Məhkəmə qərarları › İş №2(103)-8423/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8423/2021

27.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8423/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı vəkili X2, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinədair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3428/2021 saylı, 27 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbi ilə 30.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 76/K nömrəli, 10.03.2021-ci il tarixli əmrinin ləğv olunması, əvvəlki iş yerinə bərpa olunması, 10.03.2021-ci il tarixdən iş yerinə bərpa olunduğu günə kimi əmək haqqının hesablanması və Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, artıq iyirmi ildir ki, "xxxx" ASC-nin tabe müəssisələrində işləmişdir. 10.03.2021-ci il tarixdə isə əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. İşlədiyi iyirmi il ərzində vəzifəsinin öhdəsindən layiqincə gəlmişdir və barəsində heç bir inzibati tədbiri görülməmişdir. Cavabdeh isə bütün bunları və məcburi köçkün olduğunu nəzərə almadan əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq qanunsuz şəkildə əmək müqaviləsinə xitam vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3428/2021 saylı, 27 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh təşkilatın nümayəndəsi və vəkili isə apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı hazırki iddia üzrə iddia müddətini ötürmüşdür. İddiaçı "xxxx" ASC-nin tabe müəssisələrində işləsə də, işə götürənlər fərqli hüquqi şəxslər və rəhbərlərdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan iddiaçının əmək kitabçasının surətindən görünür ki, o, 01.08.2013-cü il tarixdən 29.06.2020-ci il tarixədək "xxxx" MMC-də istilik izolyatorçusu vəzifəsində çalışmış və 29.06.2020-ci il tarixdə onun öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra, iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 03.07.2020-ci il tarixli, 352 nömrəli əmək müqaviləsinin surətinə əsasən İddiaçı Cavabdeh MMC-də izolyasiyaçı vəzifəsinə təyin edilmişdir. Müqavilə 03.09.2020-ci il tarixədək 2 ay müddətinə bağlanmışdır. İşçinin əmək haqqı 460 manat təşkil edir. 03.07.2020-ci il tarixli əmək müqaviləsinin bağlanması haqqında əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, İddiaçı 03.07.2020-ci il tarixli əmək müqaviləsi üzrə 03.09.2020-ci il tarixədək Cavabdeh MMC-də izolyasiyaçı vəzifəsinə görə ayda 460 manat məbləğində əmək haqqı təyin edilmişdir. İş materiallarında olan 10.03.2021-ci il tarixli, 76/k №-li əmrdən çıxarışa əsasən Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh MMC tərəfindən təqdim edilmiş 17.05.2021-ci il tarixli, 125/05/88 nömrəli hesabdan çıxarışa əsasən 10.03.2021-ci il tarixdə Cavabdeh MMC tərəfindən İddiaçı son haqq-hesab olaraq 135,37 manat məbləğində pul ödənilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşayaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45.5-ci maddəsinə əsasən Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılıq əsasında bağlanmış əmək müqaviləsi müddətli olmuş, bir neçə dəfə müqavilənin müddəti uzadılmış və 03.03.2021-ci il tarixdə müddəti bitmişdir. İşəgötürən isə qanunvericiliyin tələbinə uyğun olaraq əmək müqaviləsinin müddəti bitdikdən sonra əmək münasibətlərini davam etdirməyərək əmək müqaviləsinə xitam vermişdir. Əvvəla məhkəmə kollegiyası, iddiaçının məcburi köçkün olduğu üçün onun əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliklə qadağan olması barədə dəlilinə qiymət verərək qeyd edir ki, Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən yalnız ştat ixtisar edilərkən məcburi köçkünlərin işdə saxlanılmasına üstünlük verilməsi nəzərədə tutulmuşdur. Hazırki halda isə iddiaçı ilə işəgötürən arasında olan müqavilə müddətli müqavilə olmuşdur. Bundan başqa kollegiya iddiaçının müqaviləsinin müddətsiz olması barədə dəlilinə qiymət verərək həmin dəlili əsasız hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı müxtəlif vaxtlarda Cavabdeh MMC-də və “X4 Stansiyası” MMC-də işləmiş və qeyd olunan MMC-lərdə işləmə müddətləri arasında azda olsa fasilə ilə olmuşdur. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası "xxxx" ASC-nin 14.10.2021-ci il tarixli 02-02-1721 nömrəli məktubunda göstərilimişdir ki, a Cavabdeh MMC-də və “X4 Stansiyası” MMC "xxxx" ASC-nin təsisçiliyi ilə yaradılmış hüquqi şəxslərdir və "xxxx" ASC-nin tabeçiliyindədirlər. Cavabdeh MMC "xxxx" ASC-nin tabeliyindəki müəssisələrin (ümumən enerji sisteminin) enerji obyektlərində həmin hüquqi şəxslərlə bağlanmış podrat müqavilələri əsasında müxtəlif təmir-bərpa, yenidənqurma işləri aparır və bu zaman həmin dövrdə bu işləri yerinə yertirən fiziki şəxslərlə müddətli əmək müqavilələri, hüquqi şəxslərlə subpodrat müqavilələri bağlayır. Azərbaycan Respublıikası Mülki Məcəlləsinin 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi İddiaçı ümumilikdə 5 ildən artıq fasilə ilə müxtəlif hüquqi şəxslərdə çalışdığından, həmin hüquqi şəxslərin rəhbərləri (işəgötürənləri) belə ayrı-ayrı şəxslər olduğundan, onunla bağlanmış müddətli əmək müqaviləsi müddətsiz kimi qiymətləndirilə bilməz. Bununla belə kollegiya, iddiaçının iddia tələbi üzrə iddia müddətini keçməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəməyə təqdim edilmiş Cavabdeh MMC-nin işçilərinin əmək kitabçalarının verilməsi barədə siyahıdan görünür ki, iddiaçı əmək kitabçasını 05.04.2021-ci il tarixdə təhvil almış və iddia ərizəsi ilə məhkəməyə 30.04.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3428/2021 saylı, 27 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar