Məhkəmə qərarları › İş №2(103)-8416/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8416/2021

17.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8416/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “X1” MMC-yə qarşı “təmirin dəyərinin ödənilməsi və təmir bitənədək kirayə xərcinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibələr: Mübahisə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev № 99-da yerləşən 15 №-li mənzilin (bundan sonra – mənzil) təmiri ilə bağlıdır. Mənzilə dair tərəflərin arasında 24.06.2019-cu il tarixli müqavilə bağlanıb. Müqaviləyə görə cavabdeh mənzili inşa edərək əla təmirli vəziyyətdə iddiaçıya təhvil verəcək. İddiaçı bildirir ki, binanın tikintisi başa çatmışdır, mənzilin təmirinə başlanan andan cavabdeh müqavilə öhdəliyini yerinə yetirmir. Belə ki, təmirdə istifadə edilən materiallar aşağı keyfiyyətli materiallardır. Müraciət etməsinə baxmayaraq cavabdeh smeta sənədlərini ona təqdim etmir. Bu hal isə əla təmirli mənzilin veriləcəyini sual altına qoyur. Mənzildə əla təmir aparılmadığına görə cavabdehin təmir aparmasına icazə vermir. Cavabdehə bu barədə xəbərdarlıq məktubu göndərib. Təmir özü tərəfində aparılacaq. Özü tərəfindən mənzilin əla təmiri ilə bağlı smeta sənədləri hazırlanıb və təmirin dəyəri 89.210 manat müəyyən edilmişdir. Cavabdeh iddiaya etiraz edir, müqavilə öhdəliyini pozmadığını bildirir. İddiaçı özü ərizə ilə müraciət etmişdir ki, təmir işləri dayandırılsın. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, mənzilin əla təmirinin dəyəri kimi 89.210 manat pul, mənzilin təmiri bitənə kimi kirayədə yaşayış üçün çəkilən xərcin (bir ay üçün 600 manat) əvəzi cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: Tərəflərin arasında müqavilədən əmələ gələn öhdəlik münasibəti mövcuddur. Müqavilənin 1.2-ci bəndində təmirin səviyyəsi “əla təmir” kimi qeyd olunub. “Əla təmir” ifadəsi icranın keyfiyyətini bildirir. Mülki Məcəllənin 436-cı maddəsinə görə əgər icranın keyfiyyəti müqavilədə müfəssəl müəyyənləşdirilməyibsə, borclu ən azı orta keyfiyyətli iş görməli və orta keyfiyyətli əşya verməlidir. “Əla təmir” ifadəsi müfəssəl deyil, ona görə də iddiaçı ən azı orta keyfiyyətli materiallardan istifadə edilməklə orta keyfiyyətli təmir işləri aparılmasını cavabdehdən tələb edə bilər. “Müfəssəl müəyyənləşdirmə” deyiləndə təfsilatlı (detallı) müəyyənləşdirmə başa düşlür, lakin “əla təmir” ifadəsi təfsilatlı (detallı) müəyyənləşdirmə hesab olunmur. Müqavilədə mənzilin yalnız döşməsinin təmirinin keyfiyyəti müfəssəl müəyyən olunub: “Mənzilin təmirində döşəməyə əla növ palıd parketdən (standart=47 sm) istifadə olunacaqdır” (2.1.1-ci bənd). Lakin iddiaçı döşəmə ilə bağlı şərtin pozulduğunu iddia etməyib. Mənzildə təmir işləri aparmaq cavabdehin müqavilə öhdəliyidir. İddiaçı cavabdehdən müqavilə öhdəliyini icra etməyi, yəni ən azı orta keyfiyyətli materiallardan istifadə edilməklə orta keyfiyyətli təmir işləri aparılmasını tələb edə bilər, döşməyə münasibətdə isə əla növ palıd parketdən (standart=47 sm) istifadə edilməsini tələb edə bilər. Lakin iddiaçı bunu tələb etməyib, əksinə, mənzildə təmir işlərinin aparılmasına imkan verməyib, cavabdehə müraciət edərək təmir işlərinin dayandırılmasını tələb edib və təmirin dəyərinin ödənilməsini tələb edib. Təmirin dəyərinin ödənilməsi zərərin əvəzi kimi tələb oluna bilər. Belə ki, Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddədən görünür ki, “öhdəliyini icra etməyən borclu” ifadəsindən istifadə olunub, yəni borclu öhdəliyi icra etmədiyi halda zərərin əvəzini ödəməlidir. Lakin hazırkı vəziyyətdə cavabdeh təmirlə bağlı öhdəliyini icra etməməkdə təqsirləndirilə bilməz. Belə ki, “öhdəliyin icra edilməməsi” anlayışı Mülki Məcəllənin 442-ci maddəsində müəyyən olunub. Həmin maddəyə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Lakin həmin maddədə göstərilən əlamətlər hazırkı işdə yoxdur. Bu, ekspert rəyi ilə təsdiq olunur. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 11.01.2021-ci il tarixli, 10/3101 nömrəli rəyində qeyd olunub ki, mənzilin daxili divarları üzərində şpaklyovka materialı ilə üzləmə işləri aparıldığını (digər təmir-tikinti işləri aparılmamışdır) nəzərə alaraq mənzilin təmirinin bu mərhələsində qüsurların mövcud olmadığı müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçı təmir işlərinin davam etdirilməsinə icazə vermədiyinə görə təmir bu mərhələdə (ekspert rəyində göstərilən mərhələdə) dayanıb. Göründüyü kimi, təmirin dəyərinin ödənilməsi barədə tələb əsassızdır, ona görə də təmin oluna bilməz. Kirayə xərcinin ödənilməsi barədə tələb həmin tələbdən asılıdır. Odur ki, təmirin dəyərinin ödənilməsi barədə tələbin rədd edilməsinin əsasları kirayə xərci barədə tələbə də aiddir. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar