Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8412/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xumar Mərdanova və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Fuad Mehdiyevin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şirkətinin Təhlükəsizlik İdarəsinə qarşı “işə bərpa və məcburi işburxama müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin 16.03.2021-ci il tarixli əmri ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə - atıcı vəzifəsinə bərpa edilsin və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı cavabdeh təşkilatın 34 saylı komandasında atıcı vəzifəsində işləyib. İşəgötürənin – cavabdeh təşkilatın rəisinin 16.03.2021-ci il tarixli əmri ilə iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilib. Əsas ondan ibarət olub ki, iddiaçı əmək funksiyasını pozduğuna görə əvvəl ona işəgötürən tərəfindən tənbeh verilib, lakin 6 ay ərzində təkrarən əmək funksiyasını pozub. Belə ki, 26.02.2021-ci il tarixdə, saat 10:00 radələrində postların yoxlanılması zamanı müəyyən edilib ki, 4 saylı postun (NBM) atıcısı olan iddiaçı nəqliyyat vasitələrini yoxlamabaxış keçirmədən əraziyə buraxmış, həmçinin obyekt işçilərinin piyadalar üçün nəzərdə tutulmuş NBM-dən deyil, nəqliyyat üçün nəzərdə tutulmuş darvazadan yoxlama-baxış keçirilmədən sərbəst şəkildə əraziyə girib-çıxmalarına şəriat yaratmışdır. Əgər işçi əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozursa, bu, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur. Bu, Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində müəyyən edilib. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”bəndində isə qeyd olunub ki, işçi bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Lakin əmək müqaviləsinin Əmək Məcəlləsinin 72-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla ləğv edilməsi üçün 1 şərt mövcud olmalıır. Bu şərt Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində müəyyən olunub. Həmin maddədə qeyd olunub ki, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İddiaçının 26.02.2021-ci il tarixdə, saat 10:00 radələrində nəqliyyat vasitələrini yoxlamabaxış keçirmədən əraziyə buraxmasının, həmçinin obyekt işçilərinin piyadalar üçün nəzərdə tutulmuş NBM-dən deyil, nəqliyyat üçün nəzərdə tutulmuş darvazadan yoxlamabaxış keçirilmədən sərbəst şəkildə əraziyə girib-çıxmalarına şərait yaratmasının 71-ci maddənin 2-ci hissəsində göstərilən nəticələrə səbəb olması müəyyən olunmur. Nəzərə alınmalıdır ki, əmək münasibətlərində işçi üçün ən ağır məhrumiyyət yaradan tədbir əmək müqaviləsinin ləğv edilməsidir: o, işini və qazancını itririr. O cümlədən əmək müqaviləsinin ləğv edilməsinin əsasları sırasında hazırkı əsas (70-ci maddənin “ç” bəndi) işçi üçün ən ağır məhrumiyyət yaradan əsasdır: o, başqa iş tapmaqda çətinlik çəkir. Ona görə də 71-ci maddənin 2-ci hissəsində göstərilən şərt olmadan əmək müqaviləsi 70-ci maddənin “ç” bəndi ilə ləğv edilə bilməz. Beləliklə, məhkəmə Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin olunsun. İddiaçı Azərbaycan Respublikası Dövlət Şirkətinin Təhlükəsizlik İdarəsində əvvəlki vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8412/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8412/2021
27.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver