Məhkəmə qərarları › İş №2(103)-842/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-842/2022

15.02.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-842/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdehlər X3, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(010)- 4029/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 0.03 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən cavabdehlərin məcburi qaydada çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, ünvan 1ünvanda) yerləşən 0,03 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən məcburi qaydada çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 1ünvanda) yerləşən 0,03 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. RX seriyalı, ******* № li çıxarışa əsasən qeyd edilən sahə üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınmışdır. Qeyd olunan torpaq sahəsi 2013-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun tərəfindən alınmış və alındığı zaman həmin torpaq sahəsində orta təmirli tikili mövcud olmuşdur. Cavabdeh1 Bəfalı oğlu ilə faktiki ailə həyatı quraraq ailə münasibətləri mövcud olmuş, və 2 övladları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra cavabdehlər mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsində yerləşən tikilidə onunla birlikdə yaşayıblar. Bir müddət münasibətləri yaxşı olsa da, sonradan ayrılmaq qərarına gəlmişlər. Hazırda cavabdehlərlə heç bir münasibəti mövcud deyil. Lakin, cavabdehlər ona məxsus torpaq sahəsini və orada yerləşən tikilini tərk etməyərək oranı qanunsuz olaraq zəbt etmişlər. Ona görə də, iddianın təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(010)- 4029/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq hissəsi, 357 saylı sahənin bir hissəsində yerləşən 0,03 ha torpaq sahəsindən çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur, həmin sahədə tikili mövcuddur və həmin tikilinin hüquqmüəyyənedici sənədi yoxdur. Cavabdehlərin həmin torpaq sahəsində olmaları (tikilidə yaşamaları) müəyyən olunur. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyət hüquqları qorunmalı və cavabdehlər iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti vermiş və şikayət onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, qanuni və əsaslı olmadığından ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı apelyasiya şikayətinə etiraz verərək, şikayətin rədd edilməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsasən kollegiya hesab edir ki, apellyasiya sikayəti qətnamənin ləğvinə yönəldildiyindən, cavabdehin apelyasiya şikayətinə əsasən qətnamə tam yoxlanılır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, mülki işin materialları və tərəflərin izahatları ilə əlaqəli yoxlayıb məcmu halda qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin olunmaqla qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası bu qənaətini aşağıdakılarla əsaslandırır: Məhkəmə kollegiyasının iclasında iddiaçı Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, iddiaçı ilə 2004-cü il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuş və faktiki nikahdan 2006 və 2008-ci il tarixlərdə iki uşaqları olmuşdur. 16 il müddətdə bir ailə kimi birlikdə yaşamışlar və həmişə ailəsinin, uşaqlarının qayğısına qalmışdır. Faktiki nikah münasibətlərinə girdikdən sonra bir ailə kimi hazırki iş üzrə cavabdeh olan anasına məxsus Xətai rayonunda olan 3 (üç) otaqlı evdə yaşamışlar. Kredit borcları olduğu anasına məxsus evi satmaq qərarına gəlmişlər və evi satıb kredit borclarını bağlamışlar və qalıq pula iddiaçının adına olan mübahisəli torpaq sahəsini almışlar. Həmin torpaq sahəsinin alınması üçün bütün danışıqları o və anası aparmış və anası torpaq sahəsinin pulunu satıcıya şəxsən ödəmişdir. Həmin torpaq sahəsində təmirsiz ev olmuşdur. Torpaq və evə görə 82000 manata razılaşmışlar, 80000 manatı ilkin olaraq ödəmişlər, qalıq 2000 manatı isə sonra ödəmişlər. Qısa müddət ərzində evi təmir etdirib yararlı hala salmışlar və 2013-cü ildə köçüb bir ailə kimi orada yaşamışlar və hazırda da orada yaşayırlar. İddiaçı ilə münasibətləri pisləşdiyi üçün, iddiaçı uşaqları da götürüb evdən getmiş və onlara qarşı hazırki iddianı qaldırmışdır. Bildirir ki, iddiaçı həmin evin alınmasına və təmirinə hər hansı bir pul vəsaiti sərf etməmişdir. Sadəcə olaraq o, Gürcüstan Respublikasının vətəndaşı olduğundan, torpaq sahəsini öz adına ala bilməmiş və bu səbəbdən də faktiki həyat yoldaşı olan, aralarında etibarlı ər-arvad münasibətlərinin olmasına görə torpaq sahəsinin iddiaçının adına alınmasında hər hansı bir narahatçılığı olmamışdır. Hesab edir ki, iddiaçının tələbi əsassızdır. Onun və anasının mübahisələndirilən evdən sahiblik və istifadə hüquqları vardır. İddiaçının da orada yaşamasına onlar tərəfindən hər hansı bir maneçilik törədilmir. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 eyni məzmunlu izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh X1 Çingiz Bafalı oğlu tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirib, izahatında göstərdi ki, İddiaçı oğlu Çingiz ilə faktiki ailə münasibətində olub 16 (on altı) il bir ailə kimi yaşamışlar və nikahlarından 2 uşaqları olmuşdur. İddiaçı oğlu ilə ailə həyatı qurduqdan sonra onun mülkiyyətində olan, Xətai rayonunda yerləşən üç otaqlı evdə birgə yaşamışlar. Kredit borcları olduğu üçün 2013-cü ilin yayında özünə məxsus üç otaqlı evi satıb kredit borcunu ödəmişlər və qalıq pulla 82000 manata hazırda mübahisəli evin yerləşdiyi torpaq sahəsini almışlar. Mübahisəli evin yerləşdiyi torpaq sahəsini maklerlər vasitəsilə tapmışlar. Torpağı satan şəxslə bütün söhbətləri, qiymətləndirməni o və oğlu aparmış, satıcıya pulu o özü şəxsən ilkin olaraq 80000 manat, sonra qalıq 2000 manatı ödəmişdir. Torpaq sahəsində olan ev tam hazır olmadığı üçün qısa müddətdə təmir etdirib, köçüb bir ailə kimi həmin evdə yaşamışlar. İddiaçı ilə onun həmişə və bu gün də münasibətləri yaxşıdır. Torpaq sahəsinin iddiaçının adına alınmasının səbəbi isə özünün yaşlı, xəstə olması, oğlunun Gürcüstan Respublikası vətəndaşı olması, həmçinin iddiaçıya bir qızı kimi münasibətinin olması, ona qarşı hər hansı bir inamsızlığının olmaması ilə əlaqədar olmuşdur. Hesab edir ki, iddiaçının adına alınmış torpaq sahəsi və onun üstündə yerləşən ev öz mülkiyyətində olan evin satılmasından əldə edilmiş vəsait hesabına əldə edildiyindən və iddiaçı evə görə hər hansı bir vəsait sərf etmədiyindən, onun həmin evdə istifadə hüququ mövcuddur. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə qarşı verdiyi etirazın dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq göstərdi ki, həqiqətən cavabdeh Çingiz Məmmədov ilə 2004-cü ildə faktiki nikah münasibətlərinə girərək ailə qurmuş, birgə nikahdan iki uşaqları olmuş, qaynanasına məxsus Xətai rayonunda olan evdə yaşamışlar. Əri Çingizin kredit borcu olduğu üçün anasının həmin evini satıb, kredit borcunu ödəmişdir. Yaşamağa yerləri olmadığı üçün atası hazırda mülkiyyətində olan torpaq sahəsini almış, həmin torpaq sahəsindəki evi təmir etdirmiş və köçüb 2013-cü ildən orada yaşamışlar. Bildirir ki, torpaq sahəsinin alınması, evin təmiri ilə əlaqədar bütün xərcləri atası çəkmişdir. Cavabdehlər hər hansı bir vəsait ödəməmişlər. Son dövrlər cavabdeh olan əri Çingiz mütəmadi olaraq ailədə münaqişələr yaratdığından, o, məcbur olub uşaqlarını da götürüb evdən çıxmışdır. Mülkiyyətində olan mənzildən istifadə edə bilmir, cavabdehlər ona maneələr törətdiyindən, hazırki iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olduğundan, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddiaçının izahatında göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X14 izahatında göstərdi ki, hazırki iş üzrə tərəfləri əvvəllər tanımamış, hər hansı bir münasibətləri olmamışdır. O, özünün mülkiyyətində olan torpaq sahəsində ev tikib satmaqla məşğuldur. 2013-cü ilin yay aylarında maklerlər ona zəng edərək, Simnaz xanımı onun yanına göndərmişlər. Simnaz xanım oğlu Çingiz, Svetlana və onun atası ilə birlikdə gəlib evə baxmış və 82000 manata razılaşmalar və gedib notariusda torpağın alqı-satqısına dair müqavilə bağlamışlar. Notariusda müqavilə bağlanandan sonra satdığı evə gəlmişlər və evdə Simnaz xanım çantasında çıxarıb pulu ona vermiş və o da pulu sayıb 80000 manatı qəbul etmişdir. Qalan 2000 manatı sonra hissə-hissə ilə Simnaz ona vermişdir. Simnazdan başqa ona heç kim pul verməmişdir. Simnaz və ailəsi evdə təmir işləri aparıb, köçüb orada yaşamışlar. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirdi ki, iddiaçı onun qızıdır, qızı cavabdeh Çingizlə ailə qurmuş, iki uşaqları olmuşdur. Onlar əvvəl ərinin anasına məxsus evdə yaşamışlar. Lakin ərinin kredit borcu olduğu üçün evi satmışlar. Qızının yaşamağa yeri olmadığı üçün o, öz vəsaiti ilə hazırda qızının adına olan torpaq sahəsini almış və torpaq sahəsinin üzərində yerləşən evi təmir etdirmiş və qızı ailəsi ilə birlikdə köçüb orada yaşamışlar. Lakin qızının əri və qaynanası evdə münaqişə yaratdığından, qızı məcbur olub uşaqlarını da götürüb evdən çıxmışdır və mülkiyyətində olan evdən istifadə edə bilmir. Bildirir ki, torpaq və evin alınmasında cavabdehlər hər hansı bir vəsait sərf etməmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər tərəfindən təqdim edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsinin sürətindən görünür ki, X5 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 3(üç) otaqlı mənzili 21 iyun 2013-cü il tarixdə X4 və alqı-satqı müqaviləsi notarial qaydada təsdiq olunmuşdur. İş materiallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, şərq hissəsi, 357 saylı sahənin bir hissəsində yerləşən 0,03 ha torpaq sahəsi RX seriyalı, ******* № li çıxarışa əsasən İddiaçı məxsusdur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən müəyyən edir ki, İddiaçı cavabdeh X8 ilə 2004-cü ildə faktiki nikah münasibətlərinə girərək ailə qurmuş və hazırki iş üzrə cavabdeh X3 mülkiyyətində olmuş ünvan 2 ünvanda yerləşən üç otaqlı mənzilə köçərək orada 2013-cü ilin iyun ayına kimi yaşayaraq, cavabdehlərlə birgə təsərrüfat aparmış və faktiki nikahlarından 2006 və 2008-ci il tarixlərdə iki uşaqları doğulmuşdur. 2013-cü ilin iyun ayında cavabdeh X3 mülkiyyətində olan ev satılmış və həmin evin satışından əldə edilmiş pula 2013-cü ilin iyul ayında hazırda mübahisələndirilən torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ev alınmış və 2013-cü ildən iddiaçı və cavabdehlər köçüb həmin evdə bir ailə kimi yaşayaraq, birgə təsərrüfat aparmışlar. İddiaçının cavabdehlə münasibətləri pozulduğundan, mübahisəli evdən çıxmış və cavabdehlər hazırda həmin evdə yaşayırlar. Həmçinin müəyyən edilmişdir ki, mübahisələndirilən ev hüquqi qeydiyyata alınmasa da, evin yerləşdiyi torpaq sahəsi iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Hazırda iddiaçı torpaq sahəsinin xüsusi mülkiyyətində olmasına əsaslanaraq, cavabdehlərin isə həmin torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən evə hər hansı bir hüquqlarının olmadığına əsaslanaraq, cavabdehlərin həmin torpaq sahəsindən və evdən çıxarılmasını tələb edir. Birinci instansiya məhkəməsi iddia tələbinin cavabdehlərin torpaq sahəsindən çıxarılması hissəsini təmin edərkən gəldiyi nəticəni torpaq sahəsinin iddiaçının mülkiyyətində olması və buna görə də iddiaçının mülkiyyət hüququnun müdafiə olunması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərin qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Ədalət mühakiməsinin çəkişmə tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri) Kollegiya qeyd edilən qanunvericiliyin tələblərini nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi idda tələbini qismən təmin edərkən, tərəflərin dəlillərini lazımi qaydada araşdırmamış, həmin dəlillərə prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verməmişdir, bu səbəbdən qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab edilmir. Məhkəmə kollegiyası ilk növbədə işdəki sübutlara münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi gəldiyi yekun nəticəni yalnız iddiaçı və cavabdehlərin izahatları və torpaq sahəsinin mülkiyyət hüququ əsasında məxsus olmasını təsdiq edən çıxarışa sübut kimi istinad etmiş, lakin tərəflərin izahatlarında göstərilən dəlillərin təsdiq və ya təkzib edilməsini araşdırıb qiymətləndirməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəsatəti əsasında onun atası X9, cavabdehlərin vəsatəti əsasında X14 şahid qismində dindirilmiş, həmçinin cavabdehlərin təqdim etdiyi sübutlar (evin alqı-satqısı barədə müqavilə və "xxxx" MMC-nin çıxarışı) tədqiq edilmişdir. Məhkəmə kollegiyası apelyasiya icraatında dindirilmiş şahidlərin ifadələrinin və təqdim edilmiş əlavə sübutların tədqiq edilib qiymətləndirilməsini və sübut kimi qəbul edilməsini mümkün hesab etmişdir. Çünki təqdim edilmiş sübutlar və şahid ifadələri tərəflərin birinci instansiya məhkəməsində verilən izahatlarında göstərilən dəlillərin araşdırılıb qiymətləndirilməsini, mübahisənin həqiqi hallarının müəyyən edilməsini təsbit etdiyindən, həmin sübutların apelyasiya icraatında qəbul edilməsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin tələblərinə uyğun hesab edilmişdir. Məhkəmə kollegiyası işdəki sübutları təhlil edib qiymətləndirərkən iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınmış torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən qeydə alınmayan evin dəyərinin kimin tərəfindən ödənilməsinə münasibət bildirərkən qeyd edir ki, iddiaçı və şahid qismində dindirilmiş onun atası X7 ifadəsindəki göstərdikləri dəlillər, yəni torpaq sahəsinin və evin alınmasına dair vəsaitin onlar tərəfindən ödənilməsi barədə dəlillərini inandırıcı hesab etmir. Çünki iddiaçının və onun atasının həmin vaxt mübahisəli torpaq sahəsinin və onun üstündə yerləşən evin alınmasına kifayət qədər vəsaitləri olmasına dair öz izahatlarından başqa hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdehlər isə evin və torpaq sahəsinin alınmasına ödənilən vəsaitin onlar tərəfindən ödənilməsinin təsdiqi kimi sübut qismində özlərinə məxsus evin satılması və satışdan əldə edilmiş vəsaitlə mübahisəli evi almalarının təsdiqi kimi evin alqı-satqısı barədə sənədlər təqdim etmişlər. Həmin sənədlərlə müəyyən olunur ki, cavabdeh X3 mülkiyyətində olan ev 21 iyun 2013-cü il tarixdə satılmış və mübahisəli ev isə 09 iyul 2013cü il tarixdə, yəni 18 gündən sonra alınmışdır. İşin bu halı mübahisəli evin alqı-satqısı zamanı cavabdehlərin kifayət qədər vəsaitə malik olmasını təsdiq edən hal hesab edilir. Bundan başqa cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə şahid qismində dindirilmiş və tərəflərlə alqı-satqı həyata keçirilməmişdən əvvəl hər hansı bir münasibətləri olmayan şahid X14 alqı-satqı məbləğinin cavabdeh X5 tərəfindən ödənilməsini bildirmişdir. Qeyd edilənlərə əsasən kollegiya mübahisəli evin alınması üçün vəsaitin cavabdehlər tərəfindən ödənilməsi barədə onların dəlillərini və şahid X12 ifadəsini mötəbər hesab edərək qəbul edir, iddiaçı və iddiaçının atası X7 ifadələrindəki evin alınmasın dair vəsaitin onlar tərəfindən ödənilməsi barədə dəlillərini inandırıcı hesab etməyərək, rədd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən vətəndaşlar ailə hüquqlarını, habelə həmin hüquqların müdafiəsini, bu məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, müstəqil həyata keçirirlər. Həmin Məcəllənin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. İşin mübahisəsiz halına görə İddiaçı cavab Cavabdeh1 ilə 2004-cü ildə faktiki nikah münasibətlərinə girərək, 16 il müddətində ər və arvad statusunda bir ailə kimi yaşayaraq, birgə təsərrüfat aparmış və birgə nikahdan iki uşaqları olmuşdur. Kollegiya qeyd edir ki, tərəflərin nikahı ailə qanunvericiliyinə uyğun rəsmi qeydə alnmasa da, onların ər-arvad statusunda olması, uzun müddət (16 il) həmin statusda birgə yaşayış, birgə təsərrüfat aparması, iki uşaqları olması, onların ər-arvad statusunda olan hüquq və vəzifələrini yaratmışdır. Hamıya məlumdur ki, cəmiyyətimizin bütün zümrələri arasında, həm paytaxtda, həm də bütün bölgələrdə müvafiq icra hakimiyyəti orqanında nikah bağlamadan, dini kəbinkəsmə qaydasında, bəzən də bunsuz ailə qurub yaşayan xeyli sayda ailələr mövcuddur. Bununla belə qeyd şərtsiz olaraq bütün cəmiyyət tərəfindən həmin ailədə kişi və qadın məhz ər-arvad kimi qəbul olunur. Başqa sözlə iştirakçı olduqları bütün münasibətlərdə (ailə üzvləri, qohumlar, qonşular, yaxın-uzaq dost-tanışlar, iş yoldaşları və s.) onlarla ünsiyyətdə olan hər kəs onları ər-arvad kimi qəbul edir və onlarla münasibətlərini də məhz onların bu statusundan çıxış edərək qururlar. O da məlumdur ki, çoxşaxəli ictimai münasibətlər zamanı bu ailələrlə münasibətdə olan şəxslər həmin ər arvadın rəsmi nikahlarının olub olmaması qətiyyən maraqlandırmır və onlar üçün bunun hər hansı əhəmiyyəti yoxdur. Bu isə onu təsdiq edir ki, ictimai münasibətlərdə həmin şəxslər birmənalı olaraq, ər arvad kimi qəbul olunurlar. Göstərilən ər arvad anlayışları təkcə müvafiq icra orqanında bağlanmış kişi ilə qadının deyil, həm də bu cür nikah olmasa belə ailə qurmaq məqsədilə ailə qurub yaşayan bütün kişi və qadınları ehtiva edir, onları da nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatasının Johnston və digərlərinin İrlandiyaya qarşı işdəki hüquqi mövqeyə görə “...... ailə həyatının mövcudluğu yalnız rəsmi nikah və ya digər hüquqi əsasların olması ilə ölçülmür. Ailə həyatı nikah müqaviləsi, hətta nişanlanma olmadan belə mövcud ola bilər...” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunvericilik tərəfindən tənzimlənməsi yaşayış sahəsinə mülkiyyətçinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilənlərə əsasən kollegiyanın qənaəti ondan ibarətdir ki, İddiaçı və Cavabdeh1 ər arvad olmaqla ailə münasibətlərində olmuş və iddiaçının mülkiyyətində olan torpaq sahəsi ailə münasibətlərinin davamlı olduğu müddətdə əldə edildiyindən, ailə qanunvericiliyinə görə onların birgə əmlakı hesab olunur. Belə olan halda iddiaçının cavabdehlərin mübahisələndirilən torpaq sahəsindən çıxarılmaları barədə tələbi əsaslı hesab edilmir. İşə baxan birinci instansiya məhkəməsi isə torpaq sahəsinin iddiaçının adına hüquqi qeydiyyata alınmasına əsaslanaraq iddia tələbini həmin hissədə təmin edərkən gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. İddia tələbinin cavabdehlərin evdən çıxarılması ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayır yeri sayılır. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 11-ci maddəsinə görə, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Mübahisəli ev özbaşına tikili olmaqla hər hansı bir şəxsin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Qüvvədə olan Mənzil qanunvericiliyində özbaşına tikiidən istifadə hüququ ilə bağlı hər hansı norma yoxdur. İşin hallarından görünür ki, mübahisəli ev özbaşına tikili olmaqla tərəflərin birgə ailə həyatı dövründə əldə edilmiş və tərəflər həmin evdə birgə yaşayıb, birgə təsərrüfat aparmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının həmin evdən istifadə etməsi hüququ olduğu kimi, cavabdehlərin də həmin evdən eyni dərəcədə istifadə hüququ mövcuddur. Bu səbəbdən iddia tələbi həmin hissədə əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi ətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər, qətnaməni dəyişdirə bilər, qətnaməni tamamiləvə ya qismən ləğv edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 372, 382, 384.0.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(010)-4029/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 0.03 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən cavabdehlərin məcburi qaydada çıxarılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar