Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8415/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2, İddiaçı6 və İddiaçı1 vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 may 2021-cu il tarixli, 2(006)-2404/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı6, İddiaçı7, İddiaçı1, İddiaçı5 cavabdehlər Şirinova (Hacməmmədova) Gültən Firudin qızına və Cavabdeh1 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4 və Cavabdeh1 azyaşlı oğlu X14 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsindəki 46 nömrəli evin 38 nömrəli mənzilindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iddiaçılar İddiaçı2, İddiaçı6, İddiaçı7, İddiaçı1 və İddiaçı5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsinin rədd edilməsi, Cavabdeh1 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi, həmin mənzildən istifadə edilməsinə dair maneələrin törədilməsinin İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı6, İddiaçı7 qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 may 2021-cu il tarixli, 2(006)-2404/2021 nömrəli qətnaməsi ilk iddia tələbinin təmin edilməsi, cavabdehlər Şirinova (Hacməmmədova) Gültən Firudin qızı və Cavabdeh1, onun yetkinlik yaşına çatmayan oğlu X14 ilə birlikdə ünvan 2-ə istifadə hüquqlarının itirilməsi, (Hazırkı iş üzrə çıxarılmış qətnamə Şirinova (Hacməmmədova) Gültən Firudin qızı, Cavabdeh1, onun yetkinlik yaşına çatmayan oğlu X8 ünvan 2 ünvanından pasport qeydiyyatından çıxarılması üçün əsasdır.) iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin rədd olunması qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ilk iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,ilk iddia tələbinin təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. 01.10.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. İş materiallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsindəki 46 saylı evin 5 otaqlı 38-ci mənzil Bakı şəhər İcra Hakimiyyəti Mənzil Sahələrinin uçotu və bölünməsi İdarəsinin verdiyi 23 avqust 1973-cü il tarixli, orderinə əsasən əsasən X12 verilmiş, Aslan Şirinov iş üzrə tərəflər İddiaçı1 və onun atasıdır. Atasına verilmiş orderdə Aslan Şirinovdan əlavə daha 6 nəfər ailə üzvünün adı qeyd olunmuş, o cümlədən İddiaçı1 və onun. 01.10.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdir və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Baxılan mülki işdən göründüyü kimi, iş üzrə tərəflər İddiaçı1 və o, mübahisəli olan Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsindəki 46 saylı evin 5 otaqlı 38-ci mənzilin icarədarı olmuş Aslan Şirinovun ailə üzvləridir. 01.10.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Qeyd edilməlidir ki, o mübahisəli mənzili daimi yox, müvəqqəti olaraq tərk etmişdir. Daha konkret desə öz iradəsi ilə başqa yerə köçməmişdir, qardaşı İddiaçı1 tərəfindən mənzildən məcburi çıxarılmışdır. Belə ki, ikinci dəfə ailə qurduqdan sonra İddiaçı1 onu və yoldaşını mənzilə buraxmamış, məcbur qalaraq uzun müddət kirayədə və qaynanasına məxsus evdə yaşamışdır. Bu xüsusatları məhkəmə iclasında şahid qismində dindirilən X13 verdiyi ifadəsində təsdiq edərək bildirmişdir ki, Cavabdeh1 və İddiaçı1 onun qardaşıdır. Qardaşı evləndikdən sonra ünvan 2də yaşamamışdır. O, əvvəl kirayədə qalmış, sonra isə qayınanasının evində yaşamışdır. Cavabdeh2 Firudin qızı ailə qurduqdan sonar mübahisəli evdən çıxıb getmişdir. Onun heç bir əşyası həmin evdə qalmamışdır. Cavabdeh1 ünvan 2-də yaşamaq istəmişdir, lakin ikinci dəfə ailə qurduğu üçün həmin evə X5 gətirə bilməmiş, kirayədə yaşamışlar. Məhkəmə iclasında iştirakı Cavabdeh1 tərəfindən təmin edilmiş şahid X7 verdiyi ifadəsində bildirmişdir ki, Cavabdeh1 ilə 2009-cu ildə rəsmi nikaha daxil olmuşdur. ünvan 2-də yaşamaq üçün əri Cavabdeh1 cəhd etmişdir, orda yaşamağa imkan verməmişlər. Hazırda anasına məxsus evdə yaşayırlar. Beləliklə, məhkəmənin ilk iddia tələbinin təmin edilməsi hissəsi “iddiaçının bu mənzil üzərində olan mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdırır” ilə qəti razılaşmayaraq bildirir ki, mübahisəli olan Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsindəki 46 saylı evin 5 otaqlı 38-ci mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və bu səbəbdən də mülkiyyətçidən söhbət gedə bilməz, qeyd olunan mübahisəli mənzilin icarədarı atası Aslan Şirinov olmuş, atasına verilmiş orderdə Aslan Şirinovdan əlavə daha 6 nəfər ailə üzvünün adı qeyd olunmuş, o cümlədən o və İddiaçı1, hal-hazırda həmin ünvanda qeydiyyatdadır. Həmin evi daimi yox, müvəqqəti olaraq məcburiyyət qarşısında tərk etmişdir. Başqa yaşamağa yeri olmadığından qeyd olunan mənzilə köçüb yaşamaq istəyir. Onuda məlumat üçün bildirir ki, mərhum atası Aslan Şirinovun bütün övladları hazırda notariusa müraciət etmişlər. Bununla bağlı, “ASAN” xidmətində vərəsəlik işi açılmışdır. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, Ülviyyə ilə nikahdan 3 uşağı var. Uşaqlar yetkinlik yaşına çatıblar. Ev atasının olub. Onun da haqqı var. 2009-cu ildən evdən çıxmışdır. Qardaşına görə iddia qaldırmamışdır. Yaşamağa yeri olmadığı üçün yeni ailəsini də ora gətirməyə məcburdur. 12 ildir qaynanasıgildə yaşayır. Yaşadığı ev qaynanasının mülkiyyətidir, həyət evidir. O, ata evindən öz xoşu ilə çıxmamışdır. Qardaşı dəfərlərələ evi öz adına keçirmək istəyib. O, da ailəsi ilə birlikdə evə köçmək istəyir. Məhkəmə Cavabdeh1 nümayəndəsi və vəkili X9 bildirdi ki, apellyasiya şikayətində mövqeyini ətraflı bildirmişdir. Köhnə Mənzil Məcəlləsinin 48, 53, 60 maddələrinə istinad etmişdilər. İddiaçı1 mülkiyyətçi olmadığı halda təmsil etdiyi şəxsi qeydiyyatdan çıxamaq istəyir. İddianın heç bir hüquqi əsası yoxdur. Digər bacı-qardaşlar da cavabdehin evdən çıxarılmasına etiraz edir. Məhkəmə iclasında İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdeh neçə ildir ki, evdən çıxıb, ailənin heç bir xeyir-şər işində də iştirak etməyib.Ona görə də şikayətin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı6 bildirdi ki, mənzil 5 otaqlıdır. Orada iki ailə - 6 nəfər yaşayırlar. Famil bir neçə dəfə Fədaillə işi həll etmək istəyib. Amma cavabdeh hər dəfəsində ona hörmətsizlik edirdi. Münasibətlər yaxşı deyil. İllərdir ki, bu evdə Famil yaşayıb. Məhkəmə iclasında İddiaçı1 vəkili Vəkil1 bildirdi ki, bu mənzillə bağlı özəlləşdirmə məsələsi haqqında danışılmayıb. Cavabdeh yenidən evlənəndən sonra bu evdən çıxıb qaynanasının evində yaşayıb. Aydındır ki, 2-ci ailəsii ilə daimi yaşamaq üçün gedib. Burada necə müvəqqəti yaşamaqdan söhbət gedə bilər. Cavabdehin bu evdə heç bir əşyası da qalmayıb. Qeydiyyatda olanlar hamısı iddia qaldırıblar. Digər bac-qardaşların iddiası yoxdur. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsində aparılan icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Rəhman küçəsindəki 46 saylı evin 5 otaqlı 38-ci mənzil Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Sahələrinin uçotu və bölünməsi İdarəsinin verdiyi 23 avqust 1973-cü il tarixli, orderinə əsasən əsasən X12 verilmiş, Şirinov Aslan iş üzrə tərəflər İddiaçı1 və Cavabdeh1 atasıdır. İş materialları ilə və tərəflərin izahatları ilə müəyyən edilir ki, Cavabdeh1 ilə İddiaçı2 ilə nikahı pozulduqdan sonra (18.10.2008-ci il tarixdə), X7 adlı şəxslə ailə qurmuş (2009-cu il) bundan sonra Bakı şəhəri, Nərimanov rayonu, Rəhman küçəsindəki 46 saylı evin 38 saylı mənzilində yaşamamışdır. Eləcə də, ilk iddia tələbi üzrə cavabdeh X1 Elşən Ərəstun oğlu ilə nikaha daxıl olmuş, 2015-ci il tarixdən Şamaxı rayonu Ovculu kəndində yaşayır (İşin mübahisəsiz hallları). İş üzrə cavabdehlər X10 və Cavabdeh1 mübahisəli mənzildə yaşamırlar, daimi əsaslarla bu mənzili tərk etmişlər və başqa mənzildə yaşayırlar. Qeyd edilən hal tərəflərin verdiyi izahatlarla, şahid ifadələri ilə, habelə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Ovçulu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışları ilə də öz təsdiqini tapır. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 01.10.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 51-ci maddəsinə əsasən Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar- adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarına görə, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur...Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi, tərəflər arasında mənzildən istifadə edilməsi ilə bağlı münasibətlər 01.10.2009-ci il tarixədək yaranmışdır. Məhkəmə qeyd edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıb-yaranmaması, yarandığı təqdirdə isə bu hüquqa xitam verilməli olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsindən söhbət gedə bilməz. Məhkəmə tərəflər arasında mənzildən istifadə hüququ ilə bağlı münasibətlərin yaranması tarixini əsas götürüb, belə qənaətə gəlir ki, hazırki mübahisəyə 01.10.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, cavabdehlər X10 və Cavabdeh1 yaşayış evini daimi əsaslarla tərk etmiş və bununla da həmin evə olan istifadə hüquqlarını itirmişdir. Hazırki vəziyyətdə X10 və Cavabdeh1 həmin evə istifadə hüquqlarının olması və onların pasport qeydiyyatında olmaları hüquqi nəticə etibarı ilə formal xarakter daşıyır və iddiaçının bu mənzil üzərində olan mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdırır. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh X10 və Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququ yaranmışdır. Lakin sonradan X10 və Cavabdeh1 həmin mənzili daimi əsaslarla tərk etmişlər və uzun müddətdir həmin mənzildə yaşamırlar. Onun hazırda həmin mənzillə hər hansı hüquqi bağlılığı qalmamışdır. Bu səbəbdən, mülkiyyətində olan mənzildən istifadə hüququ saxlanıla bilməz və onun bu hüququna xitam verilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh1 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi, həmin mənzildən istifadə edilməsinə dair maneələrin törədilməsinin İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı6, İddiaçı7 qadağan edilməsi barədə qətnamə çıxarılması barədə tələbi təmin edilə bilməz, belə ki, ilk iddia tələbi üzrə X10 və Cavabdeh1 ünvan 2-ə istifadə hüquqlarının itirilməsi barədə tələb təmin olunduğu halda, məhkəmə yaşayış sahəsinə istifadə hüququ itirilən şəxsin mənzilə köçürülmə tələbini əsassız hesab edir. Məhkəmə onu da vurğulayır ki, Cavabdeh1 ilə birlikdə mənzildə onun oğlu X14 da pasport qeydiyyatındadır. İddianın təmin edilməsi hüquqi nəticə etibarı ilə onların da bu mənzildən istifadə hüququnun itirilməsi ilə nəticələnəcəkdir. Belə ki, bu uşaq yetkinlik yaşına çatmadıqlarından hazırki mübahisə üzrə mülki-prosessual fəaliyyət qabiliyyətli deyillər və bu səbəbdən hazırki tələblər onlara qarşı irəli sürülə bilməz. Onların hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri, yəni atası Cavabdeh1 qoruyur. Ona görə cavabdehin mənzildən istifadə hüquqlarına xitam verilməsi, hüquqi nəticə etibarı ilə özündə həmçinin, bu uşağın da istifadə hüquqlarına xitam verilməsini də ehtiva edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətinin obyektini qətnamənin bir hissəsi, yəni ilk iddianın Cavabdeh1 aid hissədə təmin edilən və qarşılıqlı iddianın təmin edilməyən hissələri (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, ilk iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, qarşılıqlı iddia tələbinin faktiki əsası(faktiki hallar) isə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, ilk iddiaçılar mübahisəli mənzildə yaşadıqlarından və daimi istifadəçilər olduğundan hazırki iddia ilə məhkəməyə müraciət etməkdə tam subyektiv hüquqa malik olmuşlar. Çünki, 01.10.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinin 2ci cümləsi onlara bu hüquqi səlahiyyəti vermişdir. Bunun mübahisəli olmasını qarşı tərəf də israr etmir. Başqa sözlə iddiaçıların hazırki iddianı irəli sürmək üçün mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınmalı olması mütləq şərt deyildir. Yetər ki, həmin mənzildə yaşasın və istifadə hüquqları yaranmış olsun. İkincisi, mübahisəli mənzilə dair verilən orderdə Cavabdeh1 da adının olması 01.10.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından ona hansısa toxunulmaz bir hüquq vermir. Belə ki, Cavabdeh1 mənzilə adına order verilmiş şəxsin övladı və ailə üzvü ola bilər. Ancaq bu mənzildən istifadə hüququ mütləq hüquq kimi daimi və əbədi xarakterə malik ola bilməzdi. Bunun üçün ən azından qeyd olunan Mənzil Məcəlləsinin 53, 60 və 87-ci maddələrinin tələbləri nəzərə alınmalı idi. Üçüncüsü, Cavabdeh1 mübahisəli mənzili daimi yox, müvəqqəti olaraq tərk etdiyini, daha konkret desə öz iradəsi ilə başqa yerə köçməməsini, qardaşı İddiaçı1 tərəfindən mənzildən məcburi çıxarılmasını, ikinci dəfə ailə qurduqdan sonra İddiaçı1 onu və yoldaşını mənzilə buraxmamasını, məcbur qalaraq uzun müddət kirayədə və qaynanasına məxsus evdə yaşadığını göstərsə də bu dəlillər həm həqiqi, həm inandırıcı və ağlabatan, həm də həyatı olmalıdır. Əks halda bu cür dəlillərdən yalnız kəlmə olaraq istifadə edilməsi onların həqiqiliyini təsdiq etmir. Belə ki, o, mənzili müvəqqəti olaraq tərk etməsinə və bunu öz iradəsi ilə etməməsinə dair məhkəməyə heç bir sübut təqdim etmir. Qardaşı İddiaçı1 onu mənzilə buraxmaması da sübuta yetirilməlidir. Ən azından ötən bu 12 ildə qardaşı İddiaçı1 ona qarşı mənzillə bağlı qanunsuz hərəkətləri olmuşdursa, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilərdi, ancaq etməmiş yaxud etməsinə dair məhkəməyə hansısa sübut təqdim etməmişdir. Başadüşülən ola bilər ki, ikinci dəfə nikaha girdikdən sonra mübahisəli mənzildə birinci nikahdan olan övladları və keçmiş arvadı ilə birlikdə yaşamaq istəməyə bilər və yaşamaq üçün yeni qaynanasının evinə köçə bilər. Amma bu hallar ilk iddianın əsassızlığına və qarşılıqlı iddianın əsaslılığına qətiyyən əsas vermir. Bir daha qeyd olunur ki, əgər həqiqətən də mübahisəli mənzildən daimi yaşamaq üçün başqa mənzilə köçməmişdirsə, müvəqqəti, özü də məcburiyyət qarşısında getmişdirsə, buna dair istənilən bir sübut təqdim etmək imkanı olardı. Belə bir sübutların olmaması da onun gətirdiyi dəlillərin əsassızlığını təsdiq edir. Dördünücüsü, doğrudur Konstitusiya Məhkəməsi 12 mart 1999-cu il tarixli qərarında göstərmişdir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Ancaq hazırki iş üzrə Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar, yəni Cavabdeh1 daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçməsi təsdiq olunur və onun mübahisəli mənzildə uzun müddətdə, yəni 12 il ərzində yaşamamasının səbəbi də məhz yeni ailə qurması və yeni arvadı ilə birgə təsərrüfat aparmaq zərurəti olmuşdur. Başqa cür ola bilməsi də mümkünsüzdür. Çünki, birinci nikahı pozulur, yeni nikaha daxil olur və yeni nikahdan olan arvadı ola-ola keçmiş arvadı ilə bir mənzildə yaşayıb, birgə təsərrüfat aparması yaxud aparmaq istəməsi də ağlabatan deyildir. Ən azından ona görə ki, buna dair də olsa idi, məhkəməyə sübut təqdim etmək imkanı olardı. Beşincisi, apellyasiya baxışı zamanı Cavabdeh1 mövqeyindən bəlli oldu ki, əslində onun niyyəti heç də mübahisəli mənzilə köçərək orada həm keçmiş arvadı və uşaqları, həm də yeni arvadı və uşağı ilə birlikdə yaşamaq deyil, həmin mənzildən pay əldə etmək istəyidir. Ancaq bu vəziyyətdə əsl niyyəti ilə iddiası arasında ziddiyyət yaranır. Çünki, mənzildən pay almaq üçün, həmin mənzilə köçürülməyi tələb etmək məqsədinə çatmaq üçün düzgün vasitə deyildir. Bunu qarşı tərəf olan qohumları ilə ya məhkəmədən kənar həll edə bilərdi, yaxud da həqiqi istəyinə uyğun iddia ilə məhkəməyə müraciət edə bilərdi. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi bu hissələrdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 may 2021-cu il tarixli, 2(005)-2404/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8415/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8415/2021
25.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver