Məhkəmə qərarları › İş №2(103)-8398/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8398/2020

25.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8398/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4148/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X1 Cavabdeh qarşı Cavabdeh Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, ev 14 ünvanındakı 2 otaqlı 1 saylı mənzildən çıxarılması, iddiaçının Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, ev 14 ünvanındakı 2 otaqlı 1 saylı mənzilə köçürülməyi, 2020-ci ilin fevral ayının 21-dən şəxsi mülkiyyətində olan mənzilindən istifadə edə bilmədiyi üçün əldən çıxan fayda olaraq 1500 (bir min beş yüz) manat məbləğində zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, ev 14 ünvanındakı 2 otaqlı 1 saylı mənzil xx.xx.2003-cü il tarixdən etibarən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ÖM seriyalı 160692 saylı Çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. İddiaçının Cavabdeh ilə xx.xx.1980-ci il tarixdə 6038 saylı nikah akt qeydi ilə rəsmi nikahı rəsmiləşdirilmişdir. Lakin, münasibətləri pisləşdiyindən xx.xx.1994-cü il tarixdə Xətai Rayon Qeydiyyat Şöbəsinin 269 nömrəli akt qeydi ilə rəsmi nikahı pozulmuşdur. Onlar Cavabdeh ilə nikah münasibətləri, pozulduğu vaxtdan birlikdə yaşamamış və birgə təsərrüfat aparmamışlar. Lakin sonradan qızının israrları ilə tüfeyli həyat tərzi sürən Cavabdeh ona məxsus mənzilə qeydiyyata düşməsinə və həmin mənzildə yaşamasına razılıq vermişdir. O, Cavabdeh bu halına acıyaraq ona hörmət əlaməti olaraq mənzilindən istifadə etməsinə şərait yaratsa da, o bunun qarşılığında iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. İddiaçı işləri ilə əlaqədar 2020-ci ilin yanvar ayında bir neçə ay müddətində Dağıstan Respublikasına gedib gəldiyi müddətdən bəri cavabdehin onunla münasibətləri kəskin şəkildə dəyişmişdir. Sonuncu dəfə xx xxxxxx 2020-ci ilin isə qayıtdığında, cavabdeh onu mənzilindən uzaqlaşdıraraq bir daha içəri buraxmamışdır. Bu səbəbdən artıq iddiaçı uzun müddətdir ki, özünə məxsus mənzildən istifadə edə bilmir və mülkiyyətçi kimi hüquqlarını həyata keçirə bilmir. Cavabdehin istifadə hüququnun itirilməsi ilə bağlı tərəfindən Xətai Rayon Məhkəməsinə müraciət edilsə də, məhkəmə cavabdehin istifadə hüququnun yaranmaması əsası ilə iddia tələbini rədd etmişdir. Bu səbəbdən də hesab edir ki, istifadə hüququ olmadığı üçün isə cavabdehin mənzildən çıxarılmasına tam əsas yaranmışdır. Hal-hazırda mübahisəli mənzildə cavabdeh yaşayır. İddiaçının isə yaşamağa yeri yoxdur. Sözügedən mübahisəli mənzildə hal-hazırda onun digər əşyaları da yerləşir. Cavabdeh onu həmin mənzilə daxil olaraq digər şəxsi əşyalarının götürülməsinə belə icazə verməmişdir. Sözü gedən mübahisə predmeti olan mənzilindən xx xxxxxx 2020-ci ildən etibarən istifadə edə bilmir və yad şəxslərin evində kirayələrdə qalmaq məcburiyyətində olur. Ona beləliklə xeyli miqdarda 1500 manat məbləğində zərər dəymişdir. Bütün yuxarıda göstərilənləri əsas götürərək, hesab edir ki. hüququ bərpa edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, ev 14 ünvanındakı 2 otaqlı 1 saylı mənzildən çıxarılmalı və iddiaçı həmin mənzilə köçürülməlidir və bunun üçün qanunvericilikdə bütün əsaslar mövcuddur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4148/2020 saylı xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh X1nun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, ev 14 ünvanındakı 2 otaqlı 1 saylı mənzildən çıxarılması, X1 Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, ev 14 ünvanındakı 2 otaqlı 1 saylı mənzilə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnaməsinin ləğv olunması xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Həmin mənzildə o, 2003-cü ildən qeydiyyatda olaraq yaşayır. Ona görə də, Xətai Rayon məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul olunmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini iddia tələbinin mənzilə köçürülməsinin və çıxarılmasının təmin olunan hissəsi təşkil edir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirməmiş, cavabdeh isə iddia tələbinin mənzilə köçürülməsinin və çıxarılmasının təmin olunan hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4148/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ÖM seriyalı 160692 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsində yerləşən 14 saylı evin 1 saylı mənzili xüsusi mülkiyyət kimi xx.xx.2003-cü il tarixdə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 256 nömrəli reyestr kitabında 37224 nömrəli vərəqdə qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Cavabdeh ünvan 2 ünvanında yerləşən 1 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2617/2020 xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X3 Cavabdeh qarşı cavabdehin Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsində yerləşən 14 saylı evin 1 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Həmin qətnaməyə əsasən müəyyən edilmişdir ki: “...məhkəmə araşdırmaları ilə Cavabdeh ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilin yaşayış sahəsindən istifadə hüququnun yaranmasına dair hər hansı hüquqi əsasın olmaması aşkar edilmişdir. Həmçinin, cavabdehlə mübahisəli mənzilin mülkiyyətçisi arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması halları aşkar edilməmişdir. Bununla da, iddiaçının mübahisəli mənzilin yaşayış sahəsindən cavabdehin yaranmamış istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia ilə məhkəməyə müraciət etmək hüququ yaranmamışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir...”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə riayət edilməklə mübahisəli mənzilin daşınmaz əmlakların dövlət reyesterində qeydə alınması nəticəsində iddiaçının mənzil üzərində mülkiyyət hüququ yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23-6-cı bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Yuxarıda göstərilənlərdən aydın olur ki, hər bir vətəndaşın mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan müstəsna hüquqdur. Şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Beləliklə də, cavabdehin mübahisəli mənzildə yaşamağı X2 mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh iddiaçının mülkiyyətçisi olduğu ünvan 2 ünvanında yerləşən 1 saylı mənzildən çıxarılmalı, iddiaçı həmin mənzilə köçürülməlidir. Apelyasiya şikayətinin dəlilərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirən hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətlərində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4148/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4148/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar