Məhkəmə qərarları › İş №2(103)-8414/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8414/2020

12.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8414/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə geri qaytarılmış, məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, iddiaçının irəli sürdüyü tələbə müstəsna aidiyyət qaydasında daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsində baxılmalıdır. Həmin qərardaddan iddiaçı şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini işin aidiyyətinin müstəsna aidiyyət qaydalarına görə deyil, məhz ümumi aidiyyət qaydalarına uyğun müəyyən edilməli olması, həmçinin mənzilin yerləşdiyi Nəsimi rayonu üzrə verdiyi iddianın Nəsimi Rayon Məhkəməsi tərəfindən geri qaytarıldığı ilə əsaslandırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunverici ədalət mühakiməsinin səmərəliyinin təmin edilməsi məqsədilə mülki işlər üzrə ümumi aidiyyət qaydaları ilə yanaşı, iddiaçının seçməsinə görə aidiyyət, müqavilə aidiyyəti, müstəsna aidiyyət və s. aidiyyət qaydalarını müəyyən etmişdir. Həmin qaydalardan biri də müstəsna aidiyyət qaydasıdır. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göründüyü kimi qanunverici, müstəsna aidiyyəti daşınmaz əşya ilə əlaqələndirmiş, mülkiyyətçinin və ya başqa qanuni sahibin həmin əşyaya dair hüquqlarının pozulmasının aradan qaldırılması haqqında tələblərə məhz daşınmaz əmlakın yerləşdiyi yer üzrə baxılması qaydasını müəyyən etmişdir. Qeyd olunmalıdır ki, müstəsna aidiyyət qaydası, mülki işlərdə mübahisənin ədalətli həllinin mübahisə predmeti olan əmlakın yerində müayinəsindən, həmin əmlaka dair sənədlərin vaxtında toplanmasından, şahidlərin işə cəlb edilərək dinlənilməsindən aslı olduğu nəzərə alınaraq müəyyənləşdirilmiş, bu qayda həmçinin ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə yönəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddia tələbi iddiaçının pasport qeydiyyatına alındığı və istifadə hüququnun, yəni qanuni sahibliyinin olduğunu irəli sürdüyü mənzilə köçürülməsi ilə bağlı olmaqla müstəsna aidiyyət qaydasında daşınmaz əşyanın yerləşdiyi yerin məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5078/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar