri normallaşmamış, sonradan isə nikahları rəsmi qaydada pozulmuşdur. İddiaçı artıq uzun müddətdir ki, çıxıb gedib və evlə əlaqəni kəsibdir, öz valideynlərinin yanında yaşayır. Oğlu Mehman da evi tərk edib gedib və harada yaşadığını bilmir. İddiaçının hazırki vəziyyətdə evə köçürülməsi əlavə münaqişənin yaranmasına və onun mənzil hüquqlarının pozulmasına səbəb olar. Ona görə də apelyasiya şikayətinin rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni yalnız evə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi hissəsində mübahisələndirdiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Kollegiya apelyasiya şikayətinin dəlillərini mülki işin materialları və proses iştirakçılarının izahatları ilə əlaqəli yoxlayıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyinə görə işin məhkəmə iclasında araşdırılan mübahisəsiz hallarına və tədqiq edilən sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı mübahisəli evə 24.12.2015-ci il tarixdə köçmüşdür. Həmin evin cavabdehin vəsait hesabına tikilməsi və ya birgə nikah dövründə həmin tikiliyə əhəmiyyətli dərəcədə vəsaitin qoyulduğu halına nə iddia ərizəsində, nə də iş üzrə məhkəmə iclasında iddiaçının nümayəndəsinin verdiyi izahatda istinad olunmamış və buna dair sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, həmin tikilinin yerləşidiyi torpaq sahəsinin Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının 12.03.1993-cü il tarixli, 570 nömrəli sərəncamına əsasən X7 ayrılması işin mübahissəsiz halıdır. İşin faktiki hallarından aydın olur ki, keçmiş gəlin qaynatanın inşa etdiyi yaşayış üçün yararlı olan tikiliyə köçürülməsini istəyir. Məhkəmə, iddia predmeti olan tikilinin hüquq müəyyənedici sənəd olmadığından, mübahisənin həll edilməsi qanunvericiliklə vəzifə olaraq ədalət mühakiməsinin üzərinə qoyulduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinin tələblərinə uyğun olaraq analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət etməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Qanunvericiliyin mahiyyətindən göründüyü kimi, şəxsin yaşayış sahəsində daimi əsaslarla yaşaması üçün o, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri sırasına (arvadı (əri), uşaqları və valideynləri) aid olmalıdır. Hazıkı iş üzrə iddiaçı həmin ailə üzvü kateqoriyasına aid edilmədiyindən onun evə köçürülmə barədə tələbi haqlı sayıla bilməz. Belə olan halda iddiaçının özünün və 02.12.2016-cı il təvəllüdlü X3 ünvan 1 ünvanında yerləşən özbaşına fərdi yaşayış evinə köçürülməsi barədə tələbi təmin edilə bilməz, bu tələb təmin edilmədiyindən məhkəmə hesab edir ki, tələbin digər “evin daha böyük ölçüyə malik 1 otağının onun və uşağının istifadəsinə verilməsi, mətbəx, dəhliz, sanuzel və həyətyanı torpaq sahəsini ümumi istifadədə saxlamaqla istifadə qaydalarının müəyyən edilməsi” hissəsi də rədd edilməlidir. Tərəflər məhkəmənin mülkiyyətçinin hüquqlarını müdafiə edən maddəyə istinad etməsini X7 ünvan 1 ünvanında yerləşən tikiliyə hər hansı hüququn tanınması məqsədi ilə deyil, mübahisənin həll edilməsində oxşar münasibətləri tənzimləyən hüquq normasına istinad kimi qəbul etməlidirlər. Kollegiya birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən mövqeyini əsaslı və həmin mövqeyə tətbiq edilmiş hüquqi normaları qanuni hesab edir. İddiaçının apelyasiya şikayətinə münasibətdə kollegiya qeyd edir ki, apelyatorun dəlilləri iddia tələbinin dəlilləri ilə eynidir və birinci instansiya məhkəməsi həmin dəlillərə uyğun qanuni və əsaslı nəticəyə gəldiyindən və kollegiya da həmin nəticə ilə razılaşdığından, eyni əsaslarla apelyasiya şikayətinin dəlillərinin təkrar qiymətləndirilməsinə zərurət görmür. Bu səbəbdən də apelyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1182/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8385/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8385/2021
05.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver