Məhkəmə qərarları › İş №2(103)-8398/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8398/2021

18.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8398/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(010)-2061/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 X1 ASC-yə, Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsinə və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünə məxsus olmuş Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsində yerləşən 4 otağlı, 75,61 kv. m. ümumi, 47,21 kv. metr yaşayış sahəsi, 28,4 kv. metr yardımçı sahədən ibarət 95 nömrəli evin 65-ci mənzilinin yenidən qiymətləndirilməsinin cavabdeh "xxxx" MMC üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(010)-2061/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlə arasında 01.10.2014-cu il tarixli kredit müqaviləsi bağlanmış, təminatı olaraq ona məxsus olan Bakı şəhəri Əmircanov qəsəbəsi, Elxan Həsənov küçəsində yerləşən 4 otaqlı 74,61 kv.m. ümumi 47,21 kv.m. yaşayış, 28,4 kv.m. yardımçı sahədən ibarət, 95 nömrəli evin 65 saylı mənzil girov goyulmuş və həmin müddət ona məxsus olan mənzil cəmi 64000 manat məbləğində pula qymətləndirilmiş və o müddətdən artıq 7 il keçib. Mənzilin bugünkü gün üçün bazar qiymətinə uyğun olaraq 100000-120000 manat dəyərindədir. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan şəxslər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak edən olmamışdır. Apellyasiya isntansiyası məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (010)3529/2018 saylı 16 iyul 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı ilə iddiaçı Cavabdeh1 İKB ASC arasında bağlanmış 01.10.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı Cavabdeh1 İKB ASCnin xeyrinə 20974.41 (iyirmi min doqquz yüz yetmiş dörd manat qırx bir qəpik) manat əsas, 10520.77 (on min beş yüz iyirmi manat yetmiş yeddi qəpik) manat faiz, 273.35 (iki yüz yetmiş üç manat otuz beş qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 31768.53 (otuz bir min yeddi yüz altmış səkkiz manat əlli üç qəpik) manat məbləğində borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqının tutulması, tutmanın cavabdeh İddiaçı mülkiyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsində yerləşən, 4 otaqlı, 75.61 kv.m ümumi, 47.21 kv.m yaşayış, 28.4 kv.m yardımçı sahədən ibarət 95 nömrəli evin 65 nömrəli mənzilinə yönəldilməsi və mənzilin ilkin satış qiymətinin 75000 (yetmiş beş min) manat müəyyən edilməklə açıq hərracda satılması qət edilmiş, apellyasiya şikayətinə əsasən qətnamə qismən ləğv olunaraq Bakı Apellyasiya Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə mübahisəli ipoteka predmetinin ilkin satış qiyməti 64 000 manat müəyyən edildikdən sonra qanunla müəyyən edilmiş müddət ərzində qətnamə mübahisələndirilməmiş və qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Əvvəla, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli mənzilin ilkin satış qiyməti 64000 manat müəyyən edilmişdir. İddiaçı bu qiymətdən yaxud digər hallardan narazı idisə həmin işdə bunu mübahisələndirə bilərdi, lakin mübahisələndirməmiş, hazırki yeni iddia ilə, məhkəməyə müraciət etmişdir. Həmin məhkəmə aktı ilə müəyyən edilmiş faktlar hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Çünki, mübahisələndirilən mənzilin ilkin satış qiymətinin qanuniliyi həmin məhkəmə aktı ilə təsdiq olunmuşdur. İkincisi, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi(qərardadı) ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək apellyasiya instansiyası məhkəməsi hesab edir ki, məhkəmə aktı ilə müəyyən edilən hallar preyudisial əhəmiyyət kəsb etdiyindən, yəni qiymətləndirmənin etibarlı olması, həmin qiymətləndirmə rəyində göstərilən qiymətlə mənzilin hərraca çıxarılmalı və tutmanın ipoteka predmetinə yönəldilməli olduğu və s. hallar qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiq edildiyindən sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Bu baxımdan iddia tələbi də açıq-aşkar əsassız olduğundan şikayət təmin edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(010)- 2061/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar