Məhkəmə qərarları › İş №2(103)-8388/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8388/2021

27.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8388/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, İddiaçı, Cavabdeh və məhkəmə qətnaməsi maraqlarına toxunan X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2608/2020 saylı mülki iş üzrə qəbul etdiyi 26 avqust 2020-ci il tarixli qətnaməsindən məhkəmə qətnaməsi maraqlarına toxunan X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilə 2 azyaşlı övladı X2 və X5 ilə birgə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 06.02.2012-ci ildə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların birgə nikahlarından 07.07.2012-ci il təvəllüdlü X2 və 09.12.2013-cü il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdeh ilə ailə qurduqdan sonra o, ünvan 1 ünvanda yerləşən mənzilə gəlin köçmüş və iki övladı ilə birlikdə həmin mənzildə yaşamışdır. Cavabdeh onu döyərək evdən qovmuşdur. Bu barədə o, polisə şikayət etmişdir. Hazırda iş Sabunçu rayon 15-ci PB-nin icraatındadır. Cavabdehlə nikahlarının pozulması üçün Sabunçu rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən onlara barışmaları üçün 3 ay vaxt verilmişdir. O, cavabdeh tərəfindən döyülərək, həmin mənzildən qovulduqdan sonra valideynlərinin yanına sığınmaq istəmişdir. Lakin valideynləri onu qəbul etməmişdir. Hazırda o, iki övladı ilə birlikdə çətin vəziyyətdə qalmışdır. Onun vəziyyəti acınacaqlıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli 2(008)- 2608/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı övladları 07.07.2012-ci il təvəllüdlü X2 və 09.12.2013-cü il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 ünvanda yerləşən özbaşına tikiliyə köçürülməsi qət edilmişdir. Məhkəmə qətnaməsi maraqlarına toxunan X3 apellyasiya şikayəti verərək, həmin qətnamənin əğv edilməsi xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları ilə yanaşı əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Belə ki, mübahisəli mənzilin torpağını böyük oğlu X4 almışdır və həmin torpaq sahəsində 2000-ci ildə rayonda olan evlərini sataraq mərhum həyat yoldaşı S.Əliyevlə birlikdə mübahisəli mənzili tikmişlər. Daimidə övladlarında birlikdə həmin mənzildə yaşamışlar. Mübahisəli mənzil özbaşına tikili olsada mənzil köhnədən tikilmişdır və hazırda da istifadəsindədir. Mübahisəli mənzilin üzərində nə iddiaçının nə də ki, cavabdeh olan oğlunun hər hansı əməyi, hər hansı vəsaiti olmamışdır və hüquqları yaranmamışdır. Məhkəmə iclasında Cavabdeh və məhkəmə qətnaməsi maraqlarına toxunan X3 apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli 2(008)-2608/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdilər. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli 2(008)-2608/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının uşaqları ilə birlikdə mübahisəli evə köçürülməsi barədə iddiası rədd edilməlidir. İddiaçı 2 azyaşlı övladı ilə birgə ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsi barədə tələb irəli sürmüşdür. Kollegiya izah edir ki, bu tələbin əsaslı hesab edilməsi üçün iddiaçının mülkiyyət, əmlak və ya evin tərkib hissəsindən istifadə hüquqlarının mövcud olması tələb olunur. Yəni onun mübahisəli evə istifadə hüququ mövcud olmalıdır ki, evə köçürülmə üçün əsas olsun. Mülki işin materialları ilə mübahisəli evin mülkiyyət hüququ kimi qeydiyyata alınmadığı, evin X3 və mərhum əri Sahib Əliyev tərəfindən 2000-ci ildə tikildiyi, iddiaçının evin tikintisi və təmirində iştirak etmədiyi sübuta yetirilir. Həmin xüsusatı apellyasiya şikayəti verən X3, Cavabdeh və İddiaçı da təsdiq etmişdir. İddiaçı və cavabdeh 07.07.2012-ci ildə nikaha daxil olduqdan sonra müxtəlif ünvanlarda kirayə yaşamış, mübahisəli özbaşına tikiliyə müvəqqəti yaşamaq üçün buraxılmışlar. İddiaçının 2012-ci ildən sonra mübahisəli özbaşına tikilidə müvəqqəti yaşaması onun həmin evin tərkib hissəsindən istifadə hüququnu yaratmır. Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir. Bu baxımdan kollegiya hesab edir ki, iddianın əsaslı hesab edilməsi üçün mübahisəli evin İddiaçı vəsaiti hesabına əldə edilməsi və ya onun vəsaiti hesabına həmin evdə əsaslı təmir-tikinti işlərinin aparılması müəyyən olunmalıdır. Yalnız bu hallar təsdiq olunduqda mübahisəli tikili onun yaşayış yeri kimi qəbul edilə bilər və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən onun iddiası əsaslı hesab edilə bilər. Lakin iddiaçı bu halların təsdiqi barədə heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də, evə köçürülmə barədə iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Məhkəmə qətnaməsi maraqlarına toxunan X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2608/2020 saylı mülki iş üzrə qəbul etdiyi 26 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar