Məhkəmə qərarları › İş №2(103)-8391/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8391/2021

17.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8391/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(010)-133/2021 saylı qərardadından qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və qızlarının mərhum əri X1 ölümündən sonra qalmış miras əmlakın, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, 10 saylı DNK-nin 20.04.1974-cü il tarixli 4114 reyestr nömrəli alqı-satqı müqaviləsinin predmeti olmuş Bakı şəhəri, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, döngə 6, 8 saylı fərdi yaşayış evinin tam məhv olması ilə əlaqədar onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi və X2 həmin fərdi yaşayış evinə mülkiyyət hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qərardadı ilə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair ilkin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(010)- 133/2021 saylı qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvinə dair tələb məhkəmədə baxılmalı olmadığından, hazırki mulki iş üzrə icraata xitam verilmiş və qarşılqlı iddia üzrə iddiaçı X3 qeyd olunan tələblə əlaqədar müvafiq icra hakimiyyəti orqanına - Azərbaycan Respublikası Əmlak Məsələlri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməli olduğunun izah edilməsi qərara alınmışdır. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli 2(010)- 133/2021 saylı qərardadının ləğv edilməsini və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad əsassız və qanunsuzdur. Belə ki, onun tərəfindən Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə dəfələrlə müraciət olunmuşdur. Digər tərəfdən qərardadda DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın məhv edilməsi ilə bağlı qeydiyyatının ləğv edilməsi tələb olunan əmlakın məhv olunmasını təsdiqləmədiyini göstərilmişdir. Belə olan halda, artıq müvafiq icra hakimiyyəti orqanına DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsinin hazırkiişlə bağlı mövqeyi və müraciətə cavabı bəllidir və həmin orqana tərəfindən müraciətin edilməsi öz əhəmiyyətini itirmiş olur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli 2(010)-133/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(010)-133/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti” haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Mülki Məcəllənin 150-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti” haqqında Qanunun 18.2.-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, istər “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti” haqqında Azərbaycan Respublikası Qanununun müddəaları, istərsə də Mülki Məcəllənin 150-ci maddəsi daşınmaz əmlakın məhv olmasının dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməsini zəruri dispozitiv şərt kimi tələb edir. Hazırkı işin hallarına görə isə, həmin müvafiq icra hakimiyyəti orqanı qarşılıqlı iddia üzrə iddiaçının məhv edilməsi ilə bağlı qeydiyyatının ləğv edilməsi tələb olunan əmlakın məhv olmasını nəinki təsdiqləməmişdir, həmin müvafiq icra hakimiyyəti orqanına həmin əmlakın məhv edilməsi halın təsdiqlənməsi ilə əlaqədar müraciət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(010)-133/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(010)-133/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar